“Neftçi" düşdüyü bataqlıqdan xilas edilməlidir!"

“Neftçi" düşdüyü bataqlıqdan xilas edilməlidir!"
ÖLKƏ FUTBOLU 3 Dekabr 2022 / 17:29 2867
-  A +

"Təəssüf ki, "Neftçi" kimi tarixi klubun məğlubiyyətləri adi hal alıb və artıq illərdir davam edir. Komandanın düşdüyü, salındığı dərin böhrana, dözülməz duruma bir məğlubiyyət çərçivəsində deyil, daha geniş baxılmalıdır. İllərdir bu barədə fikirlərimizi bildiririk, təhlillərimizi edirik və "Neftçi"nin indiki halına düşəcəyini öncədən futbol ictimaiyyətinə çatdırmışıq. Deyilən söz öz kəsərini itirməsin gərək, "Neftçi" ilə bağlı qəti addımların atılması zamanı çoxdan yetişib!".

Bu sözləri Qol.az-a açıqlamasında "Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanov Bakı klubunun bugünkü vəziyyəti və komandanın Misli Premyer Liqasının 16-cı turunda "Qarabağ"a 0:4 hesabı ilə uduzması haqda danışarkən deyib.

O, matçdan sonra azarkeşlərin rəhbərlik barədə istefa şüarları səbəbləndirməsinə də münasibət bildirib: "İlk hal deyil, "Neftçi" azarkeşlərinin səbri çoxdan tükənib. Liderliyə, qələbələrə alışan komandanın fanatları acınacaqlı, biabırçı nəticələri heç vaxt qəbul etməzlər. "Neftçi"yə hər zaman olduğu kimi sponsorlar tərəfindən Azərbaycan şərtlərinə uyğun hər bir şərait yaradılıb, heç bir maliyyə, digər sıxıntıları yoxdur. Belə vəziyyətdə çempionluqlar, kubokların qazanılması minimum vəzifə, avrokuboklarda iddialı çıxışlar, qruplar olmalıdır".

T.Süleymanov söyləyib ki, illərdir bacarıqsız idarəçilik, bəhanələr, şayiələr, uğursuzluq fonunda fanatlar arasında nifaq toxumun səpilməsi, yayındırma, vaxt udmaq manevrləri "Neftçi" kimi böyük camiədə parçalanmaya gətirib çıxarıb: "Sadiq azarkeşlər sevimli komandalarından adlarına layiq qələbələr istəyir və nailiyyətlər yüksək səviyyədə təmin edilməlidir. Bunu görməyəndə, fanatlar ürək çırpıntılarını bu şəkildə və ya müxtəlif formalarda bildirirlər. Bu günkü "Neftçi"də, mədəni dillə ifadə etsək, göndərilməyənə kimi heç kim öz xoşu ilə getməyəcək. Hazırda "Neftçi"də təmsil olunan, özlərinin də bildirdiyi kimi, "idarəçi aparat, rəhbərlik" timsalında klubun layiqli nəticələri önəmli deyil, min yola əl atıb öz yerlərinin, vəzifələrinin qorunması vacibdir. Bu insanlar "Neftçi" kimi klubun yükünü daşıyacaq, nəticələrini təmin edəcək, irəli aparacaq gücdə deyillər. Bataqlıqdan çıxılma yollarını gec də olsa sponsorlar, klubun himayədarları düşünməli və "Neftçi" adına doğru addımlar atılmalıdır. İdarəçilərin yalanlarına, başaldatmalarına son qoyulmalıdır!"

O, "Neftçi"nin Müşahidə Şurasındakə dəyişikliyə də münasibət bildiriib: "Dəyişiklər futbol ictimaiyyəti arasında ciddi təhlil edilməlidir, sıradan bir qərar deyil. Nəhayət 2015-ci ildən klubda kök salmış, 1-2 üzvü çıxmaq şərtilə heç bir səlahiyyəti, sponsorlara aidiyyatı olmayan heyət yola salındı. Klub ətrafında 7-8 il idi anormal durum yaradılmışdı. Klub birbaşa dövlətin, xalqın vəsaiti ilə baş sponsor tərəfindən təmin edilir, futbol dili ilə desək, məqsədli şəkildə "ofsayd"a salınır, "Neftçi"nin faktiki rəhbərliyi isə AFFA ideoloqları tərəfindən göndərilmiş yarıtmaz kadrlardan ibarətdir və bu gün də eyni vəziyyət davam etməkdədir. Dəyişiklər bu yöndə ilk və doğru, sarsıdıcı addımdır. Artıq klubun birbaşa rəhbəri SOCAR-ın prezidenti Rövşən Nəcəfdir və kluba nəzarət üst səviyyədə şirkət, sponsor tərəfindən həyata keçiriləcək. Davamı artıq klubda aparılmalı, ümumi, futbol idarəçiliyi, maliyyə, transfer siyasəti tam araşdırılmalı, "Neftçi"nin sabahı, dirçəlişi naminə üzə çıxarılmalıdır. Bu illər ərzində kluba külli miqdarda vəsait ayrılıb, saysız-hesabsız məşqçilər gətirilib, 100-ə yaxın transferlər edilib, 10 milyonlarla pullar havaya sovrulub. Klubdan göndərilmə, bu işlərə məsullar üçün ən yüngül gediş ola bilər...

Futbol zarafatı sevmir, çox məsuliyyətli yükdür, "Neftçi"nin liderliyinin qaytarılması yolunda zərgər dəqiqliyi ilə qərarlar verilməlidir. 

Artıq futbolda, "Neftçi"də kök salmış təsadüflər əks həmlələr edir, son şanslarını işə salırlar. "Neftçi"nin uğursuz illərində strateji olaraq atılmış ən əhəmiyyətli qərar ictimaiyyətə məqsədli olaraq lazımı səviyyədə çatdırılmadı. Hiss olunur, klubda böyük təlaş yaşanır, daxildə şok effekt yaradıb  və "Neftçi" köklü islahatlar astanasındadır. Müşahidə Şurasının sədri və üzvləri adi şəxslər deyillər və önəmli, səlahiyyətli vəzifə sahibləridirlər. Dəyişiklər azarkeşlərə ümid verməklə yanaşı ictimaiyyətə "Qarabağ"la oyundan sonra yüksək səviyyədə təqdim edilməli idi. Faktiki də belədir! Ola bilər, yeni gələnlər təvazökarlıqdan bunu özləri istəməsinlər. Söhbət ictimaiyyətin daimi diqqət mərkəzində olan futboldan, "Neftçi" kimi böyük klubdan gedirsə, yanaşma fərqli olmalıdır. Klub daxilindən məlumat elə sızdırıldı ki, sanki sıradan bir hadisə baş verib, Müşahidə Şurasında yeni, önəmsiz adlardır. Belə "təqdimat" futbol ictimaiyyəti arasında fərqi münasibətlərə səbəb oldu. İlk addım, "nəticəsi" də 0:4-lə təbrik! Bunlar klub daxilindən məqsədli olaraq bilərəkdən, ən yaxşı halda isə səriştəsizlikdən atılan addımlardır! Reallıqda Müşahidə Şurasının tərkibinin bu şəkildə yenilənməsi  tək "Neftçi" üçün yox, tədricən ümumi ölkə futbolu adına böyük təsir qüvvəsinə malikdir və belə də olacaq! Bundan sonra ən önəmlisi, ilk olaraq "Neftçi"nin düşdüyü, salındığı bataqlıqdan xilas edilməsidir!".

Ramiq Ağaməmmədov

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın