“Məqsədimiz böyük futbolu Masallıya qaytarmaqdır”

“Məqsədimiz böyük futbolu Masallıya qaytarmaqdır”
MEDİA 8 Oktyabr 2023 / 13:58 2657
-  A +

Medianın İnkişafı Agentliyinin layihəsi

Masallı futbol ənənəsi olan bölgələrimizdən biridir. 10 mövsüm Azərbaycan çempionatının yüksək liqasında çıxış etmiş Masallı təmsilçisi “Viləş” 2000-2001 mövsümündə Premyer Liqada bürünc medalçı olmağı da bacarıb. 2003-cü ildə maliyyə problemlərinə görə dağılan klub 2005-ci ildə yenidən fəaliyyətini bərpa edib. 2006-cı ildə isə klubun adı dəyişdirilərək “Masallı” olub. Növbəti dəfə 2008-ci ildə fəaliyyətini dayandıran klub daha sonra “Viləş Masallı” ad ilə geri dönüb və Həvəskarlar Liqasında mübarizəyə başlayıb.

Hazırda isə bu rayonda “Masallı” klubu fəaliyyət göstərir. Hansı ki, “Viləş”in hüqui varisi deyil. Növbəti mövsüm “Masallı” ilk dəfə olaraq Region Liqasında çıxış edəcək. Bu yazımız 2020-ci ildə yaradılan klubun fəaliyyəti, durumu və gələcək planları haqdadır. Həmsöhbətimiz isə “Masallı”nın təsisçisi və özünün təbiri ilə desək, bütün işlərini görən Mirələm Həşimovdur. 

Əvvəlcə klubun yaradılmasından danışan Həşimov böyük çətinliklərlə qarşılaşdıqlarını bildirib: “Əvvəllər klub dünyasını dəyişmiş qardaşım Azadın adını daşıyırdı, "Azad" FK idi. Araşdırdım, gördüm ki, bu adda klub yoxdur, ona görə də belə adlandırdım. Amma gördüm ki, Masallıda yad münasibət var, qarışdırırlar, ona görə də 2023/24 mövsümü üçün AFFA-ya məktub yazdım, sənədlərdə dəyişiklik etdik və klubun adı "Masallı" PFK oldu. Hazırda biz 7 liqa üzrə çıxış edirik. U-10-dan U-14-ə kimi komandalarımız Cəlilabad zonasında mübarizə aparır. U-16 komandamız ölkə çempionatında oynayır. Həm də bu ildən ilk dəfə olaraq Region Liqasında mübarizə aparacağıq. 

"Masallı"nın təsisçisi Mirələm Həşimov

Sponsorumuz yoxdur. Uşaq futbol məktəbini yaradanda burada Bioloji Təbabət Klinikası var idi. Onlar formaların alınmasına kömək etdilər. Bizim məşqlər aylıq ödənişlədir. Amma ödənişi hamıdan almırıq. Əgər futbol oynayan uşaqdırsa, ailə vəziyyəti yaxşı deyilsə, o uşaqdan ödəniş istəmirik. Ödənişin məqsədi də məşqçilərin pulunu verməkdir. Mən öz "Playstation" klubumun büdcəsi ilə "Masallı"nı yaratmışam. Əlavə pul da qoyuram ki, məşqçinin ödənişi tamamlansın. Sponsor olmadığı üçün uşaqlardan ödəniş almağa məcbur oluruq. Sponsor çıxsa, məşqçinin maaşını, stadionun pulunu qarşılasa, mən heç ödəniş almaram. Uşaq vaxtı mən "Viləş"də qapıçı olmuşam. Futbolun xəstəsiyəm. Fikirləşdim ki, orda-burda nəsə etməkdənsə, elə özüm işi bacarıram, bir klub yaradım. Klubun protokollarını yazmaq, sosial media paylaşımlarına qədər hamısına mən nəzarət edirəm. Fotoları da mən çəkirəm. 

Bu ildən U-16 komandamıza "Viləş" oteli dəstək oldu, formalarla təmin etdi. Region Liqasında bizə hər həftə 300 AZN pul veriləcək. Bu da yola xərclənəcək. Məsələn, avtobusla buradan Astaraya gedəcəyik, yolda su alacağıq və s. Futbolçular pulsuz oynayacaqlar. Onlar da Masallıdan, rayonun kəndlərindəndirlər”. 

M.Həşimov qeyd edib ki, vaxtilə “Viləş”in stadionu olan Anatoli Banişevski adına arena yararsız halda olduğuna görə ev oyunları üçün Ərkivandakı stadionu sifariş ediblər:  “Anatoli Banişevski adına stadionu bir insan alıb, şəxsiləşdirib. Pis adam da deyiil. Sadəcə ora artıq onun şəxsi mülküdür. Rəsmilləşdirib, sənədini də alıb. O da deyir ki, gəlin, oynayın, amma tikinti işi görməyin. Məsələ boş stadionun meydanında oynamaq deyil axı. Paltardəyişmə otağına əl gəzdirilməlidir, stadionun kənarları kolluqdur, ot basıb. Onlar təmizlənməlidir. Amma sahibi deyir ki, heç nəyə əl vurmayın. Əslində oranın təyinatı sırf stadiondur. Orada başqa heç nə etmək olmaz. Arena "Xəzər Lənkəran"ın balansında idi. Klubun sahibi Mübariz Mənsimov həbs olunanda stadion satıldı. "Xəzər Lənkəran" fəaliyyətini dayandırandan sonra Mübariz müəllimin qardaşı Mais Mənsimov bu stadionu satdı. İndi həmin adamın şəxsi mülküdür. Deyirlər gəlin oynayın, amma belə durumda alınmır. 3 hektarlıq yerdir, bomboş sahədir. Orada müəyyən işlər görüməlidir. Amma sahibi deyir ki, məşq edin, oyun oynayın, başqa iş görməyin. Stadion üçün isə tələblər var. Paltardəyişmə otağı, oturacaqlar qaydasında olmalıdır. Hakimlərin otağı da olmalıdır. Biz bəzi şeylərə əl gəzdirməliyik ki, orada oyun keçirilməsinə icazə verilsin. "Ərkivan" stadionunda "Ərkivan" Region Liqası matçlarını keçirib deyə, biz də orada oynaya bilərik. Region Liqası həvəskar liqadır. Bunun bir çətinliyi yoxdur. Orada paltardəyişmə otağı, hakimlər üçün otaq da var. Stadionun ot örtüyü, xətlərin çəkilməsi ilə bağlı məsələləri öz üzərimizə götürmüşük, orada oynayacağıq”. 

Həşimov Masallıda futbola böyük maraq olduğunu vurğulayıb: "Masallı" yaranana qədər burada futbolun inkişafı üçün heç bir addım atılmayıb. Amma Masallıda futbola maraq böyükdür. Hamı istəyir ki, Masallıda böyük futbol olsun. İanə kampaniyamız var. Ayda 1 dəfə rayon camaatı ianə edir. Nömrələrini qeyd etmişəm, ayda 1 dəfə onlara mesaj göndərirəm, müəyyən ödənişləri edirlər. Həmin pulun üzərinə də özüm pul qoyuram ki, gələcək üçün nəsə olsun”. 

Klubun təsisçisi qeyd edib ki, fəaliyyətə başlamaları qısa müddət olsa da, futbolçularına digər klublardan maraq var. “Masallı” yaranandan artıq 4 futbolçuumuz başqa klublara transfer olunub. Bir futbolçumuz "Sabah"a keçib, U-10 liqasında oynayır. İstedadlı uşaq idi. Cənub bölgəsində 3-5 nəfər perspektivli futbolçu var idisə, onlardan biri də həmin uşaq idi. İki futbolçumuz "Vətən"ə keçib. U-10 və U-11 liqasında mübarizə aparırlar. Bir futbolçumuz da "Turan Tovuz"un U-15 komandasına gedib. Məqsədimiz odur ki, uşaqları yetişdirək, akademiyası olan klublara göndərək. Futbolçuları verdiyimiz klubların heç birindən 1 manat da pul almamışıq. Heç kim deyə bilməz ki, Mirələm Həşimov mənə "1000 manat ver, o uşağı sənə verim" deyib. Uşaqları pulsuz göndərirəm ki, burada qalmasınlar. Çünki onların futbola həvəsləri, istedadları var. Kənddən futbolçular gəlirlər. Baxırsan ki, ailə vəziyyəti normal deyil, amma uşaq özü oynayan uşaqdır. Qoy getsin də, burada niyə qalsın ki?”
Məqsədlərinin böyük futbolun Masallıya qaytarılması olduğunu deyən həmsöhbətimiz həm də uşaqları pis vərdişlərdən çəkindirmək istəyi ilə işə başladıqlarını bildirib: “İstəyirik ki, uşaqlar pis düşüncələrdən, vərdişlərdən uzaq olsunlar. Bir də görürsən ki, yeniyetmə futbolçu “TikTok”da bəzi videolara baxır və oradan öyrəndiyi sözləri işlədir. Müəllim isə dərhal onu çağırır, hansısa bir cəzanı tətbiq edir, məsələn, məşqə buraxmır. Uşaq artıq bunu dərk edir ki, belə etmək olmaz, fikri idmana yönəltmək lazımdır. Sağlam bədəndə sağlam ruh prinsipi tətbiq olunmalıdır.  

Əsas məqsədimiz isə Masallıya böyük futbolu qaytarmaqdır. Bunun üçün də Region Liqasından başlayırıq. Artıq rəsmi qurumlarla görüşlərimiz olub. Məsələn, Gənclər və İdman naziri Fərid Qayıbov ilə, AFFA-nın baş katibi Sərxan Hacıyevlə görüşmüşəm. Bunlar sözügedən qurumların rəsmi səhifələrində də var. Onlar deyirlər  ki, kluba məxsus öz sahəniz, torpağınız olsun, biz də sizə dəstək verək. Deyirlər ki, özünüzün heç nəyiniz yoxdur, məşqləri də icarəyə götürdüyünüz yerdə edirsiniz, biz sizi invertarlarla təmin edəcəyik, sabah oradan çıxacaqsınız. Mən torpaqla bağlı bələdiyyəyə rəsmi məktublar ünvanlamışam. Məsələn, bizə stadion üçün torpaq verilsin, biz oraya setka qoyaq. qapı qoyaq, bilək ki, özümüzündür. Yəni, icarə olmasın. İcarəyə xərclədiyimiz pulu öz stadionumuza xərcləyərik”. 

M.Həşimov sponsor olmadan komandanın səfər oyununa aparılması və digər məsələlərin xərclərini qarşılamağın çətin olduğunu deyib: “Təbii olaraq, bizim maliyyə çətinliyimiz var. Məsələn, keçən dəfə U-16 komandamız "Turan Tovuz"la qarşılaşdı. Məcburuq ki, oraya oyun günü gedək. Bir insan var, adının hallanmasını istəmir. O, bizim yol pulumuzu verir. Məsələn, "Sprinter" Bakıya 220 manata aparır. Həmin adam yol pulunu qarşılayır. Yolda uşaqlara normal yemək vermək lazımdır, amma bunu etmək olmur. 100-120 manat düzəldirəm. Toyuq alırıq, bişirtdiririk, dönər kimi edirik. Bu kimi çətinliklərimiz var. Kim nə kömək edirsə, Allah onun canını sağ etsin. Amma sırf 1 nəfər gəlsin, desin ki, sənə ayda məsələn, 1000 AZN verirəm, bu formanın üzərinə mənim loqomu vur, yol çətinliyini həll et, elə şey yoxdur. Hamı deyir ki, əla iş görürsən. Amma ortada heç nə yoxdur”. 

M.Həşimov heç kimin kluba sponsorluq etmək istəmədiyini də əlavə edib: “Masallıda elə bir iş adamı yoxdur ki, sponsorluq etsin. Neçə ildir ki, Masallıda uşaq futbolu var. Mənim görüşdüyüm şəxslər artıq futbol sahəsindəki adamlara güvənmirlər. Çünki bizdən əvvəl bu işdə olanlar pulu alıblar, özlərinə xərcləyiblər. Biz onları tanıyırıq. Ferma tikiblər, amma futbola xərcləməyiblər. Pulu vermək istəyən adam da deyir ki, qardaş, sən də gedəcəksən, özün üçün maşın alacaqsan. Yəni, artıq etibarları qalmayıb. Problem budur. Adam tanıyıram ki, deyir, 5 il bundan əvvəl filan adama 20 min pul vermişəm, amma futbolla bağlı heç nə etməyib”.

M.Həşimov “Viləş”in hüquqi varisi olmaq istəmədiklərini, ayrıca klub kimi inkişaf etmək niyyətlərinin olduğunu qeyd edib: "Masallı" PFK-nı yaradandan sonra "Viləş"in hüququ sahibi ilə U-16 komandamızın forması ilə bağlı bir görüşümüz oldu. Onda dedi ki, klubun nizamnaməsi, peçat məndədir, onları sizə hədiyyə edirəm. Fikirləşdim ki, artıq biz bu klubu yaratmışıq. Yenə də təklif etdi. Mənə dedi ki, gedək notariusa, klubu sənin adına keçirim, təsisçilikdən çıxım. Amma mən istəyirəm ki, bu əziyyəti çəkiriksə, öz adımız olsun. Komandanın adı rayonun adı olanda, dəstək də çox olur. Məsələn, "Viləş" qoysaydıq, deyəcəkdilər ki, komanda dağılmışdı, yəqin, yenə dağılacaq. Bu fikirlərin insanların beynində olmasını istəmirəm. "Viləş" də Masallının idi, elə "Masallı" da Masallınındır. Ona görə də klubun adını "Masallı" PFK qoyduq”. 

Ramiq Ağaməmmədov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Daha çox


Son xəbərlər