"Oyun bizim üçün yaxşı başladı. Erenin iştirakı ilə təhlükəli epizod yaratdıq, daha sonra qol vurduq, lakin ofsayd qeydə alındı. Təxminən 15-30-cu dəqiqələr aralığında üstünlük "Turan Tovuz"un tərəfində idi. Rəqibin heyətində standart vəziyyətlərdə xüsusilə təhlükəli olan Joarlem Santos və Roderik Millerin oynamamasına rəğmən, məhz belə bir vəziyyətdən qol buraxdıq. Lakin 35-ci dəqiqədən sonra təşəbbüsü yenidən ələ aldıq. İkinci hissədə komandam daha yaxşı çıxış etdi, oyunun tempini artıraraq hesabı bərabərləşdirməyi bacardı. Yaxşı hücumlarımız oldu və hətta önə də keçə bilərdik. Düşünürəm ki, "Turan Tovuz"la çətin səfər oyununda qazanılan 1 xal yaxşı nəticədir".
QOL.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 29-cu turunda "Turan Tovuz"la baş tutan matçdan (1:1) sonra bildirib. Mütəxəssis qarşılaşmanın baş hakimi Rəvan Həmzəzadənin idarəçiliyinə münasibət bildirərək onun təyinatını müsbət qiymətləndirib:
"Rəvan Həmzəzadə daxili çempionatımızın ən təcrübəli və keyfiyyətli hakimlərindən biridir. Bu gün meydanda çox gərgin mübarizənin gedəcəyi əvvəlcədən bəlli idi. Məhz buna görə də onun bu cür məsuliyyətli oyuna təyinat alması tamamilə normaldır".
Məğlubiyyət zamanı günahı hakimlərdə axtarmaqdansa, baş məşqçi diqqəti yalnız meydandakı oyuna yönəltməyin tərəfdarı olduğunu vurğulayıb:
"Ötən mətbuat konfransında hakimliklə bağlı kifayət qədər suallar səsləndirilmişdi. Bu gün isə meydanda ancaq öz işini ən yaxşı şəkildə görməyə çalışan iki komanda var idi. Məhz buna görə də yalnız gözəl futboldan danışmaq lazımdır. Bu cür gərgin oyunların dəyərini bilməliyik. Çempionatımızda futbolun keyfiyyəti ildən-ilə artır və inanıram ki, növbəti mövsümlərdə hər şey daha da yaxşı olacaq".
Rəşad Sadıqov komandasının həm çempionat, həm də kubokdakı hədəfləri və avrokuboklara vəsiqə şansları barədə danışıb:
"Təbii ki, biz də öz daxilimizdə müəyyən hesab-kitablar aparırıq. Hazırda çempionatda "Araz-Naxçıvan" və "Neftçi" ilə gərgin rəqabət gedir, eyni zamanda "Sumqayıt"ı da bu siyahıdan çıxarmaq olmaz. Turnir cədvəlini 4-cü pillədə başa vurmağı çox istəyirik. Digər tərəfdən, Azərbaycan Kubokunun finalında bizi "Sabah" kimi güclü rəqiblə həlledici matç gözləyir. Mövsümün əvvəlində də bilirdik ki, avrokuboklara qatılmaq asan olmayacaq. İndi isə hədəfə çatmaq üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Çox istəyərəm ki, ölkəmizi Avropada təmsil edəcək komandalardan biri məhz "Zirə" olsun".
Mütəxəssis millimizin və "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyevin əvəzedici komandaya göndərilməsi hadisəsinə də toxunub:
"Bu, həqiqətən də məyusedici haldır. Prosesin daxilində nə baş verdiyini dəqiq bilmirəm, çünki klub bu barədə rəsmi açıqlama verməyib. Lakin bircə onu bilirəm ki, əgər Qurban Qurbanov yerli futbolçuya qarşı belə sərt addım atıbsa, deməli, bunun ciddi əsası var. Elvinin son müsahibələrində intizamsız davranışları barədə etiraflarını da görmüşəm. Ehtimal edirəm ki, komanda daxilində ciddi hadisə baş verib və Qurban müəllim də müvafiq qərarı verib. Bununla yanaşı, Elvin Azərbaycan futbolunun aparıcı oyunçularından biridir və ümid edirəm ki, tezliklə hər şey öz yoluna düşəcək".
Baş məşqçi intizam problemi yaşayan futbolçunu gələcəkdə "Zirə"də görmək istəyib-istəməməsi ilə bağlı sualı qısa cavablandırıb:
"İstənilən məşqçi Elvin Cəfərquliyev kimi yüksək potensiallı futbolçunu öz komandasında görmək istəyər".
O, qarşıdakı turlarda heyətdə ediləcək rotasiyaların kubokun finalına hazırlıq məqsədi daşıyıb-daşımamasına aydınlıq gətirib:
"Biz mövsüm ərzində bir çox oyunda rotasiyalara əl atmışıq. Qarşıdakı matçlarda da futbolçularımızın fiziki durumuna uyğun planlar quracağıq. Əsas məqsədimiz odur ki, həm çempionatın həlledici oyunlarında, həm də kubokun finalında tam ideal vəziyyətdə olaq".
Rəşad Sadıqov gürcüstanlı legioner Giorgi Papunaşvilinin son vaxtlar əsas heyətdən uzaq düşməsinin taktiki səbəblərlə bağlı olduğunu qeyd edib:
"Son dönəmlərdə komandamızda müəyyən sistem dəyişikliyi etdik və artıq 5-4-1 taktiki sxemi ilə çıxış edirik. Papunaşvilinin az oynaması tamamilə bu yeni sistemlə əlaqədar məsələdir. Hətta bugünkü matçda qol vura bilməsəydik, məhz onu oyuna daxil edəcəkdim".
Məşqçi mövsümün sonunda müqaviləsi başa çatan futbolçularla aparılan danışıqların avrokuboklara vəsiqədən asılı olduğunu bildirib:
"Komandanın avrokuboklara gedib-getməməsi istənilən klubun gələcək siyasətinə birbaşa təsir edir. Biz həmişə olduğu kimi, indi də mövsümün sonunu gözləyirik və bu məsələdə səbirli davranırıq. Bəzi oyunçularımızla artıq ilkin danışıqlara başlamışıq. Lakin avrokuboklara vəsiqəni rəsmən təmin etsək, bu danışıqlar daha da rahat keçəcək".
Yekunda baş məşqçi milli komandanın və "Qarabağ"ın müdafiəçisi Abbas Hüseynovun "Zirə"yə ehtimal olunan transferi ilə bağlı iddiaları təkzib edib:
"Xeyr, hazırda bu məsələ bizim gündəmimizdə deyil. Çünki həmin mövqedə kifayət qədər uğurla çıxış edən Qismət Alıyev var. Gələcəkdə nələrin olacağını bilmək olmaz, lakin bu gün üçün belə bir transfer söhbəti yoxdur".(sportal.az)
Milli çempionatların oyunları xaricdə keçirilə bilər
Məhsuldar ötürmələri ilə rekorda imza atdı
"Qarabağ" derbidə belə qalib gəldi - Video
Daha 2 güləşçimiz Avropa çempionu oldu
İngiltərə Kubokunun finalçıları bəlli oldu
Azərbaycan derbisində qalib yenə “Qarabağ” oldu
"Qalatasaray" - "Fənərbaxça" matçının heyətləri açıqlandı
Azərbaycan boksçusu Dünya kubokunda qızıl medal qazandı
Rəqibin saçını dartan futbolçu cəzalandırılmadı - Şəkil