"Biz də tarix yazmaq istəyirik" – Asif Məmmədov
"Qəbələ" klubunun yarımmüdafiəçisi Asif Məmmədovun Qol.Az saytına müsahibəsi
- Premyer Liqamızın son turunda "Kəpəz"ə qalib gəldiniz. Sıx qrafiklə oynamaq çətinlik yaratmır ki?
- Komandamızda bir az yorğunluq var. Bəli, 4-5 gündən bir oynayırıq. Ona görə də "Kəpəz"lə görüş çətin oldu. Ancaq qələbə qazana bildik. "Kəpəz" haqda isə ancaq xoş sözlər demək olar. Hiss olunur ki, bu mövsüm bir çox komandaya başağrısı olacaq.
- Çempionatda iki qələbə, bir heç-heçə etmisiniz. Durumunuzu qənaətbəxş saymaq olar?
- Hazırda Avropa Liqasında da çıxış edirik. İki cəbhədə mübarizə apardığımızı nəzərə alsaq, vəziyyətimizi yaxşı hesab etmək olar. Çempionatın startında xal itkiləri olanda bunun əziyyətini çox çəkməli olursan. Ona görə də Avropa Liqası kimi Premyer Liqa oyunlarına da maksimum məsuliyyətlə yanaşırıq.
- İki gündən sonra "Qəbələ" tarixinin ən vacib oyununa cıxacaq. Afinada "Panatinaikos"la keçiriləcək qarşılaşmada sərfəli nəticə qazanmaqla Avropa Liqasının qrup mərhələsinə yüksələ bilərsiniz. İlk oyuna əsasən rəqib haqda nə deyə bilərsən?
- "Panatinaikos"un adı çox şeydən xəbər verir. Buna baxmayaraq ilk görüşdə onlarla heç-heçə etməyi bacardıq. Qapımızdan qol buraxmadıq.
- Səfərdə də bunu bacarmaq olar?
- Biz Yunanıstana elə-belə getmirik. Komandamızda çox gözəl ab-hava var. Hər şey yaxşıdır. İnanıram ki, yaxşı nəticə ilə qayıdacağıq, xalqımızı sevindirəcəyik.
- İlk oyunda qeydə alınan heç-heçə işinizi nə dərəcədə çətinləşdirir?
- Səfərə qələbə üçün gedirik.İstənilən rəqiblə mübarizə aparmaq olar. İlk oyunda bunu göstərdik. Ancaq cavab matçında daha əzmkar, dəqiq və diqqətli oynamalıyıq. Çox çətin qarşılaşma olacaq. Bununla belə, özümüzə inanırıq.
- "Qəbələ"nin bir çox futbolçuları Avropa Liqasında qrup mərhələsi həyəcanını yaşamayıb. Bu, qarşıdakı oyunda futbolçulara əlavə motivasiya verəcəkmi?
- Düzdür, bəzi futbolçularımız qrup mərhələsində oynayıb. Ancaq mən də daxil olmaqla bir çox futbolçularımız bu sevinci ilk dəfə yaşaya bilərik. İndiyə qədər heç qrup mərhələsinə yaxınlaşmamışdıq. İndi isə bunun bir addımlığındayıq. Biz də Azərbaycan futbolunda tarix yazmaq istəyirik. Avropa Liqasının qrupunda oynamaq hər bir futbolçunun karyerasında əla nəticədir.
- Rəqib futbolçuları iddialı açıqlamalar verərək növbəti mərhələyə yüksələcəklərini deyirlər. "Panatinaikos" doğrudanmı "Qəbələ"dən çox güclüdür?
- Onlar nə deyirsə, özləri bilər. Ancaq bunu avqustun 27-də biləcəyik. Rəqibin belə arxayın danışmağı bizim xeyrimizədir. Qoy, arxayın olsunlar. Biz isə oyuna çox ciddi hazırlaşırıq.
Ramiq AĞAMƏMMƏDOV