“Milliyə vaxt lazımdır, Ayxan Abbasova inanıram” - Mircavadov

“Milliyə vaxt lazımdır, Ayxan Abbasova inanıram” - Mircavadov
MÜSAHİBƏ 30 Sentyabr 2026 / 13:46 334
-  A +

Azərbaycanın Əməkdar məşqçisi Ağasəlim Mircavadovun QOL.az saytlna müsahibəsi

- Azərbaycan millisinin UEFA Millətlər Liqasının növbəti turunda Lixtenşteynlə keçiriləcək matçı, Litva ilə heç-heçəsi (1:1) haqda nə düşünürsünüz?

- Yaxşı haldır ki, məqsəd ancaq birinci olmaq və C liqasına yüksəlməkdir. İndi onun icrası lazımdır. İndiki halda oyuna çox önəm vermək, bu haqda danışmaq lazım deyil. Əsas nəticədir.  Qarşıdakı iki oyun bizim üçün nəticə baxımından çox önəmlidir. 

Fikirləşməməliyik ki, Lixtenşteyn zəifdir, hamıya uduzur. Fikir ancaq öz oyunumuzu inkişaf etdirmək, oyun konsepsiyasını daha da artırmaq və heyəti təkmilləşdirməkdən ibarət olmalıdır. Qələbə isə mütləq lazımdır ki, futbolçularımızda inam yaransın. Lixtenşteyn üzərində qələbə çox şeyi həll edə bilər: inam, qalib ruhu və lazım olan xallar.

Litvadakı oyun göstərdi ki, komandamızda problemlər var. Bunlar həll oluna biləcək məsələlərdir. Bu, əsasən millinin bir çox üzvünün klubunda az oynaması ilə bağlıdır. Topla işləmələrində və xətlər arasındakı əlaqələrdə bunun şahidi olduq. Amma indiki halda olanımız budur. Məncə, nə qədər yaxşı futbolçumuz varsa, milliyə yığılıb. Onu da bilirəm ki, iş gedir. Litva ilə görüşdə qol vəziyyətimiz çox az oldu. Rəqibdə də çox olmadı.

- Lixtenşteynə qalib gəlmək millimizə nə verə bilər?

- İlk növbədə Lixtenşteynə qalib gəlmək lazımdır.. Bu, böyükhesablı qələbə olsa, lap yaxşı olar. Çünki indi millimizdə xoş əhvalın yaranmasına ehtiyac var. Bunun üçün birlik lazımdır. Mən bu birliyi millidə görürəm. Futbolçuların bir-birinə, baş məşqçiyə hörmətini hiss edirik. Amma futbolçuların oyun təcrübəsindən əziyyət çəkdiyini də görürük. Bizdə çempionat avqust ayında başlayıb və artıq oktyabr ayı çatıb. Az vaxt deyil. Amma 1-2 futbolçunu çıxmaq şərtilə digərlərinin oyun dəqiqələri çox az olub. Tək oynamaq yox, həm də klubunda lider olan oyunçuların azlığını görürük.

- Millimizin istənilən oyunu sərgiləməməsi də tənqid edildi.

- Oyunu düzəltmək üçün vaxt lazımdır. Bu, 1-2 aya düzəlmir. Bizdə isə hazırda vaxt yoxdur. Hansısa klubdan eyni xətdən 2-3 oyunçu gələndə millinin baş məşqçisi üçün asan olur. Məsələn, bizdə ortada Aleksey İsayevlə Abdulla Xaybullayevin oyunu yaxşı alınırdı. Top saxlaya bilirdilər. Amma digər xətlərdə bunu görmürük. Bu heyət bir neçə dəfə ardıcıl oynamalıdır ki, futbolçular baş məşqçinin taktikasını yerinə yetirsinlər. Şəxsən mən millimizə, baş məşqçi Ayxan Abbasova inanıram. Qələbələrimiz olacaq. Millidə lider oyunçuların az olmasına görə baş məşqçi Ayxan Abbasov qınanmamalıdır. Millidə kimlər oynaya bilərsə, hamısını dəvət edib. Ölkə xaricində də kimlər varsa, çağırıb. Həm də Ayxan Abbasov seçimlərə indi yox, iyun ayından başlayıb. Yığmamızda artıq oyunçu da yoxdur.

- Millimizin hazırkı heyətinin zəif olduğunu düşünürsünüz?

- Bəli, hazırda millinin heyəti elə də güclü deyil. Əvvəllər daha yaxşı heyət olurdu. Onu da bilirik ki, seçim imkanımız azdır, olanımız budur. Hələ ki, aşağı yaş qruplarından 1-2 oyunçunu çıxmaq şərtilə elə futbolçu da yoxdur ki, əsas milliyə namizəd olsun. U-21-də az da olsa belə oyunçular var. Məndə var adları, amma istəmirəm deyim. Çünki futbolçu başını aşağı salıb oyununu oynasa yaxşıdır. Onlara güvənmək lazımdır. Bu da millidə yox, klubda olur. Millidə baş məşqçi futbolçudan istifadə edir. Futbolçunun potensialını açan isə klubdakı məşqçisidir”.

Ramiq Ağaməmmədov

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner