Şahin Diniyev: "AZAL-la oyun mənim üçün faciə oldu"

Şahin Diniyev: "AZAL-la oyun mənim üçün faciə oldu"
MÜSAHİBƏ 13 Dekabr 2013 / 13:17 2976
-  A +

"Rəvan" klubunun baş məşqçisi Şahin Diniyevin Qol.Az saytına müsahibəsi

- Topaz Premyer Liqanın son turunda AZAL-la oyunda acı məğlubiyyətlə (1:2) üzləşdiniz. Bu görüşü necə şərh edərdiniz?

- Gəlin həmin oyuna qayıtmayaq.

- Ancaq komandanızın 90-cı dəqiqədən sonra iki qol buraxmağı haqda danışmağa dəyər. Bunun səbəblərini öyrənmək istədik.

- Oyundan oyuna fərq var. Ancaq AZAL-la qarşılaşma mənim üçün faciə oldu. Qarşılaşma ərzində üstün tərəf biz olduq. Əslində yaratdığımız qol vəziyyyətlərindən istifadə edə bilsəydik, buraxdığımız qollar da bizi məğlubiyyətə aparmazdı. Ani epizodda rəqib qapımıza qol vurdu. Bundan şoka düşən futbolçularımız ikinci qolu da buraxdılar. Buna heç cür izah verə bilmirəm. Nə fiziki, nə də taktiki cəhətdən bizdə axsama olmadı. Sadəcə bu, allahın bir möcüzəsi idi.

- Futbolçularınızda arxayınçılıq ola bilməzdi?

- Yox. Heç rəqib qapımız qarşısında təhlükəli vəziyyət də yaratmırdı. Qeyd etdiyim kimi gözlənilməz qollar oldu. 

- Qələbə 11 oyundur qalib gələ bilməyən komandanız üçün yaxşı ruh yüksəkliyi ola bilərdi. Ancaq əksinə oldu. Hazırda "Rəvan"da psixoloji durum nə vəziyyətdədir? 
 
- Doğrudan da mən və komandam hələ bu gün özümüzə gəlmişik. Həmin məğlubiyyət bizə böyük psixoloji zərbə vurdu. Futbolçularla söhbət etdim, vəziyyətdən çıxmağa çalışırıq. Futbolda hər şey olur, keçmişlə yaşamalı deyilik. Nəticəni dəyişmək olmaz. İrəli baxmaq lazımdır. Komandamız pis oyun nümayiş etdirmir, çoxlu qol imkanları yaradır. İnanıram ki, yaxın vaxtda  qələbələrimiz olacaq.

- "Xəzər Lənkəran"la oyuna hazırlıq necə gedir?

- Dünənə kimi komandada vəziyyət yaxı deyildi. Artıq bu gün psixoloji gərginlikdən çıxmışıq. Bunu məşq də göstərdi. Həm söhbətimiz, həm də məşqimiz təkan verdi ki, növbəti oyuna ruh yüksəkliyi ilə çıxaq.

- Rəqib komandanın baş məşqçisinin Mustafa Dənizli olması oyuna fərqli motivasiya yaradır?

- Əlbəttə "Xəzər Lənkəran" yeni baş məşqçi ilə yaxşı oynamağa çalışacaq. Mustafa Dənizli artıq ilk xalını "İnter"lə oyunda qazanıb. Çalışacaqlar ki, bunun ardını qələbə ilə gətirsinlər. Biz də Lənkərana uduzmaq üçün getmirik. Meydanın hər qarşında mübarizə aparacağıq.

- Sonda başa çatmaqda olan 2013-cü ili həm özünüz, həm də ümumi futbolumuz üçün dəyərləndirməyinizi istərdik.

- Milli komandamızın seçmə mərhələdə 9 xal toplaması nəticə baxımından yaxşıdır. Ancaq həm milli komandamızın oyunu, həm də çempionatın səviyyəsi o qədər də ürəkaçan deyil. Özüm haqda onu deyə bilərəm ki, "Rəvan"da bəzi şeylərə nail olmuşuq. Ancaq nəticə baxımından bunu demək olmaz. Nəzərə almaq lazımdır ki, hələ çempionatın yarısına çatmamışıq. Bizə yalnız nəticə qazanmaq qalır ki, bu da çox uzaqda deyil.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki