"Zirə"nin kapitanı Qismət Alıyevin Qol.az saytına müsahibəsi
- Mövsümə uğurlu başladınız. 4 matçın 4-də də qalib gəlmisiniz ki, bunlardan ikisi çempionatın favoritləri hesab edilən “Qarabağ” və “Sabah” üzərində olub. Bu uğurlu startın səbəbi ilə bağlı fikirlərini öyrənək.
- Ötənilki komanda ilə müqayisə etsək, görərik ki, bir çox oyunçumuz getdi. Yeni transferlərimiz də oldu. Ötən mövsüm Konfrans Liqasına vəsiqə qazanmamağımızın bir az komandaya xeyri dəydi ki, təlim-məşq toplanışı üçün vaxtımız çox oldu. Həm Bakıda, həm də Türkiyədə ötənilki səhvlərimizin üzərində işləməyə çalışdıq. İlk matçımızda "Qarabağ"la qarşılaşdıq. Çempionata qələbə ilə başlamaq bir başqa hissdir. İstər-istəməz komandada əhval-ruhiyyə daha yüksək olur. Ardıcıl qələbələr qazandıq. Hələ mövsümün əvvəlindəyik. 4 qələbə hələ nəsə demək deyil. Qarşıda bizi çox ağır, çətin oyunlar gözləyir.
- Komandadan 14 futbolçu getdi, 8 futbolçu transfer olundu. Gedən futbolçuların yeri tam doldurulmasa da, uğurlu nəticələr qazana bilirsiniz
- Ötən mövsüm də elə oyunlar var idi ki, qələbəyə yaxın olmuşduq, amma qalib gələ bilməmişdik. Oyun üslubu ilk illərdən başlayıb. Sadəcə olaraq həm məşqçilərimiz, həm də futbolçular keçən mövsüm buraxdığımız səhvlərin üzərində işlədik. 4 oyunda qələbə qazanmışıqsa, hər şey bu ildən başlayıb demək düzgün olmaz. Bu, keçən ildən başlayıb. Bu mövsüm bir neçə futbolçu bizə qoşulub. Səhvlərimizin üzərində işləməyimizin bəhrəsini görürük. Cəmi 4 oyun keçib. İndidən nəsə söyləmək olmaz. Qarşıda çox oyun var. 2-3 matçda qalib gələ də bilərik, 2-3 oyunda uduza da bilərik. İndi bütün komandalar güclənib. Heç bir komandaya qarşı oynamaq asan deyil.
- Lider kimi mübarizə aparmaq rahatdır, yoxsa çətin?
- İlk turda "Qarabağ"a qalib gəlsək belə, futbolçular hər tura, hər matça canla-başla hazırlaşırlar. Düşünürlər ki. bu turda qalib gəlmişiksə, o biri turda da qələbə qazana bilərik. Alına da bilər, alınmaya da. Sadəcə olaraq bizdə elə bir şey yoxdur ki, 3-4 matçda qələbə qazanmışıq deyə liderlikdən nəsə danışaq. Bu, həqiqətən də düzgün deyil. Növbəti matçda "Qəbələ" ilə qarşılaşacağıq. Kimsə deyə bilməz ki, "Qəbələ" 4 oyunun hamısında uduzub deyə biz rahatlıqla qalib gələcəyik. Elə bir şey yoxdur. Hazırda çempionat elə gedir ki, "Qarabağ"ı çıxmaq şərti ilə hamı bir-birindən xal ala bilər. Buna görə də biz liderlik barədə düşünmürük. Turnir cədvəlinə belə, baxmırıq.
- Amma yəqin ki, qələbələr belə ardıcıl olanda hədəflər də artır...
- İstər-istəməz belə olur. Bu dəqiqə biz sonuncu pillədə olsaydıq, əvvəlcə axırıncı yerdən çıxmaq istəyərdik. Bu gün komanda 4 oyunda qələbə qazanıb. Əlimizdə belə bir şans varsa, niyə bundan istifadə etməyək? Qarşıda məğlubiyyət də ola bilər. Sadəcə şanslarımızdan yararlanmaq istəyirik.
- Artıq çempionatın 4 turu geridə qalıb, rəqiblərin oyununu görmüsünüz. Ümumiyyətlə, "Zirə"nin çempionatda hədəfi və potensialı nədir?
- Düzdür, 4 tur keçib. Amma elə komandalar var ki, bir neçə tura tam optimal formalarını yığacaqlar. Qarşıdan milli komandaların oyunları gəlir. Sonra yenə çempionat davam edəcək, ardından fasilə olacaq. Ola bilər ki, fasilənin hansısa başqa bir komandaya xeyiri dəyər, 5 oyunda buraxdıqları səhvlərin üzərində işləyərək növbəti matça hazırlaşarlar. Bu, bəzi komandalar üçün yaxşı ola bilər. Bu dəqiqə bizim hədəflərdən, potensialdan danışmağımız düzgün olmaz. "Qarabağ"ı çıxmaq şərti ilə bütün komandalar avrokuboklar üçün bir-biri ilə mübarizə aparacaqlar. Bütün komandaların şansı var. Bir şans kuboku qazanmaqdır, digər şans da 3 və ya 4-cü yeri tutmaqdır. 3 turdan sonra tam başqa bir turnir cədvəli ola bilər. Bir az vaxt lazımdır. Birinci dövrə başa çatandan, bütün rəqibləri analiz edəndən sonra nəsə danışmaq, şansı dəyərləndirmək olar.
- 4 qələbəyə cəmi 5 qol vurmusunuz. Qollarınızın sayı digər komandalara nisbətən azdır. Amma həm də az - 1 qol buraxmısınız. Oyun müdafiədən qurulur, yoxsa hücum xəttində güclənməyinizə ehtiyac var?
- Sözün düzü, hücumameyilli futbolçularımız həm məşqlərdə, həm də matçlarda əllərindən gələnin ən yaxşısını etməyə çalışırlar. Hücumameyilli oyunçu Salifu Suman komandaya qoşuldu. Ötən ilən Vladislav Kulaç, Rüstəm Əhmədzadə, Rəhim Sadıxov kimi hücumameyilli futbolçularımız da var. Hücumda nəsə çatışmır demək də olmur. Fikirləşirəm ki, hücumçularımız növbəti turlarda əllərinə düşən fürsətlərdən istifadə edəcəklər. Müdafiəyəmeyilli oynamırıq. Elə bir şey ola bilməz. Baş məşqçimiz Rəşad Sadıqovu tanıyırsınız. Heç vaxt müdafiə futbolu oynamamışıq. Bu gün də oynamırıq. Ola bilər ki, qarşımızdakı komandaya görə taktiki dəyişikliklər edək. Amma Rəşad Sadıqovun müdafiə futbolu oynatmaq fikri yoxdur.
- Ardıcıl qələbələr komandada arxayınlıq yaratmır? Rəşad Sadıqov bununla bağlı fikir bildirəndə demişdi ki, əgər belə hal olsa, futbolçularla aramda ciddi problem olacaq.
- Bəli, baş məşqçimizin fikirlərini mən də görmüşdüm. Biz futbolçlarla öz aramızda danışırıq. Özümüz də dərk edirik ki, arxayınlaşmağın yeri deyil, çempionat cəmi 4 turdur başlayıb. Hər matçdan sonra paltardəyişmə otağına daxil olanda artıq növbəti matçı düşünürük. 1-2 gün istirahət edirik, ondan sonra fikrimiz qarşıdakı oyunda olur. Komandamızda arxayınlıq deyə bir şey yoxdur. Bunu baş məşqçimiz də müsahibəsində bildirib.
- "Zirə"də 100-cü oyununu keçirdin. Komandada 100 matç həddinə çatan 4-5 futbolçu olub. Bu rəqəmi 2-3 dəfə artıra bilərsənmi? Yəni, səni bu komanada daha bir neçə il görə biləcəyik?
- Hazırda əsas planım bu mövsüm komandaya yaxşı nəticə qazandırmaqdır. Mövsümün əvvəlidir. İndiki vaxta fikrimiz ancaq qarşıdan gələn oyunlarda, komandada, "Zirə"nin avrokuboklarda mübarizə aparması üçün çalışmaqdadır. Mövsümün sonunda hər şeyi görəcəyik. İnşallah, həm mənim üçün, həm də komandamız üçün yaxşı olar. İndi nəsə demək düzgün deyil.
Ramiq Ağaməmmədov
PSJ Hakimi ilə razılaşdı
Qvardiolanın yeni müqaviləsinin detalları bəlli oldu
İtaliya A Seriyasında xüsusi transfer pəncərəsi
"Kəpəz"in daha bir futbolçusu əməliyyat olundu
"Qəbələ" növbəti yoxlama oyununu keçirdi
Endrik gedir, ya qalır?
İngiltərə nəhəngləri türkiyəli futbolçu ilə maraqlanırlar
Mourinyo Ronaldonu "Fənərbaxça"ya dəvət etdi
“Qarabağ”ın kapitanı “Lion”la oyunu buraxacaq
Messi Barselonaya niyə gedir?
Kapitan 1 ildə 5-ci dəfə zədələndi
PSJ güclü qar altında məşq etdi - Video