“Qarabağ”la mübarizəyə gücümüz çatmaz” – Aftandil Hacıyev

“Qarabağ”la mübarizəyə gücümüz çatmaz” – <b style="color:red">Aftandil Hacıyev</b>
MÜSAHİBƏ 28 Sentyabr 2019 / 10:00 2969
-  A +

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Qol.az saytına müsahibə verib. O, komandanın hazırkı durumu və digər mövzulara toxunub.

- Beş oyundan sonra turnir cədvəlində 2-ci pillədəsiniz. Mövsümün əvvəlindən belə bir başlanğıc gözləyirdinizmi?

- Hələ mövsümün əvvəlidir. 5 tur keçib. Bu, o demək deyil ki, biz 2-ci pillədə uzun müddət qalacağıq. Turnir cədvəlində hazırda sıxlıq var. Komandalar hələ ki, istədikləri oyunu tapmasalar da, qəbul etmək lazımdır ki, bütün klubların transfer siyasəti bizdən daha yaxşı alınıb. Çünki bizdə bu mövzuda problemlər oldu. Çempionatda hazırda hər komanda yuxarı pillələrə qalxmağa qadirdir. Buna görə məsuliyyətimiz artır və çalışırıq ki, bütün oyunlara maksimum nəticə üçün çıxaq.

- “Qarabağ” 5 oyunda (söhbət dünən keçirilən 6-cı turun “Qarabağ” – “Sumqayıt” matçından (2:0) əvvəl olub – red.) maksimum nəticə əldə edib və vahid liderdir. Əsas rəqibi olan “Neftçi” ilə arasında 10 xal fərq var. Çempionatda intriqanın öldüyü, yenə Ağdam klubunun çempion olacağı fikirləri haqda nə düşünürsünüz?

- Əlbəttə, 10 xal böyük fərqdir. Ancaq nəzərə alaq ki, “Qarabağ”ı hələ “Neftçi” ilə qarşıda 3 oyun gözləyir və bu da 9 xal deməkdir. “Qarabağ”la heyətinin səviyyəsinə görə  sona qədər rəqabət aparacaq bir komanda varsa, bu da “Neftçi”dir. Toparlana bilsə, hələ qarşıda çox oyunlar var. Daha dəqiq desək, 23 tur qalıb. Bu da kifayət qədər xal deməkdir. “Neftçi” özünə gələ bilsə, qışdan sonra “Qarabağ”la maraqlı çempionluq mübarizəsinə qoşula bilər. Yəni indidən intriqanın öldüyünü demək çətindir.

- Hazırda liderlə aranızda 5 xal (“Qarabağ”ı dünənki oyunundan sonra 8 – red.) fərq var . Üçüncü turda “Qarabağ”a 0:4 hesabı ilə məğlub oldunuz. Bu onu göstərirmi ki, turnir cədvəlində birinci yerlə ikinci yerdə olan komandalar arasında böyük bir səviyyə fərqi, uçurum var? “Səbail” üçün “Qarabağ”a çatmaq əlçatmazdır?

- Əlbəttə, fərq var. “Səbail”in builki heyəti ilə keçən ilki heyətini müqayisə etsək, böyük bir fərq olduğunu görərik. 12 futbolçu komandanı tərk edib. Amma əvəzinə çox az sayda oyunçu transfer etdik. Həm də strategiyamızı dəyişdik – daha çox yerli futbolçulara şans verib, onları üzə çıxarmağa başladıq. Bu baxımdan, bizim “Qarabağ”la çempionluq mübarizəsini sona qədər aparmağımız çətin olar. Real danışsaq, bizim buna gücümüz çatmaz. Çalışırıq ki, əlimizdən gələni edək. Hər həftə nəticələrimizi yaxşılaşdıra bilsək, hər şey mümkündür. Ancaq qeyd etdiyim kimi, bu gün bizim geniş heyətimiz yoxdur. Amma yenə də əlçatmaz demək istəməzdim. “Səbail” bu gün çempion da ola bilər. Bu, mümkündür. Ancaq əsas rəqabət “Neftçi” ilə “Qarabağ” arasında olacağı görünür.

- Komandada hazırda ümumi vəziyyət, əhval-ruhiyyə necədir? Çünki maaşların gecikdirilməsi ilə bağlı söhbətlər var idi. Bu, sizin özünüzə və futbolçulara nə dərəcədə təsir edir?

- Qarşıdakı oyunlara hazırlaşırıq. Hazırda ciddi bir problemimiz yoxdur.  Sadəcə, mükafatlandırma sistemində bir qədər gecikdirmələr var. Ona da səbr etməliyik. Rəhbərlik də çalışır ki, gecikmələr çox olmasın.

- Mükafat verilmir?

- Xeyr. Hazırda ödənmir. Çünki büdcədə çətinlik var. Yəqin ki, UEFA-dan gələn vəsaitlə bunun öhdəsindən gəlməli olacağıq. Rəhbərlik tərəfindən söz verilib ki, UEFA-dan gələn pul hesabımıza köçdükdən sonra mükafatlar veriləcək.

- Sizin həmkarlarınız Qurban Qurbanov və  Samir Abasov 21 yaş limiti məsələsindən narahatlıqlarını bildirib. Bu limit məsələsinin sizin özünüzə hər hansı bir çətinliyi olurmu?

- Ümumiyyətlə, 19, 20, 21 yaşında cavan futbolçuların Premyer Liqada start heyətdə meydana çıxması onlar üçün yaxşıdır. Ancaq klub məşqçilərin üçün bu, böyük bir problemdir. Daha sürətli, keyfiyyətli oyun izləmək istəyiriksə, limit buna çətinlik törədir. Amma bizim üçün hazırda ciddi bir problem deyil. Onsuz da bizdə daha çox gənc və yerli futbolçulara şərait yaradılır. Daha çox legionerləri çox olan “Qarabağ” və “Zirə” üçün ciddi problem yarada bilər.

- Növbəti turda  “Sabah”la qarşılaşacaqsınız. Bu tur komandanı  İqor Ponomaryov meydana çıxaracaq.  Rəqib məşqçidən nə gözləyirsiniz?

- Bizi çox çətin bir səfər oyunu gözləyir. Hələ ki, qalibiyyət üzü görməyən bir komandayla qarşılaşacağıq. Qarşımızda yeni bir məşqçi, yeni bir “Sabah” görəcəyik. Ponomaryov təcrübəli məşqçilərimizdən sayılır. Bilirik ki, oyuna ciddi hazırlaşacaqlar. Biz də tam məsuliyyətlə qarşıdakı oyunlara hazırlaşırıq və istəyirik ki, ən azından meydandan məğlub ayrılmayaq.

- Komandada hər hansı itki varmı? Aleksandr Rıbkanın durumu necədir?

- Rıbka dünəndən (srağagündən – red.) komandayla məşqlərə başlayıb. Həm fərdi, həm də bəzən komanda ilə məşqdə iştirak edir. Çox güman ki, bir ay belə davam edəcək. Həkimlərin rəyindən sonra durumuna baxıb, qərar verəcəyik. Fəhmin Muradbəylidə mikrozədə var. Onun da oynayıb- oynamayacağı bəlli deyil. “Sabah”la oyun gününə kimi dəqiq qərar veriləcək.

Məftun RƏSULZADƏ

 

Daha çox


Son xəbərlər