"Kəndlərdə meydançalar salmaq lazımdır" - Ayxan Abbasov

"Kəndlərdə meydançalar salmaq lazımdır" - Ayxan Abbasov
ÖLKƏ FUTBOLU 9 Noyabr 2022 / 17:38 3339
-  A +

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 3-cü turundan təxirə salınmış “Qarabağ”la oyun barədə danışıb. Qol.az xəbər verir ki, o, komandasının 0:2 hesablı məğlubiyyətini belə şərh edib:

- Bu gün möhtəşəm gün idi. Zəfər bayramımızın ikinci il dönümünü, eləcə də Bayraq gününü qeyd edirdik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Tovuzlu azarkeşlər üçün bayram idi. Çünki “Qarabağ”ın gəlişini çoxları səbirsizliklə gözləyirdi. Hər iki komandanın azarkeşləri gözəl atmosfer yaratmışdılar. Oyuna gəldikdə, xal ehtiyatımızı artırmaq istəyirdik. Amma heyətdə ciddi itkilərimiz var idi. Gənc futbolçular üçün “Qarabağ”a qarşı oynamaq fürsət idi. Diqqətimizi qarşıdakı oyunlara yönəltməliyik. Təslim olmaq fikrimiz yoxdur. Oyundan sonra futbolçulara da dedim ki, bizi qarşıda 3 gün sonra “Kəpəz”ə qarşı daha çətin matç gözləyir. 

- Zədəli futbolçuların son durumu nə yerdədir?

- Oqebukvu Henri sarı vərəqə cəzalısı idi, Natamn Oduva artıq zədəsini bərpa edib. Böyük ehtimalla, “Kəpəz”ə qarşı oynayacaq. Digərlərinin durumu hələlik qeyri-müəyyəndir. 

- Bu mövsüm ilk dəfə qapıda Kamal Bayramova şans verdiz. Onun çıxışından razı qaldınız?

- Kamal təcrübəli qapıçıdır. Özü də tovuzludur, sevə-sevə doğma rayonunun komandasına qoşulub. Tərlan Əhmədlinin ağrıları olduğu üçün Kamala bu gün şans verdik. Ümumən böyük bir səhvi olmadı. 

- Komandanın qurulmasında iştirak edən bir məşqçi kimi fikirləriniz maraqlıdır, Futbolun İnkişaf Fondundan gözləntiləriniz nədir?

- Onlar tez-tez Tovuzda olurlar. Daim ünsiyyətdəyik. Tək bizə yox, bölgədəki digər komandalara da kömək etmək istəyirlər. Reallıq budur ki, son 6-7 ildə hər kəs futbolun inkişafı üçün bölgələrin Premyer Liqada təmsil olunmasını qeyd edirdi. Bu gün ilk addımlar atılır. Artıq “Qəbələ” ilə yanaşı, “Şamaxı”, “Kəpəz”, “Turan Tovuz” da var. Amma futbolu inkişaf etdirmək üçün kənardan dəstək lazımdı. Maliyyəyə ehtiyac duyulur. Futbolçu da istəyir yaxşı şəraitdə çıxış etsin, Bütün bunlar isə vaxt tələb edir. Tovuz azarkeşləri 10 ildə “Qarabağ”ı dəstəkləyirlər. Bu gün ilk dəfə komandanı canlı görürdülər. Futbolun İnkişaf Fondu da bütün bunlardan piar kimi faydalanır. Böyümək üçün maliyyə lazımdır. Maliyyəsiz bizə də, “Kəpəz”ə də çətin olacaq. İddialılarla həqiqi mənada mübarizə aparmaq istəyiriksə, maliyyə lazımdır.

- 3 gün sonra “Kəpəz”lə vacib oyununuz olduğunu qeyd etdiz. Həmin qarşılaşmadan nə gözləyirsiz?

- Son turlar “Kəpəz”də irəliləyiş var. Üstəlik, evdə çox yaxşı çıxış edirlər. Bizi çətin matç gözləyir. Həmin qarşılaşmaya ciddi hazırlaşmalıylq. Nələrisə dəyişib, nəticə qazanmağa çalışacağıq. 

- Qurban Qurbanov süni örtükdən şikayətləndi. Daha öncə Murad Musayev də eyni fikri irəli sürmüşdü. Sizcə, bu problemi necə həll etmək olar?

- Təbii ot örtüyü olsaydı, daha yaxşı olardı. Amma təbii ot örtüyü olub, komanda olmamağındansa, süni ot örtüyündə komanda olması daha yaxşıdır. Bəzi legionerlər bura gələnə qədər heç vaxt süni meydançada oynamayıblar. Bayaq dediyim kimi, bütün bunlar maliyyəyə bağlıdır. Təəssüf ki, indiki durumda rəhbərlikdən bunu tələb edə bilmərik. İnanıram ki, gələcəkdə tezliklə bu problem də yoluna qoyulacaq. 

- Amma siz hər məşqdə 2 futbolçu itirsəz, bu gedişlə meydana buraxmağa oyunçu tapmayacaqsız...

- Bu gün ehtiyatda oturanların əksəri gənclərdir. Zədəlilərin çoxluğu ciddi problem yaradır. Lakin bu barədə çox danışmaq istəmirəm. Çünki bütün bunları bilərək bura gəlmişik. Bölgələrdə gənclərin yetişməsini istəyiriksə, kəndlərdə meydançalar salmaq lazımdır. Bütün bunlar olmadan futbol inkişaf etməyəcək. 

- “Sumqayıt”da əsas problem aparıcı futbolçuların sizin rəhbərliyiniz altında özünü yaxşı tərəfdən göstərib, sonradan digər komandalara keçməsi idi. Belə görünür ki, burda da eyni problemlə qarılaşacaqsınız. Çünki artıq “Turan Tovuz”un bəzi futbolçularının digər klubların maraq dairəsində olması barədə xəbərlər yayılıb. Bununla bağlı necə mübarizə aparmağı düşünürsüz?

- İlk öncə istərdik ki, öz komandamızın onurğasını qoruyub saxlayaq. İlk ilimiz idi və demək olar ki, komandanı sıfırdan yığdıq. Yayda yenidən eyni problemi yaşamamaq üçün əvvəldən klubun büdcəsi bilinməlidir. İnkişaf etmək üçün futbolçularla 1 yox, 3 illik müqavilə imzalanmalıdır. “Sumqayıt”da qeyd etdiyiniz kimi, bu baxımdan çox ciddi problem yaşadım. Hətta Avroliqaya vəsiqə qazananda 8 futbolçu komandadan ayrılmışdı. Təəssüf ki, hələ gələn il vəziyyətin necə olacağını bilmirik. İndiki durumda bütün diqqətimizi cari mövsümə yönəltmişik ki, ilk növbədə öhdəliklərimizi yerinə yetirək. 

- Ötən tur “Şamaxı” ilə oyundan sonra azarkeşlərlə bağlı səsləndirdiyiniz fikirlər heç də birmənalı qarşılanmadı...

- Fikrimdə qalıram ki, azarkeş iki cür olur. Fan klub, hansı ki hər zaman komandanın yanındadır. Digəri isə yalnız oyundan oyuna stadiona gələnlər. İnkişaf etmək üçün maraq olmalıdır. Bu gün tribunalarda möhtəşəm atmosfer var idi. Bəzi azarkeşlərin gəlib hansısa ifadələr işlətməsi futbolçuları həvəsdən salır. Məncə, səsləndirdiyim fikirlərin faydası oldu. Son 4-5 gündə məşqlərimizdə azarkeşlər bizə dəstək oldular. Hirslənənlər də anladılar ki, heç kimi təhqir etmək olmaz. Ümumi götürdükdə, təbii ki hər bir fikir müzakirə oluna bilər.

Daha çox


Son xəbərlər
27.02.26  18:49

"Barselona"da qalır

topaz banner