“Sumqayıt”ın düşdüyü vəziyyətə görə beynimi yormuram” – Samir Abasov

“Sumqayıt”ın düşdüyü vəziyyətə görə beynimi yormuram” – Samir Abasov
MÜSAHİBƏ 20 Fevral 2019 / 17:30 2924
-  A +

“Zirə”nin baş məşqçisi Samir Abasov Qol.az-a müsahibə verib. Komandasının fasilədən sonrakı çıxışını dəyərləndirən mütəxəssis bu tur sabiq klubu “Sumqayıt”la keçirəcəkləri çempionat oyunundan danışıb.

- “Zirə” son iki turda uduzmayıb. Ötən tur “Neftçi”ylə evdəki heç-heçədən sonra komandada əhval-ruhiyyə necədir?

- Ab-hava pis deyil, yaxşıdır. “Sumqayıt”la oyuna hazırlaşırıq. Son 2 oyunda 4 xal qazanmağımıza baxmayaraq, turnir cədvəlində sonuncu – 8-ci yerdəyik. Amma son oyunlarda uduzmamağımız komandaya motivasiya verir. Bizi bu tur çox çətin səfər matçı gözləyir. Hər şey öz qaydasındadır.

- Lider “Neftçi” fasilədən öncə olduğu kimi, sonra da “Zirə”ni məğlub edə bilmədi. Bunun sirri nədədir?

- Burda hər hansı sirr yoxdur. Məsələyə digər tərəfdən baxsaq, “Zirə” yenə “Neftçi”ni uda bilmədi. Adi çempionat oyunu idi. Hazırlaşdıq, oynadıq, vəssalam. Uda da bilərdik, uduza da. “Neftçi”yə qarşı heç bir xüsusi motivasiyamız yoxdur. Onlar da bizim üçün digər komandalardan biridir.

- Bu tur səfərdə “Sumqayıt”la oynayacaqsınız. Ayxan Abbasovun komandası qış fasiləsindən sonra keçirdiyi bütün oyunlarda uduzub. Bunun nəticəsi olaraq da hazırda 7-ci pillədədir. Əvvəlcə bilmək istərdim, sabiq klubunuzun bu cür uğursuz çıxışı sizə necə təsir edir?

- Açığı, indi “Sumqayıt” haqda düşünməyə vaxtım yoxdur. Heç buna görə beynimi də yormuram. Çünki bu gün məni “Sumqayıt”la bağlayan yalnız şəhərdir. Ora yaşadığım yerdir. Düzdür, “Sumqayıt” digər rəqiblərlə oynayarkən azarkeşlik etdiyim komandadır. Amma onların düşdüyü duruma görə nə isə fikirləşim, belə şey yoxdur. “Zirə” ilə oyunları çıxmaq şərtilə, digər matçlarda “Sumqayıt”ın azarkeşiyəm. Onların udmağını istəyirəm. Əfsuslar olsun ki, onlar da xal itirir.

- Bu oyundan nə gözləyirsiniz?

- Onlar da qələbə qazanmaq istəyirlər, biz də. Hər iki komandanı çətin oyun gözləyir. “Sumqayıt” son oyunlarda uduzsa da, heyətində tanıdığım yaxşı uşaqlar var. Məşqçiləri də yaxşıdır. Qara zolağa düşüblər. Ümid edirəm ki, oradan çıxarlar.

- Komandanız “Sumqayıt”a qalib gəlsə, sonuncu pillədən xilas olacaq. Bu amil də futbolçulara, sizə əlavə motivasiya verirmi?

- Yenə deyirəm, uduzmadığımız hər bir oyun bizi motivasiya edir. Allah eləməsin, lap bu oyunda məğlub olsaq belə, sonuncu pillədə qalmaq fikrimiz yoxdur. Qarşıda hələ 11 tur var, hər şey dəyişə bilər. Hər oyuna sonuncu matç kimi çıxmaq niyyətindəyik.

- “Zirə” ölkə kubokunun yarımfinalındadır. Avrokuboklar uğrunda mübarizə apardığınızı nəzərə alsaq, kuboka görə çempionatı hardasa ikinci plana atacağınızı gözləmək olarmı?

- Düz vurğuladınız ki, hədəfimiz avrokuboklardır. Ancaq kuboka görə çempionatı qurban vermək fikrimiz yoxdur. Həftəsonu “Sumqayıt”la keçirəcəyimiz çempionat oyunu necə çətin keçəcəksə, kubok matçı axırıncı şans kimi bundan da ağır olacaq. Kubok oyunlarına kimi əsas hədəfimiz son pillədən xilas olmaqdır.

- Qış fasiləsində transfer olunan əcnəbi futbolçular - Mfo Kqasvane, İsmail Fofana, Xulio Sezar Rodriqez və Robin Nqalande etimadınızı doğruldurmu? Məsələn, son oyunda Kqasvane meydanda nə etdiyini özü də bilmirdi…

- Hər biri yaxşı futbolçudur, hamısından razıyam. Sadəcə, toplanışa gec qoşulmaları planlarımıza mənfi təsir etdi. O ki qaldı həmin futbolçuların keyfiyyətinə, səviyyəsinə, buna şübhəmiz yox idi. Bura gələndən sonra öz oyunları ilə bunu təsdiqlədilər. Hamısını bəyənirik. Yeni transferlərə vaxt lazımdır. Bunu bizdən başqa başa düşən çətin tapılar. “Neftçi” ilə oyunda Mfonu start heyətində meydana buraxmışdıq. Çox yaxşı futbolçudur, özüm də bəyənirəm. Öz bacarığını, məşqdə etdiklərini oyunda göstərə bilmədi. Bu da normaldır. Çünki ilk dəfədir legioner həyatı yaşayır, fərqli ölkədə çıxış edir. Bunların hamısın onun oyununa təsir göstərəcəyini güman etmişdik. Amma yenə deyirəm. hamısı yaxşı futbolçudur.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər