"Yanq Boyz" "Seltik"dən güclü deyil" – Rəşad Sadıqov

"Yanq Boyz" "Seltik"dən güclü deyil" – Rəşad Sadıqov
ÖLKƏ FUTBOLU 16 Avqust 2015 / 01:33 6844
-  A +

"Yanq-Boyz"un "Luqano" ilə çempionat oyununu izləmişəm. Çox maraqlı komandadır. Deyə bilərəm ki, hələ belə rəqiblə qarşılaşmamışıq".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın kapitanı Rəşad Sadıqov jurnalistlərə açıqlamasında deyib.

Avropa Liqasının pley-off mərhələsində qarşılaşacaqları "Yanq Boyz" haqda danışan R.Sadıqov rəqiblərinin güclü komanda olduğunu vurğulayıb: "Zalsburq" ayrı, "Seltik" fərqli fərqli futbol oynayır. Hazırkı rəqibimiz "Yanq Boyz" isə qarışıq futbol sərgiləyir. Onlar bəzən cinahlardan hücum qurur, bəzən isə qısa ötürmələrlə oynayır. Buna görə də bizi çətin oyun gözləyir. Səfərdən yaxşı nəticə ilə qayıtmaq üçün çox çalışmalıylq. 

Rəqibimiz güclü hücum xəttinə malik komandadır. Hələ mən izlədiyim oyunda əsas hücumçuları, xüsusilə də bombardirləri oynamırdı. Standart vəziyyətlərdə də yaxşı təsir bağışlayırlar. "Yanq Boyz"un "Seltik"dən güclü olduğunu deməzdim, amma indiki rəqibimiz daha rəngarəng komandadır. Onlara qarşı 90 dəqiqə mübarizə aparmaq lazımdır. Hesabda irəli keçsən də, müdafiədə boşluq yaratmaq olmaz. Yəni rəqibimiz son dəqiqələrdə hesabı dəyişə biləcək komandadır. Əsas məqsədimiz səfərdə məğlub olmamaqdır. Əsas da 2 top fərqi ilə uduzmamaq bizim üçün sərfəli nəticə olar".

Komandanın yeni transferləri haqda danışan Sadıqov onların vaxta ehtiyacı olduğunu bildirib: "Yeni transferlərimizə vaxt lazımdır. Bədavi Hüseynov da "Qarabağ"a yeni gəldiyində ona gülürdük. Eləcə də Reynaldoya. Ancaq tələsmək lazım deyil. Bir müddət keçsin, əgər gözlənilənləri verməsələr, o zaman həmin futbolçuları uğursuz transferlər adlandırmaq olar. Hamı deyir ki, "Qarabağ" yaxşı transferlər etsin. Qurban Qurbanov da istəyir ki, əlində yaxşı transferlər olsun. Ancaq istədiyimiz futbolçular gəlmirlər". 

Son olaraq "Qəbələ"nin futbolçusu Cavid Hüseynovun həbs edilməsinə münasibət bildirən Rəşad Sadıqov deyib: "Açıqlama vermək böyük məsuliyyət tələb edir. Çox qarışıq məsələdir. Bir tərəfdə jurnalist dünyasını dəyişib, digər tərəfdə isə çiyin-çiyinə oynadığımız futbolçu həbs olunub. Amma onu deyə bilərəm ki, Cavidi çoxdan tanıyıram və onun kiminləsə ədavət yaşadığını görməmişəm. Çox mehriban insandır. Onun kimisə öldürmək niyyətinin olduğuna inanmıram. Rasimə də Allahdan rəhmət diləyirəm".

Daha çox


Son xəbərlər