"Prosineçki ilə mövsümün əvvəlindən çalışmalıydıq"

"Prosineçki ilə mövsümün əvvəlindən çalışmalıydıq"
ÖLKƏ FUTBOLU 4 Sentyabr 2015 / 11:14 6924
-  A +

"Berti Foqts hər oyundan sonra mənə mesaj göndərir"

"Avro-2016"nın seçmə mərhələsində keçirilən Azərbaycan - Xorvatiya oyunundan (0:0) sonra AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərin suallarını cavablandırıb.

Qol.Az-ın məlumatına görə, görüşlə bağlı fikirlərini bildirən qurum rəsmisi digər məqamlara da toxunub

- Oyunla bağlı təəssüratlarınızı bilmək istərdik.

- Komandamız  çox gözəl oyun sərgilədi. Unutmayaq ki, Xorvatiya yığması dünya Çempionatında 32 ən yaxşı komanda arasına çıxmağı bacaran rəqib idi. Belə bir komanda ilə oyundan bir xalla ayrılmaq böyük uğurdur. Matçın ikinci hissəsində komandamız irəli atıldı və hər kəs onlardan qol gözləyirdi. Çox şadıq ki, komandamız belə bir ab-havada bizi məyus etmədi.

- Səmimi deyin, yığmamızın xal qazanacağını gözləyirdiniz?

- Sözün açığı, təlim-məşq toplanışından əvvəl komanda ilə birlikdə idik və qələbə qazana bilməyəcəyik deyə  qorxu var idi. Toplanış zamanı komandadakı ab-havanı gördükdən sonra bizdə inam yarandı. Bu oyuna çox ciddi hazırlaşdıq. Baş məşqçi Robert Prosineçkidə də inam var idi.

- Futbolçulara nə qədər mükafat vəd etmişdiniz?

- Milli komandada oynamaq hər bir futbolçu üçün şərəf olsa da, mükafat vacibdir.  Onlara hər oyunun çəkisinə uyğun mükafat vəd edilir. Düzdür,  onlara nə qədər mükafat verəcəyimizi açıqlamadıq, amma yəqin ki, AFFA prezidenti Rövnəq Abdullayev tərəfindən mükafatın məbləği açıqlanacaq.

- Qazanılan son nəticələrdən sonra Prosineçkini niyə əvvəlcədən gətirmirdik deyə düşünürsünüzmü?

- Bu futboldur, nəsə demək çətindir. Amma düşünürəm ki, Prosineçki ilə  mövsümün əvvəlindən çalışmağa başlasaydıq, daha yaxşı olardı. Əsas odur ki, dünya çempionatının seçmə mərhləsində hər şeyi sıfırdan başlayacağıq.

- Artıq üçüncü matçdır ki, millimiz yenilmir. Bert Foqts komandamızı təbrik edib?

- Berti Foqts oyunlarımızı izləyir və hər matçdan sonra mənə mesaj göndərir. O, yəqin ki, hələ komandanı unutmayıb. Oyundan əvvəl mənə Vaşinqtondan mesaj yazıb uğurlar arzuladı.

- Klublara təyin edilən texniki direktorların işləri nə yerdədir?

- Bir neçə klubda texniki direktorların müqaviləsi başa çatıb. İki klubda – “Qarabağ” və “Sumqayıt”da müqavilə davam edir. Onlarla anlaşmamız gələn ilin aprelində başa çatacaq və onlarla vidalaşacağıq. “Neftçi”nin idman direktorunun müqaviləsi iki ay öncə başa çatdı. Onunla  da müqaviləni uzatmadıq. Onlar bir il ərzində yerli məşqçilərə təlimlər keçdilər. Düşündük ki, artıq yerli məşqçilərə şans verməyin zamanıdır. Onların da etimadı doğruldacağına inanırıq.

- Əcnəbi mütəxəssislərin bir il ərzində gördükləri işlərdən necə, razı qaldınız?

- Razıyıq. Ona görə ki, onlar bütün klubların uşaq komandalarındakı məşq prosesini intizama saldılar. Əvvəlki illərdə komandalar elan edirdi ki, məşq prosesi həftənin tək günləri olacaq. Deyilən gündə və vaxtda gəlirdik, amma heç kimi tapmırdıq. Görürdük ki, ya komandalar gəlməyib, ya da gecikirlər. Onlar bunu düzəltdilər. Klublar keçirilən treninqlərdən faydalandı. Bu yaxınlarda Qurban Qurbanovla da fikir mübadiləsi apardıq. O da klubun idman direktoru haqda müsbət rəy bildirdi. Açığı, biz çalışdıq ki, güclü mütəxəssisləri dəvət edək. Ola bilər biz də səhvə yol verək, yalnış mütəxəsis gətirək.
 
- Deyilənə görə, həmin mütəxəssislərə aylıq maaş kimi 15 min dollar ödənirdi?

- Yanlış məlumatdır. Bəzilərinə aylıq 8 min, bir qisminə isə 5 min məvacib verirdik.

- Ola bilməzmi bu məbləğə yerli mütəxəssisləri təcrübə toplamaq üçün Avropa klublarına göndərərdiniz?

- PRO lisenziyası alanlar onsuz da gedirlər. Həm də bu məşqçilərin təklifi olmalıdır. Onlar bununla bağlı bizə müraciət etməlidirlər. Biz müraciət edənlərə heç vaxt yox deməmişik.  Futbolun inkişafı AFFA-nın işidir. Bugünkü nəticələr göstərir  ki, futbolumuz irəli gedir, inkişaf edir. Beş il əvvəl iki klubumuzun avrokubokların qrup mərhələsinə vəsiqə qazanmasını sadəcə arzulayırdıq. Ancaq bu gün bu reallığa çevrilib. Əvvəlki illərdə baxırdıq, amma bu gün oynayırıq. Oyunları səbirsizliklə gözləyirik. Xorvatiya Futbol Federasiyasının prezidenti Davor Şuker də bildirdi ki, iki klubunuzun qrup mərhələsinə düşməsi Azərbaycan üçün böyük nəticədir.

Ergün SEYİD

Son xəbərlər
28.07.25  13:48

"Kəpəz"də ayrılıq

28.07.25  11:57

İlin azarkeş rekordu