"Qarabağ"ın futbolçusu: "Alınmadı"

"Qarabağ"ın futbolçusu: "Alınmadı"
ÖLKƏ FUTBOLU 3 Aprel 2015 / 14:19 7625
-  A +

Premyer Liqamızın 27-ci turunda keçirilən “Qarabağ” –“ İnter” oyunundan sonara (0:0) Ağdam klubunun yarımmüdafiəçisi Cavid Tağıyev Qol.Az saytına müsahibə verib.

- “İnter”lə qolsuz heç-heçə sizin üçün necə nəticədir?

- Əvvəlcədən bilirdik ki, çətin oyun olacaq. ”İnter” bütün mövqelərdə yaxşı mübarizə aparan komandadır. Əsas məqsədimiz bu oyunda qalib gəlib aramızdakı xal fərqini daha da artırmaq idi. Amma nə qədər çalışsaq da, alınmadı. Yenə də sevinirik ki, məğlub olmadıq. Heç-heçə pis nəticə olmadı. Çünki qazanılan hər bir xalın çempionluq yolunda böyük əhəmiyyəti var.

- Matça çox rahat çıxmışdınız. Bu, qeyd etdiyin xal fərqindən irəli gəlirdi?

- Tək “İnter”lə deyil, bütün oyunlarda çalışırıq ki, meydanda sakit mübarizə aparaq. “Qarabağ” üçün hər bir oyunun əhəmiyyəti böyükdür. Bu matça da ciddi hazırlaşmışdıq. Fikirləşmirəm ki, “İnter”lə aramızdakı 9 xallıq fərq bizi rahatlaşdırır. Sadəcə hər iki komanda ehtiyyatlı oyuna üstünlük verirdi

- Sanki bu qarşılaşmada oyunun alınmırdı. Çox top itkiləri ilə yadda qaldın. Bunun nəticəsi olaraq da əvəzləndin.

 - Düzdür, ikinci hissədə çox top itkisinə yol verdim. Əvəzlənməm haqqında isə heç nə deyə bilmərəm. Baş məşqçimizin qərarına hörmət edirəm.

- Əsas heyət futbolçularının çoxunun milli komandaların düşərgəsindən yeni dönməsi oyununuza təsir edirdimi?

- Mən də milli komandanın düşərgəsindən dönmüşəm. Malta ilə son oyunda meydanda olmasam da, məşqlərdə iştirak edirdim. Buna baxmayaraq, heç bir yorğunluq yox idi. Digər futbolçular haqqında nə isə demək mənə düşməz. Amma Malta ilə qarşılaşmada 90 dəqiqə oynayan futbolçuların bəziləri bu gün də meydanda sona kimi mübarizə apardılar. Bacardığımız qədər bütün gücümüzü qoyub qələbə qazanmağa çalışdıq.

- Çempionluq haqqında nə düşünürsən?

- Hələlik bu haqda danışmaq tezdir. Qarşıdan da sıx qrafiklə oyunlar gəlir. Növbəti turlarda hər bir komanda bizə çətinlik yaradar və xal itirə bilərik. Biz son tura kimi çempionluq uğrunda mübarizə aparacağıq. Əgər bütün oyunlara yaxşı hazırlaşsaq, növbəti dəfə çempion ola bilərik.

Ergün SEYİD

Daha çox


Son xəbərlər