Vaqif Cavadov: “Tvente”yə pul dalınca getmirəm”

Vaqif Cavadov: “Tvente”yə pul dalınca getmirəm”
MÜSAHİBƏ 14 Yanvar 2010 / 19:15 3367
-  A +

Bu gün “Qarabağ”dan təmtəraqla Hollandiyanın “Tvente“ klubuna yola salınan Vaqif Cavadov tədbirdən sonra jurnalistlərin suallarını cavablandırıb.

- Hollandiyada sənə yaradılan şərait haqda nə deyə bilərsən?
- Şəraitdən razıyam. Mənim üçün ev, maşın ayrılıb. “Tvente”də “Qarabağ”da olduğu kimi, 20 nömrəli formanı geymək istəyirdim. Amma həmin nömrənin sahibi olduğundan, “7”ni seçdim. Hər halda, “7” də sevdiyim nömrədir.
- Hollandiyaya nə vaxt yollanacaqsan?
- Bunun üçün ilk növbədə viza almalıyam. Bu məqsədlə Hollandiyanın ölkəmizdəki səfirliyinə müraciət etmişik. Fikrimcə, məsələ yaxın 10 gündə həll olunmalıdır. İstənilən halda, “Tvente”nin ikinci dövrənin ilk turunda “Utrext”lə oyununda iştirak edə bilməyəcəyəm.
- “Tvente”də böyük rəqabətlə üzləşəcəksən. Mövqeyində çıxış edən futbolçularla maraqlanmısan?
- Yox. Mən heç vaxt komandaya kiminsə yerinə getməmişəm. İstəmərəm ki, kimsə zədə alsın, onun yerinə oynayım. Əsas odur ki, mən artıq “Tvente”nin futbolçularından biriyəm və Avropada oynamaq üçün bu klubu seçmişəm. Yaxşı başa düşürəm ki, məni bu komandada böyük rəqabət gözləyir və buna özümü hazır sayıram. Həmişə rəqabət istəmişəm, kim güclüdürsə, o da oynasın. “Tvente”də də belə olacaq. Artıq hər şey məndən asılıdır və komandaya layiqli futbolçu olduğunu sübut edəcəyimə inanıram. “Tvente” güclü klubdur və Hollandiya çempionatının lider olması buna sübutdur.
- Avropaya oynayan futbolçu gələcəkdə daha güclü kluba keçmək istəyir. Yəni, “Tvente” də bu baxımdan sizin üçün tramplin olacaq. Vaqif Cavadov bu tramplin bu müddətini nə qədər görür? Neçə ildən sonda daha böyük klubda gedə bilərsiniz?
- Allahın köməyi ilə əsas istəyim - Avropada oynamaq arzum həyata keçdi. Hələ ki başqa ölkələrə getmək haqda fikirləşmirəm. Hazırda ilk fikrim “Tvente”nin əsas heyətinə düşüb, orada möhkəmlənməkdir.
- Azərbaycanlı futbolçular xaricdə oynayanda ailələri üçün darıxmalarından gileylənirlər...
- Fikrimcə, məndə belə problem olmayacaq. Əlbəttə, Azərbaycan, Bakı üçün çox darıxacağam. Hər halda, ailəm həmişə yanımda olacaq. Bundan əlavə, Bakıya gedib-gələcəyəm. Çünki burda ürəyimdə qalan insanlar var.
- “Tvente”də alacağın məbləğ buradakından çox yüksəkdir?
- Həm çox, həm də az deyil. Mənə elə gəlir ki, məbləği konkret açıqlamaq düzgün olmaz. Çünki transfer klubdaxili olan məsələdir. Bir də ki mən ora pul dalınca getmirəm. Əsas məqsədim Azərbaycan futbolunu yaxşı təmsil etməkdir. Buna imkan yaradan “Qarabağ” rəhbərliyinə təşəkkür edirəm. Arzum odur ki, bütün azərbaycanlı futbolçular legioner həyatı yaşasınlar.
- Məvacibi gizli saxladın. Axı Avropaya gedənlər məvaciblərini açıqlayırlar...
- Mən açıqlaya bilmərəm. Məncə, futbolçu bunu heç vaxt etmir. Bunu klub edir. “Tvente” açıqlasa, problem deyil.
- İkinci dövrədə “Tvente” ilə İspaniyada hazırlıq keçmədin. Üstəlik, Avroliqada oynaya bilməyəcəksiniz. Bunu “Tvente”də heyətə düşmək baxımından problem saymırsınız?
- Düzdür, “Tvente” ilə təlim-məşq toplanışında iştirak etməsəm də, faydalı məşqlər keçirəm. Məncə, problem olmayacaq. Avroliqada oynayıb-oynayacağım dəqiq bilinmir. Bəziləri deyir ki, oynaya bilərsən, bəziləri də bunun mümkün olmadığını deyir.
- Milli komandamızın baş məşqçisi Berti Foqtsla danışmağa imkanınız olubmu?
- Hələ ki yox. Çünki əlaqəm olmayıb. Hər halda, yaxın günlərdə bunu edərəm.

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır