“Bəzən vaxt uzatmaq üçün yerə yıxılırdıq”

“Bəzən vaxt uzatmaq üçün yerə yıxılırdıq”
MÜSAHİBƏ 22 Sentyabr 2012 / 15:13 4692
-  A +

Azərbaycan Premyer Liqasının IV turundan təxirə salınmış matçda “Xəzər Lənkəran”ı 2:0 hesabıyla məğlub edib liderliyə yüksələn “Simurq”un kapitanı Rasim Ramaldanov Qol.Az-a müsahibə verib.

- “Xəzər Lənkəran”la matçda onlardan bu qədər üstün oynayacağınızı gözləyirdin?

- Düzü, bilirdik ki, “Xəzər Lənkəran” çətin komandadır. İndiyə kimi bu komandanı məğlub edə bilməmişdik. Maksimum heç-heçə oynayırdıq. Odur ki, bütün futbolçular söz vermişdik ki, bu dəfə qalib gəlməliyik.

- Səncə, ilk növbədə nəyin hesabına rəqibi üstələdiniz?

- İlk növbədə kollektiv oyunun, ikinci də ruhun hesabına. Çünki dediyim
kimi, uşaqlar sözü bir yer qoymuşduq ki, nə olur olsun, qələbə qazanmalıyıq.

- Vurduğunuz ilk qolda rəqibin gənc qapıçısı da səhvə yol verdi. Necə düşünürsən, məhz bu səhv rəqibin oyununa mənfi təsir elədi?

- Əlbəttə ki, ilk qol qələbəmizdə çox böyük rol oynadı. Çünki bu zaman rəqib daha böyük qüvvə ilə üstümüzə gəlirdi ki, biz də sürətli əks-hücumlarda onları tuturduq.

- Oyun zamanı bir şey də diqqətimizi çəkdi ki, sən də başda olmaqla, “Simurq” futbolçuları tez-tez yıxılıb yerdə qalırdılar. Həqiqətən də zədə alırdınız, yoxsa bilərəkdən vaxt udurdunuz?

- Bu da futbolun yazılmamış qanunudur ki, hesabda öndə olan komanda vaxt udmaq üçün belə üsuldan istifadə edir. Bu mənada biz də bəzən qəsdlə yerdə uzanıb vaxt udurduq. Bunu etiraf edirəm.

- Növbəti oyununuz “Kəpəz”lə olacaq. Ümumiyyətlə, ard-arda dörd oyun evdə oynayacaqsınız. Bu oyunlardan nə gözləyirsən?

- Bilirsiniz, necə olacağını yalnız Allah bilir. Biz əlimizdən gələni edəcəyik ki, uğurlu çıxışın davamını gətirək.

- Maraqlıdır ki, lider komandanın kapitanı olsan da, hələ də milliyə dəvət almırsan. Səncə, niyə?

- Vallah, bilmirəm. Gərək təklif ola ki, mən də gedəm. Hələ ki, heç bir təklif yoxdur. Amma inanıram ki, gec-tez olacaq.

Anar XANLAROV

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi