Mircavadov: "Qarabağ"a qol vuran oyunçu lazımdır"
"Məncə, bütün klublarımız çempionata hazırdır. Çünki hər biri yaxşı hazırlıq keçib, müxtəlif rəqiblərlə yoxlma oyununda qüvvvəsini sınayıb. Ümumiyyətlə komandalar qış toplanışından sonra daha hazırlıqılı olur. Qarşıdan gələn 18 tur ərzində daha maraqlı və gərgin çempionatın şahidi olacağıq".
Qol.Az saytına açıqlamasında bu sözləri Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov klublarımızın qış təlim-məşq toplanışını dəyərləndirərkən deyib.
Təcrübəli mütəxəssis komandaların qış transferləri haqda da fikir bildirib. Klublarımızın gözləniləndən az transfer həyata keçirməsindən və bunun səbələrindən danışıb: "Bu transfer dönəmində klublarımızın az transfer həyata keçirdiyinin şahidi olduq. Bu da onunla bağlıdır ki, qışda transfer məsələsi çətindir. İstədiyin oyunçunun klubu ilə müqaviləsi olur. Azad agent statuslu oyunçu isə nadir hallarda tapılır. Ona görə də klublarımız artıq ziyana düşmək istəmir. Adətən qış transfer dönəmində Avropa oyunları üçün hazırlıq görülür. Transferlərin az olmağının bir səbəbi də odur ki, bəzi klublarımızın hazır heyəti var. "Neftçi" və "Qarabağ"I buna misal gətirmək olar. "Qarabağ"a qol vuran hücumçu lazımdır. Digər mövqelərdə isə, kifayət qədər yaxşı futbolçuları olduğu üçün başqa transferə ehtiyac yoxdur. Neçə ildir deyirəm ki, "İnter"ə hücumçu lazımdı. Artıq "İnter"də yeni hücumçu ilə heyəti gücləndirdi. "Qəbələ"nin də yaxşı heyəti var idi. Kamran Ağayev və Marat İzmaylovun transferi isə, yerinə düşdü. Müdafiə xəttinə də yeni oyunçunun gətirilməsi ondan xəbər verir ki, Yuri Syomin işini ehtiyatlı tutur. "Qəbələ" hazırlığını indidən görür. Ola bilər ki, yayda transfer etməsinlər".
Mircavadov Topaz Premyer Liqanın 19-cu turunda sabah keçiriləcək "Qarabağ" - "Xəzər Lənkəran" oyunu haqda da fikir bildirib, qarşılaşmanın bir növ sınaq xarakterli olacağını, komandaların ehtiyatlı oyuna üstünlük verəcəyini deyib: "Hər iki komanda Antalyada yaxşı hazırlıq keçib. "Xəzər Lənkəran"ın növbəti oyunu "Neftçi" ilə olacaq. Ona görə də "Qarabağ"la oyunda komanda nəyə qadir olduğunu bilməlidir. Hər iki klub üçün bu oyunda qələbə vacibdir. "Qarabağ" üçün bu qarşılaşma daha önəmlidir. Çünki komanda sırf çempionluq üçün oynayır".