Medianın İnkişafı Agentliyi layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Birinci hissə burada
Çağdaş dünyamızda uşaq futbol akademiyalarının yeniyetmə və gənc oyunçuların yetişməsindəki rolu əvəzsizdir. Demək olar ki, bu gün dünyanın əksər ölkərlərinin peşəkar klublarının akademiyaları formalaşıb. Onların vəzifəsi isə əsas komandalara futbolçu hazırlamaqdır. Amma akademiyalarda uşaq və gənclərin mənəvi keyfiyyətlərinə, gələcəyin bir şəxsiyyəti kimi yetişməsinə xüsusi önəm verilir.
Təəssüf ki, Azərbaycanda bir çox klublar akademiya modelini lazimi səviyyədə formalaşdıra bilməyiblər. Ona görə də həmin klublarda keyfiyyətli uşaq futbolçularının yetişdirilməsi baxımından ciddi problemlər qalmaqaddır. “Qəbələ” isə hazırda bu mənada müsbət fərqlənən yeganə klubdur desək, yanılmarıq. Klubun maliyyə problemləri davam etsə də, uşaq futbol akademiyası fəaliyyətini davam etdirməkdədir.
Nail Kərimov “Qəbələ” Futbol Akademiyasının direktor müavinidir və ilk günlərdən burada aktiv fəaliyyət göstərir. Onunla söhbətimizdə akademiyanın fəaliyyəti, uşaq və gənclərin inkişafına faydaları haqda danışmışıq.
- Akademiyanız bölgədə yerləşir. Əyalətlərdə uşaq arasında futbola maraq hansı səviyyədədir? İndiyədək akademiyanızın elan etdiyi seçimlərdə iştirak edənlərin sayı ilə bağlı statistika varmı?
- Doğrudur, bölgədə yerləşir. Bütün əyalətləri qeyd edə bilmərik. Hər rayonda, hətta hər kənddə fərqli yanaşmanın şahidi ola bilərik. Qəbələdən danışsaq, əvvəlki illərlə mübahisədə vəziyyət dəyişib. Çünki Qəbələdən futbolçular müxtəlif formada yetişiblər. Birincisi, sağlam həyat tərzləri olub. İkincisi pis vərdişlərdən uzaq olublar, sağlamlıqları, idmançıya uyğun fiziki gəstəriciləri yerində olub. Həmçinin “Qəbələ”nin heyətində futbol oynayaraq, sosial həyata daha yaxşı addım atıblar. Tez yetişməyi öyrəniblər. Üçüncüsü, “Qəbələ”nin heyətində həm Azərbaycanın, həm də dünyanın müxtəlif bölgələrinə səfərlər ediblər, orada gördükləri mədəniyyəti öz evlərinə, məhəllələrinə, kəndlərinə qədər gətirib çıxarıblar. Bundan əlavə, milli komandalarımızın heyətinə düşüblər. Qəbələli oyunçulardan yığmanın kapitanlıq sarğısını daşıyanlar olub. Bir neçə qrupdan hazırda da kapitan olanlar var. Bu, Qəbələdə yaşayan ailələri daha çox inandırıb ki, futbola gəlmək olar. Son vaxtlar Birinci Divizionda olan limit ücbatından bir neçə ailənin uşağı futboldan 21-22 yaşında kənar qalıb. Bu, ailələrə çox pis təsir edirdi ki, 22 yaşında oğlana artıq veteran futbolçu kimi baxılır. Amma ümumilikdə bu sadaladığım məqamlar Qəbələdən olan ailələri daha çox futbola sövq edir. Digər məqamlar var ki, adətən gözdən qaçır, hamı üstündən keçir. Amma mən məsələnin üzərində xeyli fikirləşmişəm. Qəbələnin şəhər mərkəzi 13 min nəfər əhalisi olan kiçik yerdir. Rayonun əhalisi isə son məlumata görə 107 mindir. Lakin şəhər mərkəzində azdır. Kəndlərimiz isə çox dağınıqdır. Şəhər mərkəzi ilə kompakt deyil. İctimai nəqliyyat da yaxşı qurulmayıb, gediş-gəliş çətindir. Bu isə futbola gəlmək istəyən saysız-hesabsız uşağın qarşısını kəsir. Klub olaraq bir avtobus xətti müəyyənləşdirmişik. Təxminən 20-yə yaxın kəndi əhatə edir. Bizim gedə bilmədiyimiz, əlimizin çatmadığı kəndlərdən azsaylı valideynlər var ki, öz hesablarına uşaqları gündəlik məşqə göndərirlər. Bilirsiniz, futbol həftədə 5 oyun, 1 məşq və 1 il, 3 il, 5 il, 10 ilədək davam edir. Bu, hər ailənin, valideynin üzərinə götürə biləcəyi yük deyil. Bəzən kənardan baxanda deyə bilərik ki, burada nə yük var ki? Hansısa kənddən gəldi, getdi. Amma rayon səviyyəsindəki maddi vəziyyəti nəzərə alsaq, çox böyük yükdür. Bu məqam bizə mane olur. Qəbələnin sıxlığı hər kvadrat kilometrə görə 69 nəfər təşkil edir. Bu, çox dağınıq yaşayış deməkdir. Ona görə də uşaqların futbola gəliş-gedişində müəyyən çətinliklər yaşanır. Məsələn, daha sıx yerləşən Bakının rayonlarında 1 kvadrat kilometrə 10.000-20.000 nəfər düşür. Qəbələdə isə 69 nəfər. Gəncədə, Sumqayıtda, Şirvan şəhərində, Naxçıvanda daha bir neçə şəhərdə bu sıxlıq sayı çox yüksəkdir. Böyük şəhərləri çıxıram, amma Masallıda belə bu rəqəm 300-dən yuxarıdır. Belə məqamlar rol oynayır. Amma bunlara baxmayaraq, xeyli inkişaf var. Digər bölgələri kənardan izləyirik. Bizə gələn oyunçuların müraciətləri azalıb. Əvvəlki maraq, istək yoxdur. Amma yenə də biz kənardan görürük. Ona görə də digər regionlar haqqında ətraflı danışmaq olmaz. Seçimlərə gəldikdə, hər seçimin statistikası tutulur ki, hər şəhərdən, rayondan neçə nəfər gəlib və hansı yaş qrupundan olublar, onlardan kim ilk mərhələni keçib. Ümumi sayın nə qədər olduğunu bilmək üçün ilk gündən bu günədək olan statistikanı hesablayıb, çıxarmaq lazımdır. İldə 2 dəfə olan açıq seçimlərdən danışırıqsa, ən az 200 nəfər, ən çox da 1000 nəfərə qədər uşaqların gəldiyi olur.
- Pandemiya səbəbindən ötən ildən aşağı yaş qrupu üzrə liqalarında yarışlar dayandırılıb. Bu fakt uşaq və gənclər komandalarımızın fiziki və hazırlıq səviyyəsinı hansı mənfi təsirləri göstərib?
- Pandemiya bizə müəyyən zərbələr vurdu. Amma bu pandemiya dövründən ən yaxşı çıxan akademiyalardan biri biz olduq. Həm “Qəbələ”dəki şərait buna imkan verdi, həm də üzərimizə məsuliyyət götürdük, məşqləri dayandırmadıq. Yoldaşlıq oyunları da keçirdik. Bunun sayəsində biz o qədər də itki vermədik. Ancaq oyun praktikası cəhətdən müəyyən axsamalarımız ola bilərdi. Amma mövsümün sonunda zəhmətimizin bəhrəsi də oldu. Həm U-17, həm U-19 komandalarımız çempionatın qalibi adını qazandılar. Əsas məsələ də elə budur. Pandemiyanı bir kənara qoysaq, bu ötən mövsümün əvvəlində bizim büdcəmizdə ciddi kəsintilər oldu. Əvvəlcə yataqxanamızda 70 futbolçumuz qalırdısa, ötən mövsüm bu say 30-a endi. Bu da ümumi keyfiyyətə təbii ki, təsir edir. Amma daha çox zərbə vuran futbolçu və işçi kollektivindən məcburi ixtisara getməyimiz oldu.
- Akademiyada futbolçularla yanaşı, gənc məşqçilərin yetişdirilməsi təcrübəsi varmı?
- Məşqçi yetişdirilməsi daim üzərində dayandığımız məsələlərdən biri olub. İllər ərzində yerli məşqçilərdən demək olar ki, “Qəbələ”yə hazır məşqçi gəlməyib. Maksimum 1-2 il təcrübəsi olanlar gəliblər. “Qəbələ”yə gəlib, 0-dan başlayanlar da var. Biz onların yetişməsi üçün az işlər görməmişik. Həm daxili kurslarda, həm də UEFA-nın kurslarında iştirak ediblər. Bizdə bir ənənə var ki, məşqçilərin əksəriyyəti kurslara getmədən əvvəl öz daxilimizdə hazırlanır. Həftəlik iclaslarımızda hansısa bir məşqçi istənilən mövzunu götürür, hazırlayır və həmin mövzuda öz yoldaşları üçün təqdimat aparır. Orada diskussiyalar və s. olur. Bu, onların hazırlanmasında böyük rol oynayır. “Qəbələ” Futbol Akademiyasının məşq və oyun şablonları var. Məşqçilər daim bundan qidalanırlar. Biz həmin şablonları yeniləyirik. Həmçinin bu, keçmiş illər ərzində mətbuatda da işıqlandırılıb. Dünyanın müxtəlif ölkələrində təcrübələr keçmişik. Klubları ziyarət edib, onların iş prinsipləri ilə tanış olmuşuq. Bir neçə əməkdaşlıq etdiyimiz klubların nümayəndələri Azərbaycana, Qəbələyə gəliblər. Bizimlə vaxt keçiriblər. Üstəlik bəzi seminarlar, konqreslər, həmçinin də fərdi inkişafın üzərində dayanmışıq. Deyərdim ki, biz məşqçilərimizə ən fərqli cəhətlərdən yanaşmışıq.
Məsələn, ingilis dili kurslarına gedən, fiziki hazırlıq üzrə təlim keçən məşqçilərimiz var. Bəzən bu işlərə böyük mailiyyə vəsaiti də tələb olunmur. Məsələn, fiziki hazırlıq üzrə məşqçilərimizin daha da yetişmələri üçün milli komandalarla daim əlaqədə olmuşuq. Onların cəlb etdiyi əcnəbi mütəxəssislərdən, yerli məşqçilərdən nə isə öyrənməyə çalışmışıq. Məşqçilərimizi Bakıya - milli komandaların toplanışlarına göndərmişik. Bu cəhətdən AFFA-nın Texniki Departamentinin bizə etdiyi köməklər də danılmazdır. Demək olar ki, bütün müraciətlərimizə müsbət yanaşıblar. AFFA-nın milli komandanın üzvlərinə keçdiyi hazırlıq prosesi Bakıda, o məşqçilərin nəzarəti altında olubsa, “Qəbələ”də artıq biz öz məşqçilərimizin vasitəsi ilə o kursları həyata keçirmişik. Bu formada hər bir məşqçimizin fərdi inkişafına çox diqqətlə yanaşmışıq.
- Akademiyanızın yerli məşqçilərinin futbol biliyi ilə bağlı fikirləriniz necədir?
- Yerli məşqçilərin futbol biliyi məsələsi müqayisəlidir. Çünki yerli məşqçilər vahid deyillər. Hər birinin futbol biliyi var. Bir az əvvəl danışdığımız kimi, bizim akademiyada həm digər rayonlardan gələn, həm də Qəbələdən olan məşqçilər fəaliyyət göstərir. Bu illər ərzində maddi imkanımız yaxşı idi, istənilən məşqçini dəvət edə bilirdik. Amma indi digər rayonlardan gələn mütəxəssislərlə yanaşı, Qəbələdən olanlara da şans verdik, yollarını açdıq. Onların arasından seçilənlər bu gün də işlərinə davam edirlər. Personalımızda 14 məşqçi var ki, onlardan 12-si Qəbələdəndir. Futbolda, məşqçilikdə ilk addımlarını məhz bizim klubumuzda atıblar, bizdə öyrəniblər. Bu gün artıq boşluq yaranmır. Həmin məşqçilər özlərini elə bir səviyyəyə çatdırıblar ki, işlərinin öhdəsindən gəlməyi bacarırlar. Təbii ki, aralarında təcrübələri çox olanlar da var, gənclər də var. Gənclər təcrübəlilərdən bilik və savad baxımından nisbətən geri qalsalar da, görünən odur ki, onların bir neçəsi gələcəkdə daha yaxşı məşqçi olacaq. Zamanla həm “Qəbələ”, həm də ölkə miqyasında özlərini sübut edə biləcəklər. Həmçinin bugünkü akademiya personalı 20 nəfər təşkil edir. Digər 6 nəfər də kənardan deyir, Qəbələdəndirlər. Onlar ilk fəaliyyətlərinə bizim akademiyamızda başlayan mütəxəssislərdir. İstər idarəçilik, istər də inzibati məsələlərdə yerli kadrlarımız çalışır. Tibbi departamentimizi də qeyd etmək istərdim. Əvvəl 3-4 həkim işləyirdi, indi isə 2 həkim çalışır. Onlar bizim akademiyanın önəmli parçalarıdır. Dünya futbolunda tibbi personal çox böyük rol oynayır. Bizim həkimlərimiz də həm öz çalışqanlıqları, bilikləri, təcrübələri ilə seçilirlər. Futbolçularımız da hiss edir ki, həkimlər tərəfindən daim yeniliklər tətbiq olunur. Bu məsələlərin üzərində ciddi dayanılır. Onlar koronavirusla mübarizə aparmaq və bu virusdan qorunmaqla yanaşı, futbolçuların düzgün qidalanması və digər məsələlərlə bağlı tibbi təlimlər, seminarlar keçirlər. Tərbiyəçi müəllimimiz fəaliyyət göstərir. O da daim axtarışdadır. Futbolçuların gündəlik qayğılarını təmin etməklə yanaşı, onlara ən cüzi intellekti, savadı da aşılamaqla məşğuldur.
Nuriyyə ZEYNALOVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub
PSJ Hakimi ilə razılaşdı
Qvardiolanın yeni müqaviləsinin detalları bəlli oldu
İtaliya A Seriyasında xüsusi transfer pəncərəsi
"Kəpəz"in daha bir futbolçusu əməliyyat olundu
"Qəbələ" növbəti yoxlama oyununu keçirdi
Endrik gedir, ya qalır?
İngiltərə nəhəngləri türkiyəli futbolçu ilə maraqlanırlar
Mourinyo Ronaldonu "Fənərbaxça"ya dəvət etdi
“Qarabağ”ın kapitanı “Lion”la oyunu buraxacaq
Messi Barselonaya niyə gedir?
Kapitan 1 ildə 5-ci dəfə zədələndi