Hafiz Məmmədov: “Mübariz Mənsimova dedim ki...”

Hafiz Məmmədov: “Mübariz Mənsimova dedim ki...”
MÜSAHİBƏ 25 Dekabr 2009 / 20:02 4430
-  A +

“Bakı”nın prezidenti Hafiz Məmmədov Qol.Az saytına verdiyi geniş müsahibədə komandasının başa çatmaqda olan 2009-cu ildəki çıxışı, qışda heyətdə baş verəcək dəyişikliklər, qarşıdan gələn “Birlik Kuboku”, həmçinin Moskvada ermənilərlə qarşılaşmaq perspektivi barədə danışıb.

- 2009-cu ilin sonuna bir neçə gün qalıb. Cari ili komandanız üçün nə dərəcədə uğurlu hesab edirsiniz?
- Mən 2009-cu ili komandamız üçün 3 hissəyə bölərdim. Əvvəlcə komandamız çox yaxşı çıxış edərək, tarixində ikinci dəfə çempion adının qazandı. Bu, bizə heç də asan başa gəlmədi. Daha sonra avrokuboklarda da uğurlu çıxış etdik. Özünüz gördünüz ki, “Levski”ylə oyunda stadion tam dolmuşdu. Hələ 5-10 min adam da bayırda qalmışdı. “Levski”nin prezidenti Botkov özü etiraf etdi ki, bu qədər insanı görüb, qorxuya düşüblər. Amma matçdan sonra o mənə dedi ki, sizin fanatlar azarkeşdən daha çox patriot kimi gəlmişdilər stadiona. Yəni “Bakı” hücum edəndə komandaya dəstək verirdilər, əks halda isə sakit idilər. Amma istənilən halda mən komandanı yayda dəstəkləyən bütün azarkeşlərimizə təşəkkür edirəm. Çempionlar Liqasının ikinci mərhələsində Litvanın “Ekranas” klubunu mübarizədən kənarlaşdırdıqdan sonra növbəti mərhələdəki nəticədən asılı olmayaraq, Azərbaycan futbolu tarixində ilk dəfə avrokubokların dördüncü mərhələsində yarışacağımız dəqiqləşdi. Cari avrokuboklar mövsümündə “Bazel”ə qarşı keçirdiyimiz son oyunda böyükhesabla uduzmağımıza baxmayaraq, mən avrokubokları komandamız üçün uğurlu hesab edirəm. Düzdür, daha çox irəli gedə bilərdik. Amma müəyyən səbəblərdən bu, baş tutmadı. İndi həmin həmin səbəbləri xırdalamaq istəməzdim. Bu hissəni uğurlu saymaq olar. Amma sonradan ölkə çempionatına uğurlu start verə bilmədik. Nəticədə baş məşqçi postunda dəyişiklik oldu. Çempoinatın startındakı uğursuzluğumuzu ikinci hissəyə aid edərdim. Amma son bir ayda, belə deyək, ilin üçüncü hissəsində komandamız özünə gəldi. Daha yaxşı çıxış etməyə başladı.
- Komandanın çempionata uğursuz başlamasının səbəbini nədə görürsünüz?
- Futbolda bu cür hallar olur. Çünki heç bir komanda daim sabit çıxış edə bilməz. Uğursuzluqda bir çox amilin rolu oldu. Gərginlik, yorğunluq, baş məşqçinin ruhdan düşməsi, müəyyən problemlər - bütün bunlar komandaya mənfi təsir göstərdi. Nəticədə də Haciyevski ağıllı adam kimi gəldi və dedi ki, bu belə davam edə bilməz, mən gedirəm.Və onu Bülənt Qorxmazla əvəzlədik.
- Namizədlər arasında başqa mütəxəssislərin adı var idi?
- Starkovla maraqlanırdıq. Amma onun klubu ilə müqaviləsi var idi. Bizim isə gözləməyə vaxtımız yox idi. Komandanın özünə daha tez gəlməsi üçün digər namizəd olan Bülənt Qorxmaz üzərində dayandıq. Danışıqlarımız oldu və nəticədə razılığa gəldik.
- Hansı cəhətinə görə Bülənt Qorxmazı baş məşqçi postuna dəvət etdiniz?
- Bir çox ölkədə, hətta böyük klublarda belə gənc məşqçilərə güvənirlər. Bu gün dünyanın ən güclü klublarından biri olan “Barselona”nın başında Qvardiola durur. Düzdür, Qorxmazla Qvardiolanı müqayisə etmək olmaz. Amma gəlin deməyək ki, Qorxmazın yaşı azdı və o təcrübəsizdir. Mən düşündüm ki, Qorxmaz 15 il ərzində Türkiyədə yüksək səviyyədə çıxış edib, bir çox kuboklar qazanıb. Mən inanıram ki, bu müddət ərzində o çalışdığı yüksək səviyyəli mütəxəssislər - Fatih Terim və digərlərindən çox şey öyrənib. Ola bilər ki, Qorxmazın məşqçi kimi təcrübəsi azdır. Amma o, böyük məşqçilərlə işləyib. Adicə bir misal deyim. Tələbəni də yaxşı müəllimin yanına qoyanda, ondan çox şey öyrənəcək.
Həmin vaxt bəziləri dedi ki, Bülənt Qorxmazın komandaya baş məşqçi təyin olunması daha çox reklama hesablanıb. Amma belə deyil. Düzdür, reklam hər bir işin ürəyidir. İstər idman olsun, istər biznes. Reklamda əsas üstünlük malı necə təqdim etməkdir. Ola bilər ki, sənin hansısa bir brendin beşinci olsun, amma sən onu elə təqdim edə birləsən ki, insanlar birinci, ən yaxşı kimi qəbul edərlər. Buna görə Bülənt Qorxmazın təyinatında reklam amilinin də rolu var idi. Onun ölkəmizə gəlişi ilə xeyli sayda insan bəlkə də ömründə ilk dəfə olaraq, Azərbaycan futbolu və ya “Bakı” klubu haqda eşitdi. Adicə bir şeyi deyim. Adını çəkmək istəmədiyim bir hollandiyalı futbolçuyla danışıqlar aparırıq. İlk əvvəl onun təklifimizi müsbət dəyərləndirəcəyinə inanmırdıq. Çünki o, Hollandiya pasportuna malikdir. Elə öz ölkəsində və ya Almaniyada belə yüksək liqada çıxış edə biləcək gücdədir. Amma o biləndə ki, klubumun baş məşqçisi Bülənt Qorxmazdır, dedi ki, əgər Türkiyə futbolunun kralı orada baş məşqçidirsə, mən orada oynamağa hazıram. Daha sonra klubumuzun infrastrukturu ilə də tanış oldu və razılığını verdi.
- Bülənt Qorxmaz gəldiyi ilk gündən hər uğursuz nəticədən sonra deyir ki, bu komandanı mən qurmamışam. Çoxları da bunu bəhanə kimi qəbul edir. Siz onun bu fikriylə nə dərəcədə razısınız?
- İlk növbədə onu deyim ki, yayda mən büdcəni qaldırdım və həm baş məşqçiyə, həm klub rəsmilərinə dedim ki, istədiyiniz oyunçuları ala bilərsiniz. Amma əvəzində tələm-tələsik transfer edildi. Götürək Barbosanı. Boyu-buxunu, doğulduğu ölkə hara, göstərdiyi oyun hara. İlk oyundan sonra Coko Haciyevskiyə də dedim ki, bu, bizə problem yaradacaq. Lakin o cavab verdi ki, narahat olma və mənə inan. Başımıza nə gəldisə, elə müdafiə xəttinin ucbatından gəldi. Qorxmazın bu fikrini qəbul edirəm. Gəldiyi ilk gündən də islahatlara başladı. Komanda Antalyada təlim-məşq toplanışında olanda Barbosa və Opritanı elə orada yola saldı. Sonra da daha bir neçə futbolçuyla vidalaşdı.
- Onun qarşısına konkret olaraq, hansı vəzifəni qoymusunuz?
- Biz normal insanlarıq və başa düşürük ki, baş məşqçi gələn kimi hər şeyi dəyişə bilməz. Amma bildirdik ki, “Bakı” 3 cəbhədə mübarizə aparacaq və hər üçündə uğur qazanmaq istəyirik. O isə zamana ehtiyacı olduğunu bildirdi. Amma zaman deyərkən 3-4 ili yox, daha qısa müddəti nəzərdə tuturdu.
- Ümumiyyətlə, Qorxmazın geridə qalan zaman müddətindəki fəaliyyətini necə dəyərləndirirsiniz?
- Düzdür, dəyişiklilər hiss olundu. Amma biz bunu oyun planında deyil, digər sahələrdə gördük. Məsələn, Qorxmaz deyir ki, futbolçu saat 1-də məşqə gələ bilməz. Komanda saat 9-da bir araya yığılmalıdı. Ciddi nizam-intizam yaradıb. Bu isə təbii ki, bizim xoşumuza gəlir.
- Bayaq özünüz qeyd etdiniz ki, yayda tələsik transferlər reallaşdırdınız. Bu dəfə eyni problemlər qarşılaşmamaq üçün hansı addımları atacaqsınız?
- Qışda heyətimizi 7-8 oyunçuyla gücləndirəcəyik. Bəzilərinin adları artıq bilirsiniz. Bülənt Qorxmaz gəldiyi ilk gündən mənə Ostapenko və Kukuyevi bəyəndiyini, hətta onları “Qalatasaray”da çalışdığı vaxtdan gözaltı etdiyini bildirdi. Qorxmazın başqa bir özəlliyi ondadır ki, deyir mən heç vaxt diskə baxıb, oyunçu seçmirəm. O futbolçuları canlı izləməyi xoşlayır. Artıq planımızı qurmuşuq. Transfer siyasətində səhvə yol verməmək üçün yanvardan etibarən nümayəndələrimiz Afrika və Cənub Amerikada uzun müddət qalacaq və mütəmadi olaraq, maraq dairəmizdə olan futbolçuları təqib edəcəklər.
- Transfer edəcəyiniz 7-8 futbolçu arasında Azərbaycan çempionatında çıxış edənlər olacaq, yoxsa hamısı legionerlərdir?
- Yox, Azərbaycan çempionatından kimisə transfer etməyəcəyik. Bütün futbolçular xaricdən gələcək. Amma çalışacağıq ki, heyətimizə daha səviyyəli legionerlərlə gücləndirək. Bu, büdcəmizə də təsir göstərməyəcək. Əvvəllər 17 əcnəbiyə verdiyimiz pulu, bu dəfə 14 nəfərə verəcəyik. Daha sonra həmin rəqəm bir qədər də aşağı düşəcək. Legionerlərin sayı azalacaq, səviyyələri artacaq, amma elə həmin pulu xərcləyəcəyik.
- Artıq çempionatda 17 tur geridə qalıb. İlk “altılıq” uğrunda 7 komanda amansız mübarizə aparır. “Bakı”nın “altılıq”da yüz faiz yer alacağını isə demək bir qədər çətindir. Ümumiyyətlə, düşünürsünüz ki, komandanız həlledici mərhələdən kənarda qala bilər?
- Mən belə hesab edirəm ki, “Bakı”sız Azərbaycan çempionatı, çempionluq uğrunda mübarizə maraqsız olar. Çünki biz futbolun inkişafı üçün əsaslı işlər görürük. Azərbaycan futbolunda baş verən köklü dəyişikliklərdən 5 il ötüb. 5 il ərzində daim iddiasını qoruyub, saxlayan 2-3 klub varsa, bundan biri də “Bakı”dır. Bütün bunları nəzərə alaraq, komandamın “altılıq”dan kənarda qalmasını düşünmək belə istəmirəm və inanıram ki, “Bakı” orada yer alacaq.
- Bəs o zaman sizin fikrinizcə, hansı komanda “altılıq”dan kənarda qalacaq?
- “Simurq”un prezidenti də mənim dostumdur, “Qəbələ”nin prezidenti də. Hər ikisinə böyük hörmətim var. Amma mən istərdim ki, “altılıq”da “Simurq” deyil, “Qəbələ” yer alsın. Çünki “Simurq” ötən mövsüm üçüncü oldu, Avropada da oynadı. Bu region klubu üçün çox yaxşıdır. Amma istərdim ki, bu dəfə “Qəbələ” “altılığ”a düşsün.
- Deyirlər ki, zirvədə qalmaq ora yüksəlməkdən daha çətindir. Həm də nəzərə almaq lazımdır ki, son illər ərzində heç bir klub ardıcıl iki il çempion ola bilməyib. Şübhəsiz, “Bakı” ötən il çempion olubsa, deməli, bu il də titulunu qorumağa çalışacaq. Qızıl medallar uğrunda hansı komandanı əsas rəqib qismində görürsünüz?
- “Xəzər Lənkəran”ı. Düzdür, komandaların hamısı bizə rəqibdir, hər biri güclü və hörmətə layiqdir. Amma “Xəzər Lənkəran”ın heyətində toplaşan oyunçuları daha güclü və səviyyəli hesab edirəm. Xüsusən də Mario Souzanı çox bəyənirəm. Souzanı Azərbaycanda oynayan ən səviyyəli legionerlədən biri hesab edirəm. Həm də onun sabitliyini bəyənirəm. Yayda Haciyevskiyə deyirdim, indi də Bülənt Qorxmaza deyirəm ki, komandada elə bir futbolçunu görmək istərdim.
- Mario Souzanı “Bakı”ya gətirməyə cəhd etmisiniz?
- Bəli, etmişik. Amma bu transfer baş tutmayıb. Həm də “Xəzər Lənkəran” elə bir klub deyil ki, onu dərhal atıb, gedəsən. Hətta ötən mövsüm onlar bizi 3:0 hesabıyla məğlub etdikdən sonra Mübariz Mənsimova zarafatla demişdim ki, “Bakı” çempion olsa, yayda Çempionlar Liqasında çıxış edərkən Souzayla Svetkovu verərsən bizə.
- Bildiyim qədərilə “Bakı”da oyununu ən çox bəyəndiyiniz futbolçulardan biri də Xalidu Sissokodur. Amma Bülənt Qorxmazın gəlişindən sonra Sissokonu qapıda Şarliya əvəzləyib. Sizcə, baş məşqçinin bu seçimi nə dərəcədə düzgündür? Həqiqətənmi Şarliya Sissokodan güclüdür? Halbuki Şarliya istər “İnter”, istərsə də “Xəzər Lənkəran”la oyunlarda kobud səhvlərə yol verdi.
- Şarliyanın səhvləri olur. O gün “Olimpik-Şüvəlan”la qarşılaşmada da çıxışda səhvə yol verdi. Bülənt Qorxmaz da deyir ki, hər ikisi güclü qapıçıdır. Ancaq mən Qorxmazdan heç soruşmamışam ki, nəyə görə Sissokonu ehtiyatda saxlayırsan. Mənə elə gəlir ki, bu, nizam-intizamla bağlıdır. Çünki Qorxmaz nizam-intizama böyük önəm verir. Bəlkə də bu səbəbdən Sissoko ehtiyatda qalır. Çünki özünüz də bilirsiniz ki, Sissoko bir qədər emosionaldır. Bəzən məzə üçün şıltaqlıq edir.
- “Bakı” növbəti sınağı Moskvada verəcək. Artıq “Birlik Kuboku”nun təqvimi də bəllidir. İstərdik ki, komandanızın qrupdakı rəqibləri haqda da fikirlərinizi bildirəsiniz?
- Fikrimcə, yer aldığımız qrup güclüdür. Hər halda, “Aktobe” klubu turnirin ötənilki finalçısıdır. Eyni zamanda Finlandiya klubunu və Tacikistan çempionunu da hesabdan silmək olmaz. Amma istənilən halda biz Moskvaya kuboku qazanmaq üçün gedirik. Əgər qalib olmaq istəyirsənsə, bütün rəqiblərə qalib gəlməlisən. İnanıram ki, komandamız Moskvada ölkəmizi layiqincə təmsil edəcək. Biz hələ ötən dəfə kuboku qazana bilərdik. Rəqiblərimizdən heç də zəif deyildik. Amma 1/4 finalda oyunsonrası penaltilərdə ÇSKA-ya uduzduq. Penalti də lotoreyadır. Ancaq mənə elə gəlir ki, budəfəki turnir daha maraqlı və gərgin olacaq. Bu dəfə biz daha güclüyük və bunu meydanda göstərəcəyik.
- Bəziləri “Bakı”nın “Birlik Kuboku”na əsas heyətlə getməsini düzgün hesab etmir. Təbii ki, klubun rəhbəri sizsiniz və Moksvaya əsas heyətlə yollanmaq qərarını da siz özünüz qəbul etmisiniz. Belə qərar qəbul etməyinizin səbəblərini açıqlaya bilərsiniz?
- Əvvəlcə dedik ki, heç getmirik. Çünki kimsə əvəzedici heyətini göndərir və ya ümumiyyətlə, turnirə qatılmaq istəmir. Amma sonra düşündük ki, nəyə görə turnirə qatılmayaq? Xarici ölkələrin klublarıyla qarşılaşacağıq, gücümüzü yoxlayacağıq. İki dəfə klublarımız bu kuboku qazanıblar. Nəyə görə bunu biz də təkrarlamayaq? “Delfin”də inşa olunan bazamızda “Bakı” klubunun muzeyini də yaradacağıq. Çox istərdim ki, həmin muzeydə “Birlik Kuboku” da olsun. “Birlik Kuboku”nun lazımsız turnir olması fikriylə heç razı deyiləm.
Yeganə problem zamanla bağlıdır. Fasilədə vaxtımız az olacaq. Amma yeni qurduğumuz heyəti elə orada yoxlayacağıq. Hətta bəziləri dedi ki, legionerlər düşərgəyə gec qayıdacaqlar, əlavə problemlər yaranacaq. Əvvəllər daim Leandro Qomeş və Andre Ladaqayla bu cür problem yaşayırdıq. Amma Bülənt Qorxmaz bildirdi ki, kim tutarlı səbəb gətirmədən yanvarın 3-də Antalyaya gəlməsə, komandadan uzaqlaşdırılacaq.
- Komanda “Birlik Kuboku”nda iştirak edirsə, deməli, bədnam qonşularımız olan ermənilərlə də qarşılaşmağımız mümkündür. 2007-ci ildə “Bakı” 1/4 finala yüksəldiyi halda, “Banants” qrupda qaldı. Bu dəfə necə, ermənilərlə qarşılaşmaq istərdiniz?
- Əlbəttə, istərdim. Hətta arzulayıram ki, biz orada ermənilərlə qarşılaşaq və onlardan güclü olduğumuzu bir daha sübut edək. Bu halda Azərbaycan xalqına da böyük sevinc bəxş edə bilərik. Hər bir idmançımız erməniylə qarşılaşmağı və onu diz çökdürməyi arzulayır. Çünki erməni üzərində qazanılan qələbənin dəyəri, sevinci daha böyük olur. İnşallah, biz bu arzumuza da çatarıq.
- Bir müddət əvvəl saytımızda “Azərbaycanda ən yaxşı klub idarəçisi kimdir” adlı sorğu keçirilib. Həmin sorğunun da qalibi məhz siz olmusunuz. İstərdik ki, bununla da bağlı fikirlərinizi bildirəsiniz.
- Mən özüm-özümü tərifləmərəm. İşimizə futbol mütəxəssisləri, azarkeşlər, siz jurnalistlər baxıb, qiymət verirsiniz. Amma qalib olmuşuqsa, deməli, yaxşı işləyirik (gülür). Buna görə də mənim artıq nəsə deməyim düz çıxmaz. Həmin sorğunun qalibi mən deyil, Əmrah Çəlikəl və ya Mübariz Mənsimov da olsaydı, buna hörmətlə yanaşacaqdım. Çünki həmin insalar da Azərbaycan futbolunun inkişafı üçün əllərindən gələni əsirgəmirlər. Sizə də təşəkkür edirəm ki, belə bir sorğu keçirmisiniz.

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır