Fariz Məmmədov: "Hətta iflic ola bilərdim”

Fariz Məmmədov: "Hətta iflic ola bilərdim”
MÜSAHİBƏ 23 Yanvar 2014 / 13:18 3802
-  A +

Azərbaycanın ilk peşəkar boksçusu Fariz Məmmədov Antalyanın Bələk bölgəsində hazırlıq keçir. “Qəbələ” klubu ilə birgə fiziki hazırlığını yüksəltməyə çalışan F.Məmmədov Qol.Az-ın Antalyaya ezam olunmuş əməkdaşının suallarını cavablandırıb.

- Mattias Pelklə döyüşdən öncə keçirilən mətbuat konfransında demişdin ki, hazırlığının zirvə nöqtəsindəsən. Həmin vaxt zədəli olduğunu niyə demədin?

- Demək istəmədim. Həqiqətən karyeram ərzində ən yaxşı hazırlıq səviyyəsinə çatmışdım. Döyüşə 2 həftə qalmış qabırğam sındı. Ancaq bunu bilmirdim. Bilsəydim, rinqə çıxmazdım. Bunu bilə-bilə döyüşmək idmançı üçün savadsızlıq və qeyri-peşəkarlıq olar. Özün öz əlinlə məğlubiyyətə gedərsən? Nəzərə alsaq ki, rəqib elə-belə boksçu deyildi. Məşq zamanı sinəmdən zərbə aldım. Ağrı kürəyimə verdi. Elə bildim ki, ciddi zədə deyil. Ertəsi gün həkimə getdim, MRT-dən keçdim. Mənim travmotoloqum dostumdu. Rentgen, MRT qabırğanın sınıq olduğunu göstərmədi. Həkimə dedim ki, nə edirsən et, mən bu döyüşə çıxmalıyam. Ağrılarım nisbətən azalsa da, nəfəs alanda bədənimə elə bil bıçaq girirdi. Həkimin yanlış müayinəsinin qurbanı oldum. İkinci raunddan sonra rinqdə Fariz Məmmədov yox idi. Döyüşən yalnız xarakterim idi. Ağrıdan sanki şoka düşmüşdüm. Sonradan görüşün diskinə baxdım. Ancaq tam baxa bilmədim, mənə pis təsir elədi.

- Yəqin ki, döyüşdən sonra “Qəbələ” rəhbərliyi sənə nə dedi?

- Tam səmimi deyəcəm. İdmançı udmağı da, uduzmağı da bacarmalıdı. Ancaq mən məğlubiyyəti həzm etmirəm. Döyüşdən sonra müayinə üçün getdiyim Vyanada həkimlər dedi ki, bu vəziyyətdə necə 8 raund döyüşmüsən. Hətta mən iflic də ola bilərmişəm. Qırıq qabırğa hər hansı siniri zədələyə bilərdi. Döyüşdən sonra cənab nazir Kəmaləddin Heydərov, “Qəbələ”nin prezidenti Tale Heydərov və vitse-prezidenti Fariz Nəcəfov mən qaldığım otelə gəldi. Aşağı düşüb, onlara məğlubiyyətin səbəblərini açıqladım. Dedim ki, haqqınızı halal edin, həkim məni pis vəziyyətə saldı. Onlar məni depressiyadan çıxardı. Mənə çox mənəvi dəstək verdilər. Mən bir azərbaycanlı kimi o insanlarla qürur duyuram. İdmana və idmançıya Azərbaycanda olduğu kimi heç bir ölkədə qayğı göstərilmir. Karyeramın ən uğursuz günümü yaşayırdım həmin gün. Ancaq onlar məni bu durumdan çıxardı. Onlara söz verdim ki, həddindən artıq çox çalışacam və etimadınızı doğruldacam. İnsan etdiyi səhvlərdən nəticə çıxarmalıdı. Yenə də həkimdən çox özümü günahlandırıram. Həkim hər şey normaldı desə də, ağrılarım ola-ola gərək döyüşməyəydim. Qarışılaşmanı 1 ay sonraya təxirə salmalıydım.

Sizə bir söhbəti də deyim. Xatırlayırsızsa, döyüşdən öncə demişdim ki, mənim uduzmağa haqqım yoxdu. Yaxın dostlarımdan biri bu sözləri mənə irad tutdu ki, rəqibin də qələbəsini gözləyənlər var, sənin də. Onun da anası oğlunun qələbəsini arzulayır, sənin də. Bu idmandı, biri udar, o biri uduzar. Heç vaxt bu sözü demə söylədi. Mən də cavab verdim ki, bu həqiqətdi. Xalqımın, klubumun mənə belə dəyər verdiyi məqamda uduzmağa haqqım yoxdu. Bunu dilimdə deyirəm, qəlbimdə təsdiq edirəm və əməlimdə görürəm.

- Döyüşdən sonra Pelkə bildirdinmi ki, o səni məhz zədəli olduğun üçün üstələdi?

- Mən peşəkar idmançıyam. Qalib mühakimə olunmur. Zədəm var, ya yox, Pelk qalibdi. Məğlubiyyəti dilimə gətirməyə belə əziyyət çəkirəm. Döyüşü saxladım, onun əli qalxdı, təbrik etdim, bitdi. Həmin an elə vəziyyətdə deyildim ki, mətbuata açıqlama verim. Heç kimi görmək istəmirdim. Çünki danışmağa halım yox idi. Ağrılar məni elə duruma salmışdı ki… Almaniyada revanş qarşılaşması üçün müqavilə bağladıq. Bütün şərtləri Pelk qoyur. Mən sadəcə, “amin” deyirəm. Görüş harda və nə vaxt keçiriləcək – bunu qarşı tərəf müəyyənləşdirir. Avstriyada müayinədən keçərkən aydın oldu ki, sinəmin sağ tərəfindən ikinci qabırğam qırılıb. Almanlar istəyirdi ki, döyüşümüz fevralın ortalarında baş tutsun. Çünki Pelk may ayında dünya çempionluğu uğrunda vuruşacaq. Yayda isə tətilə çıxacaq. Bu hisslərlə o qədər gözləyə bilmərəm. Tez döyüşmək istəyirəm. Ancaq bir səhvi ikinci dəfə təkrarlaya bilmərəm. Son rentgen müayinəsinin nəticələrini Avropa Boks Assosiasiyasına təqdim etdim. Sadəcə, onlara bildirmədim ki, həkimlər savadsızlıq edib. Dedim ki, döyüşə 3 gün qalmış qabırğam qırıldığından təxirə sala bilmədim. Yalan danışmalı oldum. Allah bağışlasın. Hətta Pelk də zarafatla dedi ki, sən qabırğası qırıq halda mənə belə zərbələr endirirdin? (gülür). Özüm indi fikirləşəndə də təəccüb edirəm ki, o halda necə 8 raund döyüşə bilmişəm. Revanş görüşümüzün nə vaxt baş tutacağı həkimlərin qərarından asılı olacaq. Antalyaya gələndən sonra 15 gün bərpa hazırlıqları keçdim. 2 gündü ki, ağır fiziki məşqlərə start vermişəm. Hər gün həkim nəzarətindən keçirəm. Ağrılarım 5 faiz qalıb. Güman ki, mart və ya apreldə üz-üzə gələcəyik. Bütün diqqətimi bu qarşılaşmaya kökləmişəm.

- Bundan sonrakı hazırlıq planın necədir?

- Ola bilsin, həkim müayinəsinə görə ayın sonuna kimi Türkiyədə qaldım. Ayın 27-si İstanbula yollanıb, 1-2 gündən sonra vətənə qayıtmaq ehtimalım var. İstisna etmək olmaz ki, yenidən Antalyaya gəlib, təlim-məşq toplanışının növbəti mərhələsini də burada keçim. Bakı variantı da mümkündür. Qəbələdə hər cür şərait var. Təəssüf ki, indi ora çox soyuqdur. Mənim üçün orda hazırlıq keçmək bu gün üçün məsləhət deyil.

- Bəs bu hadisələrdən sonra həkimini dəyişdin?

- Ona heç nə demədim. Sadəcə, bildirdim ki, bu səhvdən nəticə çıxaraq. Bundan sonra çox diqqətli ol dedim. Bəlkə də təcrübəsiz həkim olsaydı, onu başa düşərdim. Axı o mənim sol əlimdəki qırığı çox yaxşı müalicə etmişdi. İstənilən halda, o mənim dostumdur. Bu hadisəyə görə onu qınamaq və başqasına müraciət etmək fikrim yoxdu.

- Bundan sonrakı hədəfin nədi?

- Boksu çox sevirəm. Bu, mənim həyat tərzimdi. Ukraynada Kliçkolar, ABŞ-da Məhəmməd Əli, Mayk Tayson, Floyd Mayvezer, Filippində Menni Pakyao var. Niyə də Azərbaycanın dünyada tanınan boksçusu olmasın? Mən ölkəmizin ilk peşəkar boksçusuyam. Azərbaycanda yetərincə tanıyan var. Ancaq dünyada tanınmaq lazımdı. Fariz olmasın, Əli, Vəli, Məhəmməd olsun. Ölkədə maksimal dərəcədə idmana qayğı var. İnanıram ki, qısa müddətdə çox güclü boksçularımız üzə çıxacaq.

- Boksda örnək götürdüyün sima kimdir?

- Ən sevimli boksçum Mayk Taysondu. Onu bir çoxları sevir. O həqiqətən döyüşçüdür. Dünyada ən gənc mütləq dünya çempionudur. Almaniyada ikibaşlı müqavilə bağladıq. İkinci qarşılaşmada qalib gəlsəm, 3-cü dəfə yenidən Qəbələdə rinqə çıxacağıq. Bu, baş versə, Taysonu da fəxri qonaq qismində dəvət edəcəyik. Bəzi dostlarım var ki, Maykla əlaqəsi var. Onların vasitəsiylə bu istəyimi gerçəkləşdirə bilərəm. Bu döyüş mənim karyeramda sonuncu ola bilər. Amma nəticədən asılı olaraq yeni başlanğıc da sayıla bilər. Bunu zaman göstərəcək. Dekabrın 14-dən bu yana elə gün yoxdu ki, revanş haqda fikirləşməyim. Bəzi şeylər var ki, özümü cəzalandırıram. Hər şeyə ciddi fikir verirəm. Rejimimə, qidama ciddi diqqət yetirirəm. 14 dekabrdan sonra dincəlməmişəm. Çünki buna haqqım yoxdu.

Vüsal HÜSEYN, Antalya

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki