Millimizin baş məşqçisi: “Nə qədər məğlub olsaq da, əvvəlki nəticələri unutmalıyıq”

Millimizin baş məşqçisi: “Nə qədər məğlub olsaq da, əvvəlki nəticələri unutmalıyıq”
MÜSAHİBƏ 17 Noyabr 2009 / 15:54 2838
-  A +

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Bernhard Lippertin müsahibəsi

 

- Əvvəlcə, komandadakı son vəziyyətlə bağlı məlumat verməyinizi istərdik...
- Şotlandiya millisinə böyükhesablı məğlubiyyətdən sonra əsas işimiz futbolçuları psixoloji cəhətdən hazırlamaqdır. Bir-iki məşqlə oyunçularda böyük dəyişikliklər edə bilmərik. Ancaq futbolçuları Avstriya ilə oyuna psixoloji cəhətdən yaxşı hazırlaşdırmağa çalışırıq ki, oyuna bədbin halda çıxmasınlar. Bunun üçün məşqçilər korpusu həm fərdi, həm də kollektiv şəkildə futbolçularla görüşüb söhbətlər edir, oyuna kökləməyə çalışır. İstəyirik ki, oyunçular üzərlərinə düşən məsuliyyəti dərk etsinlər.
- Əsas işinizin futbolçuları psixoloji cəhətdən hazırlamaq olduğunu dediniz. Sizcə, futbolçular ruh düşkünlüyünü üzərlərindən ata biliblərmi? Yəni gördüyünüz işin nəticə verdiyini müşahidə edirsinizmi?
- Məsələ bundadır ki, futbolçularımızın əksəriyyəti öz klublarında aparıcı qüvvə deyillər. Dediyim kimi, əsas işimiz uşaqları psixoloji cəhətdən hazırlamaqdır. Nə qədər məğlub olsaq da, əvvəlki nəticələri unutmalarını və hansısa epizodlarda nisbətən üstünlükləri varsa, onları yada salmalarının lazım olduğunu deyirik. Məyusluğu üzərlərindən atdıqları halda meydanda bizim istədiyimiz oyunu, arzuladığımız nəticəni göstərə biləcəklərini bildiririk.
- Şotlandiya millisi ilə oyunda komandanın bir neçə aparıcı üzvü zədə ucbatından forma geyinə bilmədi. Avtsriya oyunu ərəfəsində heyətdə nə kimi problemlər var?
- Təəssüflər olsun ki, eyni problemlər yenə də qalır. Əfran İsmayılovun zədəsini bərpa edib bizə kömək etməsini gözləyirdik. Ancaq hələ ki yüz faiz hazır deyil. Ondan başqa, Mirhüseyn Seyidov da zədəlidir, böyük ehtimalla Avtsriya millisi ilə oyunda bizə kömək edə bilməyəcək. Bir sözlə, yaradıcı futbol oynamaq baxımından çox çatışmazlıqların olduğunu deməliyəm. Sevindirici hal odur ki, “Bavariya”da hazırlıq keçən Tərlan Quliyev düşərgəmizə qatılıb. Zənnimcə, müdafiə xəttimizə çox kömək edəcək. Ancaq Tərlanın dərdimizə dərman olduğunu da deyə bilmərəm. Çünki 19 yaşı var. Nəzərə almaq lazımdır ki, Tərlan özündən iki yaş böyük futbolçulara qarşı  oynamalıdırlar. Ola bilsin ki, biz istədiyimiz oyunu nümayiş etdirə bilməsin.
- Şotlandiya millisi ilə oyunda futbolçuların fiziki cəhətdən istənilən formada olmadığı ortaya çıxdı. Bu barədə nə deyə bilərsiniz?
- Oyunun 70-ci dəqiqəsindən sonra uşaqların, belə demək mümkünsə, gücləri tükəndi. Ancaq buna görə futbolçulara irad tuta bilmirəm. Çünki bu uşaqlar öz klublarında oynamağı, 90 dəqiqə mübarizə aparmağı, yüksək təzyiq altında oyundan qopmamağı vərdiş etməlidirlər. Ancaq təəssüf ki, buna vərdiş etməyiblər. Son 5 gündə iki ağır oyun keçirməlidirlər. Bizim üçün asan olmayacaq. Oyunun çətin keçəcəyini bilirik. Təbii ki, heyətdə müəyyən dəyişikliklər olacaq.
- Millimiz Avstriya ilə evdə keçirdiyi oyunda hesabda 1:0 irəlidə olarkən son dəqiqələrdə buraxılan kobud səhvə görə məğlub oldu. Həmin oyunu izləməsinizmi? Ümumiyyətlə, rəqib haqda məlumatınız varmı?
- Bəli, həmin oyunu izləmişəm. Ancaq bu görüş o oyundan tam fərqli olacaq. Birincisi, avstriyalılar ötən oyunda olduğu kimi bizi qeyri-ciddi rəqib kimi qəbul etməyəcəklər. İkincisi, o oyunla müqayisədə, heyətdə xeyli dəyişikliklər olub. Rəqib haqda onu deyə bilərəm ki, texnikalı futbolçulara malikdir. Əsasən qısa ötürmələrdən istifadə edirlər. Cinahlardan çox yaxşı oyun qururlar.

Mənbə: affa.az

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır