"Rəhbərliklə yaxınlıqdan sui-istifadəyə imkan vermərəm” - Samir Əliyev

"Rəhbərliklə yaxınlıqdan sui-istifadəyə imkan vermərəm” - Samir Əliyev
ÖLKƏ FUTBOLU 24 Oktyabr 2017 / 15:48 4505
-  A +

“Səbail”in baş məşqçisi Samir Əliyev Qol.az saytının suallarını cavablandırıb. Gənc çalışdırıcı müsahibəsində bir çox maraqlı məqamlara toxunub.

- “Səbail”in çıxışı sizi qane edirmi?

- Mövsümün əvvəlində qarşımıza belə bir hədəf qoyulmamışdı ki, mütləq “beşlik” və ya “altılığ”a düşməliyik. Əsas məsələ sıfırdan yaxşı komanda formalaşdırmaq və layiqli mübarizə aparmaqdı. Biz də bu məqsədlə bir çox futbolçu yığdıq. Hazırda komandada 26 oyunçumuz var. Yavaş-yavaş hər birinə şans verib yoxlayırıq ki, gələcəkdə kimlərlə bu yola davam edə biləcəyimi müəyyənləşdirək.

- Artıq “qara siyahı”ya düşən futbolçular var?

- Düzü, hələlik heç bir seçim yoxdur. Amma istədiyimiz oyundan az da olsa uzaqlaşan futbolçular var ki, onlardan lazım olanı ala bilmirik. “İnter”lə matçda gənc futbolçuya şans verdik, çıxıb qol vurdu. Dekabra kimi həm kubok, həm də çempionat oyunlarımız var. Ola bilər ki, həmin futbolçular özlərini daha da yaxşı göstərsinlər. Bizə stabil çıxış edən oyunçular lazımdır. Futbolçudur, bir də görürsən, 7 oyun yaxşı oynayır, sonra dayanır. Bu gün Azərbaycan çempionatında çıxış etmək həm bizim, həm də futbolçular üçün bir sınaqdır.

- Sizcə, bu sınaqdan üzüağ çıxa biləcəksiniz?

- Hər oyunda maksimum gücümüzlə oynamağa, istədiyimizi ortaya qoymağa çalışırıq. Düzdür, oyun baxımından çətinliklərimiz var. Amma birdən-birə komanda formalaşmır. Yəqin ki, hamı bunu dərk edir. Ümid edirəm ki, yavaş-yavaş istəyimizə nail olacağıq. Həm rəhbərlik, həm məşqçilər, həm də futbolçular buna inanırlar. Potensialımız var. Daha da yaxşı oynaya bilərik. Futbolçuların bir-birinə uyğunlaşması, daha da yaxşı oynaması üçün bir az vaxt lazımdır. Oyundan-oyuna həm fərdi, həm də komanda şəklində təcrübə toplayacağıq.

- “İnter”lə oyundan sonra bildirmişdiniz ki, meydanda dalaşan futbolçular  Eltun Yaqublu və Maudo Jarjue cəzalanacaqlar? Maraqlıdır, həmin oyunçularla bağlı hansı tədbir gördünüz?

- İlk növbədə komandada nizam-intizama fikir veririk. Bunun üzərində işləyirik. Açığı, məşqlərdə, əvvəlki oyunlarda belə problemlər olmamışdı. Təəssüf ki, belə xoşagəlməz hal baş verdi. Canlı yayım gedirdi, görüşə minlərlə insan baxırdı. Oyundan dərhal sonra həm futbolçular, həm də rəhbərliklə söhbət elədik. Məşqlərə başlayanda da bu barədə danışdıq. Klubun nizam-intizam kodeksi var. Bu kodeksə görə hər iki futbolçu cəzasını alacaq. Artıq lazım olan kağıza qol çəkdim. Onlara pul cəzası verdik. Hər ikisi bizim üçün önəmli futbolçulardır. Oturub müzakirə etdik. Kapitanın ixtiyarı var ki, oyunda kiməsə söz desin. Amma baxır, o, bunu hansı tərzdə deyir.

- Bu məsələdə günahı kimdə görürsünüz?

- İşimiz günahkar axtarmaq deyil. Əsas məqsədimiz odur ki, bundan sonra bu cür hal təkrarlanmasın. Cəza verdik ki, o biri futbolçular üçün də dərs olsun. Yəqin bundan sonra fəsadları ağır olacaq. “Qarabağ”ı götürək, Rəşad Sadıqov kiməsə irad bildirəndə, heç kim ona bir söz demir. Futbolçular artıq qəbul etməlidirlər ki, meydanda kapitan var. Fikrimcə, meydanda söz deyən, komandanı idarə edən futbolçu lazımdır. Çünki biz kənardan nəyisə deyəndə, ola bilsin, eşitmirlər, ya sözümüz gedib çatmır. Statistikaya baxsaq, Premyer Liqada ən azı sarı vərəqə alan komandayıq. “Qırmızı”mız isə ümumiyyətlə yoxdur.

- Dediniz ki, hər iki futbolçu cərimələnib. Sirr deyilsə, məbləği açıqlaya bilərsinizmi?

- Yox. Bizim klubun nizam-intizam kodeksində faiz nisbətində cərimələr var. Biz konkret məbləğ demirik. Maaşlarının faiz nisbətində götürürük. Orda da maaşlar fərqlidir. Bunu isə açıqlaya bilmərəm.

- Ümumiyyətlə, Eltunun rəhbərliklə yaxşı münasibətləri olduğu və bundan sui-istifadə etdiyi söylənilir. Siz bu iddialarla nə dərəcədə razısınız?

- Düzdür, Eltunun rəhbərliklə yaxın münasibətləri var. Amma bu o demək deyil ki, kimə nə istəsə deyə bilər. Eltun özü çox qanacaqlı, düşüncəli futbolçudur. Yəqin, bilirsiniz, “Neftçi” ilə oyunda heyətdə yox idi. Məşqə gecikdiyi üçün cəzalanmışdı. Bu klubda nə qədər ki mən baş məşqçi kimi varam, heç kimə artıq söz deməyə imkan verilməyəcək. Bəli, kapitan kimi meydanda nəsə deyə bilər. Amma sırf rəhbərliklə yaxınlıqdan sui-istifadəyə imkan vermərəm. Çünki ilk növbədə rəhbərlik özü mənə belə məsələlərdə dəstək olur. Bu haqda dəfələrlə futbolçularla söhbət eləmişəm. İnanıram ki, bundan sonra belə insident olmayacaq. Düzdür, bu cür hallar bizim digər yerli klublarımızda da olur. Amma olmasa, daha yaxşıdır. Çünki futbolun gözəlliyi itir. Biz futbolu çirkinləşdirmək yox, gözəlləşdirməliyik.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu