"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının liqa mərhələsinin 8-ci turunda "Liverpul"a qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında iştirak edib.
QOL.az xəbər verir ki, mütəxəssis komandasını maraqlı və çətin bir qarşılaşmanın gözlədiyini bildirib. O, əsas mərhələnin son oyununda möhtəşəm atmosferdə çıxış edəcəklərini vurğulayaraq rəqibin gücünə baxmayaraq futbolçularına olan inamını ifadə edib:
"Əsas mərhələnin həlledici matçına çıxırıq. Bizi möhtəşəm stadionda, möhtəşəm azarkeş dəstəyi qarşısında oynamaq gözləyir. "Liverpul"un hər bir üzvü hər zaman qələbəyə acdır və sahəyə yalnız bu istəklə çıxır. İngiltərədə yadda qalan və keyfiyyətli futbol nümayiş etdirməyi çox arzulayırıq. İnanıram ki, futbolçularım sabah öz potensiallarını maksimum dərəcədə ortaya qoyaraq ən yaxşı oyunlarından birini sərgiləyəcəklər".
Mütəxəssis son günlərdə şanslar barədə çox danışıldığını, lakin komandanın diqqətini tamamilə qarşıdakı matça yönəltdiyini bildirib:
"Son vaxtlar şanslardan çox danışılır. Amma biz elə bir stadionda, elə bir komandaya qarşı oynayırıq ki, kənar fikirləri atmalıyıq. Hər zaman belə rəqibə qarşı, belə azarkeş önündə oynamaq və böyük futbolun dadını görmək mümkün olmur. İnanıram ki, heç bir futbolçunun fikri başqa yerdə olmayacaq. Hamının diqqəti sırf bu oyunda olacaq ki, özünü yaxşı tərəfdən göstərsin, intizamlı oynasın və yaxşı mübarizə aparsın".
Mütəxəssis komandanın indiyə qədərki sınaqlardan üzüağ çıxdığını, lakin sabah daha yaxşı nəticə qazanmaq üçün tarixi bir şanslarının olduğunu vurğulayıb:
"Sınaqlarımız çox olub və indiyə qədər bunlardan pis çıxmamışıq. Amma sabah daha yaxşı nəticə əldə etmək şansımız var. Əgər belə böyük oyunlarda indiyə qədərki nəticələrimizdən daha yaxşısını əldə etmək imkanımız varsa, əlbəttə ki, bu, bizdən həm sınaq, həm imtahan, həm də böyük məsuliyyət tələb edir. Bu oyunların, bu imtahanların içində bəlkə də ən qorxulusu budur".
Baş məşqçi "Liverpul"un heyətində zədəli oyunçular olmasına baxmayaraq klubun böyük təcrübəyə malik nəhəng klub olduğunu xatırladaraq onların avrokuboklarda tam fərqli performans sərgilədiklərini qeyd edib:
"Böyük tarixi və təcrübəsi olan belə klublarda problemlərin uzun sürəcəyini düşünmürəm. Əvvələ nəzər salsaq, onların Çempionlar Liqasında həddindən artıq yaxşı nəticələr qazandıqlarını görərik. Ola bilər ki, milli çempionatdakı nəticələri klubun adına və tələblərinə uyğun deyil, ürəkaçan görünmür. Lakin Çempionlar Liqasında demək olar ki, səhv etmirlər. Bu cür komandaların problemləri tez bir zamanda aradan qaldırmaq gücü var və biz buna qarşı çox diqqətli olmalıyıq".
Mütəxəssis bildirib ki, belə nəhəng arenalarda və güclü rəqiblərə qarşı oynamaq nəticədən asılı olmayaraq komandanın gələcək inkişafı üçün vacibdir:
"Bu cür cəsur komandaya qarşı və belə bir stadionda oynamaq bizə böyük təcrübə, gələcək işimiz üçün isə güvən verəcək. 15-16 il geriyə dönsək, görərik ki, hər böyük oyundan sonra həyəcan azalır, təcrübə çoxalır. Belə oyunların nəticəsi bizim üçün uğursuz olsa belə, gələcəyimiz üçün böyük təkan verir. Bu oyun ətrafında çox danışılır, diqqət daha da artıb. Bu bir daha göstərir ki, Azərbaycanda futbolu sevirlər. Bakıda "Liverpul" azarkeşi çoxdur. Hətta bura gələn elə azərbaycanlı azarkeşlərimiz var ki, mən özüm onlarla ünsiyyətdə olmuşam, 10-15 ildir bu kluba azarkeşlik edirlər. Düzdür, onlardan indi hansı komandanı dəstəklədiklərini soruşmadım, amma hər halda bu komanda Azərbaycanda sevilir. İnanıram ki, belə maraqlı oyunlarımız hələ çox olacaq".
Baş məşqçi rəqibin gücünə baxmayaraq "Qarabağ"ın öz oyun fəlsəfəsini nümayiş etdirməsinin vacibliyini qeyd edib. Qurbanov bildirib ki, bu, komandanın gələcək potensialını görmək üçün mütləq lazımdır:
“Ümumiyyətlə, "Liverpul"un çox maraqlı, cəlbedici heyəti, təcrübəli kapitanları və oyunçuları var. Məhəmməd Salah meydanın istənilən yerində təhlükə yarada bilən futbolçudur, özünəxas oyun üslubu var. Belə komandaya qarşı oynamaq xoşdur. Futbolçularımız rəqibin ustalığını nəzərə alaraq meydanın hər qarışında diqqətli olmalıdırlar. Ancaq mənə görə, biz bu cür komandalara qarşı öz düşüncəmizi, öz oyunumuzu göstərməyə çalışmalıyıq. Bu, 20 dəqiqə də ola bilər, 45 dəqiqə də. Amma istədiyimizi meydanda tətbiq etməliyik ki, gələcək üçün gücümüzü və potensialımızı bilək".
Qurban Qurbanov son olaraq Çempionlar Liqasında belə bir səviyyəyə çatmağın yalnız zəhmət sayəsində mümkün olduğunu dilə gətirib:
"16-17 ildir ki, bu komandanın qarşısında bir məqsəd var: birdən-birə böyük uğur əldə etmək yox, yavaş-yavaş, pillə-pillə irəliləyərək hədəflərimizi böyütmək. Rəhbərlik səviyyəsində hər kəs böyük məsuliyyət hiss edirdi. Çünki komandanın adı "Qarabağ"dır və bunun Azərbaycan üçün nə demək olduğu hər kəsə bəllidir. Rəhbərlikdən tutmuş istənilən işçiyə qədər hər kəs məsuliyyətlə çalışırdı, çox işgüzar kollektivimiz var idi. Mən özüm də illərlə futbolçu olduğum və çətinliklərdən keçdiyim üçün bu proses mənim üçün nisbətən asan oldu. Biz öz qarşımıza tələblər qoyaraq bu uğurları ancaq zəhmət hesabına əldə etmişik. Bu gün belə bir stadionda, Çempionlar Liqasında iştirak etmək bizim üçün çox sevindirici haldır".
Qeyd edək ki, “Liverpul” - “Qarabağ” oyunu yanvarın 28-si, Mərkəzi Avropa vaxtı ilə saat 21:00, Bakı vaxtı ilə isə yanvarın 29-u, saat 00:00-da başlanacaq.
Lukaku "Napoli"dən gedir
Millətlər Kubokunun matç qaydalarına dəyişikliklər ediləcək
Noyer geri dönür
Ofsayd qərarları artıq "robot"lara həvalə olunur
İtaliya klubu tarixinin ən pis mövsümlərindən birini keçirir
Azərbaycan millisinin məşqindən - Şəkillər
“Qaradağ Lökbatan”ın 7 qollu qələbəsindən - Video
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Belarus yığması Ermənistana qalib gəldi
Xavi "Barselona"ya qayıda bilməyəcək
"Tanımadığımız rəqiblərlə oynamaq yaxşıdır" - Ayxan Abbasov
“Tottenhem” baş məşqçisini istefaya göndərdi
CAF-in baş katibi istefa verdi
Azərbaycan çempionatında mükafat qazandılar
"Qolum sınsa da, döyüşməyə davam etdim" - Tofiq Musayev
Yalnız “Quba” və “Qaradağ Lökbatan” qələbəyə sevindi
AFFA nümayəndələri RFİ-nin tədbirində iştirak ediblər
Neymar səfər matçlarından imtina etdi
UEFA-dan Babək Quliyevə yeni təyinat
"Hakimlər "Real"a kömək edir" - "Barselona"nın prezidenti
Kosovo - Türkiyə matçının hakimləri açıqlandı
Mirça Luçesku huşunu itirdi, xəstəxanaya yerləşdirildi
Karyerasının son oyununda qol vurdu
Bu şərti qəbul etsə, "Barselona"da qalacaq
Klopp “Enfild”ə qayıtdı - Video
Bu yarışda qalib Medina-Montiel cütlüyü oldu - Video
Kasemiro bu kluba keçir