"Futbolçularımla fəxr edirəm" – Prosineçki
"Öz oyunçularımla fəxr edirəm. Xorvatiya kimi güclü yığmaya qarşı oynadıq və bir xal qazandıq. Dəstəyə görə azarkeşlərə çox sağol deyirəm”.
Qol.Az-ın məlumatına görə, bu sözləri milli komandamızın baş məşqçisi Robert Prosineçki "Avro-2016"nın seçmə mərhələsində Xorvatiya ilə oyundan (0:0) sonra keçirdiyi mətbuat konfransında deyib.
- Xorvatiya millisi haqda məlumatlı olmağınızın faydası oldumu?
- Sözsüz ki, oldu. Ancaq ilk növbədə komandamın əzmkar oyununu qeyd etməliyəm. Rəqibin oyunçuları nəhəng klublarda çıxış edirlər. Xorvatiyaya qarşı belə mübarizə aparmaq asan deyil.
- Niyə hücumda məhz Məhəmməd Qurbanova şans verdiniz? Rauf Əliyevi də sınamaq olmazdı?
- Bu suala cavab vermək istəmirəm.
- Milli komandamız tarixində ilk dəfə olaraq ardıcıl üç oyunda xal qazandı. Bu, sizin üçün nə deməkdir?
- Bu o deməkdir ki, futbolçularımız çox çalışır. Komandamız öz üzərində dayanmadan işləyir. Xovatiyanın İtaliya ilə oyundan başqa bütün matçlarda qələbə qazandığını da nəzərə almaq lazımdır. Bütün Azərbaycan futbolçularımızla fəxr edə bilər.
- Belə oyunla Maltaya qalib gəlmək olar?
- Məncə, siz Xorvatiyanın gücünü, onların nəyə qadir olduğunu bilmirsiniz. Malta ilə oyunda əlimizdən gələni edəcəyik ki, Bakıya xalla qayıdaq.
- Bir il əvvəl 0:6 hesabı ilə uduzduğumuz komandaya qarşı prixoloji cəhətdən hazırlaşmaq çətin olmadı?
- Bundan əvvəl iki rəsmi oyun keçirmişdik. Uğurlu nəticələrdən sonra komanda artıq özünə inanır. Futbolçularla intensiv çalışmanın nəticəsini bu gün gördük.