"Samir Abasov “Qarabağ”ın oyununu əlinin içi kimi bilir"

"Samir Abasov “Qarabağ”ın oyununu əlinin içi kimi bilir"
ÖLKƏ FUTBOLU 17 May 2021 / 12:14 2411
-  A +

“Çempionun bəlli olmasının son tura qalacağına inanmağım gəlmirdi. Amma “Neftçi”nin əzmkar oyunu, çempionluğa istiqamətlənmiş yolları onları gətirib bura çıxardı”.

Bu sözləri Qol.az-a açıqlamasında futbol mütəxəssisi Aslan Kərimov Premyer Liqamızın son turunda “Neftçi” və “Qarabağ” arasında keçiriləcək çempionluq oyunu ilə bağlı danışarkən deyib.

Millimizin və “Qarabağ”ın keçmiş kapitanı həlledici görüşdə Ağdam klubunu daha şanslı hesab etdiyini bildirib: “Hesabı deyə bilmərəm. Amma potensial olaraq dəyərləndirsək, qeyd etmək lazımdır ki, “Neftçi”nin yarımmüdafiə xətti yaxşı təsir bağışlayır, hücumameyylidir. Bu isə o deməkdir ki, əks hücumlarda “Neftçi”ni yaxalamaq daha asan olacaq. “Qarabağ” müdafiədəki boşluqlardan asanlıqla istifadə edə biləcək komandadır. “Qarabağ”ın da çatışmazlıqları var. Komanda müdafiə baxımından ən yaxşı vəziyyətində deyil.

Əslində bu oyunda taktiki gedişlər bir rol oynamayacaq. Çünki “Neftçi”nin baş məşqçisi Samir Abasov “Qarabağ”ın oyununu əlinin içi kimi bilir. Qurban Qurbanovun hansısa sürpriz taktiki gediş edəcəyinə inanmıram. O cümlədən “Qarabağ” da “Neftçi”nin oyununu tam bilir. Samir Abbasovun da hər hansı bir gözlənilməz taktiki dəyişiklik edəcəyinə inanmıram. Sadəcə olaraq burada futbolçuların oyun keyfiyyəti əsas rol oynayacaq. Düşünürəm ki, “Qarabağ”ın oyunçuları, hücum xətti “Neftçi”yə nisbətən daha keyfiyyətlidir. Bu da ən azından mənə düşünməyə  əsas verir ki, “Qarabağ” daha üstündür. Bu komandaya heç-heçə də sərf edir. “Neftçi”nin qalib gəlmək şanslarını isə az dəyərləndirirəm. Şansları “Qarabağ”ın xeyrinə olaraq 40/60 kimi dəyərləndirirəm. “Qarabağ” təcrübə baxımından da bir az qabaqdadır. “Qarabağ”da Zubirin, Romeronun, Mahirin ən çətin şəraitdə belə, qol vurmaq bacarığı var. Amma müdafiə baxımından hər iki komandanın çatışmazlıqları mövcuddur. “Neftçi”nin müdafiə xətti keçilməz olsaydı, deyərdim ki, bu komandanın şansı yüksəkdir”.

Aslan Kərimov qeyd edib ki, “Qarabağ”a heç-heçə sərf etsə də, komanda oyuna qələbə üçün çıxacaq: “Qarabağ”ın arxaya çəkiləcəyinə inanmıram. Ümumiyyətlə, bu komandanın oyun üslubunda belə şey yoxdur, müdafiədən oynaya bilmirlər. Bunu Avropa Liqasında da gördük, Çempionlar Liqasında da. Bu baxımdan hesab edirəm ki, “Qarabağ” dominat oynamağa, topu özündə saxlamağa çalışacaq. “Neftçi” özü də bu oyunda mütləq qalib gəlməlidir deyə tam qabağa atılası deyil. Bəli, ikinci hissənin ortalarından sonra əgər bərabərlik davam edərsə, risk edəcəklər. Ancaq matçın 70-75 faizini ehtiyatlı oyuna üstünlük verəcəklər. Bəlkə də hələ “Neftçi” bir az müdafiədən oynayacaq”.

Aslan Kərimov “Neftçi”nin çempionluq istəyi baxımından “Qarabağ”dan öndə olduğunu vurğulayıb: “Bəli, motivasiya baxımından “Neftçi” üstün ola bilər. Neçə illərdir ki, çempion ola bilmirlər. Baş məşqçiləri ilk addımlarını atır. Samir Abasov sübut etmək istəyir ki, onun məşqçiliyə altında çempion olmaq olar. Hesab edirəm ki, həm oyunçular, həm də rəhbərlik baxımından “Neftçi” “Qarabağ”dan daha istəkli ola bilər”.

A.Kərimov “Baş məşqçilərin üzərində hansı iş düşəcək?” sualını isə belə cavablandırıb: “Qurban Qurbanov üçün standart oyun olacağını düşünürəm. Hesab etmirəm ki, nəsə xüsusi bir tapşırığı olsun. Normal qaydada oyuna çıxacaqlar. Neçə illərdir çempion olurlar və bu il də onun ardınca getməyə çalışırlar. Bəlkə də Qurban Qurbanovun üzərinə düşən iş o olacaq ki, futbolçuları tam konsentrasiyalı formada meydana çıxarsın ki, səhv etməsinlər. Son oyunlarda görürük ki, müdafiədə səhvlər edirlər, qol vurmaqda çətinlik çəkirlər. “Neftçi” isə “Qarabağ”a qarşı oynadığına görə futbolçulara motivasiya verməyə ehtiyac olmayacaq. Samir Abasovun üzərinə düşən iş odur ki, futbolçularını motivasiya sərhədini keçməyə qoymasın. Çünki “Neftçi”nin həddindən çox istəkli olanda qırmızı vərəqələr aldıqlarını görürük. Bu baxımdan Samir Abasovun üzərinə böyük iş düşəcək”.

Pandemiya səbəbindən oyunun azarkeşsiz keçiriləcəyinə də münasibət bildirən mütəxəssis buna təəssüfləndiyini deyib: “Əlbəttə bütün futbol ictimaiyyəti razılaşar ki, bu cür oyunun azarkeşsiz keçirilməsi matçın gərginliyini, statusunu bir qədər aşağı salır. Söz yox, oyun onsuz da çox gərgin keçəcək. Yəni bu, futbolçular arasında olacaq. Azarkeşlər də olsaydı, “Xəzər Lənkəran”la “Neftçi” arasında olan “qızıl oyun”u bizə xatırladardı. Çünki eyni statusa malik oyundur. Belə bir görüşün azarkeşsiz keçirilməsi ürəkaçan deyil. Bilmirəm, tribunaların müəyyən hissələrinin doldurulması şərti ilə azarkeşlərin iştirakı haqqında nə qədər müzakirələr aparılıb. Amma mənə görə, Avropa çempionatının Bakıdakı oyunları azarkeşlərlə keçiriləcəksə, bu da bizim üçün bir sınaq ola bilərdi. Ən azından yoxlaya bilərdik. Bəlli bir sayda azarkeşlərin iştirakına icazə verilə bilərdi”.

Ramiq Ağaməmmədov

 

Daha çox


Son xəbərlər
12.06.21  19:27

Xoş gəldin, qardaş!

12.06.21  18:49

Bakıda ilk VAR

12.06.21  15:23

"Bavariya"dan ayrılır