“Qarabağ”a gələndə tərəddüdüm çox idi” – Gündüz Abbaszadə

“Qarabağ”a gələndə tərəddüdüm çox idi” – Gündüz Abbaszadə
MEDİA 27 Yanvar 2022 / 15:58 4925
-  A +

Medianın İnkişafı Agentliyinin layihəsi

Tanınmış idman şərhçisi Gündüz Abbaszadə 2021-ci ildə “Qarabağ” klubunda mətbuat xidmətinin rəhbəri vəzifəsində fəaliyyətə başlayıb. Onunla söhbətimiz bu işi, şərhçilik və Azərbaycan idman mediası barədə oldu.

- Artıq 1 ildən çoxdur ki, "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışırsınız. Əvvəlcə bu vəzifəyə necə gəlməyiniz haqda danışaq. Dəvət kimdən gəldi? Hansısa tərəddüdləriniz oldumu?

-    Söz vaxtına çəkər deyiblər. Ötən ilin bu günləri idi. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla görüşümüzdə 3 nəfəri bu vəzifəyə düşündüklərini dedi. Hər 3 nəfərlə danışdıqdan sonra qərar verəcəklərini söyləmişdi. Mən də öz növbəmdə bu təklifə təşəkkür edib, “düşünməliyəm və Nurlanla danışmalıyam” cavabını verdim. Nurlan İbrahimovla telefon danışığımız oldu. Məhz Nurlanla danışıqdan sonra cavab verəcəkdim. Sonra çalışdığım “CBC Sport” kanalının rəhbərliyinə belə bir təklifin olduğunu söylədim. Tərəddüdlərim çox idi. Əsas tərəddüdüm Nurlan İbrahimovla bağlı idi. Özü ilə danışandan sonra rahatlamışdım. Ümid edirəm ki, tezliklə ədalətli qərar veriləcək və Nurlanın cəzası aradan qaldırılacaq. “Qarabağ”da onun yeri görünür. 

-    "Qarabağ" klubuna uyğunlaşma prosesi çox zaman aldımı?

-    Xeyr. İlk günlərdə qəribə hisslər keçirirdim. Bu klubda çalışan demək olar ki, hamını daha əvvəlcədən tanımağıma baxmayaraq, mənə elə gəlirdi ki, çətin olacaq. Gəldiyim ilk gündən ailə ab-havası gördüm. Fürsətdən istifadə edib, hər birinə təşəkkür edirəm. 

-    Emrah Çelikel və Qurban Qurbanovla işləməyin çətin və rahat tərəfləri nədir?

-    Hər ikisi intizamlı, diqqətli, tələbkardır. Klub və komanda tandeminin əla olmasında məhz bu insanların rolu danılmazdır. Əks-halda uğurlar da olmazdı. İşimə gəldikdə isə çətinlik görmürəm. İş prosesində bəzi məqamlar olur. Buna isə çətinlik demək düzgün olmaz. Həm Emrah bəylə, həm də Qurban müəllimlə işləmək çox rahatdır. Eyni zamanda bu, böyük məsuliyət tələb edir. Ümid edirəm ki, məndən narazı deyillər. Sevindirən məqam odur ki, media ilə bağlı məsələlərdə mənə mümkün olduğu qədər dəstək olmağa çalışırlar. 

- Bəs, Emrah Çelikel və Qurban Qurbanov media ilə bağlı məsələlərdə necə dəstək olur? 

- Detallara varmaq istəmirəm. Demək olar ki, media ilə bağlı işlərdə mənim təkliflərimə yox deyilmirsə, bu, ən böyük dəstəkdir. Təbii ki, elə məqamlar var ki, imkanlar da nəzərə alınmalıdır.

-    Daha əvvəl "Neftçi"də də çalışmışdınız. Təyinatınıza istər "Neftçi", istərsə də "Qarabağ" azarkeşlərinin reaksiyası necə oldu?

-    “Qarabağ”a gələndə ən çox tərəddüd etdiyim məqamlardan biri də bu idi. Düşünürəm ki, peşəkar yanaşmaq lazımdır. Harda olmağımdan asılı olmayaraq, çalışdığım yer üçün işimi vicdanla görməyə çalışıram. “Qarabağ”da tam başqa bir atmosfer var. Fərqli yanaşma tələb olunur. Həm “Neftçi”, həm də “Qarabağ” azarkeşləri arasında dostlarım var. Fanatlar üçün önəmli olan tribunanı duymaq, özünü onlardan biri kimi hiss etməkdir. Azarkeş reaksiyası başa düşüləndi. Bəyənməyənlər də ola bilər. Onlara da haqq qazandırıram. Hər birinə hörmətim sonsuzdur. 

-    Gündüz Abbaszadə bu gün üçün şərhçilikdən tam gedibmi?

-     Xeyr. Tonusda qalmaq üçün mütləq vacibdir. Mən eyni zamanda “CBC Sport”un da əməkdaşıyam. Xarici klubların oyunlarında şərhlərim olur. 

-    Şərhçi, yoxsa klub rəsmisi... Hansı daha ürəyinizcədir?

-    Hər ikisi. Belə olmasa, hər iki işə davam etməzdim. Müqayisə etsək, daha əvvəl şərhçilik tərəzidə ağır gəlirdi, indi isə klub rəsmisi. Həm yaş, həm də ən əsası qazanc baxımından. Təəssüf ki, bizim şərhçilər, jurnalistlər çox qazanmır. Bu günümüzə şükür.

-    Bir klub mətbuat xidmətinin gözündə Azərbaycan idman mediası necə görünür?

-    “Neftçi”də işlədiyim dövrdə belə bir söz demişdim ki, bizim idman mediamız futbolumuzdan çox irəlidədir. Lakin bugünkü “Qarabağ”dan baxanda o sözləri deyə bilmərəm. “Qarabağ” 2012-ci ildəki klub deyil. Çox böyüyüb. İstisnaları saymasaq, idman mediamız yerində sayır. Bunun səbəbini də onların özlərində görmürəm. Elə həmkarlarımız var ki, avropalı jurnalsitlərə yaradıcılıq dərsi keçərlər. Amma idman mediamızın maddi texniki bazası yerində deyil. Bir misal çəkim: Avrokubok oyunlarında başqa ölkələrdən olan jurnalistlərin, istər TV, istərsə də yazılı media işçilərinin istifadə etdikləri avadanlıqlara baxın. Bu gün hər hansı bir saytın o avadanlığı almağa, işiçini saxlamağa gücü çatmır. Yaradıcı, istedadlı jurnalistlər var. Adını çəkməyəcəyəm. “Avro-2020” üçün Bakıya gəlmiş türkiyəli jurnalist Azərbaycanda efirdə qonaq olmuşdu. Türkiyə futbolunu izləyən hamı onu tanıyır.  Danışdıranda gördüm ki, adamın futbol anlayışı çox zəifdir. Lakin o bizə illərdir elə təqdim olunub ki, buradan biz onları tam fərqli görürük. Daha doğrusu isə göstərirlər. Bizim çox istedadlı jurnalistlərimiz var. Gənclər arasında da. Lakin onların yaradıcılığı vizuallığın fonunda itib batır. Məhsulun təqdimatı yaxşı olmadığı üçün bizə elə gəlir ki, jurnalistlərimiz zəifdir. 

-    Ölkəmizdə kifayət qədər gənc və istedadlı idman jurnalistlərinin olduğunu vurğuladınız. Onlardan bir neçəsinin adını çəkə bilərsinizmi? 

-    Düzü, mən ad çəkmək istəmirəm. Çünki kiminsə adını hallandırmağım düzgün olmaz. Amma kifayət qədər istedadlı, gənc idman jurnalistlərimiz var. 

-    Pandemiyaya görə oyundan sonra futbolçulardan açıqlama almağa PFL tərəfdən qadağa var. Bu isə jurnalistlərin informasiya almaq hüququnu məhdudlaşdırır. Bu qadağanın aradan qaldırılması ilə bağlı hər hansı müzakirə olubmu? 

-    Razıyam ki, jurnalistlərin işi çətinləşib. Amma bizim də işimiz asan deyil. Çalışırıq ki, bu vəziyyətdə həmkarlarımıza mümkün qədər yardım edək. Müsahibə almaq istəyən çox olur. Hər bir jurnalistə ayrı-ayrı müsahibə vermək, onu təşkil etmək çətindir. Futbolçular da yorulur. Çalışıram, qızıl ortanı tapaq ki, həm futbolçular, həm də həmkarlarım razı qalsınlar. Düzünü desəm, qadağanın götürülməsi ilə bağlı hər hansı müzakirə olmayıb. Mən tezliklə bu qadağanın aradan qaldırılmasının tərəfdarıyam. Belə olan halda jurnalsitlərin futbolçularla ünsiyyət qurması üçün də ən azı həftədə bir dəfə fürsət yaranacaq. Müsahibə almaq üçün bir çox hallarda telefonla müraciətlər olur. Bu isə müsahibənin effektini itirir. Lakin müsahibə zamanı cavabdan sual yaranır. İndiki halda hazır suallara cavab verilir. Ona görə də bir çox hallarda müsahibələr quru alınır. 

-    Avropada bir çox klubun özünün televiziyası var. "Qarabağ"ın da yaxın gələcək üçün belə bir ideyası varmı?

-    TV məsələsinə gəldikdə çalışırıq ki, bu məsələdə reallığı nəzərə alaq. Deyək ki, TV yaratdıq. Bu TV rentabelli olacaqmı? Özü öz xərclərini qarşılayacaqmı? 3-5 min baxışa görə ayda 15-20 min manat xərcləməyin nə mənası var? Bu gün qardaş Türkiyədə milyonlarla azarkeşi yəni potensial tamaşaçısı olan klunbların TV-ləri bağlanıb və ya bağlanmaq üzrədir. Komandadan informasiya almaq üçün başqa vasitələr də var. Konkret TV deməyək, amma sosial mediada aktivliyi artırmaq istəyirik. Bu gün ən çox izləyicisi olan komanda “Qarabağ”dır. Bunda həm Nurlanın, həm də onunla çalışmış digər şəxslərin də əməyi danılmazdı. Nəticələrin təsiri çox böyükdür. Meydandakı uğurdan biz də yararlanmağa çalışırıq. Komanda uğurlu da ola bilər, uğursuz da. Yenə də deyirəm, futbolda önəmli olan nəticələrdir. Nə etsən də, meydanda uğurlu ola bilmirsənsə, bu,  görünməyəcək. Belə məqamlar TV yaranması üçün bəzi tərəddüdlər yaradır. Bizim planlarımız və istəklərimiz var. Zamanla onları həyata keçirməyə çalışacağıq.

Nur ZEYNALOVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Daha çox


Son xəbərlər