“Musa Qurban Qurbanovun oğludur deyə meydana buraxılmadı” - Müsahibə

“Musa Qurban Qurbanovun oğludur deyə meydana buraxılmadı” - Müsahibə
MÜSAHİBƏ 5 May 2023 / 09:00 7318
-  A +

Peşəkar Futbol Liqasının sabiq prezidenti Ramin Musayev Qol.az saytına geniş müsahibə verib

- Ramin bəy, bu yaxınlarda 60 yaşınız tamam oldu. Adətən, yubileyləri təmtəraqla qeyd edirlər. Sizdə necə oldu?

- Demək olar ki, məndə də elə oldu (gülür).

- Vəzifədən gedəndən sonra təbrik sayı azalmayıb ki?

- Xeyr. Ətrafımdakılar hələ də yanımdadırlar.

- Futbol üçün darıxmısınızmı? 

- Ömrünüm 19 ilini futbola vermişəm. Sözsüz ki, xatirələri yada saldıqca darıxıram. Amma həyatda ən çox əziyyətli, ən az hörmətli peşə futboldur. 

- Niyə belə düşünürsünüz?

- Qızım, mən 1995-ci ildə polis sistemindən ayrılmışam. Amma bu gün də hər hansı bir polislə görüşərkən keçmiş polis kapitanıyam deyəndə insana hörmətlə yanaşırlar. Gör, 1995-ci ildən indiyədək neçə il keçib. 19 il futbolda çalışmışam. Bəzən elə bir diqqətsizlik görürsən, deyirsən ki, nahaq ömrümün bu qədər hissəsini futbola verdim. Axı, hər gün ömürdən gedir, qızım. Heç nə qarşılıqsız olmur.

- Bəs, indi hansı işlə məşğulsunuz?

- Hal-hazırda elə bir işim yoxdur. Balaca bir maldarlıq sahəm var. Vaxtımı keçirirəm. Atlarım var, onlarla oynayıram. Yəni, kənd həyatı yaşayıram. 

- Futbolu izləyirsiniz? Siz PFL-dən ayrılandan sonra futbolumuzda nə dəyişib? 

- Dəyişiklik yoxdur. Amma görürəm ki, keçmiş idarəmizin vəziyyəti yaxşıdır, sevinirəm. Bizim vaxtımızda gözləyirdik ki, maaş nə vaxt veriləcək. Lakin maşallah, indi hər şey yaxşıdır, maaş vaxtı-vaxtında verilir. Son bir neçə ilə bizə çox mane olmuşdular. 

- Səbəbini deyə bilərsiniz? Bu addımı kim atırdı?

- Bilmirəm, qızım. Bizi çox pis sıxırdılar. Elə şeylər var ki, onu danışmaq, demək olmur. Böyük proqramlarımız var idi. Amma imkan vermədilər. 

- Maddi problem yaradırdılar? 

- Bəli. Maddi tərəfdən sıxırdılar. 

- PFL-in indiki prezidenti Elxan Səmədovla münasibətiniz necədir?

- İnanın ki, elə bilirəm, orada balaca bir qardaşım əyləşib. Onun xətrini çox istəyirəm, gözəl insandır. 

- Ümumiyyətlə, gələcəkdə Azərbaycan Premyer Liqasını necə görmək istəyərsiniz? Komandaların sayı 10-a yüksəldi. Daha artıq olmasını istəyərsiniz? 

- Bu gün 10 komanda var. Buna da şükürlər olsun. Amma heç olmasa, 12 komandaya çatsaydı... Bölgələrdən komandalar gəlməlidirlər. "Turan Tovuz" maddi məsələlərlə bağlı çox böyük problemlər yaşadı. Sponsor tapdılar. Amma ona qədər sponsoru əvəz edən AFFA idi. Sağ olsunlar. "Turan Tovuz", "Kəpəz" yaşamalıdır. Vaxtilə biz "Şəmkir"i yaratdıq. Keçmiş rayon rəhbərliyi kömək etmək əvəzinə, komandanın dağılmasının səbəbkarı oldular. Mən Elxan Səmədovla görüşəndə də dedim ki, çalışın, yalnız Premyer Liqa yox, uşaq futbolu da PFL-ə tabe olsun. Çünki bu gün uşaq futbolumuz yoxdur. Futbolçu yetişmir. Vaxtilə Məzahir Süleymanzadə "Sabahın ulduzları"nı təşkil etdi. Bunun vasitəsi ilə nə qədər futbolu ortaya çıxdı. Bunların hamısı vacibdir.

- Qeyd etdiniz ki, "Şəmkir"in yaşamasına icazə vermədilər. Ümumilikdə uşaq futbolunun inkişafının qarşısının alınmasının, sizə maneələr yaradılmasının səbəbi nədir? Futbolun inkişafı o insanlara niyə problem yaratsın?

- Vəzifədə olan elə insanlar var idi ki, düşünürdülər, bu, futboldur, pul var. Yeyib dağıdırlarsa, mənə də çatmalıdır, mən də yeməliyəm. Amma heç də elə deyildi. Biz vətənə borcluyuq, vətən bizə borclu deyil. Vətən, milli komanda naminə əlimizdən gələni etmişik. Bunu istər klublarda çalışanlar, istər PFL-də işləyənlər, istərsə də azarkeşlər gözəl bilirlər. Biz çox ağır şərtlərlə çalışmışıq. Halallıq, düzgünlüklə çox şeyin qarşısını aldıq. Hakimlik hansı səviyyədə idi. Baxın, görün ki, indi necədir. 

- Ramin bəy, elə hakimlik mövzusuna toxunmaq istərdim. Son vaxtlarda bu mövzu daha da qabarıb. Premyer Liqamızın oyunlarında hakim səhvlərindən narazılıqlar xeyli artıb. 

- Bəli. Bu gün Premyer Liqada hakimlik o qədər də yaxşı səviyyədə deyil. Bu mövzuda itirən futbolçular olur. Əziyyət çəkirlər. Hərdən bunu deyəndə bəzi insanlar cavab verirlər ki, futbolçular 90 dəqiqə qaçırlar də. Bunu deyən adam gəlsin, özü 15 dəqiqə qaçsın.

- Komanda qələbə qazanmaq üçün nə qədər əmək sərf edir, hakimin bir yanlış qərarına görə məğlub olur. Bəs, sizcə, klublar  bu dərdini kimə deməlidir?

- Heç kimə. Hakimlərlə çalışmaq lazımdır. Bəlkə də bu sözlərimə görə AFFA rəhbərliyi məndən inciyəcək. Amma inciməli deyillər. Çünki gərək, düzünü deyəsən. Bu gün bizim Hakimlər Komitəsinin sədri əcnəbidir. Niyə bizim yerli keçmiş hakimlərimizdən istifadə etmirik? Axı, onlar bilir ki, bu hakim kimdir, futbola hansı niyyətlə gəlir. Eləsi var, pula görə, eləsi də var, futbolu sevir deyə gəlib. Bunların hamısı böyük məna kəsb edir.

- Elə isə niyə keçmiş hakimlərimizdən birini deyil,  əcnəbiləri Hakimlər Komitəsinin sədri təyin edirlər?

- Bizim bədbəxtçiliyimiz elə bundadır də. Öz yerli mütəxəssislərimizdən istifadə etmirik. Mən sizə bir hadisə danışım. 

“Neftçi"də çalışanda Ağasəlim Mircavadovu komandanın baş məşqçi vəzifəsinə dəvət etdik. AFFA-nın keçmiş rəhbərliyi, rəhmətlik Ramiz Mirzəyev bizdən soruşdu ki, nəyə görə Ağasəlim Mircavadovu bu vəzifəyə gətirmişik. İslam Kərimovu futbola qaytaranda da belə oldu. İslam Kərimov ömrünü futbola həsr edib. Biz onu futbola qaytaranda AFFA-dan bizə böyük təzyiqlər oldu. İslam Kərimov Birinci Qarabağ müharibəsində iştirak edib, futbola bütün həyatını həsr edib. Amma deyirdilər ki, yox, biz onu qəbul etmirik. Deyirdilər ki, Ağasəlim Mircavadov baş məşqçi olmalı deyil. Niyə? Əcnəbi gətirməli idik? Axı, öz yerli mütəxəssisinə dəyər, qiymət verməlisən. 5,10 il əvvəl oynamış futbolçularımızın sayına baxın. Onların 70 faizini İslam Kərimov yetişdirib. Bu gün oynayan futbolçularımızın da arasında onun yetişdirdikləri var. Əgər biz futbolu gözəl görmək, nailiyyətlər qazanmaq istəyiriksə, əvvəlcə uşaq futbolunu inkişaf etdirməliyik. Bunu fikirləşənlər yoxdur. Gəlin, görək, uşaq futbolunda kimlər çalışır. Dost, tanış, qohum-əqrəba. Niyə? Keçmiş futbolçularımız hardadırlar? Niyə onlara şərait yaradılmır? O qədər müddət "Neftçi"də çalışdım. Qoy desinlər ki, Ramin Musayev filan qohumunu vəzifəyə gətirdi. Xeyr. Deyə bilməzlər. Çünki elə şey olmayıb. Uşaq futboluna futbolla yaşayan insanlar dəvət alırdı. Murad həkim var idi, futbolçular Azərbaycandan Türkiyəyə onun yanına gedirdilər. Sonra onu "Neftçi"yə gətirdik. Başqa komandalardan da Murad həkimə müraciət edən olurdu. Bir gün dedi ki, Ramin müəllim, başqa komandalardan da müraciət var. Dedim ki, Murad, nə fərqi var? Əsas odur, Azərbaycan futboluna xidmət edirik. O biri futbolçu, voleybolçu da öz balamızdır. Qəbul da edirdi, müalicə də. Biz o həkimi axtarıb tapmışdıq. Çünki görmüşdük ki, bu insan futbola fayda verəcək. 

- Yəni, mövzunun kökündə dayanan əsas problem bizim öz yerlilərimizə dəyər verməməyimizdir? 

- Bəli. Biz əcnəbilərə dəyər veririk. Bizdə belə bir anlayış var ki, bu adam ingilis, rus dillərini bilirsə, deməli, çox savadlıdır. Amma öz dilimizi bilənə dəyər verilmir. Bizdə rus və ingilis dillərini bilməyənə çox qəribə bir ad qoyublar: "çuşka". Mənə bir şey maraqlıdır, bəs, öz ana dilini bilməyən kimdir? Belə şey olmaz. Gürcüstan futbolu dünyaya səs salıb. Görün, nə qədər legionerləri var. Gəlin, Gürcüstan Futbol Federasiyasına gedək, görək, orada rus dilində bir dənə də olsa, hərf tapa bilərsiniz?  Rusca bir söz eşitsəniz, gəlin, mənim gözümü çıxarın. Amma bizdə elə deyil. Biz bacarana qiymət vermirik, dil biliyinə dəyər veririk. Ona görə də futbol inkişaf etmir. 

Avstriyalını Hakimlər Komitəsinin sədri təyin etdilər. O, bu neçə il ərzində bizə nə verdi? Bu gün mətbuatdan oxuyuruq ki, Əliyar Ağayev filan liqanın oyunlarına dəvət aldı. Əliyarı kim yetişdirib? Xaqani Məmmədov yetişdirib də. Bəs Ştuxlik kimdir, o nə etdi?  Bir nəfər hakim göstərin ki, o yetişdirmiş olsun. Tək Əliyar deyildi, Əliyardan da başqa hakimlər yetişdirilmişdi. Hamısının qarşısını kəsdilər. Rəhim Həsənovun boyu da yüksək idi. Amma o, dil bilmirdi deyə işsiz qaldı. Dil bilmir, bilməsin. Əsas odur, öz sənətini bilir. Məgər dil bilmək o qədər vacibdir? Xeyr. Amma Rəhimə mane oldular. Nəysə.

- Hakimlərin səhv qərarlarına qarşı daim etiraz edənlər "Sabah"ın baş məşqçisi Murad Musayev və "Zirə"nin çalışdırıcısı Rəşad Sadıqovdur. Çox vaxt da hakimlər onları cəzalandırırlar.

- Bəli. Cəzalandırırlar. Bu nə deməkdir? Yəni, səsini kəs. Haqqını tələb etsən, qırmızı vərəqə alacaqsan. Niyə? Çünki Hakimlər Komitəsinin sədri türkiyəli Barış Şimşekdir. Türklərə canım qurban olsun. Biz də türkük. Bunu kənara qoyaq. Amma türkiyəli hakim bizim futbolu, hakimləri hardan tanıyır? Bizim dövrdə hakimləri təlimlərə aparırdıq. Türkiyəyə gedirdik. Oradakı xarici komandalar deyirdilər ki, matçı azərbaycanlı hakimlər idarə etsələr, biz oynayacağıq. Bunlar faktdır, sübutdur. Çünki bizim hakimləri tələb edirdilər. Hakimlərimiz yoxlama oyununda belə çox ədalətli davranırdılar. Hər axşam oyunları müzakirə edirdik. Deyirdilər ki, Ramin Musayev hakimləri dincəlməyə apardı. Nə dincəlmək? Yanvar ayında Antalyada bərk yağış yağırdı. Hakimlər o yağışın altında məşq edirdilər. Səhər yeməyindən əvvəl məşq edirdilər, tərəziyə çıxırdılar. Niyə? Çünki artıq yanvardan sonra çempionatımızın oyunları başlayırdı, mövsümün sonu gəlirdi.

- Digər bir problemli mövzu da milli komandamızdır. Avro-2024-ün seçmə mərhələsindəki oyunları izlədinizmi?  

- Millinin futbolçuları komandalardan gəlməlidirlər də. İndi nə isə söyləyəcəyəm. Sonra yenə deyəcəklər ki, Ramin Musayev özünü tərifləyir. Özümü tərifləmirəm. Biz "Neftçi"də çalışanda öz məşqçilərimizə stimul verirdik. Bir futbolçu milliyə dəvət alırdısa, baş məşqçiyə mükafat verilirdi. Gəlin, görək, hansı komandada belə bir sistem var? Hamısı öz komandasını düşünür. 

- Millidə futbolçu problemi var. Amma baş məşqçi faktoru da var axı. Belə biabırçı məğlubiyyətlərdən sonra Canni de Byazi ilə yola davam etmək qərarı alındı. Bu, nə qədər düzgündür?

- Siz də bir evin nümayəndəsisiniz. Evdə un yoxdur, mən də israr edirəm ki, xəngəl bişir. Xəngəli unsuz necə bişirə bilərsən? Futbolçu ola ki, məşqçidən nəsə tələb edəsən də. Bizim hər mövqedə heç olmasa, bir ulduz futbolçumuz varmı? Yoxdur. Şükürlər olsun, hücumçumuz var. Amma hücumçuya topu ötürən yarımmüdafiəçimiz varmı? Yoxdur.

- Yarımmüdafiə xəttində öz sözünü deyən futbolçulardan biri Qara Qarayevdir. Amma Canni de Byazi onu da milliyə çağırmır. 

- Bəlkə yaşına, bəlkə dil bilməməyinə görədir. Səbəbi nədir, bilmirəm. O, artıq 10 aydır ki, millidən kənardadır. Çempionatımızın bombardiri olan Musa Qurbanlı milliyə çağırıldı, amma meydana buraxılmadı. Niyə? Yəqin ki, Qurban Qurbanovun oğludur deyə. 

- Ramin müəllim, deyirsiniz ki, futbolçu bazamız yoxdur deyə qələbə qazana bilmirik. Bəs, qalib gəlməyəcəyiksə, niyə əcnəbi baş məşqi gətirib, ona bu qədər vəsait ayırırıq? Uduzuruqsa, nə fərqi var, elə yerli mütəxəssislərimiz işləsin. 

- Çünki xarici dil bilmirlər. Gərək, biz mütəxəssislərimizi kurslara göndərək, onda onlara iş verəcəklər. Bu, bizim bədbəxtliyimizdir. Oxucular yəqin deyəcəklər ki, Ramin müəllimin "başı qaçıb". Amma mən anlamıram ki, bizim məşqçilərə nə olub? Ötən günlərdə "Neftçi" - "Qarabağ" oyunundan əvvəl Aftandil Hacıyevin çıxışına baxırdım. Aftandil Hacıyev niyə işsiz qalmalıdır? Ayxan Abbasov pis məşqçidir? O, "Turan Tovuz"a nəfəs verdi. Samir Abasov özü də əla məşqçidir. Gül kimi məşqçilərimiz var. Elmar Baxşıyev maşallah, həm əla məşqçidir, həm də gözəl insandır. Mən yerli mütəxəssislərimizlə fəxr edirəm. Onlara şərait yaradılmalıdır. Tərlan Əhmədovu niyə sıxırlar? Mən vaxtilə ona dayaq olmuşam. İşsiz idi. Dedim ki, onu "Neftçi"yə gətirin. "Neftçi"də də, "Keşlə"də də yaxşı iş gördü. Tərlan Əhmədov sonra niyə işsiz qalmalı idi? Ramin Musayevə yaxındır, ona görə? Belə bir şey harada yazılıb? Ramin Musayev Azərbaycan futbolunun düşmənidir? Mən Azərbaycan futbolu üçün ürəyimi qoymuşam. Allah da buna şahiddir. 60 yaşıma qədər ürəyimə 7 dəfə stent qoydurmuşam, 1 dəfə açıq əməliyyat etdirmişəm. Bunlar kefdən deyil ki. Hamısı həyəcandandır. Bu gün futbola rəhbərlik etməyə nə var ki? "Xəzər Lənkəran", "Karvan" kimi komandalar var idi. "Neftçi" ən güclü vaxtlarını yaşayırdı. Gecə saat 2-yə qədər kabinetdə müzakirə gedirdi. Çünki bir hakim küncdən zərbəni düz verməmişdi. Bu komandaya verilməli idi, o birinə verilmişdi. Amma bu gün təmiz penalti təyin olunmur, təmiz qol qeydə alınmır. Heç bundan danışan varmı? Allaha and olsun, hakim qərarlarına görə üstümə silahla gəlmişdilər. Hakim oyuna çıxanda ona hücum edirdilər. Şükürlər olsun, bunların qarşısını aldıq. Axırda bizə hansı qiymət verildi? Xaqani Məmmədov qovuldu, yerinə xarici hakim gətirildi. Əgər futbolçunun haqqı tapdanırsa, onda klub rəhbərliyinin də həmin oyunçu qarşısında dili gödək olur. Hər şey zəncirvaridir. Uşaq futbolundan tutmuş, hakimliyə qədər hər şey bir-biri ilə bağlıdır. Ən böyük problem isə məşqçilərimizə dəyər, qiymət verilməməsidir. Mən "Neftçi"də işləyəndə komanda uduzurdusa, gecə saat 1-də evə gedirdim, səhər saat 6-da çıxırdım ki, qonşular məni görməsin. Çünki sual verirdlər ki, "Neftçi" niyə uduzdu? Adam utanırdı. Gizlənirdim ki, sual verilməsin. Əcnəbinin nə vecinədir? Onlarda milli ruh yoxdur, olmayacaq da. Öz mütəxəssislərimiz işləməlidirlər. 

- Artıq PFL-də çalışmırsınız. Bəs, indi açıq şəkildə deyə biləsiniz ki, Azərbaycanda hansı komandaya azarkeşlik edirsiniz? 

- Milli komanda ürəyimizdir, bu, başqa məsələdir. Amma mən "Neftçi" azarkeşiyəm. Mən uşaqlıqdan bu komandanı sevirəm. O vaxt hələ nə "Qarabağ" var idi, nə də Qurban Qurbanov. 

- Görünür ki, ürəyiniz doludur, futbola can yandırırsınız. Nə vaxtsa futbola qayıtmaq istəyərsiniz? 

- Son 4-5 ildəki şərait qalsa, xeyr, qayıtmayacağam. Çünki biz o qədər işlər gördük, amma qiymətsiz qaldı. Adi bir şeyi deyim, Azərbaycan kubokunun finalında azarkeşlərə hansı sürprizləri etmədik ki? Finalı Naxçıvanda keçirdik. Böyük mübahisələr oldu ki, final niyə Naxçıvanda keçirilir. Niyə də yox? "Xəzər Lənkəran"ın məşqçisi İngiltərədə müsahibə verdi ki, sən demə, cənnət Azərbaycanda imiş. Bu pisdir? Bizim böyük proqramlarımız var idi. Amma son 5 ildə imkan verilmədi. Daha geniş işlər görmək olardı. O işlər haqqında Elxan Səmədovla görüşərkən danışdıq, söhbət etdik. Mən sevinirəm ki, PFL-in işləri uğurla gedir. Bunun təməlini mən qoymuşam. Bu, danılmaz faktdır. Tarix öz yerində qalır. Bu gün PFL-də çalışan uşaqlar ora nə rüşvətlə gəliblər, nə də tapşırıqla. Biz onların hamısını bir-bir seçib yığmışıq. Elxan müəllim də sağ olsun, onların biliyindən, savadından istifadə edir. Özü də yaxşı insandır, vicdanı var. 

- Bəs, AFFA rəhbərliyi ilə, Sərxan Hacıyevlə münasibətiniz necədir? 

- Hamı ilə salam-kəlamım var. Hamısından da çoz razıyam. Açığı, PFL-in işçilərindən çox, AFFA-nın işçiləri mənə zəng vururlar. İstər rəhbərliyi, istərsə də adi işçiləri. Mən bunu danmaram. Olan şeyi deyirəm. Sərxan Hacıyevlə münasibətim var. Sağ olsunlar, yubileyimdə o da, AFFA-nın işçiləri də zəng vurdular, təbrik etdilər. Hər birinə minnətdaram. Həmişə məni diqqətdə saxlayırlar, oyun, tədbir olanda dəvət edirlər. Mən bunu dəyərləndirməyə bilmərəm. 

Bayaq "Neftçi"dəki karyeranıza toxundunuz. "Neftçi"nin indiki durumu haqda nə deyə bilərsiniz? Komandanın azarkeşləri nəticələrdən narazıdırlar.

- "Neftçi" haqqında saatlarla danışsaq, bəs etməz. Mənim bu sözüm bəlkədə bəzi insanları əsəbiləşdirəcək. Qızım, "Neftçi"də rəhbər çoxdur. İfadəmə görə çox üzr istəyirəm, dinimizdə bir kişinin dörd arvadı ola bilər, amma bir arvadın dörd əri ola bilməz, axı. İdarəçi bir nəfər olmalıdır. "Neftçi"də belə deyil. Sponsorlar tez-tez dəyişir. Klubu hərə bir tərəfə dartır. Bir nağıl var idi. Deyilirdi ki, arabanı biri göyə dartır, biri suya, biri də quruya. "Neftçi"də də vəziyyət belədir. "Neftçi" xalqın komandasıdır. Azərbaycan futbolu deyəndə bu gün hamının ağlına "Qarabağ" gəlir. Amma o vaxt Azərbaycan futbolu "Neftçi" idi. Həmin zamanlarda klubun rəhbəri Rövnəq Abdullayev idi. O vaxt da müdaxilə etmək istəyirdilər, amma Rövnəq müəllim icazə vermirdi. Bütün səlahiyyətləri mənə vermişdi. Axtarın, tapın, görün həmin vaxt mənim "Neftçi"də sürücüdən başqa bir qohumum var idi? Öz oğlumun oynamasına imkan vermirdim. Məşqçiyə demirdim ki, mənim oğluma şərait yarat. Halbuki, oğlum oynamağa layiq idi. Amma deyirdim ki, mən məşqçinin qərarına qarışa bilmərəm, ehtiyat oyunçular skamyasında əyləş. Biz İslam Kərimovdan çempionluq tələb etmirdik. Futbolçu yetişdirməyi istəyirdik. İndi "Şamaxı" adlanan klub o vaxt "İnter" idi. Həmin zamanlarda "İnter" 3 transfer pəncərəsində legioner ala bilmədi. Onlar yerli futbolçularımızın sayəsində avrokuboklara vəsiqə qazandılar. Bəs, əvəzedici komandaları kim yaratdı? PFL. Bizi atəşə tuturdular ki, əvəzedici heyətlər nəyə lazımdır? Futbolçu zədədən qayıdanda əvəzedici heyətdə oynamalıdır, sonra toparlanıb əsas komandaya gəlməlidir. Baş məşqçi futbolçunu cəzalandırırsa, o, əvəzedici heyətə getməlidir. Yəni, oyunçu futbolsuz qalmamalıdır, mütəmadi olaraq oynamalıdır. Biz əvəzedici komandalarla bağlı qərar verməklə nə qədər inkişaf etdik. Amma bunu işıqlandırmadılar. Eybi yox. Allah görsün. Ən azından azarkeşlər görürlər. Məni qohumlarımdan çox təbrik edən keçmiş futbolçular oldu. Sağ olsunlar, zəhmətimi itirmədilər. Çünki biz onlara şərait yaradırdıq və tələb edirdik ki, oynamalısan. Mən "Neftçi"də olanda futbolçulara deyirdim ki, sizin tək probleminiz futbol oynamaqdır, qalan şeyləri mən həll edəcəyəm. Uşağınızın məktəbə getməyini, maşınınızı almağı mən həll edəcəyəm. Bunlar hamısı baş vermiş şeylərdir. Şükür Allaha, həmin futbolçular indi də sağ-salamatdırlar. Yəni, danışdıqlarım faktdır. Rəşad Sadiqovun maşını qəzaya düşmüşdü. Dedim ki, sən maşını qoy get, sabah oyun var, hazırlaş, maşını da mən təmir etdirəcəyəm. Bu, belə olmalıdır. İndi bəzi gənc futbolçularımızı heç barlardan yığışdırmaq olmur. Bu məsələni açanda mənim ağzımdan vurdular ki, futbolçu insandır, yeməlidir də, içməlidir də. Xeyr. İdmançı idmançı kimi yaşamalıdır. Bizim vaxtımızda heç bir futbolçu öz şəxsi maşını ilə məşqə gedə bilməzdi. Məşqdən sonra da hamı bazaya gəlib, yemək yeməli idi. Saat 11-dən sonra heç bir futbolçunun ixtiyarı yox idi ki, harasa getsin. Hamı evdə olmalı idi. Hər bir futbolçuya zəng vurulurdu, maraqlanırdıq. 1 dənə siqaret çəkdiyi üçün futbolçunu 500 dollar cərimələmişdik. Mən Georgi Adamiyaya deyirdim ki, sən nə qədər yatırsan. O da cavab verirdi ki, Ramin müəllim, qoyun beynim sakitləşsin. Telefondan tamamilə uzaqlaşırdı. Ailəsi də bilirdi ki, bu adam oyuna hazırlaşır. Amma elə futbolçu da var idi, gecə şəhərə qaçırdı, səhərə yaxın gəlirdi. Məşqçisi də bilirdi ki, o, gecə harasa getmişdi. Həmin futbolçu cəzalandırılırdı. Bu gün klublarımızın hansında belə sistem var? 

- Əslində bu qayda "Qarabağ"da var. Qurban Qurbanov hətta bəzi futbolçulardan harada olduğuna dair şəkil də istəyir.

- Çünki Qurban müəllim o sistemi "Neftçi"də görmüşdü (gülür). Qurban müəllim futbolçulara ciddi nəzarət edir, düz edir. Ona görə də adı dünya ilə birdir. Qurban Qurbanov hələ daha da irəli gedəcək. Onu çox qısqanırlar. Bilmirəm ki, niyə. Ona dəyər verənlər çoxdur, sağ olsunlar. Amma qısqananlar da çoxdur. İstədilər ki, Qurban Qurbanova bəzi böhtanlar yağdıralar. Qarşısını alırdım. Bəlkə də elə buna görə də futboldan kənarda qalmışıq. Bir insana haqsızlıq edirlərsə, ədalətsiz danışırlarsa, sən də buna susursansa, deməli, sən də həmin o danışanların tayı olursan. Mən heç vaxt susmamışam. Haqqı deməlisən. Qurban Qurbanov bu gün Azərbaycan futbolu üçün bir tapıntıdır. Ona dayaq olmaq əvəzinə çox maneələr yaratdılar. 

- Digər bir problemli mövzu da süni ot örtüklü meydançalardır. 

- Süni ot örtüyü futbolçunu xəstə edir. Bu, ən əsası, uşaq futbolunda problemdir. Süni ot örtüyündə oynayan uşaqlar gələcəkdə mütləq ayaq problemi yaşayırlar. Ona görə də onlara təbii ot lazımdır. Deyirlər ki, bizim futbolçular 70 dəqiqədən artıq qaça bilmirlər. Ay bala, bu yetim ömrü boyu süni ot örtüyündə oynayıb də. Nə etsin? 

- PFL və AFFA rəhbərliyinə müraciət ünvanlayanda cavab belə olmuşdu ki, bizim süni ot örtüklü meydançalarımız Avropa və dünya standartlarına uyğundur.

- Yarış keçirmək üçün uyğun ola bilər, amma məşq etmək üçün yox. 

- Ramin müəllim, qarşıdan gələn mövsümdə komandalarımızın avrokuboklardakı çıxışından nə gözləyirsiniz? 

- Püşkatma böyük bir şərtdir. Qismət də yaxşı şeydir. Artıq avrokuboklarda mübarizə aparacaq 3 komandamız bəllidir. Məncə, Azərbaycan kubokunu "Neftçi" qazanacaq. "Qəbələ" də Konfrans Liqasına vəsiqə əldə edəcək. İnşallah, püşkatmada uyğun rəqiblər düşər.

Nur Zeynalova

Daha çox


Son xəbərlər