"Millimizin futbolçuları ildə ən azı 70 oyun keçirməlidir"

"Millimizin futbolçuları ildə ən azı 70 oyun keçirməlidir"
ÖLKƏ FUTBOLU 7 Aprel 2015 / 16:33 3093
-  A +

Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun Qol.Az saytına müsahibəsi 


- Dünən AFFA-nın baş katibi Elxan Məmmədov Məşqçilər Komitəsinin üzvləri ilə görüş keçirdi. Görüşdə hansı məsələlər müzakirə olundu?

- Görüşdən əvvəl aşağı yaş qrupları üzrə komandalarımızın məşqçiləri bizə hesabat verdilər. Biz isə onu baş katibə çatdırdıq. Bundan əlavə gələn il 17 yaşlı futbolçulardan ibarət komandaların Bakıda keçiriləcək Avropa çempionatı müzakirə olundu. Elxan Məmmədov bizdən geniş proqram tələb etdi. U-19 millimizin baş məşqçi vəzifəsinə namizədlər haqda söhbətimiz oldu. Biz bir neçə məşqçinin adını AFFA-ya təqdim edəcəyik. Qərara gəldik ki, həftənin 4-cü günü yenidən bir araya gələk.

- U-17 və U-19 millilərimiz Avropa çempionatının elit-raund mərhələsindəki uğursuz çıxışının səbəbləri aşardırıldı?
 
- Bəli, məşqçilərin hesabatını dinlədik. Olan problemləri üzə çıxardıq və onları aradan götürməyin yollarını axtardıq. Yəni çox səmərəli və işgüzar bir görüş oldu. Aprelin 9-da müzakirələrimizin davamı olacaq.
 
- Qeyd etdiyim komandalar elit-raunda vəsiqə qazanarkən bizi necə sevindirmişdilərsə, elə də məyus etdilər.

- Bəli, reallıqdan qaçmaq olmaz. Buna görə dünən bir araya gəldik. Gələcəkdə daha peşəkarcasına və məsuliyyətlə çalışmaq lazımdır. AFFA tərəfindən hər bir yığmamız üçün şərait yaradılıb. Buna görə də komandalarımız daha yaxşı nəticələr əldə etməlidir. Buna ümid edirəm. Elit-raund mərhələsində U-19 millimizin yanında oldum. Uğursuz çıxışına baxmayaraq, komandamızın heyətdə yaxşı futbolçular var. Hansı ki, onların gələcəyinə böyük ümid bəsləyirik. Qarşımıza məqsəd qoyulub ki, geniş bir proqram hazırlayaq. Növbəti görüşdə bunu Elxan Məmmədova təqdim etməliyik.
 
- Elxan Məmmədovla görüş zamanı Məşqçilər Komitəsinin yeni təklifi oldumu?

- Bəli. Biz istəyirik ki, bütün yaş qrupunda olan futbolçular nəzarətdə olsunlar. Buna görə də təklif etdik ki, U-18 və U-20 yığma komandalarımız da yaradılsın. Bu təklif AFFA tərəfindən müsbət qarşılandı. Bütün yaş qruplarından olan futbolçular mütləq AFFA və Məşqçilər Komitəsinin nəzarəti altında olmalıdır. Bizim ən böyük problemimiz odur ki, aşağı yaş qruplarından olan komandalarımız pərakəndə çalışırlar. Biz vahid bir sistem yaratmaq istəyirik. Bununla da A milli komandamıza ehtiyyat qüvvə hazırlaya bilərik.

- Bir müddət əvvəl böyük bir layihə üzərində işlədiyinizi bildirmişdiniz.
Həmin layihəni AFFA-ya təqdim etdiniz?

 
- Bəli, bu layihənin bir hissəni artıq sizə danışdım. Yəni bütün yaş qruplarının nəzarət altında olması, U-18 və U-20 yığmalarının yaradılması bizim təqdim etdiyimiz layihəsinin bir hissəsidir. Çox şadam ki, bizim tövsiyəmizi nəzərə alan Elxan Məmmədov qeyd etdiyim komandaların yaradılmasına razı oldu. Bununla da U-19 və U-21 millilərimizə ən yaxın ehtiyat qüvvəsi yaratmış olacağıq. Bu, çox müsbət addımdır və bir yenilikdir. Layihəmizin təqdim etdiyimiz yarısına müsbət baxıldığı üçün AFFA rəhbərliyinə təşəkkür edirəm.

- Layihənin ikinci hissəsində hansı təklifləriniz olacaq?

- Bunu hələ ki açıqlamaq istəməzdim. Premyer Liqada bu mövsüm başa çatandan sonra tövsiyələrimizi irəli sürəcəyik. Əsasən daxili çempionatımızın səviyyəsini yüksəltmək üçün müəyyən planlar hazırlamışıq. Əgər futbolumuzun inkişafını istəyiriksə, Avropa standartlarına uyğun işlər həyata keçirməliyik. Bu isə o deməkdir ki, milli komandanın futbolçuları ildə ən azı yetmiş oyun keçirməlidir. Bizim futbolçular isə bu göstəricinin yarısına nail ola bilir. Ona görə də əlavə turnirlərin keçirilməsi də layihəmizdə öz əksini tapıb. Futbolçu məşqdə yox, oyunda inkişaf edir. Buna görə də oyunların sayını artımaq lazımdır. Bundan başqa çempionatda güclü rəqabətin yaradılmasına çalışırıq. Bunun yolları haqda indi danışmaq istəmirəm.
 
- Düşünürsünüz ki, oyun sayını artırmaqla futbolumuzun əsas problemi olan fiziki çatışmazlığı aradan qaldırmaq olar?

- Futbolçular oyun ritmini qoruyub saxlamaq üçün meydanda çox olmalıdır. Onlar il boyun oynamalıdır. Heyif ki, bizdə futbolçular ilin yarısını oynayır. Layihəmizin ikinci hissəsində sırf daxili çempionatımızı inkişaf etdirmək üçün təkliflər hazırlamışıq. Çempionatın keçirilməsində vahid bir sistemin yaradılmasını da nəzərdə tutmuşuq.

- Sonda "Neftçi" klubunda baş verən rəhbər dəyişikliyinə münasibətinizi öyrənək...

- Hesab edirəm ki, hər bir addım futbolumuzun Avropa standartlarına cavab verməsi üçün atılır. Hər addım futbolumuzun inkişafına hesablanıb. Biz artıq ilk mərhələni keçmişik. İnanıram ki, baş verən yeniliklərin ancaq müsbət tərəflərini görəcəyik. Azərbaycan futbolu dünya futboluna inteqrasiya olunub. Biz dünya standartları ilə ayaqlaşmalıyıq. Dünyada baş verən proseslərdən kənarda qalmamalıyıq.
 
Ramiq AĞAMƏMMƏDOV

Son xəbərlər