"Çalışırıq ki, mövqeyimizi yaxşılaşdıraq" - Tərlan Əhmədov

"Çalışırıq ki, mövqeyimizi yaxşılaşdıraq" - Tərlan Əhmədov
ÖLKƏ FUTBOLU 4 Fevral 2023 / 17:19 2150
-  A +

“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Misli Premyer Liqasının 21-ci turunda “Qarabağ”la oyundan (1:1) sonra mətbuat konfransı keçirib. 

Qol.az xəbər verir ki, mütəxəssis əvvəlcə matçla bağlı fikirlərini açıqlayıb:

“Hər iki komandanın ifasında maraqlı oyuna şahidlik etdik. Rəqib topa daha çox nəzarət edirdi. Biz isə çalışırdıq ki, əks-hücumda rəqibi tutaq. Buna da epizodlarla nail olurduq. Ümumi götürkdükdə, komandamın intizamlı, mübariz oyunundan razı qaldım. Son qarşılaşmalarda göstərdiyimiz oyuna görə bəlkə də turnir cədvəlində layiq olduğumuz yerdə deyilik. Amma həyatda çətin anlar olur. Bugünkü oyunda bir daha sübut olundu ki, komanda nə qədər çox inkişaf edir, nə qədər istəklidir. Qarşıya qoyulan məqsədə çatmaq üçün futbolçular əllərindən gələni edirlər. Biz çalışırıq ki, mövqeyimizi yaxşılaşdıraq. Bu gün qış fasiləsindən sonrakı 2 oyundan daha əzmkar çıxış etdik. Bunun da nəticəsində güclü rəqibdən 1 xal aldıq. Gəncəli azarkeşləri sevindirdiyimiz üçün biz də sevinirik”. 

Əhmədov “Qarabağ”dan alınan 1 xalın növbəti turlarda komandası üçün motivasiya olacağını qeyd edib: “Həyatda mümkünsüz heç nə yoxdur. Bu gün özümüzdən qat-qat güclü rəqibdən xal aldıq. “Qarabağ”ın gücü hər kəsə bəllidir. İstər büdcə, istər digər məqamlara görə rəqiblə müqayisə oluna bilmərik. “Qarabağ”ın ehtiyatdan oyuna qoşulan futbolçularını görəndə belə anlayırsan ki, 2 komanda arasındakı fərq çox böyükdür. Buna baxmayaraq, əzmkarlıqla 1 xal qazana bildik. Düşünürəm ki, bu gün qazanılan 1 xal növbəti oyunlar üçün bizi daha motivasiya verəcək”.

“Kəpəz”in çalışdırıcısı komandasının iddialı rəqiblərə qarşı daha inamlı təsir bağışlaması fikrinə belə münasibət bildirib: “Komandanın stabil oyun sərgiləməsi üçün zaman lazımdır. Bu gün elə bir zamanımız yoxdur. Amma çalışırıq ki, qısa zamanda müəyyən inkişafa nail olaq. Burda futbolçulardan da çox şey asılıdır. Çünki “Qarabağ”, “Neftçi” kimi iddialı kollektivlərə qarşı futbolçu özü özünü motivasiya edir. Nisbətən zəif rəqibərlə oyunda isə bizim üzərimizə daha çox yük düşür. Ümumi götürdükdə, komandamızda yüksəliş var. Üstəlik, yeni gələn futbolçuların tam adaptasiya olması üçün zamana ehtiyac var. Müdafiədə bu gün müəyyən dəyişikliklər etmişdik. Yeni kollektivdə birdən birə hər şeyi qaydasına salmaq olmur. Güclü rəqiblərə qarşı daha yaxşı motivasiya olmaq tendensiyası bütün dünyada var. Bəzən görürük İngiltərədə hansısa dördüncü divizion komandası iddialı rəqibi kubokda mübarizədən kənarlaşdırır”. 

Əhmədov son günlərdə “Kəpəz”in futbolçularının mətbuata danışmamasının Əfran İsmayılov, Rauf Əliyevin qalmaqallı açıqlamaları ilə bağlı olmadığını söyləyib: “Mətbuat katibimiz burdadır. Bununla bağlı sualı mətbuat katibinin cavablandırması daha yaxşı olar. Amma onu deyə bilərəm ki, biz futbolçuların mətbuata danışmasının əleyhinə deyilik. Sadəcə klubun mətbuat katibinin iştirakı, yaxud icazəsi ilə bu məsələ həllini tapa bilər”.

Tərlan Əhmədov bugünkü görüşdə etdiyi qapıçı dəyişikliyinə belə aydınlıq gətirib: “Orxan Sadıqlının kredit borcunun olub-olmamasının bizə aidiyyəti yoxdur. Bu barədə mətbuatda yazılanlardan xəbərim var. Amma yazırlar da, neyləyək. İş gedən yerdə belə söhbətlər olur. Bir daha deyirəm ki, o, xəstə olduğu üçün Antalya toplanışında iştirak edə bilmədi. Yaxşı ki heç aparmamışdıq da. Çünki Antalyada bir çox futbolçumuz qripə yoluxmuşdu. Məhz bu səbəbdən də Sadıqlı bir müddət ehtiyatda qaldı. Lakin komandamızda 3 qapıçı var və mən hər birinə güvənirəm. Mümkündür ki, 2-3 turdan bir qapıçı dəyişikliyi olsun. Biz heç bir futbolçumuzu itirmək istəmirik. Hər birinin də oyun praktikası qazanması üçün çalışırıq. Qarşıda hələ 15 oyunumuz var”.

Gəncə klubunun baş məşqçisi komandasının üzləşdiyi meydança problemindən də danışıb: “Bəzən mətbuatda yazırlar ki, “Kəpəz” həmişə bu meydançada məşq edir. Əslində belə deyil. Biz burada yalnız oyundan 1 gün öncə məşq edirik. Qalan vaxtlarda süni ot örtüyündə hazırlıq keçirik. Bu da bizim üçün müəyyən problem yaradır. Süni meydanda keyfiyyətini itirir. Demək olar ki, bu stadion tam “Kəpəz” klubuna aid deyil. Çünki dediyim kimi, burada yalnız oyundan öncə məşq etməyimizə icazə verirlər. Ona görə də hiss edirəm ki, futbolçular süni qazondan təbii ot örtüyünə keçəndə problem yaşayırlar. Üstəlik, burdakı qazon düz olsa da, nisbətən yumşaqdır. Bu da istər-istəməz problem yaradır, futbolçular tez yorulurlar. Mənə deyilənə görə, yeni salınmış məşq meydançasında martın sonlarından hazırlıq keçə biləcəyik”.  

Sonda Əhmədov növbəti turda “Turan Tovuz”a qarşı keçərəcəkləyi oyunla bağlı sualı cavablandırıb: “Qarşıda hələ bir həftəmiz var. Gözləntim odur ki, “Turan Tovuz”la oyundan qələbə ilə ayrılaq. Bunun üçün əlimizdən gələni edəcəyik. Necə olacağını isə zaman göstərəcək”,

Daha çox


Son xəbərlər