Medianın İnkişafı Agentliyi layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Çağdaş dünyamızda uşaq futbol akademiyalarının yeniyetmə və gənc oyunçuların yetişməsindəki rolu əvəzsizdir. Demək olar ki, bu gün dünyanın əksər ölkərlərinin peşəkar klublarının akademiyaları formalaşıb. Onların vəzifəsi isə əsas komandalara futbolçu hazırlamaqdır. Amma akademiyalarda uşaq və gənclərin mənəvi keyfiyyətlərinə, gələcəyin bir şəxsiyyəti kimi yetişməsinə xüsusi önəm verilir.
Təəssüf ki, Azərbaycanda bir çox klublar akademiya modelini lazimi səviyyədə formalaşdıra bilməyiblər. Ona görə də həmin klublarda keyfiyyətli uşaq futbolçularının yetişdirilməsi baxımından ciddi problemlər qalmaqaddır. “Qəbələ” isə hazırda bu mənada müsbət fərqlənən yeganə klubdur desək, yanılmarıq. Klubun maliyyə problemləri davam etsə də, uşaq futbol akademiyası fəaliyyətini davam etdirməkdədir.
Nail Kərimov “Qəbələ” Futbol Akademiyasının direktor müavinidir və ilk günlərdən burada aktiv fəaliyyət göstərir. Onunla söhbətimizdə akademiyanın fəaliyyəti, uşaq və gənclərin inkişafına faydaları haqda danışmışıq.
- Nail bəy, ilk öncə bilmək istərdik ki, akademiyanız nə vaxt yaranıb və bunda məqsəd nə olub?
- Akademiyanın hüquqi cəhətdən əsası 2009-cu il aprelin 1-də “Qəbələ” İdman Klubunun daxilində qoyulsa da, faktiki ciddi fəaliyyət 2009-cu ilin iyun ayında start götürüb. Həmin vaxt ölkənin müxtəlif yerlərindən futbolçular dəvət etmişik, seçimlərdə iştirak ediblər. Beləliklə, akademiya 20-25 seçilmiş futbolçu ilə 2009/10 mövsümünün əvvəlindən fəaliyyətə başlayıb. Akademiya qurulanda rəhbərliyin məqsədi köklü klub yaratmaq olub. O vaxt bir neçə klub var idi ki, ancaq Premyer Liqada çempionluğa oynayırdı. Ancaq “Qəbələ” həmin zamanlarda vəsaiti infrastrukturun yaradılmasına və akademiyanın təməlinin qoyulmasına yönəltmişdi ki, klub köklü olsun, Avropa meyarlarına uyğun gəlsin və ölkə futboluna lazımlı oyunçular yetişdirsin.
- Hazırda dünyada və bizdə həm futbol akademiyaları, həm də futbol məktəbləri fəaliyyət göstərir. Bunların bir-birindən fərqləndirən nələrdir?
- Dediyiniz kimi, dünyanın hər yerində müxtəlif formatlı məktəblər, akademiyalar görmək mümkündür. Məsələn, bəzi ölkələrdə yataqxanalı akademiya sistemi mövcud deyil. Bəzi ölkələrdə SSRİ dövründən gördüyümüz internat tipli akademiyalar var. Orta məktəbi özündə birləşdirən yataqxanalar mövcuddur. Bizim modeldə yataqxana, məktəb klub tərəfindən təmin olunub. Amma məktəb orta məktəb kimidir. Məqsədimiz isə uşaqların sosiallığını qorumaqdır. Çünki futbolçular məşqlər zamanı ancaq bir-birlərini görürlər. Amma orta məktəb uşaqlara daha çox ünsiyyət qazanmaq şansı yaradır. Nəticədə o sosiallıq itmir, azalmır. Buna görə də bizim modelimiz də orta məktəb kimi seçilib. Amma dünyanın müxtəlif ölkələrində ən fərqli sistemləri görmək olar. Klubun bizə yaratdığı imkanlar çərçivəsində müxtəlif yerləri gəzmişik, müşahidə aparmışıq. “Barselona”, “Lion”, “Mançester Yunayted”, “Yuventus”un futbol akademiyalarında olmuşuq. Belə misallar həddindən artıq çoxdur. Həmçinin bizə yaxın ölkələrdə də müşahidə aparmışıq. Türkiyənin aparıcı klublarından başlayaraq” Moldova “Şerif”i, “Şaxtyor” (Donetsk, Ukrayna) kimi nümunələr görmüşük. Onlardan da götürdüklərimizi birləşdirib, bizə uyğun gələn model yaratmışıq. Akademiyanın adi uşaq futbol məktəbindən fərqi işə daha ciddi yanaşmasıdır. Məşqçi heyətindən tutmuş digər personallaradək daha peşəkar kadrlarla fəaliyyət göstərməsidir. Bu da bizim tərəfimizdən müəyyən qədər yerinə yetirildi. Təəssüf ki, ən yaxşı vaxta gəlib çatanda əvvəlki maliyyə dəstəyi yarımçıq qaldı. Ona görə də ən yaxşı zamanlarımızda daha da zirvəyə qalxmaq imkanımız olmadı.
Nail Kərimov
- Uşaqların təhsili məsələsi ilə onların məşqləri necə tənzimlənir? Məşqlər, oyunlar uşaqları təhsildən yayındırırmı?
- Həqiqəti danışmaq lazımdır. Təhsil məsələsi ilə əlaqədar toqquşmalar olur. Bu da sirr deyil, hər kəsin xəbəri var. Çempionat oyunları, məşqlər, milli komandaların toplanışları zamanı problemlər yaranır. Biz əlimizdən gələn qədər müdaxilə etməyə, kömək olmağa çalışırıq. “Qəbələ” Futbol Akademiyasının maddi cəhətdən ən çox çətinlik çəkdiyi son mövsümdə belə uşaqların təhsili üçün müəyyən vəsait xərclənib. Uşaqlar bir neçə fənndən hazırlıq keçiblər. Akademiyamıza müəllimlər cəlb olunub. Öz evlərində qalan uşaqların da təhsili qarışıqdır. Yaxşı oxuyanlar, orta məktəb dərslərinə ciddi yanaşanlar da var, yanaşmayanlar da. Bunu vahid mexanizm kimi birləşdirmək bizim ən böyük planlarımızdan biri olub. Amma dediyim kimi, vəsaitin ayrılmamasına görə işi dayandırmalı olduq. Hal-hazırda işlər görürük. Məsələn, bu yaxınlarda Avropa-Azərbaycan Məktəbinin müəllim və şagird heyəti Qəbələyə gəlmişdi. Onlarla təcrübə mübadiləsi etdik. Onlar bizim 15-dək futbloçumuza 3 gün ərzində ingilis dili dərsləri keçdilər. Uşaqlar da bunu çox müsbət qarşıladılar, xoşlarına gəldi. Bizdən artıq tələb edirlər ki, elə təşkil olunsun, o məktəbdən tez-tez nümayəndələr gəlsin. Çünki uşaqların öyrənmə sürəti əvvəlkilərlə müqayisədə çox yüksək oldu. Biz də öz növbəmizdə həmin məktəbin şagirdləri ilə futbol oynadıq. Oyunçularımız onlara futbol meydançasında bildiklərindən öyrətdilər. Bu tip ciddi maliyyə vəsaiti tələb etməyən layihələri çox təşkil edirik. Bundan əvvəl də olub, bundan sonra da olacaq. Çoxlu sosial layihələr təşkil edirik. Tez-tez ən müxtəlif mövzularda seminarlar keçiririk ki, uşaqların bilikləri yerində olsun. Müəyyən ilkin anlayışları bilsinlər. Vətənpərvərlik mövzusunda da xeyirli işlər görülür. Ölkəmizin qalib olduğu Vətən Müharibəsi, dövlət atributları və s. mövzulara önəm veririk, danışırıq. Hamıya məlumdur ki, bunlar ciddi mailiyyə vəsaiti tələb etmir. Bunu öz aktivliyimiz sayəsində edə biliriksə, müəyyən vaxt ayırırıq və həyata keçiririk. Ümumi desək, təhsil və futbolun toqquşması göz önündədir. Son 1 ildə dərslərin onlayn formatda keçilməsi futbolçularımız üçün rahat oldu. Amma ümid edək ki, artıq növbəti mövsümdən pandemiya olmayacaq və oyunlara, məşqlərə və məktəbə gediş-gəliş də rahatlaşacaq. Proqramımızla nə qədər toqquşsa da, çətinlik yaransa da, istəyirik ki, məktəblər tezliklə açılsın. Biz uşaqlara tərbiyə edirik ki, orta məktəb idmançıların rejiminin qorunması üçün ən ideal vasitələrdən biridir. Çünki uşaqlar hər gün vaxtında yuxudan oyanır, səhər yeməyi yeyir.
- Xaricdə uşaq futbolçularla müqavilə bağlanarkən onlara maaş da verilir. Bu təcrübə sizin akademiyada da varmı?
- Bizdə futbolçu, klub, menecer münasibətləri hələ Avropa ilə üst-üstə düşmür. Tam fərqli yanaşma, baxışdır. Konkret olaraq belə məsələləri tənzimləyən qayda-qanun, ənənə yoxdur. Biz 15 yaşdan yuxarı futbolçularımıza maaş yox, müəyyən cib xərcliyi veririk ki, minimum öhdəlikləri yerinə yetirsinlər. Ailələrinə yük olmasınlar. Heç birimizə sirr deyil ki, futbolçuların əksəriyyəti regionlardan, kasıb ailələrdən çıxa uşaqlardır. Biz klub olaraq 15 yaşdan yuxarı uşaqlara yardım etmək, onları çarəsiz qoymamaq üçün müəyyən məbləğdə cib xərcliyi üçün vəsait ayırırıq. Amma siz dediyiniz formata peşəkar yanaşma hələ çox uzaqdadır. Bir neçə ölkənin modellərini yoxlamışıq. Daha ciddi addımlara o vaxt ehtiyac duyulur ki, ətrafda da daha ciddi yanaşma olur. Bu, hiss edilmədiyinə görə biz də öz bildiyimiz sadə metodlarla işə davam edirik.
- “Qəbələ” Futbol Akademiyasına seçimlər hansı meyarlar və kimlər tərəfindən aparılır?
- Akademiyamızın seçimləri həmişə bir neçə formada keçirilib. Məsələn, açıq qapı günləri olur ki, ildə 2 dəfə təvəllüdü uyğun gələn istənilən futbolçunu cəlb etmişik. Elan vermişik, gəliblər. Elə vaxt olub ki, seçimlər üçün 1000 nəfərə yaxın uşaq gəlib. İkinci metod Qəbələdə apardığımız selleksiya işləridir. Bunun üçün məktəblərə, kəndlərə getmişik. Bunu ötən mövsümün əvvəlində də etmişik. 7-8 kəndə gedib, təxminən 10-15 civarında yeni futbolçu tapmışıq. Həmçinin də rayonun mərkəzindən cəlb etdiyimiz futbolçular olub. 3-cü metod məşqçilərimizin oyunlarda gördüyü və bizə hansısa bir formada müraciət edən oyunçuları seçib, gətirmək olub. Onlarla əlaqə saxlayıb, gətirmişik, bir müddət bizim komandalarımızda məşq ediblər. Sonra isə akademiyaya qəbul etmişik. Ən vacib seçim kriteriyamız selleksiya qrupunun apardığı işdir. Biz 2013-cü ildə bütün ölkəni əhatə edən selleksiya qrupu yaratmışdıq. Buraya Böyükağa Ağayev rəhbərlik edirdi. Hər regionda bir seleksionerimiz vardı. Onlar həmin regionda keçirilən oyunların hamısına baxırdılar. Bakı zonası üzrə 3 seleksionerimiz fəaliyyət göstərirdi. Aylıq iclaslar keçirilirdi, onıarın hesabatları olurdu. Bunların hamısını özümüz tərtib etmişdik. Hesabatlar əsasında Böyükağa müəllim selleksiya qrupunun rəhbəri kimi yekun qərar verərək “Qəbələ”yə baxışa yollana biləcək futbolçuların siyahısını tərtib etdi. Bu yolla bir neçə futbolçu “Qəbələ”yə baxışa gəlib, komandalarımızla müəyyən müddət məşq etdikdən sonra onların akademiyaya qəbul olunmaları və ya geri göndərilmələri haqqında qərar verilirdi. Yekun qərari isə istənilən halda akademiyamızın baş məşqçisi verir. O gündən bu günə qədər belədir. Akademiyanın baş məşqçisinin bəyəndiyi futbolçü mütləq qalmalı, bəyənmədiyi isə mütləq getməlidir. Kriteriyalara gəlincə, bizim üstünlük verdiyimiz 1-ci məqam futbolçunun zəkası, 2-ci məqam sürəti, cəldliyi və sairdir. Oyunçuların texnikasına, fiziki göstəricilərinə, intizamına qədər köklənirik. İşimizin yaxşı getdiyi vaxtlarda cəlb edilən futbolçuların məktəblərinə, ailələrinə qədər maraqlanıb, detalları öyrənmişik. Hal-hazırda təəssüf ki, bu şəkildə davam etmək mümkün deyil. Amma yenə də mövsümün gedişatında artıq bir neçə partnyor klublarla, şəhərlərlə danışıqlarımız oldu. Təxminən 30-40 oyunçunu “Qəbələ”yə cəlb etdik. Bunların içindən 7-si seçilib, müqavilə də bağlanıb. Çox güman ki, növbəti mövsümün əvvəlindən bizim klubda çıxış etməyə başlayacaqlar. Başqa metodlarımız da həmişə olub. Məsələn, futbolçu ilə müqavilə bağlayıb, hansı klubdan gəlibsə, ya yaşı az olduğuna, ya da oyun praktikasının azlığına görə elə orada saxlamışıq. Uzun müddət izlədiyimiz futbolçular da olub. Bu seleksiya qrupunun fəaliyyəti dövründə işimiz çox rahat idi. Hətta ala bilmədiyimiz futbolçular haqqında da yaxşı məlumatımız olurdu.
- 10 ildən artıqdır ki, fəaliyyət göstərən Qəbələ Futbol Akademiyasının bu gün təxminən neçə üzvü milli komandalarımız və Premyer Liqamızda oynayır?
- Ötən il ərzində 4 yetirməmiz A milli komandaya dəvət alıb. Bir neçə oyunçumuz da olimpiya millisində çıxış edib. Son toplanışları nəzərə alsaq, U-17, U-19 milli komandalarında da 24 futbolçumuz dəvət alıb, toplanışlarda iştirak ediblər və mütəmadi yoldaşlıq matçlarında oynayıblar. Premyer Liqaya baxsaq, 7 futbolçu “Qəbələ”də, 9 futbolçu isə digər klublarda çıxış edib. Ümumilikdə 16 futbolçumuz mütəmadi oynayıb. Fərid Nəbiyev isə Çexiyada çıxış edir. O da karyerasını həmin ölkədə uğurlu şəkildə davam etdirir. Belə deyərdim ki, bizim əvəzedici komandamızın olmaması müəyyən mənada mənfi təsir göstərir. Olimpiya millisinə verdiyimiz və vermək istədiyimiz oyunçuların sayına da təsir edir. Əgər əvəzedici komandamız olsaydı, olimpiya millisinə daha çox futbolçu göndərərdik. Amma yenə də digər klublarda icarədə olan və ya satdığımız oyunçular müəyyən mənada özlərini doğruldurlar. Ümid edirəm ki, növbəti toplanışlarda milli komandaya daha çox oyunçu gedəcək.
Nuriyyə ZEYNALOVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub
PSJ Hakimi ilə razılaşdı
Qvardiolanın yeni müqaviləsinin detalları bəlli oldu
İtaliya A Seriyasında xüsusi transfer pəncərəsi
"Kəpəz"in daha bir futbolçusu əməliyyat olundu
"Qəbələ" növbəti yoxlama oyununu keçirdi
Endrik gedir, ya qalır?
İngiltərə nəhəngləri türkiyəli futbolçu ilə maraqlanırlar
Mourinyo Ronaldonu "Fənərbaxça"ya dəvət etdi
“Qarabağ”ın kapitanı “Lion”la oyunu buraxacaq
Messi Barselonaya niyə gedir?
Kapitan 1 ildə 5-ci dəfə zədələndi