Ramin Musayev: "Əgər rüşvət görmüşəmsə, qeyrətsizəm, namussuzam"

Ramin Musayev: "Əgər rüşvət görmüşəmsə, qeyrətsizəm, namussuzam"
MÜSAHİBƏ 15 Dekabr 2009 / 13:54 3744
-  A +

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin müsahibəsi

- Hakimlikdən kənarlaşdırılan keçmiş FİFA referisi Babək Quliyev ölkə prezidenti İlham Əliyev və onun xanımı Mehriban Əliyevaya, eləcə də AFFA-nın prezidenti Rövnəq Abdullayevə müraciət edib. O, qovulmasında Sizi ittiham edib...

- O kimdir ki, mənim haqqımda ittiham irəli sürsün? Müstəntiqdir o?

- Hər halda səsləndirdiyi fikirlərə ittiham da demək olar...

- Onun özünü müdafiə etməyə ixtiyarı var. Hara istəyirsə, müraciət edə bilər. Amma onun haqqında AFFA-nın saytında qərar çıxmışdı. Qoy o qərarı kimin verdiyini və nəyə görə verildiyi yaxşı-yaxşı oxusun. PFL hakim qovmur. Hakimlər PFL-ə yox, AFFA-nın Hakimlər Komitəsinə tabedirlər. PFL Premyer-Liqa və I divizionu keçirən bir qurumdur. Biz hakimləri təyin etmirik. Sadəcə, bizimlə AFFA arasında olan müqavilədə hakimlərin qarşılıqlı razılaşma yolu ilə oyunlara təyinatı haqqında bənd var. Çempionatı biz keçirdiyimiz üçün hakimlərin klublarla işbirliyi və ya hansısa klubla hakim arasındakı narazılıq, hakimlərin hansısa kluba qarşı mümkün qərəzli münasibəti haqda məlumatımız da daha çox olur. Bunları nəzərə alaraq, oyunlara elə hakimlər təyin etməyə çalışırıq ki, hər hansı insident yaranmasın. Babək Quliyev özünü müdafiə edir. Hər bir insan özünü müdafiə etməli və özünü müdafiə etməyi bacarmalı, bu zaman savadı varsa, işlətməyi bacarmalıdır. Yenə deyirəm, PFL hakim qovmur.

- Bəs PFL hər hansı hakimin cəzalandırılması barədə məsələ qaldıra bilərmi?

- İndiyədək biz heç bir hakimin cəzalandırılması barədə məsələ qaldırmamışıq. Qaldırmaq fikrimiz də yoxdur. Hər hansı hakimin hansısa klubdan qərəzli mövqeyinə, çempionatın keçirilməsinə mənfi təsir edə bilən amillərə dair məlumatlar əldə edəndə AFFA Hakimlər Komitəsinə veririk və onlar da müvafiq tədbir görürlər.

- Deyirsiniz ki, qərarı Hakimlər Komitəsi verib. Bəs bu komitənin nəyə əsasən belə qərar çıxardığından məlumatınız yoxdur?

- Qərarda göstərilib. Hakimlər Komitəsinin intizam kodeksində oyundan əvvəl və sonra hər hansı klub rəsmisi ilə əlaqə saxlamağın qadağan edildiyinə dair bənd var. Həmin bəndə əsasən cəzalandırılıb.

- Söhbət “Qarabağ”ın baş direktoru Əmrah Çəlikəldən gedir. Quliyev onunla nə üçün əlaqə saxladığını da açıqlayıb...

- “Qarabağ” təkcə qarabağlıların deyil, bütün Azərbaycanın komandasıdır. Eləcə də “Muğan”, “Karvan”, “Turan”, “Xəzər-Lənkəran”, “Olimpik-Şüvəlan”, “Neftçi”, “Simurq”, “Bakı”, “Qəbələ”, “Standard” və “İnter”. Heç kəsin bu komandalara qarşı ayrıseçkilik etməyə ixtiyarı yoxdur. Hər bir komandanın hüquqlarını müdafiə etmək, onların haqlarının tapdanmasına imkan verməmək borcumuzdur. Dedi-qodular, kiminsə hansısa komandanı dəstəkləməsi barədə deyilənlər hamısı boş söhbətlərdir. Bir neçə gün öncə bütün hakimlərin iştirakı ilə iclasımız, söhbətimiz olub. Bilirsiniz, Anar Niyazov və Babək Quliyevin də hakimlik etdiyi vaxtlarda dəfələrlə bildirmişik ki, kiməsə istər klub, istər PFL, istərsə də AFFA rəhbərliyi tərəfindən göstəriş, təzyiq olsa, dərhal bizi məlumatlandırmağa borcludur. Hakimlərə oyunlara getməmişdən əvvəl dəfələrlə demişik ki, nə varsa, onu idarə etsinlər, heç kəsin haqqını tapdamaq olmaz. Mən klubda çalışmışam, haqsızlıqlarla çox üzləşmişəm. Bir insan haqsızlıqla üzləşirsə, başqasının da haqqının tapdanmasına imkan verməz. Mən o günləri “Neftçi”nin vitse-prezidenti olduğum vaxt yaşamışam. Hər hansı hakimin bir komandaya güzəşt edib, digərini yıxması mümkün deyil. Söhbət “Qarabağ”ın udub-uduzmağından getmir. “Qarabağ”ın oynadığı komanda “Bakı” idi. “Bakı”ya münasibətimizin necə olduğunu da rəhbərliyi bilir. Biz o komandaya yad baxmırıq. 12 komandanın hamısı bizim üçün eynidir. Amma Avropa kuboklarında iştirak edən istənilən komandaya dəstək verməyə borcluyuq. “Qarabağ” Avropa Liqasında iki mərhələ keçməklə, Azərbaycan kubokunu qazanmağa layiq olduğunu təsdiqlədi. Hörmətli prezidentimiz İlham Əliyevin Qurban Qurbanova zəngi “Qarabağ” və bizim üçün ən böyük hədiyyə idi.

- Hakimləri cəzalandırmaq səlahiyyətlərinizin olmadığını deyirsiniz. Bəs hakimlərə təzyiq edən klubları necə?

- Hansısa hakim klubdan ona zəng edilsə, bizə müraciət edə bilər. Əfsuslar olsun ki, bizə indiyədək belə bir müraciət olmayıb.

- Bəs Əmrah Çəlikəlin Babək Quliyevə zəngi nədir?

- Çəlikəl ona oyundan sonra zəng edib. Nə üçün zəng etdiyini də Quliyevin özü açıqlayıb.

- Babək Quliyevin yuxarı instansiyalara müraciətindən nə gözləyirsiniz?

- Nə gözləməliyəm?

- Hər halda prezidentə şikayət ölkə rəhbərliyində futbol qurumumuz haqda yaxşı fikirlər formalaşdırmaya bilər.

- Suda batan insan saman çöpündən yapışar. O çox sözlər danışacaq. Bir vaxtlar aclıq edirdi, bal satırdı. Otağıma gəlirdi, and içirdi ki, “Bir balam haqqı! Ramin müəllim, Sizin bu dəstəyinizə heç vaxt biganə qala bilmərəm”. Nə oldu sonra?

- Hansı dəstəyi nəzərdə tuturdu?

- Görmədikləri dəstəyi. Həm AFFA, həm də PFL tərəfindən lazımi dəstək göstərilib. Rövnəq Abdullayev AFFA-ya prezident gələnədək hansı hakimin xaricə təlim-məşq toplantısına yollanmasından, müasir geyim və avadanlıqlarla təchiz olunmasından söhbət gedə bilərdi? Qonorarları qaldırıldı, vaxtlı-vaxtında 3-4 dəst və rəngdə formalar alırlar, qulaqcıqlar alınıb, respublika daxilində və xaricdə təlim-məşq toplantıları keçirlər. Özgə nə olmalıdır? Hakim üçün daha nə olmalıdır? Hakimlərin AFFA rəhbərliyindən şikayət etməyə haqları yoxdur. Çünki onlar üçün nə şərait lazımdırsa, olunub. Nəticəsi nə oldu? Kim təmiz, pak işləyirsə, fəaliyyətini davam etdirir.

- Babək Quliyev çox biabırçı maddəyə görə həbs olunduğunuzu bildirir...

- Ev yarmamışam, oğurluq, dövlət çevrilişi etməmişəm. 1995-ci ildə istintaqla bağlı araşdırmalar gedib. Araşdırmaların aparıldığı müddət 1 il 4 ay çəkib. Onun da 1 ilini istintaq təcridxanasında olmuşam, 4 ay isə məhkəməm olub. Təkcə mənim yox, cinayət işində adları hallandırılanların məhkəməsi olub. Elə məhkəmə zalından da azad edilmişəm. Cinayət işi bir nəfər barədə yox, çalışdığım qurumun işçiləri haqda qaldırılıb. Cəzalanmalı insan da gedib, türmədə cəzasını çəkib. Yəni, mən öz əməkdaşlarımızın güdazına gedərək, istintaq müddətində təcridxanada saxlanılmışam. Bu gün də alnım açıqdır. Cinayət işi də, aparılan istintaqın gedişi də, məhkəmənin qərarı da var. Kim istəyirsə, gedib maraqlansın. Hansı biabırçı maddə ilə 1 il 4 ay yatıb, çıxırlar?

- Bəlkə biabırçı maddə dedikdə, Babək Quliyev rüşvət aldığınızı nəzərdə tutur?

- Mən rüşvət nədir, görməmişəm. Əgər rüşvət görmüşəmsə, gözlərim kor olsun. Bax, o Qurana and olsun (otağında şüşə rəfdəki Qurani-Kərimi göstərir). Əlimi Qurana basıb, and içməyə hazıram. Quranla oynamaq olmaz. Quran var, Allah var. Mən Allahımı tanıyıram və Allaha inanıram. Danışığımı da bilirəm. Allaha şükür, başım da işləyir, ağlım çaşmayıb. Allaha and olsun, Qurana and olsun, əgər mən rüşvət görmüşəmsə, qeyrətsizəm, namussuzam. Mümkün deyil. Mən haqqı nahaqqa vermərəm. İki dünya bir ola... Mənə göstəriş versinlər ki, sən belə eləməlisən, eləmərəm. Çünki mənim bu günüm, sabahım, körpələrim var. Eləmədiyimə görə tutulmuşdum.

Mənbə: lent.az  

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi