Mahmud Qurbanov: "Bu heyətlə çox uzağa gedə bilmərik"
“Kəpəz“ klubunun baş məşqçisi Mahmud Qurbanovun Qol.Az saytına müsahibəsi
- Premyer Liqanın XI turu çərçivəsində səfərdə “İnter”lə keçirilən oyunda hesabı açan tərəf siz olsanız da, sonda məğlubiyyətlə üzləşdiniz. Məğlubiyyətin səbəbini nədə görürsünüz?
- Çox gərgin bir matç olacağını öncədən yaxşı bilirdik. Oturuşmuş bir komandaya qarşı oynamaq çox çətindir. Ona görə də, ilk dəqiqələrdən erkən qol vurmağı planlaşdırmışdıq. İstəyimizə də nail olduq. Ancaq oyunun gedişatında iki əsas futbolçumuz zədələnərək meydanı tərk etdi. Elə bundan sonra problemlərimiz başladı. Qapımızda üç qol görərək məğlub olduq. Çünki ehtiyyat skamyamız kasad olduğu üçün zədəlilərin yerini dolduracaq futbolçularımız yox idi. Digər futbolçularımız isə cəza səbəbindən meydana çıxmaq hüququndan məhrum olmuşdular. Əsas futbolçularımız zədələnərək meydanı tərk etdikdən sonra elə futbolçu vardı ki, onu 90 dəqiqə ərzində üç mövqedə oynatmağa məcbur oldum. Bu da sona qədər mübarizə aparmağımıza mane oldu və nəticəni qoruya bilmədik.
- Sizcə, rəqibə daha hansı komponentlərdə məğlub oldunuz?
- Mən xüsusən müdafiədə buraxdığımız səhvlər nəticəsində uduzduğumuzu düşünürəm. Digər tərəfdən isə rəqibin əks-hücumlarının qarşısını vaxtında ala bilmədik.
- Hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşmısınız. Bu uğursuzluğu necə şərh edərdiniz?
- Təbii ki, bu heç də xoşagələn hal deyil. Ancaq yenə deyirəm ki, yaxşı futbolçular olan yerdə nəticə əldə etmək olar. Çox təəssüflər olsun ki, ehtiyyat futbolçularımız demək olar ki, yoxdu. Lakin bu vəziyyətdən çıxmağa çalışacağıq.
- Qış transfer pəncərəsi dönəmində komandanın heyətində hansısa dəyişikliklər olacaqmı?
- Bu barədə rəhbərliklə danışığımız olacaq. Sözsüz ki, yeni transferlər mütləq lazımdır. Çünki mən əvvəlcədən də demişdim ki, bu heyətlə çox uzağa gedə bilmərik. Komandada bəzi gənc futbolçular hələ Premyer Liqa havasının nə olduğunu bilmirlər. Buna görə də onları qınamıram. Mən əlimdən gələni edirəm. Qarşıda nə olacaqsa, onu zaman göstərəcək.
- O zaman Premyer Liqada hansı mövqe uğrunda mübarizə aparırsınız? İlk yoxsa ikinci "altılıq"?
- Hazırki vəziyyətdə ilk “altılıq”dan danışsaq, bir az gülməli çıxar. Ümumiyyətlə, ilk “altılıq”dan söhbət gedə bilməz. Özümüz özümüzü aldatmayaq. Ən əsas məqsədlərimizdən biri ikinci “altılıq”da yerimizi qoruyub saxlamaqdı. Əlbəttə ki, istəyərdik ilk “altılığ”a düşək. Ancaq buna nail olmaq üçün güclü heyətə və geniş ehtiyyat skamyaya malik olmalıyıq. Bir oyunçu zədələnərkən onun yerinə kimi oynatmaq haqda düşünməməlisən.
Əli HƏYATİ