“Qəbələ” 1/16 finala çıxsa, mən də istəyimə çata bilərəm"

“Qəbələ” 1/16 finala çıxsa, mən də istəyimə çata bilərəm"
ÖLKƏ FUTBOLU 29 Sentyabr 2015 / 18:08 5912
-  A +

“Baş məşqçi Roman Qriqorçuk məni yenidən sərəncamında görmək istədi. Açığı, gözləmirdim. Doğrudur, başqa təkliflər vardı, ancaq “Qəbələ”yə dönməyi daha məqsədəuyğun saydım. Yenidən burda olmaqdan məmnunam”.

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin futbolçusu Ruslan Abışov "Qəbələ İK" qəzetinə açıqlamasında deyib.

Millimizin üzvü xeyli müddət meydana çıxmadığı üçün bir qədər çətinlik çəkdiyini bildirib:

“Əlbəttə, oynamamaq hər bir futbolçuya sonradan çətinlik yaradır. Əsas odur ki, ilk oyunumda uğurlu nəticə əldə etdik. Cari mövsümdə debüt etdiyim “Sumqayıt”la matçda, çətin də olsa, qələbə qazandıq. Doğrudur, məndə bir az yorğunluq vardı. Ancaq bu, zamanla qaydasına düşəcək. Mənə elə gəlir ki, 2-3 turdan sonra oyunum daha yaxşı olacaq”.

28 yaşlı futbolçunun fikrincə, “Qəbələ”nin potensialı Premyer Liqanın qalibi olmağa imkan verir: “Ötən mövsümdəki komandada oynamaq, məncə, daha rahat idi. Bəlkə bu, hazırkı heyətə yeni qoşulmağımdan irəli gəlir. Əlbəttə, hazırkı “Qəbələ”ylə də böyük uğurlar qazanacağımıza inanıram. Çempionluq barəsində danışmaq tezdir, çünki qarşıda xeyli çətin oyunlar olacaq. “Sumqayıt”la matç göstərdi ki, çempionatda asan sınaq olmayacaq. Çempion olmaq istəyiriksə, ”Qarabağ” kimi güclü komandayla rəqabət aparacağıqsa, hər oyunda qələbəyə köklənməliyik”.

Ruslan Abışov “Qəbələ”yə Avropa Liqasının qrup mərhələsində kömək edə bilməyəcək. Çünki onların keçidləri həll olunan zaman “Qəbələ” sifariş ərizəsini artıq UEFA-ya göndərmişdi. Ruslan üzləşdiyi vəziyyətə görə üzülsə də, ümidini itirmir: “Əlbəttə, çox istərdim ki, Avroliqa oyunlarında çıxış edim. “Rubin”lə bu mərhələdə oynasam da, “Qəbələ”nin heyətində tamam başqa cür ola bilərdi. Ancaq oynaya bilməməyim məndən asılı məsələ deyil və görünür, bu dəfə qismət deyilmiş. Əslində, bu, cari mövsümdə də mümkün ola bilər. “Qəbələ” 1/16 finala çıxsa, mən də istəyimə çata bilərəm. Avropa Liqasında komandamıza çox güvənirəm”.

Daha çox


Son xəbərlər