Lyubo Baranin: “Toni Adamsın vaxtında hazırlığımız istənilən səviyyədə deyildi”

Lyubo Baranin: “Toni Adamsın vaxtında hazırlığımız istənilən səviyyədə deyildi”
MÜSAHİBƏ 17 Fevral 2012 / 14:22 3015
-  A +

“Qəbələ” klubunun müdafiəçisi Lubo Baraninin Qol.Az saytına müsahibəsi

- Dünən səfərdə “Simurq”a çox çətinliklə olsa da, minimal hesabla qalib gələ bildiniz. Görüşü necə dəyərləndirərdin?

- Həmin qarşılaşma bizim üçün çox vacib oyunlardan biri idi. Onsuz da fasilədən sonra ilk görüşə çıxaraq yaxşı oyun göstərmək çətin olur. Birdə ki, həmin oyun bizim üçün çox böyük əhəmiyyət kəsb edirdi. Ona görə də, çox həyacanlıydıq. Ancaq ikinci hissədə “Qəbələ” toparlanaraq qalib gəlməyi bacardı. Tanrıma şükürlər edirəm ki, bizi çətin vəziyyətdə qoymadı. Bu üç xal bizim ilk “altılığ”a düşməyimizdə çox böyük rol oynayacaq.

- İlk hissədə “Qəbələ” istənilən səviyyədə oynaya bilmədi. Səncə,buna səbəb nə idi?

- Düzdü, birinci yarıda oyunumuz alınmırdı. Ona görə ki, komandada tələsgənlik vardı. İstəyirdik ki, tez bir zamanda qol vuraraq irəli çıxaq. Həm də futbolçular komanda deyil, fərdi oynamağa üstünlük verirdilər. Yəni hər kəs elə bir özü üçün oynayırdı. Lakin ikinci yarıda oyunumuzu düzəldərək istəyimizə çatdıq.

- Komandanıza böyük ümidlərlə transfer edilən Yannik Kamanan oyunda özünü yaxşı tərəfdən göstərə bilmirdi. Buna səbəb nə idi?
 
- Onun səviyyəli futbolçu olmağına söz ola bilməz. Dünənki oyunda da pis təsir bağışlamadı. Sadəcə, bu, onun “Qəbələ”dəki ilk rəsmi  oyunu idi. Çalışacağıq ki, komanda olaraq ona dəstək verək. Bunu etsək, Kamanan bizə daha tez alışacaq. Qolu Viktor Mendinin vurması isə başa düşüləndi. Çünki o, artıq yarım ildən çoxdur, “Qəbələ”də çıxış edir. Yannik Kamanana gəlincə, onun bir-iki oyundan sonra komandaya çox xeyri dəyəcəyini düşünürəm. Məncə, iki tur onun adaptasiya olunmasına yetəcək.

- Deyilənə görə, Zaqatalada məşq etmək üçün meydançaya çıxmaq istəsəniz də, rəqib komandanın rəsimləri buna imkan verməyiblər.

-  “Simurq” ilk oyunda Qəbələnin meydanında məşq etmək istəsə də, alınmadı. Çünki meydançada güclü yağışdan sonra təmizləmə işləri aparılırdı.  Ona görə də ”Qəbələ” stadionunun ot örtüyünə baxan Filip Şarples “Simurq”un futbolçularının meydançaya girməsinə izn vermədi. Çox güman ki, onlar da qisas almaq üçün bizə analoji davranmağa çalışırdılar. Lakin “Simurq”un stadionunda hər şey qaydasında idi. Düzdü, onların belə etməyinə meydan sahibi kimi ixtiyarı çatır. Ancaq bu heç də, peşəkarlıqdan xəbər vermir. Bəlkə də, “Simurq” rəsmiləri bizə psixoloji təsir etməyə çalışırdılar.

- Turnir cədvəlinin altıncı pilləsində qərarlaşsanız da, ən yaxın izləyiciniz “Rəvan” sizdən cəmi dörd xal geri qalır. İlk “altılığ”a düşmək şanslarınızı necə görürsən?

- Mən əvvəlcədən də demişdim ki, ilk “altılığ”a düşmək bizim üçün asan olmayacaq. Lakin indi bizim vəziyyətimiz çox yaxşıdır. Ona görə ki, hazırda əsas rəqibimiz olan “Rəvan”dan dörd xal irəlidəyik və hər şey bizim özümüzdən asılıdır. Yəni qarşıdakı oyunlarda ən azı məğlub olmamalıyıq. Növbəti görüşümüzdə  bizi “Xəzər Lənkəran”la çox ağır bir matç gözləyir. Lakin hər şeyə rəğmən ilk “altılığ”a düşəcəyimizə inanıram.

- Bəs, “Xəzər Lənkəran”la oyunda hansı nəticəyə ümid edirsən?

- “Qəbələ” hər zaman “Xəzər Lənkəran”la oyunda özünü yaxşı tərəfdən göstərməyi bacarıb. Onların yaxşı heyəti olsa da, bizim üstünlüyümüz evdə oynamağımızdır. Onlardan çəkinmək lazım deyil. Sadəcə olaraq, öz oyunumuzu göstərməliyik. Belə götürəndə “Xəzər Lənkəran” hazırda o qədər də yüksək səviyyədə oynamır. Əgər doğma azarkeşlər önündə “Simurq”la ikinci yarıdakı oyunu “Xəzər Lənkəran”a qarşı göstərə bilsək, qələbə qazana bilərik. Ən əsası qapımızdan qol buraxmamalıyıq.

- Belə başa düşdüm ki, heç-heçə də sizi qane edəcək?

- “Xəzər Lənkəran”la oyundan bir xal almaq da pis nəticə olmaz. Lakin çalışacağıq ki, qalib gələk.

- Hazırkı baş məşqçiniz Fatih Kavlakla komandanın sabiq çalışdırıcısı Toni Adamsın fərqlərini nədə görürsünüz?

- Onların ikisinin də, işləri tamamilə seçilir. Fatih Kavlak daha çox fiziki çalışmalara üstünlük verən məşqçidir. Toni Adams özünə və futbolçulara daha çox istirahət verirdi. Ona görə də, komandada fiziki hazırlıq və məşqlər istənilən səviyyədə deyildi. Hər bir məşqçinin vaxtında qazanılan nəticələr, onların fərqlərini göstərir. Toni Adamsın dövründə “Qəbələ” yaxşı start götürsə də, sonradan komanda pis çıxış edirdi. Ancaq Fatih Kavlakın dövründə komanda sabit oynamağa başlayıb.

Əli HƏYATİ

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi