"Bu tarixi medal təkcə mənim yox, bütün Azərbaycan xalqınındır"

"Bu tarixi medal təkcə mənim yox, bütün Azərbaycan xalqınındır"
MEDİA 26 May 2023 / 17:45 2399
-  A +

Medianın İnkişafı Agentliyinin layihəsi

Mayın 17-dən 21-dək Bakıda bədii gimnastika üzrə Avropa çempionatı keçirildi. Bu yarış Azərbaycan gimnastları üçün xüsusi olduğunu deyə bilərik.

Qrup hərəkətləri üzrə komandamız ümumi hesabda bütün rəqiblərini qabaqlayaraq Avropa çempionu oldu. Millimizin üzvü Zöhrə Ağamirova isə topla hərəkətlərdə 3-cü yeri tutdu. Zöhrə bununla da Avropa çempionatlarında medal əldə etməyi bacaran ilk azərbaycanlı gimnast adını qazandı. 

21 yaşlı idmançımız gənc olmasına baxmayaraq, artıq bir çox uğurlara imza atıb. Biz isə bu gün Zöhrə Ağamirova ilə söhbətləşmək və sizi onun uğur yolu ilə tanış etmək istədik.

- Zöhrə, əvvəlcə gimnastika ilə məşğul olmağa başlamağından danışaq. Bu necə baş verdi?

- 3 yaşım olanda anam məni akrobatika gimnastikasına yazdırmışdı. Sonra anam bədii gimnastikanın qızlar üçün daha uyğun olduğunu düşünərək məni 4 yaşımda bədii gimnastika bölməsinə keçirdi.

- İlk məşqçin kim olub? 

- İlk məşqçim "Təhsil" İdman Klubunda Elnarə Hüseynova olub. İlk gündən Elnarə xanım məni məşqlərə cəlb etdi. Yaşımın az olmasına baxmayaraq, elə o vaxtdan yarışlara hazırlaşdım.

- Və daha sonra uğurlar gəldi...

- Bəli. İlk uğurum 6 yaşımda Rusiyada oldu. Hər il Azərbaycanda keçirilən ölkə çempionatlarında, Bakı birinciliklərində mükafatçılar sırasında olurdum. Əsas hədəfim Azərbaycan millisinə qatılmaq idi və buna 12 yaşımda nail oldum. Yığma komandada ilk uğurum 4-ci İslam Həmrəyliyi Oyunlarında komanda hesabında qızıl medala layiq görülməyim oldu. Bu uğuru 5 il sonra Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında davam etdirdim, 3 qızıl, gümüş və bürünc medal qazandım. İkinci böyük uğurum isə 2019-cu ildə keçirilən Yay Universiadasında 2 dəfə gümüş medal qazanmağım oldu. Həmin il fərdi proqramda Olimpiya Oyunlarına lisenziya əldə etdim. Bunu bacaran ilk azərbaycanlı gimnast oldum. 2023 ildə karyeramda ilk dəfə Fransanın Tie şəhərində Qran Pridə 1 qızıl, 3 gümüş medala layiq görüldüm. Mənim üçün ən dəyərli yarışlardan biri ölkəmizdə keçirilən Avropa çempionatı oldu. Çoxdandır arzu etdiyim Avropa medalını qazandım.

- Qeyd etdin ki, gimnastikaya başlamağının səbəbkarı anan olub. Bəs necə oldu ki, özün də bu sahəni sevdin və çox çalışdın? 

- 2007-ci ildə bizim baş məşqçimiz Mariana xanım xarici ölkədən Azərbaycana dəvət olundu. Hələ o vaxt 6 yaşım var idi. Bütün gimnastlar kimi mən də yığmanın baş məşqçisi Mariana xanımın diqqətini cəlb etmək üçün çox çalışırdım. 2013-cü ildə Mariana xanım çıxışlarımı yüksək qiymətləndirdiyi üçün mən federasiya tərəfindən yığma komandaya qəbul edildim və bununla da gimnast olmağa qərar verdim.

- Sənə ən çox kim dəstək olurdu? 

- Kiçik yaşlarımda mənə anam və ilk məşqçim dəstək olurdu. Yığmaya qəbul olunduqda sonra isə başda Mariana xanım olmaqla bütün məşqçilər dəstək olurdular. 

- Zöhrə üçün gimnastikada ən unudulmaz an hansıdır?

- 2015-ci ildə mən milli komandanın 2-ci heyətində, ehtiyatda çıxış edirdim. Bir gün baş məşqçimiz Mariana xanım məni ehtiyatda olan qrupdan çıxararaq fərdi gimnast kimi yarışlara hazırlamağa başladı. O an mənim üçün unudulmaz andır. Yarışlarda ölkəmizi əsas millinin fərdi gimnastı olaraq təmsil etmək mənim arzum idi.

- Belə gənc yaşda parlamaq necə hissdir?

- Mən bugünkü nailiyyətlərimi parlamaq yox, hədəfə çatmaq üçün getdiyim yolda uğurlu addımlar kimi qəbul edirəm.

- İştirak etdiyin turnirlərdən hansılar sənin üçün daha dəyərli və yaddaqalan oldu?

- Mənim üçün ən vacib turnir 2019-cu ildə ölkəmizdə keçirilən dünya çempionatıdır. Çünki orada Tokyo-2020-yə lisenziya qazandım. Və əlbəttə ki, bu il keçirilən Avropa çempionatı mənim üçün çox dəyərlidir.

- Karyeranla bağlı  hansısa peşmanlığın var?  

- Mən sağ olduğuma və şanslı bir insan olduğuma görə Allaha həmişə şükr edirəm. Narazılığım olub. Bunu isə insan öz əzmi ilə aradan qaldıra bilir.

- Avropa çempionatında medal qazanan ilk azərbaycanlı gimnast oldun. Bu haqda danışaq.

- Hansı sahə olursa olsun, onun ilkini etmək çox qürurvericidir. Avropa çempionatında medal qazanmaq mənim arzum idi. Nəhayət ki, bu, mümkün oldu. Çox sevindim. Məşqçilərim, xoreoqraflarım, məni dəstəkləyən hamı çox sevindi. Buna görə məşqçilərimə çox təşəkkür edirəm. Onların mənim üzərimdə əməyi böyükdür. Əlbəttə ki, bu tarixi medal təkcə mənim yox, bütün Azərbaycan xalqınındır.

- Ümumiyyətlə, gimnastika yarışlarına hazırlıqlar necə gedir? İşin daxilində hansı proseslər baş verir?

- Gimnastika yarışlarına hazırlaşmaq çox çətin və əziyyətli bir işdir. Burada təkcə gimnast yox, həmçinin məşqçilər və bütün komanda əzmlə və yorulmadan işləyir. Çünki bizim məqsədimiz birdir. Azərbaycan bayrağını qaldırmaq, himnimizi səsləndirmək üçün çalışırıq.

- Qarşıdan Paris-2024 gəlir....

- Bəli,  Olimpiya Oyunlarına hazırlaşmaq kimi məsuliyyətli bir iş bizi gözləyir. Əvvəlcə lisenziya qazanmaq lazımdır. Hazırda əsas hədəf budur.

- Bir idmançı kimi ən böyük məqsədin nədir? 

- Ən böyük məqsədim Olimpiya Oyunlarında finala vəsiqə qazanmaqdır.

- Səncə, ölkədə gimnastikanın belə qısa müddətdə geniş yayılmasının, sevilməsinin səbəbi nədir?

- Federasiyamızın prezidenti Mehriban xanım Əliyeva digər idman növlərinə olduğu kimi, gimnastikaya da diqqət və qayğı göstərir. Düşünürəm ki, düzgün aparılan təbliğatın nəticəsidir ki, gimnastika ölkəmizdə inkişaf edir. Məsələn, bu yaxınlarda Azərbaycanda Avropa çempionatı keçirildi. Televiziyalarda, sosial şəbəkələrdə bu idman növünün təbliğatı çox gözəl şəkildə aparıldı. Fikrimcə, buna görə valideynlərin və kiçik uşaqların gimnastikaya marağı artır.

- Gimnast olmağın üstün və mənfi tərəfləri haqda danışaq. Hansı çətinlikləri var?

- Gimnast olmağın üstün tərəfləri gözəl formada qalmaq və müəyyən qədər popular olmaqdır. Mənfi tərəfləri isə budur ki, peşəkar idman ömürlük travmalara səbəb ola bilər. Həm də şəxsi həyatına ayıracağın zaman çox az olur.

- Gimnastika ilə məşğul olan yeniyetmələrə, uşaqlara necə motivasiya verə bilərsən?

- Yeniyetmələrə və uşaqlara tövsiyəm budur ki, məşğul olduqları idman növünü sevsinlər. Məşqçilərinə diqqətlə qulaq assınlar, onların dediklərini yerinə yetirsinlər. Əgər çox çalışsanız, sizi mükafatlar və qələbələr gözləyəcək.  

Nur Zeynalova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Daha çox


Son xəbərlər