Medianın İnkişafı Agentliyinin layihəsi
Bu günkü həmsöhbətimiz “Qarabağ”ın sabiq futbolçusu, hazırda klubun 19 yaşlı futbolçulardan ibarət komandasına baş məşqçilik edən Səttar Əliyevdir.
Səttar Əliyev düz 20 il – 1984-2004-cü illərdə “Qarabağ”da oynayıb. Ağdamın işğalından sonra başqa klublardan yaxşı təkliflər almasına baxmayaraq, doğma şəhərinin komandasına sadiq qalaraq sonadək orada çıxış edib.
Futbolçu karyerasını başa vurduqdan sonra “Qarabağ” da daxil olmaqla bir neçə komandada məşqçi kimi çalışıb. Qarabağ işğaldan azad olunduqdan sonra isə doğma komandasına qayıdıb və orada işləməyə başlayıb.
S.Əliyevlə söhbətdə Azərbaycan futbolunun durumuna, “Qarabağ”ın U-19-nun komandasının hazırkı vəziyyətinə toxunduq.
- Uzun müddət sonra yenidən “Qarabağ”a qayıtdınız. Hansı hissləri keçirdiniz?
- “Qarabağ”dan getməyimin səbəbi başqa komandadan təklif gəlməsi idi. Həmin vaxt müalicə olunurdum, maddi gəlirə ehtiyacım var idi. O vaxt “Qarabağ”dan gedəndə bütün rəhbərliklə görüşdüm, isti münasibətlə ayrıldım. Hamısı da mənə dedi ki, bura sənin öz klubundur. Allah Milli Qəhrəmanlarımız Allahverdi Bağırov və Asif Məhərrəmova rəhmət etsin. Onlar mənə demişdilər ki, Səttar, sən 40 yaşına qədər futbol oynayacaqsan, mən bu potensialı səndə görürəm. Artıq bu, mənim içimdə formalaşmışdı. 40 yaşım olanda “Qarabağ”ın heyətində oynadım.
Biz o vaxt rəhmətlik Fred Asifə demişdik ki, futbol oynamayaq, sizinlə çiyin-çiyinə döyüşək. O da bizə belə cavab vermişdi ki, biz 11 futbolçu tapa bilmərik, amma 10 min, 20 min döyüşən oğlanlar tapa bilərik. Siz də “Qarabağ”ı belə yaşadın. Mən də Fred Asifə “Qarabağ”la “İmarət” stadionuna qayıdacağıma söz vermişdim. Arzum idi ki, torpaqlarımız işğaldan azad olunanda, Ağdamım qayıdanda hansı klubda olsam, o klub mənə 100 min pul verib, müqavilə təklif etsə də, mən rəhbərliyə böyük minnətdarlıq edib, bildirim ki, insanın ürəyində olan arzu var, mən onlara söz vermişəm. Mənim üçün Milli Qəhrəmanlarımızın ruhunun şad olmağı milyonlara bərabərdir. Yəni, mənə 50 min, 100 min pul təklif olunsa da, bunu qəbul etməzdim. Elə şərait yarandı ki, torpaqlarımız işğaldan azad olundu. Allah bizim ordumuzu qorusun, şəhidlərimizə rəhmət eləsin. Mən onların analarının qarşısında baş əyirəm. Onlar milyonlarla müsəlman qardaşlar, övladlar qazanıb. Mən həmin anaların, qadınların hər birinin əllərindən öpürəm. Torpaqlarımızın işğaldan azad olunduğu gündən işlədiyim klub rəhbərliyinə yaxınlaşdım ki, mənim 2 aylıq maaşımı ordumuzun hesabına köçürün və xahiş etdim ki, öz doğma komandama qayıdım. Daha sonra “Qarabağ”ın idman direktoru Əmrah Çelikellə görüşdüm, söhbət etdim. O, özü də mənə dedi ki, “Qarabağ” sənin komandandır. Azərbaycanda yeganə futbolçusan ki, bir klubda 20 il oynamısan. Sənin burada əməyin, zəhmətin çoxdur və danılmazdır. Düzü, ilk dəfə gələndə məni akademiyaya, kurslara rəhbər təyin etdilər. Sonra isə təklif etdilər ki, 19 yaşlı futbolçulardan ibarət komandaya baş məşqçi olum. Öz arzularıma addım-addım çatmaq xoş oldu. Bəlkə də mən başqa klubda indiki məvacibimdən 4 dəfə artıq qazanardım. Amma mənim üçün maaş yox, insalara verdiyim söz önəmlidir. O vaxt “Qarabağ” işğaldan azad olunanda 4 kanalda canlı yayımda olmuşdum və xalqın qarşısında söz vermişdim ki, öz komandam ilə Ağdama qayıdacağam. Sevincdən göz yaşlarımı saxlaya bilmirdim. İndi isə öz komandamdayam.
Bu klub mənim üçün çox əzizdir, doğmadır. Çünki illərimi buraya vermişəm. Əsas odur ki, Azərbaycanımızın istedadlı balalarını yetişdirib, hazırlayıb, öz komandama verim, uşaqların əlini çörəyə çatdırım, düz yola aparım. Mən həmişə onları “Qarabağ”ın çətin günlərini yada salıb, göstərib yönləndirirəm ki, bax belə əzmkar olun, yaxşı ad qazanın, çempionluqlar yaşayın.
- “Qarabağ”ın U-19-da işlər necə gedir?
- Çox şükür, hər şey yaxşıdır. Mən may ayında komandaya baş məşqçi təyin olunanada çempionatın turnir cədvəlində 3-cü pillədə idik. Amma heç bir klub U-19 komandasında 2006-cı il təvəllüdlü uşaqları oynatmırdı. Bizim 2006-cı il təvəllüdlü elə uşaqlarımız var ki, onlar millinin də üzvləridir. Hətta mən onları U-17 komandasından götürmüşəm. Mən rəhbərliklə danışanda dedim ki, biz bu gün sadəcə nəticə verərək bir-birimizi aldada bilərik və futbolçuları itirə bilərik. Nəyə görə? Çünki heyətə 2003-cü ildən olan oyunçuları daxil edib, 2006-cı il təvəllüdlü oyunçuların qarşısını kəsərəm. Qoy elə azyaşlılara oyun şansı verim, onları mübarizəyə kökləndirim. Hazırda həmin uşaqlardan biri müdafiəçi olmasına baxmayaraq, artıq 3 qol vurub. Buradan görünür ki, həmin futbolçunun perspektivi var. Mən bu uşaqları Azərbaycan futboluna qazandırmaq istəyirəm.
- Deməli, işiniz ürəyinizcədir...
- Bəli. “Qarabağ” mənim doğma komandamdır. Mən bu işə keçərkən maddiyyat düşünməmişəm. Sadəcə öz arzuma görə gəlmişəm. Bu kluba həyatımı, ömrümü vermişəm. Həm də Milli Qəhrəmanlarımız Allahverdi Bağırov və Asif Məhərrəmova verdiyim sözü tutdum. “Qarabağ”ın şirinliyi mənim üçün hər şeydən əzizdir. Əvvəlki komandalarımda Premyer Liqada məşqçi idim. Hamı istəyər ki, büdcəsi, qazancı yaxşı olsun. Yəni, mən “Qarabağ”da o klublardakı maaşımın 1/3 hissəsini qazanıram. Amma mənə burada olmaq xoşdur. Mən heç klub rəhbərliyinə yaxınlaşıb, maddiyyatla bağlı nəsə demərəm. Amma onlar da çox sağ olsunlar, bunu dəyərləndirirlər. Mənə deyiblər ki, yanvar ayından sonra öz əməyimə, işimə layiq məvacib təyin edəcəklər. Amma bu gün belə məsələlərin heç biri mənim üçün vacib deyil. Bu gün gözümdə dəyərli olan tək şey Qarabağın işğaldan azad edilməsidir. Sevinə-sevinə, ürəklə işləyirəm ki, burada gözəl futbolçular yetişdirib, Azərbaycan futboluna, “Qarabağ”a verəcəyəm. Mən onların özünə də demişəm ki, siz yaxşı yerlərə yüksələndə mənim də vicdanım rahat olur. Çünki gücüm çatanı edirəm.
- Bir vaxtlar “Qarabağ”da elə futbolçular yetişirdi ki, onların Azərbaycan futboluna da faydası olurdu. Bəs, indi də elə oyunçular varmı?
- Bəli, həmin vaxtlar Maksim Medvedev, Əfran İsmayılov kimi futbolçular var idi. O zamanlarda “Qarabağ”ın baş məşqçisi Böyükağa Ağayev idi. Mən aşağı yaş qruplarından ibarət komandada Əfranın oyununu görüb, Böyükağa müəllimə dedim ki, gəlin bu futbolçunu əsas komandaya aparaq. O da çox sağ olsun, sözümü yerə salmadı. Biz Elçin Rəhmanovla, Yaşar Hüseynovla birləşib, Qara Qarayevi 15 yaşında əsas heyətdə oynatdıq. Azərbaycan futboluna bu cür oyunçular qazandırdıq. Mən indi də sizə deyirəm ki, 2-3 ilə “Qarabağ”ın əsas heyətinə də, Azərbaycan millisinə də gözəl futbolçular verəcəyəm. Hazırda U-19 komandasında 3-4 perspektivli oyunçular var ki, onların gələcəyi parlaqdır, düz yoldadırlar. Bəzi klublar var ki, onların akademiyası Azərbaycanın ən yaxşı futbol akademiyalarındakı oyunçuları pul verib, alırdılar. Çünki ancaq nəticə istəyirdilər. Deyirdilər ki, filan komandamız çempion oldu. Amma mənim niyyətim bu deyil. İstəyirəm ki, zəhmətlə, əziyyətlə futbolçu yetişdirək və onun istedadını üzə çıxaraq. Elə bil şirinçayı edələr, çörəyin də üzərinə yağ çəkələr ki, al, bunu ye. Amma gedib öyrənmək lazımdır ki, o yağ, şəkər tozu necə hazırlanır. Biz “Qarabağ”ın akademiyasının zəhmətli işlə məşğul olduğuna görə şadıq. Çünki rayonlara gedib, turnir keçiririk, orada istedadlı uşaqları görüb, tapıb, gətiririk. Buna görə də Tahir Gözələ, Əmrah Çəlikələ, Qurban Qurbanova çox sağ ol deyirəm. Yəni, söyləmək istəyirəm ki, biz bu dəqiqə çempion olmağı düşünmürük. İstəyirik ki, Azərbaycan futboluna xeyir verək.
- Bəs, ümumilikdə 19 yaşlı futbolçulardan ibarət komandalarının mübarizə apardığı çempionatda vəziyyət necədir?
- İnsanların, futbolçuların bir dövrü olur, ona keçid zamanları deyirlər. Çünki kişiləşirlər. U-19-da da belədir. 16 yaşlı futbolçu əslində öz yaşıdlarının olduğu çempionatda oynamalıdır. Əgər o, U-19-da mübarizə aparırsa, deməli perspektivi var. Həm də bu çempionatın marağı ondadır ki, əvəzedici heyətə 1 addım, əsas heyətə isə 2 addımlıq yolun qalır. Ona görə də yarış əvəzedici komandaların səviyyəsində gedir.
- Qarabağdakı uğurlarımız, torpaqların işğaldan azad olunması sanki komandaya da təsir etdi...
- Zəfərimiz nəinki komandanın, bütün Azərbaycanın əhval-ruhiyyəsini dəyişdi. 10 milyon xalq buna hazır idi. Körpələrimiz, uşaqlarımız belə küçələrə çıxıb, maşınlardan qışqırırdılar ki, “nə oldu, Paşinyan?” Bu sevgi balaca uşaqlarda var idisə, onlarda qələbə belə ruh yaradıbsa, görün “Qarabağ”a necə təsir edib. Torpaqlarımızın alınması əhval-ruhiyyəmizi birəbeş artırıb. Mən həmişə demişəm, Azərbaycan futbolunun üzünü ağ edən “Qarabağ”dır. Çünki komanda ölkə xaricində də mübarizə aparır. “Qarabağ” istənilən ölkənin çempionatında oynaya bilər. Mən demirəm ki, 1-ci, 2-ci yeri tutar. Amma “Qarabağ” yaxşı mübarizə apara bilər.
- Bilirik ki, sizin üçün “İmarət” stadionunun yeri başqadır. Siz Ağdam işğaldan azad olunandan sonra oraya gedib, “İmarət” stadionunu ziyarət etdiniz. Bununla bağlı nə deyə bilərsiniz?
- Mən Şuşada olmuşdum. Orada 2 gün qaldım. Dostlarım oteldə idi, mən isə gecə 11-12-də aşağı düşüb, ağaclarla, çiçəklərlə, güllərlə söhbət edirdim. Elə bil deyirdim ki, başınızı aşağı salaraq bizdən incimisiniz, buna haqqınız var. Biz 30 ilə yaxın müddətdə sizi bu murdarların aşağı altında qoyub, gəlmişik. Hərdən mənə elə gəlirdi ki, onlar gülümsəyib, qayıtmısınız deyə baxırdılar. Dəli kimi ağlaya-ağlaya danışırdım. Şuşanın havası başqa idi.
Biz Şuadan qayıdıb gələndən 1-2 ay sonra Ağdama getdik. Bayaq dostlarıma da danışırdım ki, mən avtobusdan Ağdama düşəndə istədim ki, addım atam. Amma elə hiss etdim ki, sanki 60 yox, 150 kiloyam. Addım ata bilmirdim. Gözümün qabağımdan uşaqlıq həyatım, ömrüm-günüm, o küçələrdə gəzdiyim vaxtlar keçdi. 80 min əhalisi olan Ağdam balaca bir küçə kimi idi. O vaxt Ağdamın bazarının bu başından o başına getməyə 1 saat vaxt lazım idi. Amma indi Ağdamın bir başından o biri başına 20 dəqiqəyə gedirsən. Elə vaxtlar vardı ki, Ağdamın adı gələndə ermənilər tir-tir əsirdi. İndi bir siyasətin qurbanı oldu. “İmarət”ə daxil olanda isə dedim ki, sən niyə balacalaşmısan? Bizdən küsmüsən? Mən oraya idman formasında getdim ki, 20 il oynadığım o meydançaya hörmətsizlik etməyim. Mən “İmarət”dən evimizə torpaq da gətirdim.
Ağdamın ab-havası tamam başqa idi. Mən orada jurnalistlərə müsahibəmdə dedim ki, vaxtilə bizim buradakı məşqimizi 2000 nəfər izləyirdi. Mənim atamla Müşfiq Hüseynovun atasının stadionda xüsusi otutacağı var idi. Heç kim orada əyləşmirdi ki, Səttarın atası ilə Müşfiqin atası gələcək. Oraya baxıb, kövrəldim və dedim ki, ruhunuz şad olsun, gəlmişik. Keçmişdə oyunlarımız vaxtı stadionun ətrafındakı çinar ağacları kölgə salardı. Çevrilib, bazamıza baxdım, dedim ki, hardasınız, ay çinar ağacları? Erməni murdarları kəsib, aparıblar. Stadionla evimizin məsafəsi isə çox azdır. Amma əfsuslar olsun ki, şəraitə görə evimizə gedə bilmədim. Amma yenə də şükürlər olsun, torpaqlarımız qayıtdı. Allah ordumuzun əsgərlərinin canını sağ, Ali Baş Komandanımız İlham Əliyevin “dəmir yumruğ”unu isə daha da bərk etsin. Onlar bizim fəxrimizdir. Şəhidlərimiz ölməyib, onlar həmişə yaşayacaqlar. Bizim hər birimiz dünyadan köçüb, gedəcəyik. Amma şəhidlər yaşayacaqlar. Bizim haqqımızda jurnalist, idmançı idi deyə danışacaqlar. Amma onların izi heç vaxt silinməyəcək.
- Yeri gəlmişkən, son günlər belə xəbərlər yayılıb ki, guya “Roma”nın erməni əsilli futbolçusu Henrik Mixtaryanın Şuşadakı evi sizə verilib. Bu məlumatlar nə qədər doğrudur?
- Qazaxıstandakı və bir sıra ölkələrdəki dostlarım da mənə zəng vurub deyirlər ki, Henrik Mixtaryanın Qarabağdakı evini doğurdan da sənə veriblər? Məsələ belə olub ki, Şuşada olanda dostlarım mənə dedilər ki, gəl gedək, Mixtaryanın evini ziyarət edək. Elə orada şəkil çəkdirdik. Sonra zarafatla dedilər ki, evin əsl sahibi gəlib çıxdı, bu ev 20 il “Qarabağ”da oynamış Səttar Əliyevə hədiyyə olunur. Sonra da saytlar xəbərlər yayımladı. Guya ki, “Roma”nın futbolçusunun evi “Qarabağ”ın sabiq oyunçusu Səttar Əliyevə verildi. Mənə o qədər zənglər gəldi ki. Deyirdim ki, zarafatdır. Allah o evi şəhid ailələrimizə, Qarabağda əziyyət çəkən, döyüşən bir insana qismət eləsin.
- Ağdamda olanda fikrinizdən “İmarət”də yenidən futbol oynamaq keçdimi?
- Mən orada arzu tutdum ki, əgər alınarsa “Qarabağın əsas komandası, veteran futboluçlarımız və futbolu bilən hərbiçilərimiz arasında turnir keçirilsin. Sadəcə biz də hiss edək ki, yaddan çıxmamışıq. Bilək ki, çəkdiyimiz əziyyətlər unudulmayıb. İnşallah, gələcəkdə hər hansı bir məşhur Avropa klubu, avrokuboklarda “Qarabağ”ın rəqibi kimi Ağdama gələr. Allah bizə o günü qismət etsin və hamımız yığışıb, “Qarabağ”ın oyununa baxaq. Çox az qalıb. Çox sağ olun, var olun ki, bizim kimi veteranları yaddan çıxarmırsınız. Siz bizimlə danışanda, maraqlananda özümüz özümüzə deyirik ki, deməli, unudulmamışıq. Allah jurnalistəri qorusun. Siz Azərbaycan futbolunda zəhməti olan insanları unutmursunuzsa, Allah da sizi yad eləsin.
Ramiq Ağaməmmədov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.
PSJ Hakimi ilə razılaşdı
Qvardiolanın yeni müqaviləsinin detalları bəlli oldu
İtaliya A Seriyasında xüsusi transfer pəncərəsi
"Kəpəz"in daha bir futbolçusu əməliyyat olundu
"Qəbələ" növbəti yoxlama oyununu keçirdi
Endrik gedir, ya qalır?
İngiltərə nəhəngləri türkiyəli futbolçu ilə maraqlanırlar
Mourinyo Ronaldonu "Fənərbaxça"ya dəvət etdi
“Qarabağ”ın kapitanı “Lion”la oyunu buraxacaq
Messi Barselonaya niyə gedir?
Kapitan 1 ildə 5-ci dəfə zədələndi