“Əliyar Ağayevə paxıllıq etmirəm” – Rəhim Həsənov

“Əliyar Ağayevə paxıllıq etmirəm” –  Rəhim Həsənov
MÜSAHİBƏ 31 Yanvar 2018 / 12:18 3396
-  A +

Azərbaycanın FİFA referisi Rəhim Həsənov Qol.az-a müsahibə verib. Antalyada davam edən təlim-məşq toplanışını dəyərləndirən hakim beynəlxalq oyunlara az təyinat almasının səbəblərini də açıqlayıb.

- Artıq 10 gündür Antalyada təlim-məşq toplanışı keçirirsiniz. Hazırlıqlar hansı səviyyədədir?

- Hazırlıqlar yüksək səviyyədə gedir. Səhər məşqlər, axşam oyunlardır. Gündə 2 dəfə nəzəriyyədən dərslər keçirik. Hər şey normaldır.

- Toplanış başa çatmaq üzrədir. Hakimləri mövsümün 2-ci hissəsinə hazır saymaq olarmı?

- Tam hazır olduğumuzu demək olmaz. Hardasa 90 faiz hazırıq.

- Hazırlıq prosesi çərçivəsində neçə oyun idarə etmisən?

- 5 oyun idarə etmişəm. Həmin görüşlərdə müəyyən narazılıqlar olsa da, ciddi problem olmayıb. Analizlərdə xırda səhvlərimizin olduğunu görürük. Növbəti oyunlarda bunu aradan qaldırmağa çalışırıq. Hələlik hər hansı ciddip roblemlə üzləşməmişik.

- Mövsümün birinci hissəsini özün üçün necə dəyərləndirirsən?

- Açığı, həmişə özümə tənqidlə yanaşmışam. Düşünürəm ki, ilk yarını o qədər də yüksək səviyyədə keçirməmişəm. Ola bilsin, kimin üçünsə normal idarəçilik etmişəm. Ancaq özümə həmişə tənqidi yanaşdığım üçün düşünürəm ki, nəsə çatışmır.

- Sanki bu mövsüm hakimlikdən narazılıqlar bir qədər səngiyib. Bunu nə ilə əlaqələndirirsən?

- İndi “Xəzər Lənkəran”, “Bakı” kimi klublar yoxdur. Prinsipiallıq azalıb. Ola bilsin, klublar da artıq hakimlərə başqa tərzdə yanaşırlar, daha çox hörmət edirlər. Bununla əlaqədar ola bilər. Digər tərəfdən, futbol inkişaf etdikcə, məşqçilərin, hakimlərin, hətta jurnalistlərin də səviyyəsi qalxır. Bunlar hamısı əlaqəli şeylərdir.

- Əvvəlki illərlə müqayisədə beynəlxalq oyunlara az təyinat alırsınız...

- Bu barədə heç nə deyə bilmərəm. Çünki təyinatı mən vermirəm. Mənim işim hakimlikdir. Gedib idarə edirəm, qiymətimi alıram. Bu suala cavab vermək çətindir.

- Bunun səbəbini özlüyünüzdə analiz etmisinizmi?

- UEFA-da əsas məsələ qiymətlərdir. Bizim də bununla bağlı problemimiz yoxdur. Hər zaman yüksək qiymətlər almışıq. Ona görə də bunun səbəbini izah etməkdə çətinlik çəkirəm.

- Beynəlxalq oyunlara təyinat almağınıza ölkə futbolunun reytinqi və ya çempionatın səviyyəsi təsir edə bilər?

- O qədər də yox. Bizdən geridə olan ölkələr var ki, hakimlərini qabağa çəkirlər, hətta elitə kimi qaldıra bilirlər. Bu, prioritet deyil.

- Biz nə vaxt öz hakimlərimizi elit kateqoriyada görə biləcəyik?

- Bunu zaman göstərəcək. İnanıram ki, hansısa bir hakimimiz nə vaxtsa o kateqoriyaya daxil olacaq. Buna qısa zamanda nail olmaq mümkün deyil. Çünki bizi UEFA-da o qədər də tanımırlar.

- Bunun üçün çox vaxt lazımdır?

- Asim Xuduyevdən başqa bizi UEFA-da orada təmsil edən yoxdur. Demək olar ki, biz orada təkik. Hansısa kollektivə düşəndə kiminsə adını çəkə bilmirik. Bu amil də çox böyük rol oynayır.

- Deməli, UEFA-da münasibət rol oynayır...

- Hansısa bir kursa gedəndə, görürük, digərləri bir-birilərini tanıyır. Münasibət var. Biz isə yalnız qalırıq. Amma zamanla inanıram ki, bizim də UEFA-da inspektorlarımız çox olacaq, bizi orada təmsil edəcəklər. Bundan sonra UEFA-nın azərbaycanlı hakimlərə yanaşması dəyişəcək.

- Bəs siz özünüzdə elit kateqoriyaya düşmək üçün potensial görürsənmi?

- Həmin potensialı istənilən hakim özündə görür. Sadəcə, qərarı verən UEFA və FİFA verir.

- Son vaxtlar beynəlxalq arenada daha çox Əliyar Ağayev Azərbaycanı təmsil edir. Hətta Çempionlar Liqasının təsnifat mərhələsinin oyunlarına da təyinat alıb. Onun uğuru sizdə yaxşı mənada paxıllıq yaratmır ki, o, qabağa gedir, mən yerimdə sayıram?

- Yox, əksinə, xoşdur. Hər bir hakimin Azərbaycanı Avropada təmsil etməsi bizi sevindirir. Beynəlxalq oyuna gedirik, Əliyar haqda soruşanda, deyirik ki, bizim hakimdir. Eləcə də o, digər oyunlarda bizim adımızı çəkir. Heç bir paxıllığım yoxdur. Hakimliyə Əliyarla bir başlamışıq. Həm həmkar, həm də dost kimi yaxşı münasibətimiz var.

- Futbol inkişaf etdikcə oyun qaydaları da dəyişir. Bu toplanışda hansısa yeniliklərlə tanış olmusunuz?

- Əlbəttə ki, qlobal dəyişikliklər var. Onları da Xaqani Məmmədov tərcümə edib, hakimlərə çatdırır. Əsas yeniliklər cərimə meydançasında rəqib futbolçuya qarşı qayda pozuntusuna görə verilən qərarlarla bağlıdır. Bilirsiniz ki, orada dartma, çəkmə varsa, qırmızı vərəqə göstərilir. Amma digər hallarda sarı vərəqədir. “Çelsi” ilə oyunda “Qarabağ”ın kapitanı Rəşad Sadıqovun qırmızı vərəqə aldığı epizodu misal göstərmək olar. Orada tutma var idi deyə, hakim qırmızı vərəqədən istifadə etmişdi.

- “Qarabağ”dan söz düşmüşkən, Ağdam klubunun Çempionlar Liqasındakı oyunlarında idarəçilik çox müzakirə olundu. Ümumiyyətlə, həmin matçlarda siz referilərdə böyük komandalara qarşı simpatiya gördünüzmü?

- İnanmıram ki, elit kateqoriyada yer alan hakimlər hansısa top-kluba simpatiya göstərsinlər. Yaxşı oyunlar da oldu, zəif oyunlar da. Düşünürsünüz ki, elit kateqoriyada olanlar hamısı yüksək səviyyəli hakimlərdir?! Onlar da adi referilərdir. Sadəcə, “Qarabağ” bizim canımız, ürəyimizdir. Onlara qarşı adi bir səhv olanda bunu ürəkağrısı kimi qəbul edirik. Bəzən olub ki, rəqibə qarşı səhvlərə isə göz yummuşuq. O haqda heç danışmamışıq. Elit hakimlər də hərdən səhv edirlər. Amma buna göz yumulur.

Elnur SALAHOV,
Antalya

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır