Ramiz Məmmədov: «Mən Foqtsdan uğur gözləmirəm»

Ramiz Məmmədov: «Mən Foqtsdan uğur gözləmirəm»
GÜNDƏM 1 Dekabr 2011 / 15:29 3000
-  A +

"Qəbələ" klubunun sabiq baş məşqçisi Ramiz Məmmədovun Qol.Az saytına müsahibəsi

- AFFA İcraiyyə Komitəsi dünən keçirdiyi iclasda millinin baş məşqçisi Berti Foqtsla müqavilənin müddətini daha iki il müddətinə uzatdı. Buna sizin münasibətiniz necə oldu?

- İcraiyyə Komitəsinə Rövnəq Abdullayev rəhbərlik edir. Biz də hər zaman böyük-kiçik yeri bilən olmuşuq. Ona görə də AFFA rəhbərliyinin fikirlərinə hörmətlə yanaşmalıyıq. Ancaq çox istərdik ki, vaxtında biz mütəxəssislərin fikirləriylə də maraqlanaydılar. Mən müsahibələrimin birində Berti Foqtsa gördüyü işə görə təşəkkürümü bildirmiş, yığmaya yeni və yerli məşqçinin gətirilməli olduğunu söyləmişdim. Ola bilsin, rəhbər şəxslər Foqtsa alternativ namizəd tapa bilmədikləri üçün Foqtsun qalmasını istəyiblər.

- Foqts iki seçmə mərhələdə millimizdə çalışıb və ciddi bir uğur qazanmayıb. Növbəti seçmə oyunlarda da eyni halın təkrarlanması sizi narahat etmir?

- Biz yerli mütəxəssislər onun üstünə elə düşməliyik ki, Azərbaycan məşqçilərini günahkar çıxarmağa cəsarəti çatmasın, nəyisə bəhanə gətirməsin. Deyir ki, azərbaycanlı futbolçular komandalarında kifayət qədər məşq keçmir və sair. Foqts yerli məşqçilərə və futbolçulara hörmət etməlidir. Görə bilmədiyi işin məsuliyyətini Azərbaycanda çalışan əcnəbi və yerli məşqçilərin üstünə atmasın. Qoy, Foqts yarıtmaz işinə vicdanla yanaşsın. Heç olmasa, Azərbaycanda ona artıq neçənci dəfə şans verilməsindən nəticə çıxarsın. Ən azı Ermənistan və Estoniya milliləri kimi nəticə verməyi bacarsın. Biz hər gün bunu ondan tələb etməliyik. Dünyada yığmanın toplanışlarına bizdəki qədər vaxt ayrılmır. Bütün bunlar onun yetərincə uğur qazanmasına şərait yaradır. Onun köməkçiləri çox olduğundan zəhmət çəkib, bizim futbolçularla dərindən maraqlansın. Aparıcı klublarımız “Neftçi”, “Qarabağ”, “İnter”dən xahiş eləsin ki, milliyə çağırmaq istədiyi futbolçuların çatışmayan cəhətləri barədə ona məlumat versin.

- Adətən, baş məşqçilərə normal nəticə göstərmək üçün 3-4 il vaxt verilir. Ancaq Berti Foqtsa verilən zamanın müddəti artıq altı ilə qalxdı. Nəticə isə hələ yoxdu. Bu mənada, Foqtsdan nəyi tələb etməliyik?

- Bəli, almaniyalı çalışdırıcı artıq xeyli vaxtdır ki, millinin sükanı arxasındadır. Ona verilən zamanın kifayət qədər çox olduğunu söyləmək olar. Düzdür, onun Azərbaycan futbolunun infrastrukturunun yüksəlməsindəki köməyini danmaq olmaz. Lakin milli istənilən nəticəni verməyib, gözəl oyun nümayiş etdirməyib. Məncə, artıq Foqtsdan daha yüksək nailliyətlər tələb edilməsə, futbolumuzda yüksəliş olmayacaq.

- Milli dünya çempionatının seçmə mərhələsində dalbadal dörd oyunu səfərdə keçirəcək. Sizcə, bu, bizim xeyrimizədir, yoxsa ziyanımızadır?

- Bu gün biz etiraf etməliyik ki, yığmamızın səfərdəki çıxışlarından uğur gözləmirik. Çünki milli daha çox ev komandası təsiri bağışlayır. Biz səfərdə nə Portuqaliyadan, nə də Rusiyadan xal almaq gücündəyik. Heç doğma meydanda da onları məğlub etməyimiz real görünmür, o ki qaldı səfər matçlarında. Ona görə də belə qənaətə gəlmək olar ki, Berti Foqts oyunları bilərəkdən belə tərtib edilməsinə çalışıb. Hər kəs yaxşı bilir ki, Azərbaycan millisinin dünya çempionatına vəsiqə qazanması yalnız röyadır. Berti Foqts da başından yuxarı tullana bilməz. Axırıncı oyunları evdə nisbətən zəif komandalarla oynayacağımız üçün qələbə qazanıb digər seçmə mərhələlərə nisbətən artıq xal toplaya bilərik.

- Yeri gəlmişkən, son seç mərhələdə 7 xal topladıq. Bəs, bu dəfə neçə xal yığmağı Foqtsdan tələb etməliyik?

- Çoxları 7 xalı uğur hesab edir. Bu, Azərbaycan futbolunun tarixi ərzində bir ilkdir. Ancaq qonşu dövlətlərinin qazandığı xallara baxanda çox kiçik görsənir. Birdə ki, əsas məsələ 7-10-12 xal qazanmaqda deyil. Məsələ ondadır ki, komandamız qorxaq futbol nümayiş etdirir. Bu günə qədər ən əsas problemimizi çözə bilməmişik. Eybi yox, qoy, komandamız 0:3, 1:3 uduzsun, lakin meydanda əsl oyun nümayiş etdirsin. Təəssüf ki, buna hələ nail olmamışıq. Mən də çox istəyirəm ki, Azərbaycan millisinin uğurlu çıxışlarını görüm. İnanıram ki, gələcəkdə bunun şahidi olacağıq.  Bəli, məhz gələcəkdə. Ancaq Berti Foqtsun rəhbərliyi altında növbəti iki ildə bunu gözləmirəm.

Əli HƏYATİ 

Daha çox


Son xəbərlər
30.04.24  09:27

"Lester" çempion oldu