"Birinci divizionla Premyer Liqa arasında uçurum var" - Vaqif Cavadov

"Birinci divizionla Premyer Liqa arasında uçurum var" - Vaqif Cavadov
MÜSAHİBƏ 24 May 2023 / 14:34 3329
-  A +

Millimizin sabiq üzvü, hazırda “Sumqayıt-2”ni çalışdıran Vaqif Cavadovun Qol.az saytına müsahibəsi

- Artıq birinci divizionda mövsüm başa çatdı. “Sumqayı-2”nin çıxışını necə dəyərləndrirsiniz? 

- Komandamız normal çıxış etdi. Çempionatın sonluğunu çox yaxşı keçirdik. Beş oyunun üçündə qalib gəldik, digər iki görüşdə də qələbə qazana bilərdik. Ümumilikdə futbolçulardan razıyam və inanıram ki, növbəti mövsümdə daha yaxşı çıxış edəcəklər. Komanda hazırda olduğu yerə layiq deyil. 

- Siz baş məşqçi təyin ediləndə komanda sonuncu yerdə idi. İki pillə yüksələ bildiniz.

- Bəli, komanda 13 xalla sonuncu pillədə idi. Sonda isə 22 xalla 9-cu olduq. İnanıram ki, gələcəkdə daha yaxşı olacaq.

- Birinci divizion sizin üçün yeni bir çempionat oldu. Necədi orada yarışın səviyyəsi? 

- Təbii ki, Premyer Liqa ilə çox böyük fərqlər var. Futbolçuların ustalıq səviyyəsi, meydanların durumu Premyer Liqa ilə müqayisə edilə bilməz. Meydanın vəziyyətinin də oyuna, futbolçunun ustalıq səviyyəsini ortaya qoymasına, onun inkişafına böyük təsiri var. Legionerlərin olmaması da öz sözünü deyir. Çox az sayda legionerlər var ki, onlar da öz ustalığını göstərirlər. Amma Premyer Liqada legionerlər çoxdur. Ona görə də birinci divizionla Premyer Liqa arasında uçurum var. Üstəlik də birinci divizionla Premyer Liqa klublarının futbolçularının maaşları arasında 10, bəlkə də 20 dəfə fərq mövcuddur. Əslində elə təkcə bu fakt hər şeyi deyir. 

- Yeni mövsümdən birinci divizionla əvəzedicilər yarışı ayrı-ayrı keçiriləcək. Bu qərar haqda nə düşünürsünüz?

- Çox doğru qərardır. Belə də olmalıdır. Hər liqanın komandasının öz yarışı olmalıdır. Bu, futbolçuların da, komandaların da inkişafında böyük rol oynayacaq. Çünki komanda sayı artanda futbolçular da çox olur. 

- Məşqçiliklə bağlı planlarınız nədir?  “Sumqayıt-2”də davam etmək fikriniz var? 

- Mən bu komandanı ona görə götürmüşəm ki, yeni mövsümə hazırlaşaq və yaxşı komanda formalaşdıraq. Məşqçiliklə bağlı planlarım təcrübə toplamaq, oxumaq və Azərbaycan futboluna fayda verməkdir.

- Premyer Liqamız haqda nə düşünürsünüz? Mövsümün sonu gərginlik xeyli artdı. Sona bir tur qalsa da, hələlik yarışı tərk edəcək komanda və avrokublara 4-cü vəsiqənin sahibi bəlli deyil. 

- Məncə, növbəti mövsüm daha maraqlı olacaq. Çünki iddialı klubların sayı çoxalır. “Qarabağ”ın çempionluq mübarizəsinə “Sabah”, “Neftçi, “Zirə”, inanıram ki, “Qəbələ” də qoşulacaq. Beş klubun çempionluğa oynaması çempionatın səviyyəsində böyük fərq yaradar. Burada transferlərdən də çox şey asılıdır. Amma ümumilikdə iddialı komandalar çox olacaq ki, bu da çempionatımızı maraqlı edəcək. Biz hazırda diqqətimizi uşaq futboluna, oradakı şəraitə yönəltməliyik. Hər klubumuzda bu işlər yüksək səviyyədə aparılsa, daha çox gənc futbolçu yetişdirəcəyik və yeni oyunçular üzə çıxacaq. Futbolçuların məktəb, hərbi xidmət, ali məktəb problemləri həll edilməlidir. Bunlar olsa, Azərbaycan futbolunda yaxşı oyunçular görə bilərik.

- Qeyd etdiyiniz məsələlərdə problemlər çoxdur?

- Çox böyük problemlər var. Amma inanıram ki, aradan qalıdırılacaq.

- Hər halda uşaq futbolundakı problemləri tez bir zamanda aradan qaldırmaq olmaz.

- Müəyyən işlər var ki, onları bir, ya da beş gündə də həll etmək olar. İnfrastruktur məsələsində isə bir az zamana ehtiyac var. Amma ən azından bu işlərə başlamaq lazımdır ki, gələcəyə ümidlə baxaq. 

- Avro-2024-ün seçmə mərhələsinə uğursuz start verən millimiz növbəti ay Estoniyanı qəbul edəcək. Bu oyundan və ümumiyyətlə, komandamızda dəyişiklik olmadan bu seçmə mərhələdən nə gözləmək olar? 

- Sentyabrda da Belçikanı qəbul edirik. Hər ikisi çox çətin olacaq. İnanın ki, heç birində bizim milli üçün asan oyun gözlənilmir. Görək millimizin baş məşqçisi komandanı oyuna necə hazırlayacaq. Onsuz da dediyimizi demişik, hamı da vəziyyəti bilir. Sadəcə səbr edib gözləmək lazımdır. Ümidlə yaşamalıyıq. Milli komanda bizimdir. Nə olursa olsun, onun arxasında dayanmalıyıq. 

- Düşünürsünüz ki, Estoniya da bizim üçün çətin rəqib sayılır?

- 100 faiz. Estoniya pis futbol oynamır. Oyunlarına da baxanda komandanın necə çıxış etdiyini görmək olur.

- “Qarabağ”ın və millimizin hücumçusu Ramil Şeydayev yüksək məvacib qarşılığında karyerasını Tailandın "Buriram Yunayted" klubunda davam etdirəcəyini gözlənilir. Siz də bir neçə xarici klubda legioner həyatı yaşamısınız. Ramilin bu seçiminə münasibətiniz necədir?

- Onun qərarına hörmətlə yanaşmalıyıq. Kriştiano Ronaldo da Asiyada oynayır. Əgər o qədər məbləğ təklif ediblərsə (qeyri-rəsmi məlumata görə, mövsümə təqribən 750 min avro – R.A.), Ramili başa düşmək olar. Yaxşı bir kluba gedirsə, niyə də olmasın?

- İş ondadır ki, yaxşı klub olub-olmadığını hələ bilmirik, Tailand çempionatına bələd deyilik.

- Bilmirik, amma əgər o qədər məbləğ təklif edirlərsə, yəqin ki, yaxşı klubdur.

Ramiq Ağaməmmədov

Daha çox


Son xəbərlər