“Kəpəz” rəhbərliyi Şahin Diniyevin getməsini istəmir”

“Kəpəz” rəhbərliyi Şahin Diniyevin getməsini istəmir”
MÜSAHİBƏ 13 Fevral 2017 / 16:51 3328
-  A +

“Kəpəz” klubunun Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlunun Qol.az-a müsahibəsi


- Klub nümayəndəsi kimi “Kəpəz”in son oyunlar uğursuz çıxışları haqda nə deyə bilərsiniz?

- “Kəpəz”in enişi III dövrənin ilk turunda “İnter”lə oyunda oldu. İlk hissə 1:1 hesabı ilə başa çatdı. Həmin oyunun ikinci hissəsindən bu günə qədər komanda uğursuz zolaqda idi. Şükürlər olsun ki, komanda artıq dünən “Qarabağ”la oyunda toparlanmaq üçün özündə yetərincə qüvvə tapdı. “Kəpəz” dünən yaxşı oyun nümayiş etdirdi. Təbii ki, “Qarabağ” güclü idi. Komanda haqlı qələbə qazandı.

- Demək istəyirsiniz ki, “Kəpəz” uğursuz zolaqdan çıxdı?

- Bəli, demək olar ki, komanda psixoloji gərginliyi böyük faizlə üzərindən atıb.

- Komanda ardıcıl 5 oyundur ki, uduzur. Bununla bağlı hansısa müzakirlər oldumu?

- Təbii ki, bütün müzakirələr oldu. Baş məşqçidən tutmuş ayrı-ayrı futbolçulara qədər söhbətlər aparıldı. “Kəpəz” Premyer Liqaya qayıtdıqdan sonra bu cür uğursuzluğa düçar olmamışdı. Söhbət tək nəticədən getmir. Komandanın oyunu alınmır. Biz müzakirələr apardıq. Uğurzuluğun heç bir tutarlı əsası yoxdur.

- Bəlkə şəraitsizliyə görə komanda ruhdan düşür?

- “Kəpəz” 2015-ci ildən eyni şəraitdədir. Ancaq gördüyünüz kimi, komanda Premyer Liqaya, ardınca isə Avropa Liqasına vəsiqə qazandı və mərhələ adladı. Təhlil edəndə görürük ki, əvvəlki problemlər bu gün də var. Ancaq uğursuzluq üçün əsas deyil.

- İddialara görə, futbolçular qəsdən uduzaraq Şahin Diniyevin göndərilməsini istəyir.

- Biz bunu da analiz etmişik. “Sumqayıt”la oyunda komandanın kapitanı Tural Axundov və təcrübəli futbolçulardan olan Şəhriyar Rəhimovla söhbət etdim. Onlar nəinki Şahin müəllim, məşqçilər korpusunun heç bir üzvündən narazılıq etmədilər. Apardığım müəyyən araşdırmalardan sonra aydın oldu ki, futbolçular baş məşqçidən narazı deyil.

- Şahin Diniyev bu barədə və uğursuzluğun səbəbi haqda nə deyir?

- Onun da fikri mənimki kimidir. Bildirir ki, komandada psixoloji gərginlik var. Əslində burada Şahin müəllimlik bir şey yoxdur. Çünki futbolçulara nə lazımdırsa, başa salır, həmişəki məşq prosesini keçir. “Kəpəz” bugünün komandası deyil. Bu heyət keçən il Avropa Liqasında oynayıb. Sadəcə olaraq komandadakı gərginliyi aradan qaldırmalıyıq. Bunun üçün azarkeşlərlə də görüşlər keçirdik.

- Deməli, klub rəhbərliyi Şahin Diniyevin işindən narazı deyil?

- Qətiyyən.

- Bəs komandanın uğursuzluğu davam etsə, baş məşqçi dəyişikliyi gündəmə gələ bilər?

- Yox. Niyə dəyişirik? Biz tez-tez baş məqşçi dəyişmək fikrində deyilik. Şahin müəllimin “Kəpəz”lə ötən il qazandığı uğurlar göz qabağındadır.




- Şahin Diniyev bildirib ki, klub rəhbərliyi “get” desə, gedərəm.

- Amma biz onun getməsini istəmirik. Rəhbərlik istəyir ki, Şahin müəllim komanda ilə birgə işini davam etdirsin.

- Azarkeşlər isə baş məşqçini istefaya səsləyir.

- O azarkeşlərin sayı çox deyil. Ancaq onları da başa düşmək lazımdır. Hər birinin fikrinə hörmətlə yanaşıram. Amma nəzərə almaq lazımdır ki, baş məşqçini tez-tez dəyişməzlər.

- Gəncə şəhər stadionun meydançası bərbad vəziyyətdədir. Bununla bağlı hər hansı tədbir görüləcək?

- Bu cür məsələlər klubun gücü daxilində həll olunur. Bu gün heç bir klubumuzun gücü yoxdur ki, stadion tikə. Ot örtüyünün dəyişdirilməsi ilə bağlı isə müəyyən işlər görüləcək.

- Bütün klublar “Kəpəz”in stadionundan narazılıq edir.

- Mən çətinlikdən danışmaq istəməzdim. Çətinliyimiz göz qabağındadır. Əgər Gəncə kimi bir şəhərin əvəzedici komandası Samuxun bir kəndində məşq edirsə, ev oyunlarını Yevlaxda keçirirsə, bu, klubun hansı şəraitdə olduğunu göstərir. Ancaq biz bu çətinliyi aradan qaldırmağa çalışırıq.

- Meydançanın ot örtüyünü bərpa olunması üçün çox vəsait lazımdır?

- Təbii ki, müəyyən vəsait lazımdır. Ancaq bu gün o vəsait klubun imkanı xaricindədir.

- Gəncə Şəhər İcra Hakimiyyəti “Kəpəz”ə yardım etmir?

- “Kəpəz” İcra Hakimiyyətinin dəstəyini həmişə hiss edib. Komandaya öz köməkliyini həmişə göstərir. Sadəcə olaraq mən onları açıqlamaq istəmirəm. Müşahidə Şurasının rəhbəri Elmir Vəliyevin də dəstəyi böyükdür. Onların kluba etdiklərini açıqlamağı özləri məsləhət görmür.

- Konkret olaraq meydançanın bərpa olunması AFFA-nın planında var?

- Bəli, AFFA bununla bağlı tədbir görəcək. Artıq müəyyən razılaşmalar əldə olunub.

- Millət vəkili Aqil Abbas da Gəncə şəhər stadionunun durumundan narazılıq edib. O bildirib ki, belə meydançalarda oyun keçirilməsi ayıbdır.

- Razıyam. Ən vacib məsələlərdən biri meydançanın durumudur. Bu məsələ Klublar Komitəsi tərəfindən də müzakirə olundu. Biz də çalışırıq. Bu gün tək “Kəpəz”in yox, bir çox klubların meydança problemi var.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi