"Zirə" mənə uyğun komanda deyildi" - Elşən Abdullayev

"Zirə" mənə uyğun komanda deyildi" - Elşən Abdullayev
MÜSAHİBƏ 4 İyun 2018 / 13:29 5938
-  A +

"Qarabağ"ın yarımmüdafiəçisi Elşən Abdullayev Qol.az-a müsahibə verib. "Zirə" ilə icarə müqaviləsi başa çatdığı üçün Ağdam klubuna qayıdan futbolçu gələcək planlarından danışıb.

- Artıq "Qarabağ"a qayıtmısan. Bu komandada qalmağı düşünürsən, yoxsa?..

- Müqavilə ilə "Qarabağ"a məxsusam və hazırda da bu komandadayam. Ancaq hələlik qalıb-getmək barədə heç bir söhbət yoxdur. İlk növbədə daimi oynamaq istəyirəm. Yəqin ki, Qurban Qurbanovla söhbətimiz olacaq. Həmin söhbətdə bütün məsələlərə aydınlıq gələcək. Müəyyən qədər vaxt lazımdır.

- "Qarabağ"da heç vaxt əsas heyət üzvü olmamısan. Bundan sonra nəyinsə dəyişəcəyinə inanırsan?

- Hər bir futbolçu "Qarabağ"da oynamaq, burada yerini möhkəmlətmək istəyər. Eləcə də mən. Amma hər şey qismətə bağlıdır. Qurban müəllimlə danışacağam. Nə məsləhətdirsə, o da olacaq. Amma yenə deyirəm, "Qarabağ"da əsas heyətdə oynamaq istəyərəm.

- 5 aylıq "Zirə" karyeranı necə dəyərləndirirsən?

- Mənim üçün "Zirə"də keçirdiyim müddət uğursuz alındı. Səbəbi də odur ki, "Zirə" mənə uyğun komanda deyildi. Gedəndən sonra başa düşdüm ki, komandanın oynadığı futbol mənim üslubuma uyğun gəlmir. "Zirə"yə daim oynayıb praktika qazanmaq və yenidən "Qarabağ"ın əsas heyətinə qayıtmaq məqsədilə getmişdim. Amma alınmadı. Ruhdan düşmək lazım deyil. Qabağa baxmalıyam.

- Bəlkə sən "Zirə"nin oyun üslubuna uyğun gəlmədiyin üçün ehtiyatda qaldın?

- Ola bilər, ikimiz də bir-birimizə uyğun deyildik (gülür). Həm onlar mənə, həm də mən onlara.

- "Neftçi"də oynadığın vaxtlar ölkənin ən perspektivli futbolçularından hesab olunurdun. Hətta sənə Azərbaycanın İnyestası da deyirdilər. Elə "Qarabağ"a keçidin də məhz özünü yaxşı tərəfdən göstərəndən sonra gerçəkləşdi. Ağdam klubuna gələndən sonra isə əvvəlki Elşəni görə bilmədik. "Qarabağ" variantını özün üçün hardasa yanlış seçim olaraq dəyərləndirirsənmi?

- Yox, elə düşünmürəm. Ola bilər ki, tam istədiyim oyunu göstərə bilmədim. Amma bunu heç vaxt yanlış seçim hesab etməmişəm. "Qarabağ"a keçdiyimə görə peşman deyiləm.

- Səncə, bu gün Elşən Abdullayevin üzdə olmaması kimin günahıdır?

- Birinci növbədə öz günahımdır. Digər tərəfdən, bilirsiniz də, zədə səbəbindən 1 ilə yaxın oynamadım. Bunun da rolu var. Burda başqa günahkar axtarmaq lazım deyil. İnsan birinci özünü tənqid etməlidir ki, nəticə çıxara bilsin. Zədə də mənə böyük zərbə vurdu. Amma çalışacam ki, tezliklə toparlanım.

- Yerli futbolçularda bir xasiyyət var ki, azacıq parlayan kimi ulduz xəstəliyinə tutulurlar. Necə düşünürsən, karyerandakı enişə bunun da təsiri oldumu?

- Xeyr. Çünki mən ulduz xəstəliyinə tutulan insan deyiləm. Tanıyanlar da bilirlər ki, necə futbolçuyam. Ona görə də üzərimdə çalışıb, əvvəlki günlərə qayıtmaq istəyirəm. İnanıram ki, tezliklə istədiyim formada olacam.

- "Qarabağ"da qalmaya da bilərsən. Başqa təkliflərin var?

- Əlbəttə ki, var. Bir neçə klubdan təklif almışam. Amma ad açıqlaya bilmərəm. Yəqin ki, yaxın müddətdə hər şey bəlli olacaq və siz özünüz də biləcəksiniz.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi