Medianın İnkişafı Agentliyinin layihəsi
Artıq tez-tez Avropa, hətta bütün dünya futbolunda qadın hakimlərin matçları idarə etməsinin şahidi oluruq. Uzun illərdir Azərbaycan liqalarında da biz yaşıl meydanlarda qadın hakimləri görə bilirik.
Bəs, görəsən, onlar Azərbaycan futbolunda hansı yeri tuturlar?
Bu və digər suallarımıza cavab almaq üçün VAR koordinatoru kimi çalışan, həmçinin tez-tez Azərbaycan Birinci divizionunun oyunlarına təyinat alan Fəridə Lütfiyeva ilə söhbətləşdik.
Fəridə Lütfəliyeva 2012-ci ildən etibarən müxtəlif yaş qrupları üzrə oyunları baş hakim kimi idarə etdiyini deyir. Eyni zamanda o, Azərbaycan Birinci divizionunun oyunlarına ehtiyat hakim kimi də təyinat alır.
- Hazırda AFFA-nın neçə qadın hakimi var?
- Hazırda 10 qadın hakimimiz var.
- Bəs, onlar hansı qruplara bölünürlər?
- Hakimlərimiz 2 qrupa bölünürlər. Birinci dərəcəli hakimlərimiz daxili çempionatda aşağı yaş qruplar üzrə oyunları idarə edirlər. FİFA dərəcəli hakimlər də var.
- Bir çox ölkələrdə artıq qadın hakimlər əsas çempionat oyunlarına təyinat alırlar. Bizdə də bir neçə il əvvəl belə hallar olub.
- Bəli, Azərbaycan futbol tarixində qadın hakimi Premyer Liqa oyununu idarə edib. Keçmiş FİFA hakimi Sabayel Qurbanova vaxtilə əsas çempionatımız oyununa təyinat alıb.
- Ümumiyyətlə, futbolumuzda qadın hakimlərin əsas çempionat matçlarına təyinat alması nə qədər aktualdır. Mövzu gündəmdədirmi?
- Bəli, Federasiya və Hakimlər Komitəsi tərəfindən qadın hakimlərə bütün kömək və dəstək göstərilir. Gələcəkdə qadın hakimlərin Premyer Liqa oyunlarına təyinat alacağı haqqında mövzü daim gündəmdədir.
- Söhbət yalnız baş hakim təyinatından yox, həm də yan xətt hakimi, 4-cü hakim funksiyasından gedir. Qısa müddət ərzində belə təyinatlar gözlənilir? Planlar var?
- Bəli, planlar var. Bu işlərin mərhələli şəkildə görülməsi planlaşdırılır. Hakim oyun idarəçiliyinə görə hakim inspektorlar tərəfindən qiymətləndirilir, fiziki test sınağından keçir. Hakim futbol oyun qaydaları imtahanından keçir və meydançadakı çıxışı yaxşı olduqda daha yüksək liqa oyunlarına təyinat alır.
- Ümumiyyətlə, qadın hakimlərimiz necə yetişdirilir?
- Hər həftə müəllimlər tərəfindən dərslər keçirilir. Yazılı testlər olur. Həm də video epizodların müzakirəsi aparılır. Həftədə 3-4 dəfə elit və 1-ci kateqoriya kişi hakimlərin məşqlərinə cəlb olunmaq üçün də şərait yaradılır.
- Qadın hakimlərin daha çox bilik əldə edə bilməsi üçün xarici ölkə nümayəndələri ilə əməkdaşlıq qurulur?
- Bəli. Xarici ölkələrdən gələn instruktorlar tərəfindən seminarlar keçirilir. Həmin seminarlara elit və birinci kateqoriya kişi hakimlər ilə yanaşı, qadın hakimlər də cəlb olunur.
- Qadın hakimlərimiz ölkəmizdə hazırda əsasən hansı oyunlara təyinat alırlar?
- Qadın hakimlərimiz müxtəlif yaş qrupları üzrə qadın və kişi çempionatlarına, PFL-in keçirdiyi 1-ci Divizion oyunlarına təyinat alırlar. Bundan başqa Avropa çempionatının seçmə mərhələlərində Sabayel Qurbanova, Venera Kahriç oyunlar idarə ediblər. Çempionlar Liqasında isə Yuliya Qurbanova təyinat alıb. Avropa çempionatının final mərhələsinda isə Gülyana Özcan matç idarə edib.
- Artıq UEFA da təşkil etdiyi turnirlərdə xanım hakimin kişi liqasında oyun idarə etməsini dəfələrlə sınaqdan keçirib. Siz buna necə yanaşırsınız?
- Mən həmin qadınların belə məsuliyyətli oyunlara təyinat aldıqları üçün fəxr hissi duyuram. Sağ əlləri bizim qızların başına (gülür).
- Qadın hakim olaraq kişilərdən ibarət komandaların oyunlarında çalışmağın nə kimi çətinlikləri var?
- Bilirsiniz, yeni qadın hakimləri oyunlara çıxanda bəzən məşqçilər, futbolçular düşünürlər ki, qadınlar o temp, sürətlə bacarmayacaqlar. Amma qadın hakim mütəmadi olaraq öz üzərində işləyirlərsə, fiziki məşqlər edirlərsə, futbol qaydalarını yaxşı bilirsə və meydanda tətbiq edirsə, müəyyən vaxtdan sonra özünü sübut edəndə komandalar da onu qəbul edir, alışırlar.
- Bəs, siz özünüz, Premyer Liqa matçını idarə etməyi arzulayırsınızmı? Özünüzü buna hazır hiss edirsiniz?
- Əlbəttə, istəyirəm. Hətta bu, ən böyük arzu və məqsədlərimdən biridir. Ona görə öz üzərimdə çox çalışıram. Əminəm ki, bir gün əziyyətlərimin bəhrəsini görəcəyəm.
- Siz hansı qadın və ya kişi hakimi özünüzə kumir hesab edirsiniz?
- FİFA elit kateqoriyalı qadın hakimi Stefani Frapparı örnək alıram. Onun kimi beynəlxalq səviyyədə kişilərdən ibarət konandaların matçlarını idarə etmək istəyirəm.
- Bir neçə il əvvəl xarici çempionatların birində bir futbolçu meydanda qadın hakimə evlilik təklifi etmişdi. Buna münasibətiniz necədir?
- Düzü, yadımda deyil. Amma mən buna çox gözəl baxıram. Burada eyib və ya pis heç nə yoxdur. Ailə müqəddəsdir. Ən azı bir kişi sənə evlilik təklifi edirsə, deməli, ciddi yanaşır. Gələcəkdə həyatına bu xanımla davam etmək istəyir. Tarixdə belə anların olması çox gözəl və yaddaqalandır.
- Bəs, siz eyni halla üzləşsəydiniz, necə reaksiya verərdiniz?
- Evlilik təklifi çox gözəldir. Mən kənardan izləyib həsət apara bilərəm. Anma özümə qarşı belə bir təklif olsa, böyük ehtimalla həyəcan, xoşbəxtlik hissi keçirərəm. Bəzən o anları yaşamamış hansı hissləri keçirə biləcəyin haqda fikir bildirmək çətindir. Emosiyaları insan həmin an yaşayır.
- Sizcə, qadın hakimlər kişilərdən daha yaxşı soyuqqanlı qərarlar verə bilərlər?
- Əslində hakimin psixoloji hazırlığı onun qadın və ya kişi olmağından irəli gəlmir. Bu, insanın individual xüsusiyyəti və xarakteridir.
- Fəridə xanım, VAR Azərbaycanda yeni tətbiq olunur. Yəni, kişi hakimlərimiz də bu sistemə yeni uyğunlaşırlar. Bəs, VAR-ı öyrənmək, uyğunlaşmaq xanımlarımız üçün necədir?
- VAR hakimi olmaq üçün VAR protokolunu öyrənmək və tətbiq etmək, VAR sertifikatını almaq mütləqdir. Bunun üçün bir neçə teoretik və praktiki təlimlərdən keçmək lazımdır. Qadınlara da növbəti illərdə bu şanslar verilə bilər.
- Bəzən deyirlər ki, futbol VAR-sız daha gözəl idi, hakim səhvləri də bir təbiilik, maraq qatır. Bununla nə qədər razısınız?
- Xeyr. Futbolun şəffaflığını qorumaq üçün fikrimcə, VAR-ın olmağı daha məqsədəuyğundur.
- Ümumiyyətlə, çempionatımızda hakim qərarları ilə razı olursunuz? Heç olur ki, deyirsiniz, mən olsaydım, filan fərqli qərar verərdim?
- Mən hakim həmkarlarımın qərarlarını özlərindən başqa heç kimlə müzakirə etmirəm.
- Sonda hakimliklə maraqlanan, bu sahəyə həvəs göstərən gənc xanımlarımıza nə demək istərdiniz? Onlara nə cür kömək edərdiniz?
- Hakimlik çox maraqlı, eyni zamanda çox məsuliyyətli və çətin sənətdir. Əgər nəticə əldə etmək istəyirsənsə, öz üzərində uzun zaman işləməlisən. Həm fiziki məşqlər etmək, həm qaydaları öyrənmək, həm oyunlar idarə edərək səhvlərin üzərində işləmək lazımdır.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub
PSJ Hakimi ilə razılaşdı
Qvardiolanın yeni müqaviləsinin detalları bəlli oldu
İtaliya A Seriyasında xüsusi transfer pəncərəsi
"Kəpəz"in daha bir futbolçusu əməliyyat olundu
"Qəbələ" növbəti yoxlama oyununu keçirdi
Endrik gedir, ya qalır?
İngiltərə nəhəngləri türkiyəli futbolçu ilə maraqlanırlar
Mourinyo Ronaldonu "Fənərbaxça"ya dəvət etdi
“Qarabağ”ın kapitanı “Lion”la oyunu buraxacaq
Messi Barselonaya niyə gedir?
Kapitan 1 ildə 5-ci dəfə zədələndi