Medianın İnkişafı Agentliyinin layihəsi
Fevralın 1-də İdman TV-nin 14 yaşı tamam oldu. Bu telekanal Azərbaycanın ilk idman kanalı olması ilə yanaşı, bir çox yeniliklərə imza atmış, daim maraqlı, vacib turnirlərin, proqramların yayımı ilə izləyicilərin rəğbətini qazanmış bir kanaldır.
Həmçinin İdman TV savadlı kadrları, izləyicilərə düzgün məlumatlar çatdırması ilə də seçilir.
Ona görə də bu dəfə İdman TV-nin direktoru Rövşən Binnətli ilə söhbətləşdik.
- Rövşən bəy, əvvəla sizi İdman TV-nin direktoru təyin olunmağınız münasibəti ilə təbrik edirəm. Bu yaxınlarda telekanalın 14 yaşı tamam oldu. Ona görə sizinlə həmsöhbət olmaq istədim.
- Çox sağ olun diqqətə görə, təşəkkür edirəm.
- Bir sıra ilklərə və yeniliklərə imza atmış İdman TV-nin direktorluğuna rəsmi olaraq yeni təyin edilsəniz də, dörd ilə yaxındır orada çalışırsınız. İdman TV-yə gəlişinizdən danışaq…
- Mənim televiziya işinə marağım lap kiçik yaşlarımdan olub. O vaxtlar ölkədə yalnız Azərbaycan Televiziyası vardı və orada işləmək uşaqlıq arzularımdan idi. Jurnalistika fakültəsində oxuduğum illərdə də təcrübə zamanı həmişə TV-ni seçirdim. Bu istək yaradıcılıq yolumun TV-dən keçməsinə səbəb oldu. Tamaşaçılar məni müxtəlif televiziyalardakı işimdən tanıyırlar. Bu mənada, fəaliyyətimi İdman TV-də davam etdirmək barədə təklif alanda düşünmədən müsbət cavablandırdım.
- Gəlişinizdən sonra İdman TV-də hansı dəyişikliklər olub?
- Telekanalın direktoru vəzifəsinin icrası mənə həvalə olunandan az keçmişdi ki, koronavirus pandemiyası dövrü başlandı. Təkcə Azərbaycanda deyil, bütün dünyada idman yarışları təxirə salındı. Hətta elə beynəlxalq yarışlar oldu ki, yarımçıq dayandırıldı. Həlli vacib mühüm məsələləri yoluna qoymaq barədə düşündüyümüz zamanda gözlənilməz vəziyyətlə üz-üzə qaldıq. Amma efir dayana bilməzdi və nəzərə alsaq ki, söhbət 24 saatlıq efirdən gedir, o halda durumun mürəkkəbliyi aydın olar.
- Və…
- Vəziyyətin diktəsinə uyğun addımlar atmağa çalışdıq. Yəqin bilirsiniz ki, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri peşəkar jurnalistdir. Rövşən Məmmədov jurnalistlik fəaliyyətində çox çətinliklərlə üzləşib, idman dili ilə desək, seytnot vəziyyətlərə az düşməyib. Yəni, mürəkkəblikləri, gözlənilməzlikləri reallıqda yaşamış insandır və peşəkar kimi, bu sahənin adamlarının nə çəkdiyini, sıravi jurnalistin çətin məqamlarda rəhbərlikdən nə gözlədiyini yaxşı bilir. Onun mövcud vəziyyətlə mütəmadi maraqlanması, lazımi köməklik göstərməsi, məsləhətləşməyə, diskussiyaya açıq olması vəziyyətdən çıxış yolu tapmaqda son dərəcə faydalı oldu. İlk növbədə, Gənclər və İdman Nazirliyi ilə birgə layihə gerçəkləşdirdik – “Evdə qal, idmansız qalma”. İnsanların evdə qalmaları tələbinin ən ciddi vaxtlarında tanınmış idmançılarımız, Olimpiya, dünya, Avropa çempionları həftənin 5 günü səhər saatlarında veriliş vasitəsilə ev şəraitində, müxtəlif ev əşyaları ilə təmrinlər icra edir, bu yolla vətəndaşlarımızın fiziki durumunun normal qalmasına çalışırdılar. Daha bir layihə həftədə iki dəfə efirə gedən saatyarımlıq “Geridönüş” proqramı idi. Burada ölkədə populyar idman növləri üzrə federasiyaların səlahiyyətli şəxsləri ağır dönəm zamanı və ondan sonrakı dövrdə hansı addımlar atmağı planlaşdırdıqları barədə hesabat xarakterli məlumatları tamaşaçılarla bölüşürdülər. Bundan əlavə, “Ulduzların yarışı” verilişini ərsəyə gətirdik: veteran futbolçularımız karyeralarına aid sualları cavablandırmaqla bir-biri ilə yarışırdılar ki, müsabiqə səciyyəli bu proqram da maraqla qarşılandı. Telekanalın “Qızıl arxiv”indəki idman yarış və tədbirlərini yenidən efirdə canlandırmağımız da effektli oldu. Həmin ağır dönəmdə gördüyümüz ən diqqət çəkən işlərdən biri isə sözsüz ki, kiberfutbol üzrə Azərbaycan çempionatını canlı yayımlamağımız idi. Ən mürəkkəb məqamlardan biri kimi xəbər buraxılışlarının hazırlanmasını qeyd edərdim. Çünki heç bir idman yarışının keçirilmədiyi, tədbirinin olmadığı zaman bu, mümkünsüzü mümkün etməyə bərabər idi. Lakin İdman TV-nin işini bilən və sevən, fədakar kollektivinin birgə əməyi, zəhməti sayəsində ən azı bizə olan inamı, ümidi qırmadıq. “Getsin, gəlməsin” dediyimiz həmin taleyüklü dövrdə gördüyümüz işlərlə bağlı siyahını uzatmaq da olar, ancaq elə bilirəm ki, sadaladıqlarım da pandemiya dönəmində vəziyyətdən necə çıxmağımız barədə müəyyən təsəvvür yaradır.
- Bəs, 2020-ci ildən bu günədək olan dövrdə ümumi fəaliyyətinizi necə dəyərləndirərdiniz?
- Öz işinə qiymət vermək işlərin ən çətinidir. Yaxşı deyirsən, özünütərif alınır, nöqsanlardan danışırsan, bacarıqsızlıq kimi qavranıla bilir. Ən yaxşısı, bu barədə başqalarının fikridir məncə.
- Rövşən bəy, niyə “İdman Azərbaycan” yox, “İdman TV?” Bu dəyişikliyə səbəb nə oldu?
- Bizdə üç telekanal fəaliyyət göstərir və “Azərbaycan” kəlməsi onların birinin adında var – Azərbaycan həqiqətlərini, haqq səsini dünyaya çatdıran, beynəlxalq aləmdə ölkənin təbliğatını uğurla aparan Azərbaycan TV, yəni AzTV. Bizi loqolarda bayraq rəmzinin götürülməsinə görə də qınayanlar olmuşdu. Amma məsələyə konseptual yanaşsaq, bayrağımızın üç rənginin AzTV, Mədəniyyət TV və İdman TV-də əks olunduğunu görərik.
- İdman TV-də gənclərlə iş necə tənzimlənir, bu məsələdə nələri qeyd edərdiniz?
- Gənclərlə iş bizim üçün prioritet məsələlərdəndir. Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasına televiziya işinə maraq göstərən gənclər qəbul olunur. Kursu bitirəndən sonra onlardan imtahan götürülür və müvafiq sertifikat verilir. Tədris prosesində idman jurnalistikasına maraq göstərən perspektivli gənclərə təcrübəni İdman TV-də keçmələri üçün şərait yaradılır. Özünü doğruldan kadrlar işə qəbul olunur.
- İdman TV teleməkanda əhəmiyyətli rola malikdir. Bəs, siz telekanalın yerini harada görürsünüz?
- Verdiyiniz qiymətə, dəyərə görə təşəkkür edirəm. Azərbaycan dünyada həm də idman ölkəsi kimi tanınır. İdman TV-nin başlıca məramı, məqsədi də bu missiyanı yerinə yetirən hər kəsin əməyini önə çəkmək, təbliğ etməkdir. Əgər bu gün idman adamları, məşqçilər, mütəxəssislər, idmançılar ünvanımıza xoş sözlər deyirsə, demək ki, doğru yoldayıq. Onların verdiyi dəyər-qiymət bizim üçün çox önəmlidir.
- İdman TV Azərbaycanın ilk idman kanalıdır. Daha sonra “CBC Sport” yarandı. Bu kanallar arasında sağlam rəqabətin getdiyini deyə bilərik?
- Sualınızı müsbət cavablandırardım.
- UEFA Çempionlar Liqası, Avropa Liqası, İngiltərə Premyer Liqası və auditoriyası böyük olan daha bir neçə turnir yaxın keçmişdə İdman TV-də yayımlanıb. Amma indi onlar yoxdur. Niyə belə oldu?
- Heç nə əbədi deyil. İşdə eniş-yoxuşun olması təbiidir. Bu istiqamətdə mühüm addımlar atılır, vəziyyəti düzəltməyə çalışırıq.
- Gələcəkdə yenidən bu yarışların yayımını düşünürsünüzmü?
- Planlarımız çoxdur, onları zaman-zaman reallaşdırmağı nəzərdə tuturuq.
- Konkret olaraq, hansı turnirlərin yayımı planlaşdırılır?
- Vaxtı gəldikcə, onlar barədə ictimaiyyətə açıqlama veriləcək. Bu yaxınlarda Azərbaycan Cüdo Federasiyası ilə İdman TV arasında rəsmi müqavilə imzalandı. Yeri gəlmişkən, bu, teleməkanda ilk belə haldır ki, idman qurumu ilə TV arasında yayım sənədi imzalanır. Razılaşmaya əsasən, 2023 və 2024-cü illərdə cüdo üzrə bütün ölkədaxili bə beynəlxalq yarışları biz yayımlayacağıq. Gimnastika federasiyası ilə də anlaşmamız var və yeri gəlmişkən, fevralın 18-19-da Bakıda keçiriləcək batut gimnastikası üzrə Dünya Kuboku yarışı bizim efirdə olacaq. Minifutbol üzrə Azərbaycan çempionatının yayım hüququna da yiyələnmişik. Dünyanın ən nüfuzlu milli futbol çempionatlarından sayılan Almaniya bundesliqasının oyunları da artıq İdman TV ilə yayımlanır. Yəni, dayanmamışıq, idmansevərlərin maraq dairəsində olan yarış və turnirlərin, idman tədbirlərinin efirimizdə olması üçün fəaliyyətimizi davam etdiririk.
- Rövşən bəy, bir az da jurnalistikamızın ümumi durumundan danışaq. Azərbaycan idman jurnalistikasının indiki durumunu necə qiymətləndirirsiniz?
- İdman jurnalistikamızda müsbət nüanslar var. Bu sahənin inkişafda olmasına dair xeyli tutarlı məqamları vurğulaya bilərik. Lakin çatışmazlıqlar da yox deyil və bu, ilk növbədə, elə bu sahədə çalışanları narahat etməlidir. Təəssüf ki, məsələyə laqeyd yanaşmalar çoxdur və biganəlik özünü daha çox dilimizin imkanlarından lazımınca istifadə etməməkdə göstərir. Yazı zamanı, süjetlərin mətnlərində, ələlxüsus şərhçilkdə qarşılığı olan sözlərimizin işlənməməsi yaxşı hal deyil. Mən konkret nümunələr göstərib vaxt almaq istəmirəm, amma biz jurnalistlər həm də Ana dilimizin keşikçisi olmalıyıq. Ana dilimizdəki çoxsaylı sözlərin işlənməməsi onların arxaikləşməsinə səbəb olur.
- Problemləri aradan qaldırmaq üçün hansı tədbirlər görmək olar?
- Arzusunda olduğum bir məsələ var. Çox istərdim ki, Azərbaycanda jurnalistika sahəsi üzrə ayrıca ali təhsil müəssisəsi olsun. Zənnimcə, bu halda problemlərin böyük əksəriyyəti aradan qalxar.
- Sizcə, jurnalistikaya, xüsusilə də idman jurnalistikasına maraq lazımi səviyyədədirmi?
- Maraq məsələsində, məncə, problem yoxdur. Problem marağı düzgün istiqamətləndirmədikdə yaranır ki, onun da həllində, bayaq dediyim kimi, ayrıca jurnalistika məktəbinin olması çox faydalı olardı.
- Günümüzün reallığından çıxış edib belə bir sual vermək istəyirəm: sizcə, jurnalistika üzrə təhsil almayan insan jurnalist işləyə bilməz? Yoxsa, çalışaraq, təcrübə qazanaraq, bu, mümkündür?
- İşləyə bilər və işləyirlər də. Əslində, hazırda ümumi jurnalistikada olan insanların çox az faizi ixtisaslı jurnalistlərdir. Əksəriyyət başqa peşənin sahibdir, amma yaxşı qələmi var, yazır. Bilirsiniz, jurnalistikanın öz nəzəriyyəsi, özəlliyi, xüsusiyyəti var. Onları öyrənmək qeyri-jurnalist ixtisaslı həmkarlarımızın çox xeyrinə olardı.
- Amma gəlin razılaşaq ki, jurnalistika üzrə təhsil alan gənclərin çoxu bu sahədə çalışmırlar və onların yerini də dediyiniz qeyri-jurnalist ixtisaslı insanlar tutur...
- Bu, ali məktəblərə qəbul mexanizmindən irəli gələn məsələdir. Mən Avrasiya Universitetində dərs deyərkən tələbələrdən həmişə soruşurdum ki, jurnalistika fakültəsini niyə seçib. Onların çox az qismi – yalnız 5-10 faizi peşəni sevdiyindən bu fakültədə oxuduğunu deyirdi. Böyük əksəriyyəti isə “balım bura uyğun gəldi, ona görə buradayam” cavabını verirdi.
- Rövşən bəy, sizinlə söhbətdə şərhçilikdən danışmamaq doğru olmazdı. Şərh üçün darıxmamısınız ki?
- Darıxmışam, əlbəttə…
- Açığı, şəxsən mən də şərhləriniz üçün darıxmışam. Sizin təbirinizcə desək, həmsöhbət olduğum xeyli insan var ki, onlar üçün də sizi şərhçi kimi eşitmək xoş olardı. Nə dərəcədə realdır bu?
- İnşallah olar.
- Şərhçilikdə mövcud vəziyyət barədə nə deyə bilərsiniz?
- Bir qədər əvvəl idman jurnalistikası ilə bağlı fikir mübadiləsi apararkən toxunduğumuz məqamlar elə idman şərhçiliyinə də aiddir. Sadəcə, bir məqamı qeyd etmək istəyirəm. Uzun müddət keçmiş sovet məkanında olduğumuzdan, orada isə idman şərhlərini rus dilində eşitdiyimizdən yaşlı nəslin əksəriyyəti o tərz şərhi bəyənir. Gənclərimiz isə Türkiyə şərhçilərini eşitdilər, onu sevdilər. Bizim hazırkı şərhçi nəsli iki fərqli ənənəni – təhlili və təsviri tərzləri özündə birləşdirən şərh təqdim etmək zərurətini yaşadı və yaşayır. Zənnimcə, nə qədər çətin olsa da, bu işin öhdəsindən gəlindi və Azərbaycan şərhçiliyi artıq qəbul olunmağa başlayıb.
- İdman TV-də gənc şərhçilərlə söhbət edirsinizmi? Onlara hansı məsləhətləri verirsiniz?
- Hər bir şərh TV-də çalışan təcrübəli peşəkarlar tərəfindən dinlənilir, müsbət cəhətlərlə yanaşı, çatışmazlıqlar da şərhçinin nəzərinə çatdırılır, müvafiq məsləhət və tövsiyələr verilir.
- İdman şərhçiliyində hansı məqamları ciddi qüsur hesab edirsiniz?
- Şərhə hazırlıqsız çıxmağı! Şərh edəcəyin idman növünü nə qədər yaxşı bildiyini düşünsən belə, xüsusi hazırlaşmaq mütləqdir.
- Gənclərin sizin kimi təcrübəli, peşəkar jurnalistin məsləhətlərinə həmişə ehtiyacı var. Uğurlu jurnalist olmağın sirri nədir?
- Hansı sahədə olursan ol, fərqi yoxdur, ilk növbədə, məşğul olduğun işi, peşəni sevməlisən. Peşənə sevgin yoxdursa, ona yalnız gəlir, dolanışıq mənbəyi kimi baxırsansa, heç vaxt zirvəyə yüksələ bilməzsən. Çalışqanlıq, yorulmazlıq da öz yerində. Amma çalışqanlığın, yorulmazlığın da mayasında sevgi dayanır. Mənə görə uğur formulu budur.
- Sonda gəncləri idman jurnalistikasına necə dəvət edərsiniz?
- Jurnalistikaya sevərək gəlsinlər, sevib gəlsinlər…
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub
PSJ Hakimi ilə razılaşdı
Qvardiolanın yeni müqaviləsinin detalları bəlli oldu
İtaliya A Seriyasında xüsusi transfer pəncərəsi
"Kəpəz"in daha bir futbolçusu əməliyyat olundu
"Qəbələ" növbəti yoxlama oyununu keçirdi
Endrik gedir, ya qalır?
İngiltərə nəhəngləri türkiyəli futbolçu ilə maraqlanırlar
Mourinyo Ronaldonu "Fənərbaxça"ya dəvət etdi
“Qarabağ”ın kapitanı “Lion”la oyunu buraxacaq
Messi Barselonaya niyə gedir?
Kapitan 1 ildə 5-ci dəfə zədələndi