"Neftçi” bu oyunla heç 3-cü yeri də tuta bilməyəcək”

"Neftçi” bu oyunla heç 3-cü yeri də tuta bilməyəcək”
ÖLKƏ FUTBOLU 27 Yanvar 2023 / 13:02 3115
-  A +

Futbol mütəxəssisi Yunis Hüseynov qış fasiləsindən qayıdan klublarımızın hazırkı durumu ilə bağlı danışıb.

O, Qol.az-a açıqlamasında mövsümün ikinci yarısının ilk turunda “Neftçi”nin gözləniləndən çox zəif çıxış etdiyini bildirib:

“Fasilədən sonra demək olar ki, komandaların gücü eyni olur. Turun bütün oyunlarını izləmişəm. Dünənki oyundan danışmaq istərdim. “Neftçi” "Sabah"la matçda çox zəif təsir bağışladı. Fasilədən əvvəl bundan yaxşı çıxış edirdilər. Heç xoşuma gəlmədi. “Sabah” yaxşı oynayır. Demək olar ki, bütün oyun ərzində “Neftçi”ni üstələdilər. 

“Qarabağ” “Turan Tovuz”a çətinliklə qalib gəldi. Amma hər iki komanda yaxşı təsri bağışladı. “Kəpəz” “Qəbələ” ilə oyunda hesabda irəlidə olsa da, üstünlüyünü qoruya bilmədi. Arxaya çəkildilər, məncə, hesabı qorumaq istədilər. “Qəbələ” ikinci hissədə yaxşı oynadı. Həmişə “Qələbə”nin oyunu xoşuma gəlib. Hər iki komanda eyni səviyyədə çıxış etdi. “Şamaxı” ilə “Səbail”in oyunu əvvəlkilərdən elə də fərqlənmədi. Fasilədən əvvəl də belə oynayırdılar. “Şamaxı”nın gənc və istəkli heyəti var. Yaxşı oynayırlar. “Səbail” heç də yaxşı təsir bağışlamadı. “Zirə” – “Sumqayıt” oyununa (3:1) gəldikdə, hesab ədalətlidir. “Zirə”nin futbolçuları yaxşı çıxış etdilər. “Sumqayıt” isə istənilən kimi oynamadı”.

Klubların transfer fəaliyyətindən danışan Hüseynov yenə “Neftçi”də işlərin ürəkaçan olmadığını deyib: “Dünənki oyunda “Neftçi”nin yeni transferləri heç nə ilə yadda qalmadılar. Bilinmədi ki, “Neftçi” transfer edib, yoxsa yox. Bəlkə də kimsə görüb, amma mən görmədim. Heç nə ilə yadda qalmadılar. Düşünürəm ki, o qədər də yaxşı transferlər deyil. Təki qarşıdakı oyunlarda yaxşı oynasınlar, mən səhv çıxım. Çünki həmişə bu komandanın çempion olmasını arzulamışam. Əfsuslar olsun ki, hazırda “Neftçi”nin oyunu da, gördüyü işlər də heç ürəkaçan deyil".

Uzun illər “Neftçi”də çıxış etmiş və komandanın kapitanı olmuş Yunis Heseynov paytaxt təmsilçisindən gedən futbolçuların yerinin görünməyəcəyini bildirib: “Neftçi”dən hər hansı bir futbolçu gedəndə onun yeri görünmür. Niyə? Çünki komandada elə səviyyədə futbolçu yoxdur ki, gedəndə deyəsən ki, yeni göründü. Yusuf Laval “Neftçi”yə yeni gələndə sürətinin hesabına özünü yaxşı tərəfdən göstərirdi. Amma o da elə futbolçu deyil ki, gedişi komandanı zəiflətsin. Qodsvey Donyonun da yeri boş qalmayacaq. Çünki o da istənilən kimi çıxış etmirdi. Komandada yalnız Emin Mahmudovun yeri görünə bilər. Çünki meydana çıxanda komandası üçün hər şeyi edir”. 

Yunis Hüseynov

Y.Hüseynov “Qarabağ”ın yeni transferləri və Kadini “Krasnodar”a satmasından da danışıb:  “Qarabağ”ın yeni transferlərini tanımıram. Amma bilirəm ki, onların oyunları Qurban Qurbanovun sisteminə uyğun olduğu üçün heyətə cəlb olunublar. Yəqin ki, topla yaxşı rəftar edirlər. Kadini də heç kim tanımırdı. Amma “Qarabağ”a gələndən sonra özünü göstərdi. Çünki “Qarabağ”ın taktikasına uyğun oynadı. Nəticədə də o qiymətə “Krasnodar”a satdılar. Məncə, “Qarabağ”ın yeni transferləri özlərini yaxşı tərəfdən göstərə biləcəklər. 

Kadinin gedişinə gəlincə, düzdür, bu futbolçu “Qarabağ”a çox köməklik etdi. Aparıcı oyunçu idi, amma deməzdim ki, indi onun yeri çox görünəcək. Məncə, onun mövqeyində oynayanlar o boşluğu dolduracaq. Mən inanmıram ki, Kadi ardıcıl bir neçə il eyni səviyyədə çıxış etsin. Yəqin ki, Kadi gələn mövsüm bu oyununu göstərməyəcəkdi. Futbolçuların əksəriyyətində belə olur. Məsələn, “Qarabağ”da yalnız Abdullah Zubir neçə ildir ki, stabil çıxış edir. Qalan bütün futbolçuların oyununda eniş olur. Məncə, “Qarabağ” Kadini 5 milyona satıbsa, ondan beş baş üstün oyunçular ala bilərlər”. 

Hazırda “Qarabağ” Misli Premyer Liqasında 53 xalla lider, “Sabah” 46 xalla 2-ci, “Neftçi” isə 38 xalla 3-cüdür. Yunis Hüseynov siyahının komandaların oyununa uyğun olduğunu bildirib. O qeyd edib ki, “Neftçi” belə çıxış etsə, üçüncülük də əldən çıxa bilər:

“Əvvəldən “Qarabağ”ın çempion olacağını, “Neftçi” ilə “Sabah”ın ikincilik uğrunda mübarizə aparacğını demişəm. Mətbuatda yazılırdı ki, qış fasiləsindən sonra “Neftçi”də xeyli dəyişiklik olacaq və komanda çempionluğa oynayacaq. Mən də buna ümid edirdim. Amma olmadı. Sırf oyun baxımından deyirəm ki, belə davam etsə, bəlkə “Neftçi” heç 3-cü yeri də tuta bilməyəcək. Çünki “Zirə” ilə aralarında cəmi 7 xal var. Bilmirəm, bəlkə də ilk oyun olduğuna görə belə zəif çıxış etdilər. Amma belə oyunla çox çətin olacaq. Komandanın oyunu mənə çox pis təsir edir. “Neftçi” belə olmamalıdır. SSRİ dövründə “Neftçi” ilə birgə çıxış edən komandalar indi ölkələrində liderdirlər. “Neftçi” də hər il çempion olmalıdır. Komandanın bu yerdə olması heç xoş deyil”.

Ramiq Ağaməmmədov

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord