“Neftçi”yə yaxşı hücumçu lazımdır"

“Neftçi”yə yaxşı hücumçu lazımdır"
MÜSAHİBƏ 24 Avqust 2012 / 12:25 3870
-  A +

Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadovun Qol.Az saytına müshibəsi.


- Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda “Neftçi” APOEL-lə heç-heçə oynadı. Bu oyun haqda nə deyərdiniz?

- İlk öncə uşaqlarda həvəs olduğu nəzərə çarpırdı.  Lakin son nöqtəni qoymaq üçün nəsə çatmırdı.  Ən əsası “Neftçi”nin oyununda aqressivlik görmürdüm. Yəni komandamız meydanda bir az aqresiv mübarizə aparmalıydılar. İkincisi isə rəqibə qarşı çox az pressinq elədik. Halbuki bir necə epizodda presinqdən istifadə edən kimi, APOEL-in futbolçuları özlərini itirirdilər. Onların baş məşqçilərinin müsahibəsiylə tanış oldum. Bildirdi ki, heç vaxt süni ot örtüyündə oynamayıblar. Lakin bütün bunlara rəğmən “Neftçi” dünənki görüşdə qələbə qazanmalıydı.

- Sizcə, APOEL dünən potensialından aşağı səviyyədə çıxış etdi, yoxsa “Neftçi” onlara oynamaq imkanı vermədi?

- Düzdü, təmsilçimizin qələbə qazanmaq istəyi aşkar görünürdü. Hər bir futbolçu qələbə qazanmaq üçün maksimum gücünü sərf etməyə çalışırdı. Lakin “Neftçi”yə yaxşı bir hücumçu lazımdır. Mən bunu yenə də,təsdiqləyirəm. Rəqibin potensialından aşağı səviyyədə çıxış etməsinə gəlincə, onların heyətində dəyişikliklər olub. Məncə, ötən mövsümkü heyətdən beş əsas futbolçusu komandadan ayrılıb. Yeni gələnlər isə, o qədər də yaxşı təsir bağışlamırdı. Kipr komandasının heyətindəki afrikalı futbolçunun səhvi nəticəsində qapılarına penalti təyin edildi. Düzdü, onu qaydanı pozmağa bizim futbolçu məcbur etdi. Ancaq istənilən halda, mənim fikrimcə, APOEL ötən mövsümkündən fərqlidir və potensialından aşağı səviyyədə çıxış etdi.

-  “Neftçi”nin oyununda bəyəndiyiniz nə oldu?

-  Xüsusi olaraq, hansısa mövqeni qiymətləndirmək istəməzdim. Məncə, dünən uşaqlar komanda oyununa üstünlük verməyə çalışırdılar. Ümumiyyətlə, Azərbaycan futbolu hər zaman komanda oyununa üstünlük verib. Çünki bizdə Messi kimi lider futbolçu yoxdur. Lakin cinahların daha da aktiv olması lazımdır. Bu, hazırda “Neftçi” üçün çox vacib amildir.

- Qol vurduqdan bir dəqiqə sonra qapımızda cavab qolunu gördük. Bu  “xəstəliyimiz” bizi hələ də tərk etməyib...

- “Neftçi” həmin epizodda çox adi səhvə yol verdi. Bunu uşaq səhvi də adlandırmaq olar.  Sol cinahdakı futbolçumuz etdiyi səhv nəticəsində top rəqib futbolçunun ayağına düşdü və o da topu ram edərək bundan maksimum istifadə etdi. Biz bir şeyi yaxşı dərk etməliyik ki, Azərbaycan çempionatında çıxış edən klublarımız belə səhvləri bağışlayırlar, amma Avropada bunu bağışlamırlar.

- Buraxılan qolda qapıçı Stamenkoviçin səhvi nə dərəcədə idi?

- Deməzdim ki, qapıçının səhvidir. Saşa vaxtında topa çıxdı. Lakin rəqib futbolçu ağıllı oynayaraq, topu yerlə boş küncə göndərdi.  Mən bu qolda müdafiəçinin səhvini vurğulayardım. Çünki topu vaxtında uzaqlaşdıra bilmədi.


Əli HƏYATİ

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki

25.11.24  10:33

Mikelsin yubiley qolu