Fariz Nəcəfov: "Qarabağ"dan bir xal geri qalacağımızı gözləmirdim"

Fariz Nəcəfov: "Qarabağ"dan bir xal geri qalacağımızı gözləmirdim"
MÜSAHİBƏ 25 Yanvar 2014 / 14:29 4178
-  A +

“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov Qol.Az-ın Antalyaya ezam olunmuş əməkdaşının suallarını cavablandırıb.

- Komandanın hazırlıq durumundan razısınızmı?

- Hazırlığın ilk mərhələsində burada olmamışam. İkinci mərhələdən burdayam və komandanın iki yoxlama oyununu izləmişəm. İlk görüşdə komanda o qədər də xoş təsir bağışlamadı. Bəlkə rəqibin pis futbol sərgiləməsinin də rolu oldu. Ancaq ikinci qarşılaşmadan razı qaldım. Komandanın fiziki hazırlığı yaxşı idi. “Volqa” ilə yaxşı mübarizə alındı. Mənə elə gəlir ki, yeni transferlər də komandaya köməklik edəcək. Hazırlığı normal sayıram.

- Ötən mövsüm “Qəbələ” qış fasiləsində yoxlama oyunlarının heç birində uduzmasa da, Topaz Premyer Liqada zəif çıxış etdi. Bu mövsüm eyni ssenarinin təkrarlanacağından ehtiyat etmirsiniz?

- Ötən mövsümkü durumu təhlil etdik. Bəzi futbolçular yeni transferlərdən sonra heyətə düşə bilmədi. Bilmirəm onlar küsdü, ya nədi. Müəyyən başqa səbəblər də oldu. İndi isə heyətdə ciddi dəyişiklik olmayıb. Artıq müdafiə xəttini gücləndirmişik. Yuri Syomin məşqçi kimi sabit nəticələr qazanan mütəxəssisdir. Komandanı psixoloji cəhətdən oyunlara hazırlaya bilir. Zəngin təcrübəsi var. Futbolçular arasında fərq qoymadığından komandada güclü rəqabət yaranıb. Sağlam rəqabət olanda komandada ab-hava da pozulmur. Kimsəyə haqsızlıq etmir. Qaydalar hamı üçün eynidir.

- Hansı futbolçuların çıxışı sizin üçün həm müsbət, həm də mənfi mənada sürpriz oldu?

- Mövsümün əvvəlində heyətə qatılanlar sözlərini deyə bilir. Yalnız Əbdülvahid Afolabi bir qədər rəqabətdə uduzur. Qışda transfer etdiyimiz Rafael Santosun “Spartak”la matçdakı çıxışı ürəyimcə olmasa da, “Volqa”yla oyunda xoş təsir bağışladı. Çox ağıllı futbolçudur, birinci ötürmələrindən soyuqqanlılığı və təcrübəsi özünü göstərir.

- Mövsümün ilk yarısı nəticə və oyun baxımından düşündüyünüz kimi alındı?

- Əlbəttə. Açığı, heç gözləmirdim ki, komanda qışa kimi 2-ci yerdə qərarlaşacaq. Yüksək pillələrdə yer alacağımızı proqnozlaşdırırdım. Ancaq liderdən cəmi 1 xal geri qalacağımızı gözləmirdim. “Qəbələ”nin infrastrukturu, heyətimizin potensialı və Syominin məşqçilik bazarı zirvədə durmağa imkan verir. Bundan qabaqkı mövsümlərdə də belə ola bilərdi. Ümidlərimizi həm məşqçilər doğrultmadı, həm də başqa səbəblər həlledici oldu. Bu mövsüm meydandan kənar amillərin təsirini görmürəm. Əvvəllər hakim qərəzləriylə tez-tez üzləşirdik. Bu mövsüm “Sumqayıt”la oyunu çıxsaq, ciddi hakim səhvləriylə qarşılaşmadıq.   

- Necə düşünürsünüz, mövsümün sonunda qarşıya qoyulan hədəfə çata biləcəksiniz?

- İstənilən halda, istiqamət oradı (gülür). Başqa nəticə haqda düşünmürük. Çempion olmağa çalışacağıq. Məncə ilk yarıdakı komandadan daha güclüyük. Həm yeni transferlər, həm də Yuri Syominin taktikasını tam aşılaya bilməsi mövsümün ikinci yarısında daha güclü “Qəbələ” görəcəyimizdən xəbər verir.

- Komanda ilk dəfədir ki, çempionluq uğrunda mübarizə aparır. Bu yolda əsas rəqib kimi hansı komandaları görürsünüz?

- Təbii ki, turnir cədvəlinə baxanda "Qarabağ" və "Neftçi"nin əsas rəqiblərimiz olduğunu görürürük. Ancaq "İnter" və "Bakı"nın 27 xalı var. İki oyunda onlara məğlub olsaq, aradakı fərq ortadan qalxacaq. Onlar da çempionatda yaranmış fasilədən səmərəli istifadə edirlər. İstər məşqləri, istərsə də, transferləri bunu deməyə əsas verir. Məncə, ikinci yarıda hər şey sıfırdan başlayacaq. Lakin "Qarabağ" və "Neftçi"nin daha iddialı olduğunu söyləmək olar. Düşünürəm ki, bu iki komanda çempionluqdan başqa heç nə haqda fikirləşmir. "İnter" və "Bakı" isə daha çox ilk "üç"lüyə düşməyə iddia edir.

- Kubokun 1/8 finalında da rəqibiniz "Qarabağ" klubudur. Bu dueldə hansı komandanı daha şanslı hesab edirsiniz?

- Kubokda biz hər zaman "Qarabağ"la qarşılaşırıq. Ancaq yenə deyirəm ki, hazırkı komandamız tamamilə başqadır. Belə heyət "Qəbələ"də heç zaman olmayıb. "Neftçi"də, "Qarabağ"da belə güclü heyət olub. Ancaq bizim ilk dəfədir ki, belə güclü heyətimiz var. Daha öncə bunun üçün büdcəmiz olmayıb. Son üç ildə nəsə etməyə çalışmışıq. Bu dəfə isə həm çempionatda, həm də kubokda uğur qazanmağa çalışacağıq.

- Premyer Liqaya, yoxsa kuboka üstünlük verəcəksiniz?

- Əlbəttə, çempionata daha önəm veririk.

- Bəs bu mövsüm medalsız qalıb, avrokuboklara vəsiqə qazanmağı uğur sayarsınızmı? (Əgər "Qəbələ"nin kubokun finalında məğlub olacağı komanda eyni zamanda ölkə çempionu adını qazanarsa, o zaman "qırmızı qaralar" mövsümü 4-cü pillədə başa vursa belə avrokuboklara vəsiqəni təmin edəcək).

- Neçə illərdi ki, yuxarıya doğru irəliləyirik. “Gilan” yaranandan Toni Adamsın dövrünədək büdcəmiz yuxarı yerlər uğrunda mübarizə aparmağa imkan vermirdi. İnfrastruktur olmadan adlı-sanlı simaları komandaya cəlb etməyi doğru saymırdıq. Addım-addım irəlilədik. Artıq həmin an yetişib ki, ən azı medal qazanaq. Doğru yolla irəliləyirik. Meydandan kənarda hansısa oyunlardan çıxmırıq.

- Avrokuboklara vəsiqə qazansanız, yəqin ki, beynəlxalq arenada da uğur əldə etməyə çalışacaqsız.

- Təbii ki, bu birmənalı şəkildə belə olacaq. Toni Adams komandaya yeni gələndə də niyyətimiz bu idi. “Ayaks”la, Kiyev “Dinamo”suyla qarşılaşmağı istəyirəmsə, çempionatı qalib başa vurmalıyam. Ancaq o zaman meydandan kənarda çox işlər görülürdü. Komandanı elə yerdə elə vəziyyətə qoyurdular ki. Bunu əvvəllər dərk etmirdim. Sabah filan komandayla oynayırıq, 2 futbolçumuza qırmızı vərəqə verirdilər. Nəysə.

- Avropada nəticə qazanmaq üçün komandaya tanınmış futbolçular transfer etməyi planlaşdırmırsınız?

- Mən bunun tərəfdarı deyiləm. Bir-iki futbolçuyla müəyyən səviyyəyə çatmaq olar. Praktika onu göstərir ki, köklü dəyişikliklər edilən komandada uğur əldə etmək çətin olur. Bu da var ki, futbolçularımızın 80 faizinin müqaviləsi yayda bitəcək. Onlar arasında indi heyətə düşməkdə çətinlik çəkənlər də var. Düzdür, seçimi baş məşqçi edir. Ancaq mən şəxsən radikal dəyişikliklərin tərəfdarı deyiləm. Bu gün niyə “Qarabağ” və “Neftçi” başqalarından oyunuyla seçilir? Çünki oturuşmuş heyətə malikdirlər. Halbuki onların legionerləri heç də bizim əcnəbilərdən üstün deyil. Sadəcə, sabit heyət sözünü deyir.

- Avrokuboklara vəsiqəni təmin etsəniz, ev oyunlarınızı hansı stadionda keçirəcəksiz?

- Lisenziyalaşdırma zamanı Tofiq Bəhramov adına stadionu qeyd etmişik. Çünki müəyyən normativlər var. Akademiyanın arenasının həmin standartlara cavab verib-vermədiyini bilmirik. Amma yeni stadionumuz tam tələblərə uyğun olacaq və gələcəkdə avrokubok matçlarını orda keçirəcəyik.

- Maraqlıdır ki, bu mövsüm komanda çempionluğa oynasa da, azarkeşlərin stadiona axınını görmürük. Sizcə, bu nə ilə əlaqədardır?

- Bunu rəhbərlik səviyyəsində də müzakirə etmişik. Futbol azarkeşlər üçün oynanılır. Təəssüf ki, tərəfdarlarımız tənbəllik edirlər. Bunun da müəyyən obyektiv səbəbləri var. Birincisi, Qəbələdə tarixən futbol olmayıb. Orada futbol mədəniyyəti tam formalaşmayıb. Bir də ki oyunların keçirilmə vaxtı tribunaların dolması üçün münasib deyil. Həftə içi keçirilən görüşlərə az azarkeşin gəlməsi təbiidir. Digər tərəfdən, işıqlandırma sistemi olmadığından matçları gündüz keçirir. Sözsüz, qarşılaşmaların televiziya ilə yayınlanmasının da müəyyən rolu var. Ancaq tamaşaçı sayını artırmaq üçün yayını kəsmək fikrimiz yoxdu. 3000 azarkeş oyuna gəlsin deyə bütün Azərbaycanı futboldan məhrum etmək istəmirik. Bu problemi aradan qaldırmaq üçün Avropada sınanmış təcrübədən yararlanırıq. Qəbələ təhsil şöbəsinin müdiri və icra başçısıyla görüşmüşük. Məktəblərdə, ən ucqar kəndlərdə belə təbliğat aparırıq. Bu günün məktəblisi sabahın potensial azarkeşidi. Lotereyalar keçiririk. Ancaq zorla heç kimi stadiona gətirmək fikrimiz yoxdu. Çünki belələri gəlib teatra baxan birisi kimi oyunu sakitcə izləyib gedir. İnanıram ki, komanda nəticə qazandıqca azarkeş sayı da artacaq.

- Yeni stadionun layihəsi hazırdımı? Tikintiyə nə zaman start veriləcək?

- Layihə çoxdan hazırdır. Sadəcə, 2 dəfə müəyyən dəyişikliklər etməli olduq. Əvvəlcə stadionun tutumunun iri olmasını planlaşdırmışdıq. Sonradan fikirləşdik ki, tribunaların əksəriyyəti boş qalacaqsa, böyük arena inşa etməyə ehtiyac yoxdur. Yaxın günlərdə müəyyən olunan yerli və xarici şirkətlər arasında tender elan olunacaq. Mayın əvvəllərində akademiyanın stadionunda bütün işlər başa çatdırılacaq. Dərhal əsas arenanın tikintisinə başlayacağıq. Stadionumuzun tamaşaçı tutumu 7  min olacaq. Amma ehtiyac olarsa, 13 minədək artırmaq imkanımız var.

- İnfrastruktur sarıdan daha hansı addımlar atmağı düşünürsüz?

- Bu yaxınlarda akademiyanın futbolçuları üçün yataqxananın inşasına başlamışıq. Müxtəlif klubların Akademiyalarının yataqxanalarını nəzərdən keçirmişik. Bu üzdən ideal variantı seçib o istiqamətdə tikinti aparırıq. Məncə yataqxanımız dünyada ən yaxşısı olacaq.

- Elnur Allahverdiyev “Spartak”la oyunda sizin gözləriniz qarşısında hakimə söydü. Onun meydandakı intizamsızlığı sizi narahat etmir ki?

- Bu haqda onunla dəfələrlə söhbət etmişik. Məşqdə də onunla danışdım. Səhvini başa düşdü. Ancaq ilk iki dövrədə ciddi intizamsızlıqla yadda qalmayıb. Yalnız 1 dəfə Leonardonun üstünə qışqırdı. Fasiləyə çıxmazdan öncə komandayla birgə yemək yeyirdik. Elnura dedim ki, “elə qışqır ki, sonra cavab qaytarmasın”. Syomin də “qoy qışqırsın, heç kim qışqırmasa, oyun alınmaz” söylədi (gülür). İnanıram ki, Elnur əvvəlki kimi olmayacaq. Çünki “Qəbələ”də belə hərəkətlər etmək mümkünsüzdü. Onun meydandan kənar etdikləri özünün adınadısa, oyunda etdikləri birbaşa klubunun adınadır. Onun əvvəlki aqressivliyini tərgidəcəyini düşünürəm.

Vüsal HÜSEYN, Antalya

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki