«Zaur aqressiv şəkildə nəsə dedi, mən də əsəbiləşdim»

«Zaur aqressiv şəkildə nəsə dedi, mən də əsəbiləşdim»
MÜSAHİBƏ 11 Dekabr 2009 / 12:11 2814
-  A +

Dünən keçirilən «Qarabağ» - «Muğan» oyunu zamanı Ağdam klubunun iki futbolçusu - Fərhad Vəliyev və Zaur Həşimov arasında mübahisə yarandı. Qol.Az məsələyə aydınlıq gətirmək üçün hadisənin səbəbkarlarından biri - Fərhad Vəliyevə müraciət edib.

- Fərhad, ilk öncə ondan başlayaq ki, dünən üç oyunluq cəzadan sonra «Qarabağ»ın heyətində yenidən meydana döndün. Amma bu dönüş daha çox komanda yoldaşın Zaur Həşimovla aranızdakı mübahisiylə yadda qaldı.
- Mən mətbuatın baş verən olayla bağlı iradını qəbul edirəm və söz verirəm ki, bir daha belə hadisələr yaşanmayacaq.
- Həmin epizodu canlı yayımda da görmək mümkün oldu. Amma yenə o anın üzərinə qayıtmaq pis olmazdı. Zaurla aranızda nə baş verdi?
- Mən bu olayın üzərində çox dayanmaq istəməzdim. Yalnız onu deyim ki, aramızda söyüş-filan olmadı. Ani bir gərginlik yarandı və mən də qəflətən hirsləndim.
- Bu hadisədən bir neçə dəqiqə sonra komandalar fasiləyə çıxdı. Aranızdakı gərginlik yenə davam etdi?
- Yox. Komanda yoldaşlarımızın da müdaxiləsilə bir-birimizi sakitləşdirdik. İndi aramızda heç bir problem qalmayıb.
- Bir sualla da bu məsələyə nöqtə qoyaq. Kənardan belə görsəndi ki, gərginliyi sən yaratmısan. Zaur Həşimov hansısa səhvə yol vermişdi?
- Xeyr. Səhvdən söhbət getmirdi. Sadəcə,  o, mənə aqressiv şəkildə nəsə dedi, mən də əsəbiləşdim. Olur də, futboldur.  Bəzən, əsəblərimizi cilovlaya bilmirik.
- 3 oyunluq fasilədən sonra yenidən meydana qayıtdın. Bir müddət oynamadığına görə çıxışında hansısa dəyişiklik hiss edirdin?
- Yox, elə bir ciddi dəyişiklik yox idi. Son 3 turda meydana çıxmasam da, məşqlərdə bütün gücümlə çalışırdım. Formamı qorumaq üçün əlimdən gələni edirdim. Ona görə də elə bir dəyişiklik olmadı. Həmişəki kimi komandamın uğurlu çıxışı üçün əlimdən gələni etdim. Öz oyunumu sərgilədim.
- Ötən mövsümdə zədəli olduğun bir görüşdə “Qarabağ”ın qapısını Sahil Kərimov qoruyurdu. Lakin həmin vaxt Sahil müəyyən səhvləriylə yadda qalmışdı. Təcrübəli qolkiper kimi Sahilin budəfəki çıxışı haqda nə deyə bilərsən?
- Fikrimcə, Sahil bu dəfə işinin öhdəsindən çox yaxşı gəldi. O çox təcrübəli qapıçıdır. 3 oyunun hamısında da özünü yalnız yaxşı tərəfdən göstərdi. Məhz bu 3 oyunun ikisində komanda qalib gəldi, birində isə heç-heçə oynadı, 7 xal yığdıq. Sahilin budəfəki çıxışında gərginlik yox idi. O, ümidləri doğrultdu. 
- “Muğan” üzərində qazanılan qələbədən sonra “Qarabağ” çempionatın vahid liderinə çevrildi. Necə düşünürsən, liderliyi sonadək qorumaq mümkün olacaq?
- Düzdür, dünənki qələbə sayəsində birinciliyi ələ keçirdik. Buna görə hamımız çox sevinirik. Lakin mən deyərdim ki, əsas mübarizə bundan sonra başlayır. Liderlik bizim məsuliyyətimizi daha da artırdı. Zirvədəki yerimizi qorumaq çətin olacaq. Amma biz əlimizdən gələni edəcəyik ki, çempionatın sonunda elə zirvədə məhz “Qarabağ” qərarlaşsın.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi