“Qarabağ”ı təbrik edirəm. Oyun “Qalatasaray”ın matçı ilə eyni vaxta düşdüyü üçün “Qarabağ”ın qarşılaşmasını təəssüf ki, izləyə bilmədim. Amma nəticə ilə təbii ki, dərhal tanış oldum. Bu nəticə mənim üçün sürpriz deyil. “Qarabağ” artıq Avropa səviyyəli komandaya çevrilib”.
Bu sözləri QOL.az-a açıqlamasında türkiyəli mütəxəssis Naci Şensoy deyib.
“Qarabağ”ın UEFA Çempionlar Liqasının son turunda Bakıda “Ayntraxt” (Almaniya) üzərində vacib qələbəsi (3:2) ilə bağlı danışan Şensoy Ağdam təmsilçisini ilk turda Frankfurt klubuna 1:5 hesabı ilə uduzan “Qalatasaray”la müqayisə edib: “Əgər “Qarabağ” Türkiyə Superliqasında mübarizə aparsaydı, hazırda “Qalatasaray” və “Fənərbaxça” ilə çempionluq uğrunda yarışardı. Bu komandalardan heç də geri qalmır. Məncə, “Qarabağ” həm “Trabzonspor”, həm də “Beşiktaş”dan daha güclü komandadır”.
Ölkəmizdə “Turan”ın baş məşqçisi olmuş 67 yaşlı mütəxəssis bildirib ki, “Qarabağ” oyunu ilə Çempionlar Liqasında pley-offa çıxmağa tam layiq olduğunu göstərir: “Bəli, ‘Qarabağ’ın cəmi bir oyunu qalıb. Rəqib kim olursa-olsun və harada oynanılmasından asılı olmayaraq, ‘Qarabağ’ bu vaxta qədər qazandığı beynəlxalq təcrübə və özünəinam sayəsində ilk 24 komanda arasında yer almağa tam layiqdir. Mən inanıram ki, ‘Qarabağ’ tarixində daha bir ilkə imza atacaq və Çempionlar Liqasında 1/8 finala yüksələcək”.
N.Şensoy hesab edir ki, növbəti rəqibin “Liverpul” olması belə, “Qarabağ”ın yolunu kəsməyəcək: “Liverpul’ Çempionlar Liqasının kubokunu qazanmış çox böyük və köklü bir klubdur. Bununla belə, bu mövsüm elə də yaxşı formada deyillər. Aleksandr İsaak və Uqo Ekitike üçün ümumilikdə 230 milyon dollar vəsait xərcləyiblər, lakin indiyədək bu iki futbolçudan, eləcə də digər transferlərdən gözlədikləri effekti ala bilməyiblər. Mən inanıram ki, ‘Qarabağ’ rəqibini gözündə böyütməsə və öz oyununa sadiq qalsa, bu maneəni də aşmaq gücündədir. ‘Qarabağ’a uğurlar arzulayıram”.
Hazırda Albaniyanın 1-ci liqa təmsilçisi “Laçi”ni çalışdıran mütəxəssis “Qarabağ”ın uğurlarının memarı olan Qurban Qurbanovla bağlı da danışıb: “Qurban hocanın Azərbaycanda gördüyü işləri sözün əsl mənasında inqilab adlandırmaq olar. Cəmi 20 il əvvəl Azərbaycanda heç kimin xəyal belə edə bilmədiyi bir komandanı formalaşdırmağa nail olub. Unutmayaq ki, bir vaxtlar Azərbaycan millisi 10 qolla uduzurdu.
Qurban Qurbanov müdafiə futbolundan imtina edərək hücum futbolu fəlsəfəsini inkişaf etdirdi və bunu sistemli şəkildə tətbiq etdi. Mənim üçün onun ən böyük üstünlüklərindən biri çox güclü seleksiyaçı olmasıdır. Yəni beynində canlandırdığı oyunu oynatmaq üçün lazım olan futbolçuları düzgün seçə bilir. Üstəlik, bunu çox aşağı məbləğlə reallaşdırır.
Məsələn, “Fənərbaxça” “Mançester Yunayted”dən Fredi 5 milyon avroya transfer edir. “Qarabağ” isə eyni mövqe üçün gedib ondan təxminən 20 dəfə ucuz başa gələn monteneqrolu Marko Yankoviçi tapır və komandaya gətirir”.
N.Şensoy deyib ki, onun oyun fəlsəfəsi də Qurban Qurbanovun tətbiq etdiyi oyun üslubuna bənzəyir. O, buna görə də illər əvvəl AFFA-dan təklif aldığını, Azərbaycanın əsas millisini çalışdırmağa yaxın olduğunu qeyd edib: “Qəbul etməliyik ki, mənim də futbol anlayışım Qurban Qurbanovun oyun fəlsəfəsinə çox yaxındır. Təəssüf ki, “Turan”la həyata keçirmək istədiklərim yarımçıq qaldı. Təsadüfi deyil ki, həmin dövrdə AFFA-nın mərhum prezidenti Ramiz Mirzəyev məni Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə gətirmək istəyirdi. Ancaq təəssüf ki, ürək tutmasından vəfat etdi”.
N.Şensoy əlavə edib ki, Ramiz Mirzəyevdən sonra AFFA-dan ona təklif gəlməyib: “Məni Ramiz Mirzəyev şəxsən özü zəng edib demişdi ki, “hazırlaş, Karlos Alberto Torresdən sonra səni yığmanın başına gətirəcəyəm. Amma təəssüf ki, ömrü buna çatmadı. Ramiz Mirzəyevdən sonra isə AFFA-dan məni bir daha heç kim axtarmadı”.
Ramiq Ağaməmmədov
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi
"Araz-Naxçıvan" - "Sabah": Heyətlər açıqlandı
"Mançester Siti" Braziliyadan hücumçu transfer etdi
"Tottenhem"dən "Portu"ya