Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Bugünkü mövzumuz qadın azarkeşliyi və ölkəmizdə qadın azarkeşliyinə yanaşmadır.
Bu mövzuda “Qarabağ”ın fanatı Sevinc Məmmədova ilə söhbətləşdik. O, Qol.az saytına müsahibəsində Ağdam təmsilçisinə sevgisindən, stadionlarda keçirdiyi vaxtdan, futbolla bağlı başına gələn maraqlı hadisələrdən danışıb. Eyni zamanda İngiltərənin “Liverpul” klubuna da azarkeşlik edən Məmmədova “Enfild” stadionuna getməsindən də söz açıb.
- Sevinc, neçə yaşından futbola marağın yaranıb?
- Mənimlə yaşıd olan futbolsevərlərin demək olar böyük əksəriyətinin futbolla tanışlığı, sevgisinin başlanma vaxtı 2002-ci ilin dünya çempionatına gedib çıxır. O vaxt mənim 11 yaşım vardı. Yadımdadır ki, çempionat oyunlarını ailəlikcə izləyirdik. Anam, babam, dayılarım - hamımız televizorun başına yığışardıq. Mənim futbola marağım da elə o vaxtdan başladı. Sonra babamla İngiltərə Premyer Liqasını, Çempionlar Liqasının oyunlarını izləyirdim. Belə-belə balaca uşaqda olan maraq sevgiyə çevrildi.
- Futbola baxmağa başlayanda, içində azarkeşlik hissi yarananda nə düşünürdün?
- O vaxt internet indiki kimi əlçatan deyildi. Hansı oyuna televizorda baxa bildik, baxırdıq. Digərləri haqqında məlumatları ancaq idman xəbərlərində, futbol icmallarında görərdik. Sonra məktəbə gedib sinifdə futbolla maraqlanan uşaqlarla müzakirələr aparardıq. Kim daha güclüdür, kim daha yaxşıdır və s. danışırdıq. Amma etiraf etməliyəm, o vaxt ağlıma da gəlməzdi ki, 30 yaşıma çatanda hələ də qəlbimdə bu qədər dərin futbol sevgisi olacaq.
- Bu sevginə dəstək çıxanlar oldu? Yoxsa, “qız nədir, futbol nədir?!” dedilər?
- Evdə ən böyük dəstəkçim babam olub. Anam bir az sərt xarakterli qadın idi. Onun üçün mənim təhsilim hər şeydən önəmli idi. Hansısa dərsdən 4 qiyməti almağımı belə qəbul edə bilmirdi. Qiymətlərim zəif olanda müxtəlif cəza üsullarından istifadə edərdi. Ən sərt cəza isə futbola baxmağı qadağan etməsi olardı. Babam bəzən onu yola gətirirdi, mən də oyunları izləyirdim. Bəzən də babam televizorun səsini qaldırardı ki, oyunu izləyə bilməsəm də, heç olmasa otağımdan baş verənləri eşidim. Amma stadionlara getməyimə qarşı çıxanların da ən birincisi babam olub. Qızsan, otur televizordan bax, sənin stadionda nə işin var mövzusunda evdə o qədər söz-söhbət olub ki… Şükürlər olsun ki, zamanla hər kəs kimi babamı da buna alışdıra bildim. Asan olmadı, amma bacardım.
- Artıq uzun illərdir ki, tirbunalardasan. Ölkəmizdə qadınların azarkeşlik etməsinə ictimai yanaşmanı necə qiymətləndirirsən? Səncə, cəmiyyətimiz artıq alışıb? Bu yolda nə qədər məsafə qət etmişik?
- Söhbətin əvvəlində qeyd etdiyim kimi, futbolla maraqlanmağa 2002-ci ildən başlasam da, stadionlara yolum çox gec düşüb. İlk matçım 2013-cü ildə olub. Həddindən artıq mühafizəkar ailəm vardı deyə, stadionun adını belə çəkməyə cürət edə bilmirdim. İlk dəfə stadiona gedəndə də ailəmə deməmişdim. O vaxt qızlar indiki qədər deyildi. Sözün düzü, aradan cəmi 9 il keçib. Amma 9 ildə çox şey dəyişib. O vaxt bizə çox qəribə baxırdılar. İndi amma çox normallaşıb, insanlar ailəvi şəkildə gəlib matç izləyirlər. Əlbəttə, məndən daha təcrübəli xanım azarkeşlər var. Onlar da bunu təsdiqləyə bilərlər. Əvvəllər qadın azarkeşlərə münasibət birmənalı deyildi. Məncə, çox yol qət edilib. Düzdür, heç kişilərdə də yerli çempionata kifayət qədər maraq yoxdur. Amma avrokubok matçlarında və milli komandamızın oyunlarında stadionlara yüzlərlə qadın gəlir.
- Bəs, qadın azarkeşliyinin hansı səviyyəyə gəlməsini istərdin?
- Ən birinci arzulayıram ki, çempionatımıza maraq yaransın. Mərkəzi matçlara 2 min yox, 20 min azarkeş gəlsin. Ancaq belə olan halda qadın azarkeşlik barədə hansısa yüksək gözləntilər ola bilər. Məsələn, Türkiyədə klublara azarkeş qadağası qoyulanda qadınlar tribunaları doldurmuşdular. Bizdə hələ bunu kişilər bacarmır. Ona görə qadın azarkeşliyin inkişafı üçün başda ölkə futbolunun, sonra isə ümumi tribunaların inkişaf etməsi lazımdır.
- "Qarabağ”ın avrokuboklardakı səfər matçlarında olmusan. Maraqlı səfərlərindən birini danışa bilərsən?
- 2018-ci il idi. “Qarabağ” Avroliqada qrupa düşdü. “Vorskla”, “Sportinq” və “Arsenal” ilə eyni qrupda yer aldıq. Klubun icraçı direktoru Emrah Çelikel mənə mesaj yazaraq məni bu oyunlardan birinə apara biləcəklərini, hansı matçı istəsəm, seçə biləcəyimi dedi. Bu, mənim üçün surpriz oldu. İngiltərəni sevdiyim, üstəlik “Arsenal”la oyun doğum günümə təsadüf etdiyi üçün məhz həmin matçı seçdim. Vizamı, qalmaq xərclərimi, biletimi hər şeyi klub qarşıladı, Londona getdim. Maraqlı gün oldu. “Qarabağ” forması ilə şəhəri gəzdim, “Arsenal”ın stadionunda yaşlı ingilis azarkeşlə söhbət etdim. Adam mənə özünün ilk matçından, sevdiyi futbolçudan danışdı. Matç zamanı erməni azarkeşin əski parçası ilə meydana girməsi qanımızı qaraltsa da, ona qədərki ümumi ab-hava yaxşı idi. Stadionda 200 nəfərdən artıq azərbaycanlı vardı. “Arsenal”ın maskotu bizim olduğumuz sektora yaxınlaşıb salamlaşır, azarkeşləri əyləndirir, şəkil çəkdirirdi. Oyundan sonra klubla eyni təyyarədə qayıtdım. Təsəvvür edin sevdiyin klubun bütün heyəti ilə birlikdə gözləmə zalındasınız, sizinlə maraqlanırlar, söhbət edirlər, komandanın kapitanı ilə futbol barədə danışırsız. Komanda ilə birlikdə Londondan Bakıya eyni təyyarədə uçursuz…Bütün bunlar çox möhtəşəm hisslər idi. Bir azarkeş üçün bundan daha böyük doğum günü hədiyəsi ola bilərmi?
- Heç başqa klubların qadın fanatları ilə dostluq edirsən?
- Başqa klublardan dostluq etdiyim çox insan var. Amma təəssüf ki, hamısı əks cinsin nümayəndələridir (gülür). Qəbələdə yaxşı dostlarımız var. Səfər oyunlarından əvvəl zəng vururlar, maraqlanırlar. “Gəlirsənmi, bir problem varmı, yoxmu” deyə soruşurlar. Bakıya qayıtmaq üçün maşın tapmağa kömək edirlər, yola salırlar. Sağ olsunlar. Onlar bizə çox hörmət edirlər. Gəncədə bu cür diqqət göstərən “Kəpəz” azarkeşləri vardı. Hətta bir dəfə Gəncədə yemək yemək üçün bir kafeyə getdim. “Qarabağ” azarkeşi olduğumu bilən məkan sahibi hesabı belə almadı ki, biz də futbol azarkeşiyik, rəqibin xanım azarkeşlərinə hörmətimiz var. “Neftçi”ni nə qədər sevməsəm də, bu klubun azarkeşləri arasında çox yaxın dostlarım var.
- Basqı görən, qadağalara məruz qalan xanım azarkeşlərə nə demək istəyərdin? Onlara hansı sözlərlə kömək ola bilərsən?
- Hər xanımın oyuna gəlməmə, gələ bilməmə səbəbi fərqli olur. Əgər onlara mane olan ailələrdirsə, məncə, onlar öz doğmalarına bizim “kvarteti” misal göstərə bilərlər, Biz 4 qız hər tur tribunadayıq və bu, illərdir ki, davam edir. Onların valideynləri qoy görsün ki, bu günə qədər bizə “gözün üstə qaşın var” deyən olmayıb. Tribuna kənardan düşünüldüyü qədər də pis yer deyil (gülür). Yox əgər o xanımlar sadəcə çəkinir, qorxur, risk etmirlərsə, yenə də bizə baxsınlar. Biz də ilk zamanlar stadionlara qorxaraq, çəkinərək gəlmişik. Zamanla hər şey düzəlir, insan özünü evindəki kimi hiss edir. Məsələn “Azərsun Arena”da bizim şəxsi yerimiz var (gülür). Bütün stadion dolsa belə, o 4 yer bizim üçün sonsuzadək boş qalacaq.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.
"Mançester Yunayted"in növbəti transfer hədəfi
Konor Makqreqora ağır ittiham
Flik gələcəyi haqda danışdı
Qvardiola: "Mançester Siti" 2-ci diviziona göndərilsə..."
"Üzərimdə təzyiq hiss etmirəm" - Elmar Baxşıyev
"Araz-Naxçıvan"ın "Kəpəz" üzərində qələbəsindən - Video
Azər Bağırov “Kəpəz”in uduzmasından danışdı
Messinin yeni baş məşqçisi bəlli oldu
Misli Premyer Liqasında bombardirliyə belə yüksəldi - Video
"Araz-Naxçıvan" "Kəpəz"ə qalib gəldi
Türkiyə klubunun baş məşqçisi qətlə yetirildi
Kovaçiç 1 aylıq sıradan çıxdı
De Bleker “Sabah”ın futbolçuları ilə görüşdü - Şəkillər
"Kəpəz" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
Millətlər Liqasında pley-off mərhələsinin püşkü atıldı
Federasiya prezidentindən istefa
"İnter" Dumfrislə yeni müqavilə imzalayır
PSJ ''Park de Prens''i tərk edir
Renat Dadaşov 1 aylıq fasilədən sonra məşqlərə başladı
La Liqada mövsümün ən yaxşı futbolçusu seçildi
Nemanya Matiçdən "Qarabağ"la oyun ərəfəsi iddialı açıqlama
1-ci liqada oyunların vaxtı açıqlandı
"Real" keçmiş futbolçusunu geri qaytarmaq istəyir
"Şəmkirdə insanların futbola marağı yüksək səviyyədədir"
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
"Bavariya" kapitanını itirdi
Ronaldo Braziliya futboluna rəhbərlik etmək istəyir
"Barselona" Yamala 1 milyard avro qiymət qoydu
Qvardiola niyə müqaviləni uzadıb?
"Qarabağ"ın rəqibi 90+8-ci dəqiqə qolu ilə uduzdu - Video
Dünyanın ən yaxşı futbol çempionatları - Siyahı
PSJ Hakimi ilə razılaşdı
Hazard Mbappeyə qalib gəldi - Video
Azərbaycan basketbol millisi İrlandiyaya uduzdu
Qvardiolanın yeni müqaviləsinin detalları bəlli oldu
İtaliya A Seriyasında xüsusi transfer pəncərəsi
"Kəpəz"in daha bir futbolçusu əməliyyat olundu
"Qəbələ" növbəti yoxlama oyununu keçirdi
Endrik gedir, ya qalır?
İngiltərə nəhəngləri türkiyəli futbolçu ilə maraqlanırlar
Mourinyo Ronaldonu "Fənərbaxça"ya dəvət etdi
“Qarabağ”ın kapitanı “Lion”la oyunu buraxacaq
Messi Barselonaya niyə gedir?
Kapitan 1 ildə 5-ci dəfə zədələndi