Qurban Qurbanov: "Mövsümün ən ağır oyunu olacaq"

Qurban Qurbanov: "Mövsümün ən ağır oyunu olacaq"
ÖLKƏ FUTBOLU 24 May 2016 / 16:38 5164
-  A +

"Final oyununda iştirak etmək və qalib olmaq hər bir futbolçunun arzusudur. Bizim üçün mövsümün uğurlu keçdiyini deyə bilərik".

Qol.az-ın "sportnet.az"a istinadən verdiyi məlumata görə, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun "Neftçi" ilə keçiriləcək final maçtından öncə keçirilən mətbuat konfransında deyib.

Q.Qurbanov sabahkı oyun haqda bunları bildirib: "Hər bir futbolçu oyunun məsuliyyətini dərk etməlidir. Bizim üçün asan olmayacaq. Bəlkə də mövsümün ən ağır oyunu olacaq. Hər bir komanda kuboka sahib çıxmaq istəyir. Qismətimizdə olsa, kuboku qazanacağıq və hər iki komandaya uğurlar arzu edirəm. Rəqibdən Arazı, Elşəni, Rəhmanı, Ruslanı qeyd edə bilərəm. Hər biri güclü oyunçulardır və topla rahat davranırlar. Sabahkı oyunda bizim müdafiədəki oyunumuz çox vacibdir. Belə rəqibə qarşı oynamaq həmişə xoşdur. Azarkeş sayı ilə bağlı nəsə deyə bilmərəm. Ancaq məlumdur ki, həm "Qarabağ", həm də "Neftçi"nin xeyli sayda azarkeşi var. Çünki bu iki klub çempionatın əvvəlindən bir-birinə rəqib olub. Kütlə çox olsa, azarkeş adı da qalxmış olar. Söhbət hansı komandanın daha çox azarkeşi olmasından getmir. İstərdim stadion dolsun, amma buna inanmıram".

O, çempionatda neçənci yeri tutmaqdan asılı olmayaraq kubok oyununun əhəmiyyətindən söz açıb: "Mən özüm də futbolçu olmuşam. İndi də futbolçulara bildirmişəm ki, bunlar tam fərqli turnirlərdir. Yəni çempionatda neçənci yeri tutmağından asılı bir şey yoxdur. Final bir oyundan ibarətdir. Baxmayaraq ki, rəqib son oyunda "Sumqayıt"a məğlub olub. Amma belə demək mümkündürsə, "Neftçi" kubokda bizdən daha təcrübəlidir. Buna baxmayaraq biz ilk olaraq öz oyunumuz, sonra rəqib haqda düşünürük. Oyundan əvvəl bütün istəklərimizi futbolçulara çatdıracağıq. Bu gün Əmrah Çəlikəlin 40 yaşı tamam olur. Biz illərdir çalışırıq ki, hər iki - həm ölkə çempionatında birinci olaq, həm də kuboka sahib çıxaq. Hələ ki, bunu bacarmamışıq. Hər kəsin fikirlərinə hörmətlə yanaşırıq. Komandanı motivasiya etmək üçün işi dəyərləndirmək lazımdır. Bu səbəbdən futbolçularımızı motivasiya etməyə ehtiyac yoxdur. Hansısa açıqlamaya, fikrə görə meydançaya çıxmaq nəticəsində futbolçu aqressiv olur. Sadəcə düşündüklərimizi meydanda həyata keçirməyə çalışacağıq".

"Rəvan"a məğlubiyyətimiz söz-söhbət olmadı. Sadəcə bir neçə nəfər söz-söhbəti böyütdü. Əfsuslar ki, mənə və komandaya şübhə ilə yanaşanlar var. Biz nəyəsə görə yox, öz proqramımıza əsasən işimizi qururuq. Bu yaxşı dedektiv filminə oxşadı. İllərdir günahkar axtarırlar, tapa bilmirlər. Axırda da Qurban günahkar olur. Belə söz-söhbətlərə fikir versək, fikrimcə burada işləməyin heç yeri yoxdur" - deyə, Q.Qurbanov bildirib.

Qeyd edək ki, mayın 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Neftçi" oyunu saat 20:00-da başlayacaq.

Daha çox


Son xəbərlər