Landskrunada "qətl"

Landskrunada  "qətl"
YAZARLAR 13 Oktyabr 2018 / 11:00 4084
-  A +

Mən bu yazını düz 20 il əvvəl yazıb çap etdirmişəm. Bugünlə-- yığmamızın 3:0             hesablı qələbəsi ilə yaman səsləşir... Oxumayanlar olduğunu  nəzərə alıb yenidən yayımlanmasını istədim...
                                                                 
Şakir YAQUBOV

LANDSKRUNADA  “QƏTL”

Dünya futbolunda qəribə hadisələr, hesablar çox olub. 1959-cu il üçün “Pioner təqvimi”ndə oxumuşdum ki, deyəsən, 1912-ci ildə Ərəbistan yarımadasındakı şəhərlərin birində keçirilən futbol matçı...  220:0 (!!!) hesabı ilə başa çatıb. Qalib tərəf  bu şəhərdəki Böyük Britaniya missiyasının təmsilçiləri, yekun nəticəsinin ağlasığmazlığını təsəvvür edə bilməyən məğlublar isə yerli ərəblər olub. “Pioner təqvimi”nin yozumunca, matçın belə  qeyri-adi hesabla başa çatmasının bir səbəbi olub: məğlublar ilk dəfə futbol  oynayırmış.

1997-ci il iyunun 2-də İran milli yığma komandası Maldiv adaları milli seçmə kollektivinə 17:0 hesabı ilə qalib gəldi və 23 yaşlı Kərim Bağeri bu oyunda 7 top vurdu.

Bunun Maldiv futbolçuları üçün neçənci matç olduğunu deyə bilmərəm. Dəqiq olanı isə odur ki, bu, dünya çempionatının seçmə yarışları çərçivəsində keçirilən rəsmi oyun idi – bu səviyyəli yarışların bütün tarixi ərzində ən böyük hesabla bitən və bir futbolçunun bu qədər çox qol vurduğu matç.
1990-cı il sentyabrın 12-də İsveçin Landskruna şəhərində də bir oyun keçirilib. O da rəsmi oyun olub və futbol üçün  çox adi sayılan hesabla – 1:0 hesabıyla tamamlanıb. Lakin həmin matç da futbol tarixinə qeyri-adi matç kimi daxil olub. “Niyə”liyini bu yazının sonunda biləcəksiniz...
                                                               ***
... Baş məşqçi Pall Qudlaqssonun 32 yaşı təzəcə tamam olmuşdu, yeniyetmə çağlarında iş tapmaq həvəsi ilə İslandiyadan köçüb bu yerlərə gəlmiş və Esturey adasında məskən salmışdı, özü də düz... 16 il idi ki, məşqçiliklə məşğul idi: günün çox hissəsi özünün idman ləvazimatları mağazasında, adi satıcı-müdirlikdə keçsə də, ara-sıra uşaqlardan və yaşlılardan ibarət komandalara “futbol dərsi keçməyə” də vaxt tapırdı.

23 yaşlı qapıçı Yens-Martin Knudsen sürücü idi: eniylə-uzununu, uzağı, bir saata əldən salmaq mümkün olan adada ən müxtəlif yüklər daşımaqla gündəlik çörəkpulunu  çıxarırdı.
Sol kənar müdafiəçisi Yohannes Yakobsenin 29 yaşı vardı,  diş həkimiydi,  amma həmyerliləri onu istedadlı musiqiçi və bəstəkar kimi tanıyırdılar, mataha dönmüş şlyagerlər diskini yenicə buraxdırmışdı.
Mərkəz müdafiəçisi mövqeyində oynayan 24 yaşlı Tommas-Eli Hansen adicə elektrikdi, bələdiyyə idarəsində işləyirdi.

Onunla eyni mövqedə çıxış edən Miççyal Danielsen 30 yaşındaydı,  avtomobil təmiri emalatxanasında mexaniklik edirdi.

Sağ kənar müdafiəçisi Yulian Hansenin 27 yaşı vardı, ibtidai sinif  müəllimi idi.
Yarımmüdafiəçilərdən ən cavanı – 18 yaşlı Allan Merkere satıcı, ən yaşlısı – Abram Hansen balıq emalı şirkətində qulluqçu idi.

Orta sahədə oynayan üçüncü futbolçunun – Yan Dammın 22 yaşı vardı, universitetin iqtisadiyyat fakültəsində oxuyurdu.

İndiki dillə  desək, “yarımhücumçu” mövqeyində çıxış edən 26 yaşlı Torkil Nilsen isə taxta-şalban ixracı üzrə  firmada işləyirdi, rəsmən ekspeditor olsa  da, yeri gələndə yükvuranı da əvəz edirdi. Futboldan savayı, idmanın daha üç növü  üzrə yarışlarda qüvvəsini sınayırdı, lakin ən yüksək uğurlara şahmatda nail olmuşdu – dəfələrlə adalar çempionu adını qazanmışdı.

Hücumda Kari Reynaym oynayırdı: onun 26 yaşı vardı, ixtisasca elektrik idi.

Nəhayət, universal  “11 nömrə” – 21 yaşlı  Kurt Merkere – Allanın böyük qardaşı --  21 yaşındaydı, çörəkçi idi.

Yulian Hansendən və Yan Dammdan savayı, onların hamısı ot örtüyünə malik  bircə stadionu da olmayan (?!) adaların maydan oktyabra qədər çəkən milli çempionatında çıxış edirdi; Kopenhagendə müəllimlik edən Hansen Danimarka çempionatında, həvəskarlar liqasının “Stenleze” komandasında oynayırdı, tələbə Dammın, ümumiyyətlə, futbola heç bir dəxli yoxdu. Peşəkar futbolun nə demək olduğunu isə indi balıqçı işləyən Abram Hansen bilirdi – özü demişkən, cavanlığında bir müddət Danimarkanın “Odense” klubunun heyətində çıxış  eləmişdi.

Sentyabrın 10-da Pall Qudlaqsson onları Streymoy adasına çağırıb milli futbol assosiasiyasının fərdi dəvətnamələrini təqdim eləmişdi: hər birinin əsas iş yerində haqqı assosiasiya tərəfindən ödənilməklə, üç günlüyə İsveçin Landskruna  şəhərinə ezam olunurlar. Bərə ilə Streymoydan qonşuluqdakı Vaqar adasına, oradan isə yük təyyarəsi ilə Landskrunaya.

İzahsız da hamıya aydın idi: “ezamiyyət” onlar üçün futbol oynamaq deməkdi. Knudsen, Danielsen, Nilsen, A.Hansen, A.Reynaym və K. Merkere 5-ci dəfə, Yakobsen 4-cü dəfə, T.-E. Hansen 3-cü dəfə, Damm 2-ci dəfə, A,Merkere isə ilk dəfə milli yığma komandanın heyətində meydana çıxacaqdılar. Axırıncı dəfə milli yığma komanda düz 17 ay əvvəl –kanadalılara qarşı oyunlar ərəfəsində yığışmışdı. Ondan əvvəl – 1988-ci ildə islandlara iki dəfə, hər dəfə də şərəfli 0:1 hesabı ilə məğlub olan oğullar kanadalılarla sensasiyalı bərabərlik qazanmışdılar – 1:0 və 0:1.

Bu da beşinci oyun. Əhəmiyyətinə , sanbalına görə ilk dörd matçla heç cür müqayisə edilə bilməyən oyun. Onların İLK rəsmi matçı. Bu oyunla onların adı dünya futbolu salnaməsinə düşürdü.
Rəqib Avstriyanın milli  yığma komandası idi. Heyətində Anton Polster, Gerhard Podaks, Andreas Hersoq, Mixael Konsel, Peter Pakult kimi Avropa miqyaslı “ulduzlar” oynayan komanda!
Hesabı öncədən Avstriyanın “qol maşını” Toni Polster söyləmişdi: “10:0! Çox ola bilər, az olmaz!”
Oyunun ilk beş dəqiqəsi ərzində əsas hadisələr meydanın mərkəzində cərəyan elədi – rəqib “kəşfiyyat” aparırdı, onlarsa qapılarına doğru gedən bənd-bərəni bağlamaqla məşğul olurdular.

7-ci dəqiqədə Kurt Merkere Pettslın ayaqları altından topu vurub çıxarmağa cəhd göstərərkən qaydanı pozdu və norveçli hakim Nervik gözünü qırpmadan “sarı vərəqə” üçün əlini döş cibinə atdı.

9-cu dəqiqədə qapılara tərəf ilk zərbə endirildi: cərimə meydançası xəttinin üstündən Polsterin vurduğu top qapıdan xeyli aralı  keçdi.

18-ci dəqiqədə A.Merkere sağ cinahdan topu T.Nilsenə verdi, o isə yaxın məsafədən qapını nişan almaq əvəzinə, topu yan tərəfdən “tora sancdı”.

24-cü dəqiqədə  Knudsen Rayzingerin 20 metrlik məsafədən vurduğu və qapının aşağı küncünə uçan topu tutdu.

27-ci dəqiqədə Hartmannın səhvindən istifadə edib topu ələ keçirən K.Merkere qapıçı Konsellə  təkbətək çıxa bilərdi, lakin sürətinin yüksək olmaması buna imkan vermədi.

30-cu dəqiqədə Russun yaxın məsafədən baş zərbəsiylə vurduğu top Knudsenə dəyib qapı xəttindən kənara çıxdı.

37-ci dəqiqədə Rayzinger sərrast zərbə endirmək fürsətini əldən buraxdı: zərbə anında top onun ayağından sivişdi.

43-cü dəqiqədə Yulian Hansenin uzaq məsafədən endirdiyi zərbə dəqiq olmadı.

45-ci dəqiqədə K.Merkere Koncelə qarşı kobud oynadığı üçün “sarı vərəqə” qazandı. Birinci hissənin son saniyələrində isə Knudsen Pettslın zərbəsini dəf edə bildi.

Birinci hissə, ümumiyyətlə, darıxdırıcı keçdi: süst görünən avstriyalılar yeknəsəq şəkildə hücum edir, rəqibləri isə çətinlik çəkmədən bu hücumların qarşısını alırdılar.

İkinci hissədə, təbii ki, belə oynamaq olmazdı. Necə deyərlər, ya üzmək, ya da düzmək lazımdı.

47-ci dəqiqədə Andreas Hersoqun qapının uzaq küncünə yönəltdiyi topa hamıdan tez Polster yetişdi və Knudsenlə Yulian Hansenin bu yüzfaizli qol vəziyyətini də aradan qaldırması hücum edən tərəfi ayıltmadı.

52-ci dəqiqədə T.Nilsen K.Merkereni sol cinahdan qapıya doğru çıxardı, lakin top sonuncunun ayaqlarına dolaşaraq qapı xəttindən çıxdı.

56-57-ci dəqiqələrdə avstriyalıların yaxın məsafələrdən  endirdikləri zərbələri müdafiəçilər hokkeyçisayağı dəf etdilər.

58-ci dəqiqədə T.Nilsen qapıçı ilə  üz-üzə qalanda özünü yetirən Ştrayter arxadan onu “biçdi”, hakim isə avstriyalıya “sarı vərəqə” göstərməklə kifayətləndi.

61-ci dəqiqədə Russun boş qapıya doğru zərbəsindən sonra top yan dirəyin bir neçə santimetrliyindən ötüb keçdi.

62-ci dəqiqədə T.Nilsen yan xəttin yaxınlığında topu Hartmanndan alıb sürətlə cərimə meydançasına daxil oldu. Petsslın arxadan onu haqladığını hiss edib yerlə Konseldən sağa zərbə endirdi. Top düzgün mövqe seçməyən qapıçının barmaqlarının ucunu yalayıb qapı xəttini keçdi. Bir anlığa yerində donub qalan Nilsen   nə baş verdiyini anlayıb elə rəqibin cərimə meydançasında mayallaq aşdı.

Hakimin on bir nəfərlik oyunçu qalağını dağıdıb oyuna təzədən başlamaq üçün işarə verməsinə bir dəqiqədən çox vaxt getdi.

Avstriyalıların baş  məşqçisi dərhal ikiqat əvəzləmə elədi: Hersoqla Rayzingerin  yerinə meydançaya Herald Filfurtla təcrübəli qolçu Peter Pakultu buraxdı.

66-cı dəqiqədə Polster “sürüşmə” fəndi ilə (“podkat”la) topu Knudsenin altından tora itələməyə çalışdı, lakin son anda müdafiəçilərdən biri zərbənin qarşısını aldı...

Sonrası tragikomediya məqamlarına bənzəyir:

84-cü dəqiqə. Knudsen... cərimə meydançasının önündə topu Polsterdən alıb... gözlərinin üstünə düşmüş idmançı papağını düzəldir və sonra uzun ötürmə ilə topu  meydanın rəqibə aid olan hissəsinə  vurur;

85-ci dəqiqə. Polster rəqibin cərimə  meydançasında müdafiəçini itələyir, sonra da zərərçəkmiş görkəmində tir-tap yerə döşənir. Hakim tərs-tərs onu süzür və... heyrətdən gözləri bərəlmiş Toni şaqqanaq çəkib gülməyə başlaylr;

86-cı dəqiqə. Torkil  Nilsen topu meydanın özlərinə aid olan hissəsində yoldaşından qəbul edib rəqib qapısınadək məsafəni birnəfəsə qət edir və Konsellə təkbətək qalanda topu düz onun üstünə vurur.

90 dəqiqə bitir. Lakin hakim daha 90 saniyə əlavə vaxt verir. Amma bunun da xeyri olmur – sarsılmış avstriyalılar heç cür vəziyyəti düzəldə bilmirlər.

İsveç vaxtı ilə saat 21.47-də norveçli hakim Nervik matçın bitdiyini xəbər verən fitini çalır. Daha üç dəqiqə sonra dövlət müstəqilliyindən savayı hər cür zəruri atributlara – özünün gerbinə, himninə, bayrağına, parlamentinə, hökumətinə və təbii ki, paytaxtına malik adalar ölkəsinin cəmi 48 min nəfərlik əhalisi küçələrə çıxır. Landskruna şəhər stadionuna toplaşmış 1.260 tamaşaçının təxminən 95 faizi də onların soydaşıdır və həmin dəqiqələrdə bu 95 faizin keçirdiyi hissin bircə adı var: onlar dünya futbolunun təxminən 125 illik tarixinin bənzərsiz məqamlarından  birinin birbaşa şahidləriydi – yüzlərlə kilometr uzaqda, bir-birindən bərə fiti məsafəsindən də aralıda yerləşən adalardakı qohum-əqrəbalarından fərqli olaraq, Pall Qudlaqssonu və onunla birlikdə bu tarixi qələbəyə imza atanları stadionun özündəcə təbrik etmək imkanına malik adamlardı.

...Üç gün sonra – Avstriya Futbol İttifaqı milli yığma komandanın baş məşqçisi Yozef Hikkersbergeri istefaya göndərəndə də adalarda futbol atəşfəşanlığı kəsilməmişdi.

Ümumiyyətlə, şənliklər düz bir həftə çəkdi və bütün bu şadyanalığın aidiyyəti olmadığı bircə nəfər vardısa, o da “əfsanəvi 7 nömrə”nin – Avstriya milli yığma komandasının qapısına qələbə topunu vurmuş Torkil Nilsenin qızıydı.

Qızcığaz bu tarixi qələbədən cəmi... dörd gün əvvəl dünyaya gəlmişdi.

Həmin vaxtadək 6 dəfə dünya çempionatları final mərhələsinin iştirakçısı olmuş, 1954-cü il dünya birinciliyində yarımfinalda oynamış avstriyalıları məğlubiyyətə uğradan... Farer adaları milli yığma komandası idi.

Bu matç isə 1992-ci il Avropa çempionatının seçmə matçıydı...
                                                      ***

Paytaxtı Streymoy adasındakı Torshavn şəhəri olan Farer adaları orta əsrlərdən bəri Danimarka Krallığının himayəsindədir; 1948-ci ildən daxili muxtariyyətə malikdir: müdafiə, ədliyyə, polis, ümumi valyuta və xarici siyasətdən savayı bütün dövlət məsələlərini müstəqil həll edir.
Adalarda  ilk futbol komandası 1892-ci ildə, milli federasiya isə 50 il  əvvəl yaradılmışdır. Farer adaları Futbol Assosiasiyası 1988-ci ildən FİFA-nın üzvüdür. Milli yığma komanda 1992-ci və 1996-cı illərin qitə birinciliklərinin, 1994-cü və 1998-ci illərin dünya çempionatlarının seçmə yarışlarında iştirak etmişdir. Dünya birincilikləri çərçivəsində 20 oyun keçirib, 2 oyunda (1997-ci ildə maltalılara qarşı oyunlarda, 2:1 hesabı  ilə) qalib gəlib və 18 görüşdə məğlub olub; topların fərqi 11:69-dur. Avropa çempionatlarında (2000-ci il qitə birinciliyinin seçmə yarışları da daxil olmaqla) nəticələri belədir: 23 oyunda 3 qələbə (Avstriya  – 1:0; San-Marino – 3:0 və 3:1), 2 heç-heçə və 18 məğlubiyyət; topların fərqi – 13-70. 

Cəmi 43 oyunda 5 qələbə, 2 heç-heçə və 36 məğlubiyyət; topların fərqi – 24-139.

FİFA-nın sonuncu reytinq cədvəlində Farer adalarının yığma komandası 121-ci yerdədir, UEFA-nın klub reytinqində isə farerlilər 2,500 xalla 50 ölkə arasında 44-cü yeri tuturlar.

Şakir YAQUBOV, “Panorama” qəzeti, 17 noyabr 1998-ci il

P.S. 1996-cı il fevralın 27-də Larnakada (Kipr) Farer adalarının milli yığma komandası Azərbaycanın milli seçmə kollektivi ilə beynəlxalq yoldaşlıq matçı keçirmişdir. Oyun 3:0 hesabı ilə Azərbaycan futbolçularının xeyrinə qurtarmışdır. Topları Vyaçeslav Lıçkin (10-cu dəq.), Yunis Hüseynov (23-cü dəq., penalti ilə) və Qurban Qurbanov (30-cu dəq.) vurmuşlar...

Daha çox

28.09.23

Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi